Yuxarı

Sahibkarların maarifləndirilməsi Sahibkarlıq prosesi

 

Bir çox sahələrdə olduğu kimi sahibkarlıq fəaliyyəti zamanı görəcəyiniz işin düzgün və hərtərəfli planlaşdırılması uğurlu fəaliyyətin təməlidir.

1) Hansı fəaliyyətlə məşğul olmaq istədiyiniz haqda dəqiq məlumat
Adətən, kiçik sahibkarlıqla məşğul olan şəxslər təcrübəsi və bacarığı olan sahələrdə fəaliyyət göstərirlər. Misal üçün, kənd təsərrüfatı sahəsində müvafiq bilik və təcrübəyə malik olan şəxslər sahibkarlıq fəaliyyətini bu istiqamətdə qurması onlara digər təcrübəsiz rəqiblər qarşısında bir sıra üstünlüklər verir.

2) Məşğul olmaq istədiyiniz fəaliyyət üçün Sizə tələb olunan resurslar (maliyyə vəsaiti, işçi qüvvəsi, ofis, anbar və torpaq sahəsi və s.)
Sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq tələb olunan avadanlıqlar, qurğular və sair vasitələr, onları əldə etmək üçün lazım olan maliyyə vəsaiti və müvafiq ixtisasa malik işçi qüvvəsi barədə dəqiq məlumata sahib olmalısınız.

3) Bazarın təhlili
Bu mərhələdə sahibkar təklif edəcəyi məhsulun (işin, xidmətin) potensial müştərilərin sayı, oxşar məhsul (iş, xidmət) təklif edən rəqib sahibkarlar barədə məlumatları təhlil edir və əldə etdiyi məlumatlar əsasında müvafiq qərarlar verir (misal üçün, satış yerinin düzgün təyin edilməsi, təklif etdiyi məhsulun digər oxşar məhsullardan fərqləndirəcək və müştəriləri cəlb edəcək xüsusiyyəti və s.).

4) Satışın təşkili
Satışın təşkili zamanı əsas nəzərə alınan amillərdən biri təklif edilən məhsulun (işin, xidmətin) qiymətidir. Qiymətin formalaşmasında bir sıra faktorlar nəzərə alınmalıdır: məhsulun hazırlanmasına çəkilən ümumi xərclər, sahibkarın gəlirlilik norması, bazarda eyni məhsulun orta qiyməti və s. Bununla yanaşı, məhsulun satıcısı əvvəlcədən alıcılar ilə (ərzaq məhsullarının istehsalçılarından və satıcılarından alan tədarük və təchizat dövlət agentiyi, distribyutorlar, topdan satış mərkəzləri, mağazalar və s.) hazır məhsulun satılması ilə bağlı razılığa gələ bilər.

Əyani misal

Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi

Xərclərin maliyyələşdirilməsi üçün 2 əsas maliyyə resurslarından istifadə edilir: şəxsi kapitalcəlb edilmiş vəsaitlər. Şəxsi kapital sahibkarın özünə məxsus olan və sahibkarlıq fəaliyyətinə yatırmaq üçün istifadə etdiyi maliyyə vəsaitidir. Cəlb edilmiş vəsait dedikdə isə digər mənbələrdən əldə olunan pul resursları nəzərdə tutulur (misal üçün, Bank krediti).
Misalda gördüyümüz kimi xərclər smetasına əsasən sahibkarın ilkin xərci 7.115 manat təşkil edir. Tələb olunan məbləğin 3.115 manatı şəxsi kapitalı hesabına ödəniləcək, qalan 4.000 manatın maliyyələşdirilməsi üçün isə sahibkar Sahibkarlığa Kömək Milli Fonduna (bundan sonra - SKMF) müraciət etməyi qərara alır. SKMF tərəfindən biznes planı təhlil ediləndən sonra sahibkarın maliyyələşdirilməsinə müsbət rəy verilir və illik 8% dərəcə ilə 3 il müddətinə kredit müqaviləsi imzalanır (SKMF barədə ətraflı məlumatı Fondun rəsmi səhifəsindən əldə edə bilərsiniz).

 

1) Qeydiyyat
Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl sahibkar ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı, fəaliyyətinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitinin cəlb edilməsi tələb olunduğu halda onun əldə edilməsi ilə bağlı müvafiq tədbirləri görməli, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir.

Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.

Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olsun.

Vergi ödəyicisi kimi uçota alınan fiziki şəxslər Azərbaycan Respublikasının vətandaşları şəxsiyyət vəsiqəsinin surəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən onlara verilmiş vəsiqə ilə  “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”ni, hüquqi şəxslər isə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə birlikdə dövlət qeydiyyatı üçün tələb olunan digər sənədləri vergi orqanına təqdim edir. Müvafiq ərizə formalarında digər məlumatlarla yanaşı məşğul olmaq istədikləri fəaliyyət növünü (növlərini) və vergitutma sistemi qeyd edilməli və həmin məlumatlarda sonrakı dövrdə hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu barədə 40 gün ərzində məlumat verilməlidir.

Sahibkar fəaliyyət göstərəcəyi təsərrüfat subyektini (obyektini), məsələn mağazanı, kafeni, istehsal sexini, fermanı, anbarı və s. yerləşdiyi ərazi üzrə vergi orqanına, o cümlədən əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə uçota qoymalı, nağdsız hesablaşmaların aparılması, o cümlədən kreditlərin götürülməsi məqsədi ilə istədiyi bankda hesab açmalı, nağd pul hesablaşmaları aparıldığı təqdirdə isə təsərrüfat obyektində nəzarət-kassa aparatını quraşdırmalıdır.

2) Öhdəliklərin yerinə yetirilməsi
Sahibkar vergi ödəyicisi kimi uçota alınması zamanı seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir.

Ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması məqsədi ilə verilən sosial yönümlü güzəştlərlə yanaşı, kapital qoyuluşlarının artırılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, xüsüsilə qeyri-neft sektorunun inkişafına xidmət etməli olan sahələr üzrə güzəştlər də mövcuddur.

Sahibkarların ən geniş kütləsini əhatə edən sahələrdən biri də aqrar sektordur. Təsadüfi deyil ki, 2001-ci ildən bu günədək əhalinin daxili tələbatının təmin olunması və eyni zamanda xarici bazarlara çıxmaq imkanının yaradılması məqsədi ilə bu sahəyə davamlı olaraq güzəştli vergitutma rejimi tətbiq edilir. Hal-hazırda kənd təsərrüfatı məhsulların istehsalçılarının əldə etdikləri gəlirləri (həmin məhsulların emalından əldə olunan gəlir istisna olmaqla) mənfəət və gəlir vergisindən, ƏDV-dən, sadələşdirilmiş vergidən və bu fəaliyyət prosesində istifadə etdikləri əmlaka görə əmlak vergisindən azad edilmişdir.

Fiziki şəxs kimi vergi uçotuna dayanma, kommersiya hüquqi şəxsin yaradılması, təsərrüfat subyetinin uçota alınması, bank hesabının açılması, NKA-nın və POS-terminalın qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi və s. barədə daha geniş məlumatla "Sahibkarın vergi bələdçisi" bölməsində tanış olmaq olar.

Vergi orqanında uçota alınarkən Vergilər Nazirliyinin göndərdiyi məlumata əsasən sahibkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınır (fəaliyyət göstərdiyi sahə və işçilərinə hesablanmış əmək haqqı üzrə sosial sığorta ayırmaları hesablayır, bəyan etməklə büdcəyə ödəyir).

Sahibkar tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanılmalı və hüquqi qüvvəyə malik olması üçün onların bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.

3) Mühasibat uçotu
Sahibkar öz fəaliyyətini düzgün dəyərləndirməsi və maliyyə vəziyyəti barədə dolğun məlumat alması üçün mühasibat uçotunu aparmalıdır.
“Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”na əsasən kiçik sahibkarlıqla məşğul olan şəxslər mühasibat uçotunu sözügedən Qaydalarda göstərilən şəkildə və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən həyata keçirə bilərlər.

Mühasibat uçotu təsərrüfat subyektlərinin bütün maliyyə-təsərrüfat fəaliyyətinin və təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotun 3 əsas hissədən ibarətdir:

- Mühasibat balansı – burada sahibkarlıq fəaliyyətinin pul ifadəsi ilə müəyyən vaxta olan vəziyyəti barədə məlumatlar əks olunur. Mühasibat balansının Aktivlər adlanan bir tərəfində həmin vəsaitlərin yerləşdirilməsi və ya xərcləndiyi mənbə (məsələn, nağd pul, avadanlıqlar, tikililər və s.), Passivlər adlanan digər tərəfində isə əldə olunan vəsaitlər və onların mənbəyi (misal üçün, şəxsi kapital və bank krediti) əks olunur. Adından da bəlli olduğu kimi, mühasibat balansının bir tərəfi hər zaman digər tərəfə bərabər olmalıdır.

- Gəlir/Zərər hesabatı – bu hesabatda isə təsərrüfat fəaliyyəti zamanı bütün gəlirlər və xərclər nəzərə alınır (misal üçün, satışdan əldə edilən gəlir, mal-materialın alınmasına, əmək haqının verilməsinə çəkilən xərclər və s.). Bu sənədin nəticəsi olaraq təsərrüfat subyektinin müəyyən dövrü gəlir və ya zərərlə yekunlaşdırması barədə məlumat əldə etmək olar.

Əyani misal

 

Sahibkar həyata keçirdiyi təsərrüfat fəaliyyəti üzrə əldə etdiyi nəticələr əsasında təhlillər aparmalı, müvafiq qərarlar verməli, yeni fəaliyyət prosesinə başlamazdan əvvəl qarşısına müəyyən məqsədlər qoymalı və bu məqsədlərə nail olmaq üçün müvafiq plan tərtib etməlidir. Misal üçün, sahibkar növbəti fəaliyyətinin sonuna ümumi dövriyyəsinin 20% artırılmasına nail olmaq üçün maliyyə nəticələri əsasında yeni işçilərin cəlb edilməsinə, xərclərin azaldılmasına və mövcud resurslardan mümkün qədər səmərəli istifadə edilməsinə dair və bu kimi digər qərarlar verməlidr.

Qeyd edildiyi kimi, sahibkarlıq fəaliyyəti mürəkkəb fəaliyyət olduğu üçün bütün prosesləri misallar üzərində bu sənəddə əks etdirmək mümkün deyil. Buna baxmayaraq, Sizə təqdim etdiyimiz misallarda əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini formalaşdırılmaqla, onların sahibkarlıq fəaliyyəti zamanı diqqət yetirməli olduqları və qarşılaşdıqları ümumi məsələlərə toxunulmuşdur. Sahibkarlıq bacarığına və müəyyən təcrübəyə yiyələnmək üçün iqtisadi ədəbiyyatla tanış olmağınızı və dövlət qurumlarının həyata keçirdiyi görüş və treninqlərdə iştirak etməyinizi məsləhət görürük.

 

Ölkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zə­ruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində digər dövlər orqanları ilə, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyində olan Bakı Biznes Tədris Mərkəzi və onun regionlardakı nümayəndəlikləri, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məş­ğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən işgüzar şəxslərlə biznesə necə başlaması, vergilərin və sosial sığorta ayırmalarının hesablanması və ödənilməsi, vergi və mühasibat uçotunun aparılması istiqamətində maarifləndirici görüşlərin, treninqlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Regionlarda keçiriləcək belə tədbirlərlə bağlı ətraflı məlumat, o cümlədən digər mövzularla bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə 195 Çağrı Mərkəzinə (195-1 – Vergilər Nazirliyi, 195-2 – İqtisadiyyat Nazirliyi, 195-3 – Maliyyə Nazirliyi, 195-5 (7) – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF, 195-6 – Dövlət Gömrük Komitəsi) və Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilərsiz .