Geriyə

DTA-01 forması (Rezidentlik barədə arayış)

DTA-02 forması (AR Rezidenti tərəfindən digər Dövlətdə ödənilmiş vergilərin təsdiqi)

DTA-03 forması (Beynəlxalq müqavilənin üstünlüklərindən istifadə etmək hüququ olan qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərinin ödəniş mənbəyində vergidən azad edilməsi və ya məhdud vergitutmanın tətbiq edilməsi haqqında Ərizə)

DTA-04 forması (Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik yaratmayan bölmə vasitəsilə həyata keçirilməsinin təsdiq edilməsinə dair Ərizə)

DTA-05 forması (Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi barədə)

DTA-06 forması (Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizə)

 

N 0717040100891300, 19.11.2007-ci il tarixli Əmrlə tətbiq olunur

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ DİGƏR DÖVLƏTLƏR ARASINDA İKİQAT VERGİTUTMANIN ARADAN QALDIRILMASINA DAİR BEYNƏLXALQ SAZİŞLƏRİN İNZİBATÇILIĞI
QAYDALARI

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları (bundan sonra “Qaydalar” adlanır) Azərbaycan Respublikasının gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrinin icrasının təmin edilməsi qaydalarını müəyyən edir.

1. ÜMUMİ MÜDDƏALAR

Bu Qaydaların məqsədləri üçün:
1.1. “Beynəlxalq müqavilə” - Azərbaycan Respublikasının hər hansı digər Dövlətlə gəlirlərə və əmlaka görə  vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı beynəlxalq Saziş;
1.2. “Razılığa gələn digər Dövlət” - Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamış digər Dövlət;
1.3. “Şəxs” – istənilən fiziki şəxs və ya hüquqi şəxs və şəxslərin hər hansı digər birlikləri;
1.4. “Şirkət” - hər hansı korporativ qurum və ya vergitutma məqsədləri üçün korporativ qurum kimi baxılan hər hansı təşkilat;
1.5. “Mənbə və ya yerləşmə dövləti” - gəlirlərin yarandığı və ya əmlakın yerləşdiyi Dövlət;
1.6. “Rezidentlik dövləti” - vergi ödəyicisinin beynəlxalq müqavilənin müddəalarına müvafiq olaraq vergitutma məqsədləri üçün rezident olduğu Dövlət;
1.7. “Gəlir ödəyən şəxs (vergi agenti)”  - qeyri-rezidentə gəlir ödəyən və həmin gəlirlərdən vergi hesablamağa, onu qeyri-rezidentdən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxs;
1.8. “Məhdud vergitutma” - mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilədə müəyyən edilən məhdud vergi dərəcəsi ilə vergiyə cəlb edilməsi;
1.9. “Azadolma” - rezidentlik yaxud mənbə və ya yerləşmə dövlətində gəlirlərin və ya əmlakın vergiyə cəlb edilməməsi;
1.10. “Səlahiyyətli orqan”  - müvafiq beynəlxalq müqavilədə Azərbaycan Respublikasının və Razılığa gələn digər Dövlətin həmin müqavilənin məqsədləri üçün səlahiyyətli orqan kimi müəyyən edilmiş icra orqanları;
1.11. “Rezident” və “qeyri-rezident” - beynəlxalq müqaviləyə əsasən, Azərbaycan Respublikasının rezidenti və Razılığa gələn digər Dövlətin rezidenti.

BEYNƏLXALQ MÜQAVİLƏNİN AZƏRBAYCANIN REZİDENTLƏRİNƏ MÜNASİBƏTDƏ TƏTBİQ EDİLMƏSİ

2. Gəlirin və ya əmlakın yalnız mənbə və ya yerləşmə Dövlətində vergiyə cəlb edilməsi
2.1.  Beynəlxalq müqaviləyə müvafiq olaraq, hər hansı gəlirin və ya əmlakın yalnız mənbə və ya yerləşmə Dövlətində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, Azərbaycanın rezidentinin Razılığa gələn digər Dövlətdəki mənbələrdən əldə etdiyi  gəliri və ya Razılığagələn digər Dövlətdə yerləşən  əmlakı Azərbaycan Respublikasında vergidən azad edilir.
2.2. Azərbaycanın rezidentinin məcmu gəlirindən və ya əmlakından Azərbaycan Respublikasında vergi hesablandığı zaman,  həmin məcmu gəlirə və ya əmlaka bu Qaydaların 2.1-ci bəndində göstərilmiş gəlirlər və ya əmlak daxildirsə, həmin bənddə göstərilmiş azadolmanın tətbiq edilməsi üçün həmin rezident tərəfindən Azərbaycan Respublikasının müvafiq vergi orqanına göstərilən gəlirin və ya əmlakın Razılığa gələn digər Dövlətdə həmin Dövlətin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edildiyini təsdiq edən sənədlər təqdim edilməlidir.
3. Gəlirin və ya əmlakın yalnız rezidentlik Dövlətində vergiyə cəlb edilməsi
Beynəlxalq müqaviləyə müvafiq olaraq, hər hansı gəlirin və ya əmlakın yalnız rezidentlik Dövlətində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, Azərbaycanın rezidentininRazılığa gələn digər Dövlətdəki mənbələrdən əldə etdiyi belə gəliri və ya digər Dövlətdə yerləşən belə əmlakı həmin digər Dövlətdə müvafiq qaydada (digər Dövlətin daxili proseduruna uyğun olaraq əvvəlcədən azadolmanın tətbiq edilməsi və ya vergilərin tutularaq sonradan qaytarılması yolu ilə) vergidən azad edilməklə, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergiyə cəlb edilir.

4. Gəlirin və ya əmlakın həm mənbə və ya yerləşmə, həm də rezidentlik            dövlətlərində vergiyə cəlb edilməsi
4.1. Beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmadıqda,  Azərbaycanın rezidenti beynəlxalq müqavilənin müddəalarına müvafiq olaraq mənbə və ya yerləşmə Dövlətində tam və ya məhdud vergitutmaya cəlb edilə bilən gəlir əldə edirsə və ya əmlaka sahibdirsə, ikiqat vergitutmanın aradan qaldırılması üçün, həmin rezident tərəfindən bu cür gəlirə və ya əmlaka görə mənbə və ya yerləşmə dövlətində ödənilmiş vergi məbləği, rezidentdən həmin gəlir və ya əmlaka münasibətdə Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən çıxılmalıdır.
Lakin, belə çıxılma Azərbaycan Respublikasının qanunvericiliyinə və vergitutma qaydalarına müvafiq olaraq belə gəlirə və ya əmlaka hesablanmış verginin məbləğindən artıq olmamalıdır.
4.2. Azərbaycanın rezidentinin məcmu gəlirindən və ya əmlakından Azərbaycan Respublikasında vergi hesablanarkən, Razılığa gələn digər Dövlətdə ödənilmiş vergilərin çıxılması üçün həmin rezident tərəfindən Azərbaycan Respublikasının müvafiq vergi orqanınabelə gəlirin və ya əmlakın həmin digər Dövlətin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edildiyini təsdiq edən sənədlər təqdim edilməlidir.

5. Azərbaycan Respublikasında rezidentliyin təsdiq edilməsi
5.1. Beynəlxalq müqavilədə hər hansı gəlirin və ya əmlakın mənbə və ya yerləşmə dövlətində məhdud vergitutmaya cəlb edilməsi və ya vergidən azad edilməsi nəzərdə tutulduğu halda, o cümlədən, Azərbaycanınrezidentinin Razılığa gələn digər Dövlətdə beynəlxalq müqavilənin digər üstünlüklərindən istifadə etməsi məqsədilə, həmin rezidentə bu Qaydalara əlavə edilən DTA-01 forması üzrə rezidentlik barədə arayış verilir. Razılığa gələn digər Dövlətin rezidentliyin təsdiqi ilə bağlı xüsusi forması olduqda, Azərbaycan Respublikasında rezidentlik həmin forma üzrə təsdiqlənməlidir.
Beynəlxalq müqavilənin digər üstünlükləri - müvafiq beynəlxalq müqavilənin xüsusilə xalis mənfəətin köçürülməsi ilə bağlı vergidən azad edilmə, qarşılıqlı razılaşdırma prosedurunun aparılması və ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı olan, lakin, bunlarla məhdudlaşmayan üstünlüklərdir.  
5.2. Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayışonun Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanı tərəfindən verilməlidir.
Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda isə həmin fiziki şəxs rezidentlik barədə arayış almaq üçün qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməlidir.

6. Digər dövlətdə ödənilmiş vergilərin təsdiqi
6.1. Bu Qaydaların 2.2-ci və 4.2-ci bəndlərinin məqsədləri üçün gəlirin və ya əmlakın Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilməsi barədə məlumatlar Azərbaycanın rezidenti tərəfindən digər Dövlətin bununla bağlı xüsusi forması  olduğu halda həmin forma üzrə (və ya DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) və ya bu Qaydalara əlavə edilən DTA-02 forması üzrə Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına  təqdim edilməlidir.
Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda isə həmin fiziki şəxs tərəfindən müvafiq forma yaşadığı yer üzrə vergi orqanına təqdim edilməlidir.
Azərbaycanın rezidenti Razılığa gələn digər Dövlətdəki daimi nümayəndəliyinə və ya daimi bazasına aid gəlirlərinin və ya əmlakının həmin digər Dövlətdə vergiyə cəlb edilməsi ilə bağlı müvafiq forma üzrə məlumat təqdim edərkən, bu məlumata digər Dövlətin vergi orqanına təqdim etdiyi vergi bəyannaməsinin digər dövlətin səlahiyyətli vergi orqanı tərəfindən  təsdiq edilmiş surətini də əlavə etməlidir.
6.2. Azərbaycanın rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə ödənilmiş vergilər və ya həmin rezidentdən ödəniş mənbəyində tutulmuş vergilərlə bağlı müvafiq forma üzrə məlumat həmin digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən təsdiqlənməlidir.

BEYNƏLXALQ MÜQAVİLƏNİN  QEYRİ-REZİDENTLƏRƏ MÜNASİBƏTDƏ TƏTBİQ EDİLMƏSİ

7. Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik və ya daimi baza vasitəsilə həyata keçirdiyi hallarda vergiyə cəlb edilməsi
7.1. Beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmadıqda, qeyri-rezident Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi hallarda həmin qeyri-rezidentin mənfəəti beynəlxalq müqavilələrin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının daxili qanunvericiliyinə müvafiq olaraq  müəyyən edilir və vergiyə cəlb edilir.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirən qeyri-rezidentin vergiyə cəlb edilən mənfəəti həmin daimi nümayəndəliyə aid edilə bilən mənfəət hesab edilir.
7.2. Beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmadıqda, qeyri-rezident fiziki şəxs müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Azərbaycan Respublikasında müntəzəm istifadə etdiyi daimi bazaya sahib olduğu hallarda, həmin qeyri-rezidentin belə peşəkar xidmətlərdən və ya müstəqil xarakterli digər fəaliyyətlərdən gəliri beynəlxalq müqavilələrin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının daxili qanunvericiliyinə müvafiq olaraq  müəyyən edilir və vergiyə cəlb edilir.
Azərbaycan Respublikasında qeyri-rezident fiziki şəxsin müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Azərbaycan Respublikasında müntəzəm istifadə etdiyi daimi bazasının vergiyə cəlb edilən gəliri həmin daimi bazaya aid edilə bilən gəlir hesab edilir.
“Peşəkar xidmətlər” - xüsusilə müstəqil elmi, ədəbi, artistlik, təhsil və ya tədris fəaliyyəti, o cümlədən, həkimlərin, hüquqşünasların, mühəndislərin, memarların, mühasiblərin və auditorların müstəqil fəaliyyətidir.
7.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin həmin daimi nümayəndəlik və ya daimi bazaya aid olan əmlakı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq qaydada vergiyə cəlb edilməlidir.
7.4. Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərən qeyri-rezident bu Qaydaların  5.1-ci bəndində göstərilən digər üstünlüklərdən istifadə etmək üçün, Razılığa gələn digər Dövlətin rezidenti olması barədə sərbəst formada tərtib olunmuş və həmin digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən təsdiq edilmiş arayışı Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin və ya daimi bazasının uçotda olduğu vergi orqanına təqdim etməlidir.
Razılığa gələn digər Dövlətin rezidentliyin təsdiqi ilə bağlı xüsusi forması olduqda, rezidentlik həmin forma üzrə təsdiqlənməlidir.
7.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinin və ya daimi bazasının gəlirlərindən ödəniş mənbəyində vergi tutulmaması üçün, qeyri-rezident tərəfindən gəlir ödəyən şəxsə qeyri-rezidentin daimi nümayəndəliyinin və ya daimi bazasının Azərbaycan Respublikasınınvergi orqanlarında uçotda olması barədə şəhadətnamənin surəti təqdim edilməlidir.

8. Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik və ya daimi baza vasitəsilə həyata keçirmədiyi hallarda  vergiyə cəlb edilməsi
8.1. Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi gəlirlərdən, bu Qaydaların 8.2-ci bəndində göstərilən gəlirlər istisna olmaqla, ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulmalıdır.
Beynəlxalq müqavilədə həmin gəlirlərə münasibətdə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu hallarda, qeyri-rezident tərəfindən artıq ödənilmiş (ödəmə mənbəyində artıq tutulmuş) vergilər müvafiq qanunvericiliyə əsasən, bu Qaydaların 12-ci bölməsində göstərilən qaydada qeyri-rezidentə qaytarılmalıdır.
8.2. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi dividendlərə, faizlərə və royaltilərə münasibətdə məhdud vergitutmanın və ya azadolmanın tətbiq edilməsi nəzərdə tutulduğu hallarda, həmin qeyri-rezident tərəfindən gəlir ödəyən şəxsə bu Qaydalara əlavə edilən DTA-03 forması təqdim edildiyi halda belə məhdud vergitutma və ya azadolma əvvəlcədən tətbiq edilir.
8.3. DTA-03 forması qeyri-rezident tərəfindən doldurulmalı, rezidenti olduğu Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir.
8.4. Gəlir ödəyən şəxs tərəfindən məhdud vergitutma və ya azadolma bu Qaydalara əlavə edilən DTA-03 formasına əsasən Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən qeyri-rezidentin həmin digər Dövlətdə rezidentliyi təsdiq edilən dövr üzrə yaranan (və müqavilə şərtlərinə, təsis sənədlərinə və s. əsasən həmin forma təqdim edilən dövrdən sonra ödənilən) gəlirlərinə münasibətdə tətbiq edilir.
8.5. Məhdud vergitutma və ya azadolma, aşağıdakı şərtlərin hər ikisi təmin edildiyi təqdirdə qeyri-rezidentin rezidentliyinin təsdiq edildiyi tarixdən sonrakı altı aylıq dövr (bu dövr ərzində başlayan və başa çatan istənilən dövr) üzrə yaranan və həmin dövr çərçivəsində ödənilən gəlirlərinə münasibətdə də tətbiq edilə bilər:
- ödənişlər dövrü xarakter daşısın;
- həmin altı aylıq dövr çərçivəsində edilən sonuncu ödənişdən sonra belə, həmin altı aylıq dövr (bu dövr ərzində başlayan və başa çatan istənilən dövr) üzrə yaranan ümumi gəlirə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən hesablanan vergi məbləğinə bərabər qeyri-rezidentə məxsus vəsait gəlir ödəyən şəxsin sərəncamında qalsın.
8.6. Qeyri-rezidentə sonuncu ödəniş aparıldığı tarixdən sonrakı 30 gün ərzində qeyri-rezident tərəfindən gəlir ödəyən şəxsə bu Qaydaların 8.5.-ci bəndində göstərilən dövrü əhatə edən və müvafiq qaydada təsdiqlənən DTA-03 forması təqdim edilməlidir. Göstərilən müddətdə bu forma təqdim edilmədiyi təqdirdə, gəlir ödəyən şəxs qeyri-rezidentin gəlirinin ümumi məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən vergi hesablamalı və hesablanmış məbləği qanunvericiliyə müvafiq qaydada  büdcəyə köçürməlidir.
8.7. Qeyri-rezidentə gəlir ödəyən şəxs tərəfindən beynəlxalq müqavilənin məhdud vergitutma və ya azadolma ilə bağlı müddəaları tətbiq edildiyi halda, həmin şəxs ödəniş mənbəyində tutulan vergilər üzrə vergi orqanına bəyannamə təqdim edərkən, qeyri-rezident tərəfindən təqdim edilmiş bu Qaydalara əlavə edilən DTA-03 formasının surətini həmin bəyannaməyə əlavə etməlidir.
8.8. Əgər qeyri-rezident tərəfindən DTA-03 forması təqdim edilmirsə və ya vaxtında təqdim edilmirsə, gəlir ödəyən şəxs qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi hər hansı gəlirdən ödəniş mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergini tutaraq ümumi qaydada büdcəyə köçürməlidir.
8.9. Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident bu Qaydaların 5.1-ci bəndində göstərilən digər üstünlüklərdən istifadə etmək üçün, Razılığa gələn digər Dövlətin rezidenti olması barədə sərbəst formada tərtib edilmiş və rezident olduğu xarici dövlətin səlahiyyətli vergiorqanı tərəfindən təsdiq edilmiş arayışı ona gəlir ödəyən şəxsin uçotda olduğu vergiorqanına təqdim etməlidir.
Razılığa gələn digər Dövlətin rezidentliyin təsdiqi ilə bağlı xüsusi forması olduqda, rezidentlik həmin forma üzrə təsdiqlənməlidir.

9. Beynəlxalq daşımaların vergiyə cəlb edilməsi
9.1. Beynəlxalq müqavilədə beynəlxalq daşımalardan əldə edilən mənfəətin (gəlirin), yalnız daşımaları həyata keçirən müəssisənin rezident olduğu Dövlətdə vergiyə cəlb edilməsi nəzərdə tutulduğu hallarda, qeyri-rezident Azərbaycan Respublikasında belə fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirirsə, onun beynəlxalq daşımalardan əldə etdiyi mənfəət rezidenti olduğu Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilir.
9.2. “Beynəlxalq daşıma”  - Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən istismar edilən dəniz və ya hava gəmiləri, yaxud müvafiq beynəlxalq müqavilənin müddəalarından asılı olaraq avtomobil və dəmir yolu nəqliyyatı vasitələri ilə yerinə yetirilən istənilən daşımalar (dəniz və ya hava gəmisinin yaxud avtomobil və dəmir yolu nəqliyyatı vasitəsinin müstəsna olaraq Razılığa gələn digər Dövlətin məntəqələri arasında istismar edilməsi halları istisna olmaqla).
9.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentin həmin daşımalardan əldə etdiyi gəlirlərə münasibətdə bu Qaydaların 9.1-ci bəndinin müddəaları qeyri-rezident tərəfindən digər Dövlətin xüsusi formasında və ya sərbəst formada tərtib olunmuş və həmin digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən təsdiq edilmiş rezidentlik barədə arayış daimi nümayəndəliyin Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına təqdim edildiyi halda tətbiq edilir.
Bununla yanaşı, daimi nümayəndəlik vasitəsilə beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentin daimi nümayəndəliklə bağlı bu cür gəlirlərindən gəlir ödəyən şəxs tərəfindən ödəniş mənbəyində vergi tutulmaması üçün, həmin gəlir ödəyən şəxsə daimi nümayəndəliyin vergi orqanlarında uçotda  olması barədə şəhadətnamənin surəti təqdim edilməlidir.
9.4. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin dəniz və ya hava gəmiləri vasitəsilə beynəlxalq daşımalardan əldə etdiyi gəlirlərə münasibətdə 9.1-ci bəndin müddəalarının tətbiqi bu Qaydaların 8.2-8.8-ci bəndlərindənəzərdə tutulmuş qaydada, digər nəqliyyat vasitələri ilə həyata keçirilən daşımalardan gəlirlərə münasibətdə isə bu Qaydaların 12-ci bölməsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.5. Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda qeyri-rezidentin beynəlxalq daşımalarda istismar olunan dəniz və hava gəmiləri əmlak vergisinə  qeyri-rezidentin rezident olduğu Razılığa gələn digər Dövlətdə cəlb edilir. 

10. Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik yaratmayan bölmə vasitəsilə həyata keçirdiyi hallarda vergiyə cəlb edilməsi
10.1. Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq müqaviləyə müvafiq olaraq müəyyən müddət çərçivəsində daimi nümayəndəlik yaratmayan və Vergi Məcəlləsinin 33.8-ci maddəsinə müvafiq olaraq vergi orqanında uçota duran bölməsi tərəfindən bu Qaydalara əlavə edilən DT-04 forması təqdim edildiyi halda, gəlir ödəyən  şəxs tərəfindən həmin formada göstərilən müddətdə işlərə (xidmətlərə) görə aparılan ödənişlərdən ödəniş mənbəyində vergi tutulmamalıdır.
10.2. DTA-04 forması qeyri-rezidentin daimi nümayəndəlik yaratmayan bölməsi tərəfindən müvafiq qaydada doldurulmalı və bölmənin Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanı tərəfindən təsdiqlənməlidir.
10.3. Aşağıdakı hallarda gəlir ödəyən şəxs tərəfindən qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi hər hansı gəlirdən ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulmalı və aidiyyəti üzrə büdcəyə köçürülməlidir:
a) qeyri-rezidentin daimi nümayəndəlik yaratmayan bölməsi tərəfindən DTA-04 forması təqdim edilmədikdə və ya vaxtında təqdim edilmədikdə;
b) qeyri-rezidentlə bağlanmış müqavilədə işlərin (xidmətlərin) müddəti DTA-04  formasında göstərilən müddətdən artıq olduqda;
10.4. Qeyri-rezidentin Azərbaycan Respublikasında fəaliyyət müddətinin beynəlxalq müqaviləyə müvafiq olaraq müəyyən müddət çərçivəsindən artıq olması və ya artıq olacağı müəyyənləşdikdə, gəlir ödəyən şəxs tərəfindən bu barədə dərhal daimi nümayəndəlik yaratmayan bölmənin uçotda olduğu vergi orqanına  məlumat verilməlidir.
10.5. Qeyri-rezidentin daimi nümayəndəlik yaratmayan bölməsi öz fəaliyyəti ilə bağlı gəlir və xərclərin uçotunu müvafiq qaydada aparmalıdır ki, sonradan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdığı halda, vergitutma məqsədləri üçün bölmənin bütün fəaliyyət dövrü üzrə gəlir və xərclərinin dəqiq uçotunu qura bilsin.
10.6. Qeyri-rezidentin daimi nümayəndəlik yaratmayan bölməsinin fəaliyyəti beynəlxalq müqavilənin müddəalarına müvafiq olaraq sonradan daimi nümayəndəlik yaratdıqda o, qanunvericiliyə müvafiq qaydada bölmənin daimi nümayəndəlik kimi uçota alınması ilə bağlı müvafiq tədbirlər həyata keçirməlidir.

11. Qeyri-rezident  tərəfindən Azərbaycanda ödənilmiş vergilərin təsdiqi
11.1. Qeyri-rezidentə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üçün, Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən ödənilmiş və ya qeyri-rezidentdən ödəniş mənbəyində tutulmuş vergilər Azərbaycan Respublikasının müvafiq vergi orqanı tərəfindən bu Qaydalara əlavə edilən DTA-05 forması üzrə təsdiqlənməlidir.
11.2. DTA-05 forması qeyri-rezident (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən doldurulmalı və təsdiqlənmək üçün daimi nümayəndəliyin (daimi bazanın) uçotda olduğu vergi orqanına, qeyri-rezident daimi nümayəndəlik (daimi baza) vasitəsilə fəaliyyət göstərmədiyi halda isə, qeyri-rezidentə gəlir ödəyən şəxsin (vergi agentinin) uçotda olduğu vergi orqanına təqdim edilməlidir.
11.3. Qeyri-rezidentin tələbi əsasında digər dövlətin vergi orqanlarına təqdim etmək üçün həmin qeyri-rezidentin Azərbaycan Respublikasının vergi orqanlarına təqdim etdiyi bəyannamələrin surətləri ona verilir.

YEKUN MÜDDƏALAR

12. Qeyri-rezidentə artıq ödənilmiş vergilərin qaytarılması
12.1. Beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir.
12.2. Artıq tutulmuş vergilərin qaytarılması və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməsi müvafiq qanunvericiliyə əsasən həyata keçirilir.
12.3. Ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri  qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotdaolduğu vergiorqanına bu Qaydalara əlavə edilən DTA-06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması Razılığa gələn digər Dövlətin səlahiyyətli vergiorqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir.
12.4. Ərizədə göstərilən məlumatların faktiki məlumatlara və müvafiq beynəlxalq müqavilənin müddəalarına uyğunluğuna vergi orqanı tərəfindən baxılmalı və artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarılması barədə rəy və ərizənin surəti müvafiq maliyyə orqanına verilməlidir.
12.5. Artıq ödənilmiş vergilərin qaytarılması üçün maliyyə orqanlarının hərəkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
12.6. Artıq ödənilmiş vergilər qeyri-rezident tərəfindən vergi orqanına ərizə təqdim edildiyi tarixdən 45 gündən gec olmayaraq maliyyə orqanları tərəfindən qeyri-rezidentlərin DTA-06 formasında göstərilən bank hesablarına qaytarılmalıdır.

13. Formaların vergi orqanları tərəfindən təsdiqlənməsi
13.1. Azərbaycan Respublikasının vergi orqanları tərəfindən təsdiqlənməli olan formalar (DTA-01 (və ya Razılığa gələn digər Dövlətin xüsusi forması), DTA-03, DTA-04, DTA-05DTA-06) müraciət edən şəxs tərəfindən 3 nüxsədə olmaqla, təsdiqlənmə barədə sərbəst formada müraciət məktubu və formaya əlavə olunan sənədlərlə birgə müvafiq vergi orqanına təqdim edilir.
13.2. DTA-03, DTA-04 DTA-06 formaları hər bir gəlir ödəyən şəxs üzrə ayrıca təqdim edilməli və təsdiqlənməlidir.
13.3. Formalar Azərbaycan dilindəvə ya Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi ilə birgə ingilis dilində doldurula bilər.
13.4. Vergi orqanı tərəfindən DTA-05 forması yalnız qeyri-rezident tərəfindən vergilərlə bilavasitə bağlı sənədlər - vergi bəyannamələri, müvafiq arayışlar və s. təqdim edildikdən və vergilərin ödənilməsi ilə bağlı bütün öhdəliklər yerinə yetirildikdən sonra təsdiq edilir.
13.5. Qeyri-rezident fiziki şəxsdən muzdlu əmək fəaliyyəti ilə bağlı tutulmuş vergilərin təsdiqi üçun DTA-05 formasına qeyri-rezidentin aldığı əmək haqqı və ona bərabər tutulan ödənişlər, habelə, həmin ödənişlərdən vergilərin tutularaq  ödənilməsi barədə gəlir ödəyən şəxs (işəgötürən) tərəfindən təsdiq edilmiş müvafiq arayışlar və təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir.
13.6. Müraciət edən şəxsdən müraciətə aid olmayan digər sənədlərin təqdim olunması tələb olunmamalıdır.
13.7. Formaların təsdiq edilməsi üçün zəruri olan şərtlərin yerinə yetirilmədiyi və ya mövcud olmadığı barədə qənaətə gələn vergi orqanı tərəfindən müraciət edən şəxsə ərizənin təqdim olunduğu gündən sonrakı 20 təqvim günü ərzində bu barədə, formaların təsdiq olunmasından imtina edilməsinin səbəbləri tam izah edilməklə yazılı məlumat verilir.
13.8. Vergi orqanı ərizə daxil olduqdan sonra 20 təqvim günü ərzində formaları təsdiq edir, əlavə araşdırmalar tələb olunduğu hallarda isə bu barədə müraciət edən şəxsə həmin dövr ərzində yazılı məlumat verir.
13.9. Formaların təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır, digər ikisi isə müraciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
13.10. DTA-03, DT-04 və ya  DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən  tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında bu məlumatların və ya sənədlərin düzgünlüyünəşübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər.

14. Xüsusi müddəalar
14.1. Razılığa gələn digər Dövlətdə rezidentliyin təsdiqi ilə bağlı arayış (xüsusi forma),  Azərbaycanın rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə ödənilmiş vergilərə dair forma (digər Dövlətin xüsusi forması, sərbəst forma və ya DTA-02 forması), DTA-03DTA-06 formaları Razılığa gələn digər Dövlətin müvafiq vergi orqanı tərəfindən təsdiq edildikdən sonra, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri tərəfindən leqallaşmalıdır.
14.2. Razılığa gələn digər Dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu halda, bu Konvensiyaya müvafiq olaraq diplomatik və ya konsulluq leqallaşması tələb olunmur. Bu halda, xarici dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənmiş nüsxələrə həmin dövlətin səlahiyyətli orqanı tərəfindən apostil qoyulması kifayət edir.
14.3. Razılığa gələn digər Dövlət Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçıları olan Dövlətlər arasında «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına qoşulduğu halda, həmin Dövlətin səlahiyyətli orqanı yaxud xüsusi səlahiyyət verilmiş şəxs tərəfindən öz səlahiyyəti çərçivəsində müəyyən edilmiş qaydada verilən və gerbli möhürlə təsdiqlənən sənədlər leqallaşma aparılmadan və apostil qoyulmadan qəbul edilir.
14.4. Azərbaycan Respublikasının və Razılığa gələn digər Dövlətin iştirakçısı olduqları digər Sazişlərdə fərqli müddəalar nəzərdə tutulduqda sənədlərin rəsmiləşdirilməsi həmin müddəalara müvafiq qaydada həyata keçirilir.
14.5. Bu Qaydaların tətbiqi zamanı hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan Sazişlər və onların tətbiqi ilə bağlı müvafiq sənədlərin xüsusiyyətləri nəzərə alınmalıdır.

15. Məsuliyyət
Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

© AR Vergilәr Nazirliyi, 2001-2007 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: ınfo@taxes.gov.az