Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, vergi sistemində də köklü islahatlar həyata keçirilmişdir

Tariximizin ən böyük simalarının ön sırasında dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında, XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təminatçısı olmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmiş, sabiq İttifaqın qabaqcıl respublikaları sırasına çıxmışdır. Bu illər tariximizə siyasi-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuşdur.
Xalqımızın milli mənlik şüurunun oyanışı, dövlətçilik təfəkkürünün formalaşmasında bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, müstəqilliyimizin təhlükə ilə üzləşdiyi 1993-cü ilin iyun günlərində xalqın təkidilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Məhz həmin dövrdə Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsas zəmin və möhkəm təməl yaradıldı.
Xalqımızın dərin zəkasını, yenilməz iradəsini və əzmini təcəssüm etdirən böyük dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin siyasi və dövlətçilik ənənələrini layiqincə davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi, mərdliyi və fədakarlığı nəticəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, qorunub saxlanmış, bu böyük dühanın ən böyük əsəri olan müasir Azərbaycan yaranmışdır.
Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir istiqaməti yaranmışdır. Ümummilli liderin bilavasitə rəhbərliyilə ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edilmiş, Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət yardımı,  kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı, eləcə də Azərbaycan Respublikasında maşınqayırma sənayesinin, aqrar bölmənin, turizmin inkişafının, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə, həmçinin regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proq     ramları təsdiq edilmişdir.  
Bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratmış, sərbəst bazar münasibətlərinə əsaslanan sosialyönümlü iqtisadi sistemin formalaşdırılmasına, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunmasına rəvac vermişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin taktikasının fərqləndirici xüsusiyyətləri göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması, həmçinin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, bu zaman sosialyönümlülüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanması ilə xarakterizə oluna bilər.
Bu mənada əminliklə söyləmək olar ki, müstəqil Azərbaycan Respublikasının tarixən qısa bir vaxt ərzində bütün sahələrdə dinamik inkişafında, siyasi, sosial-iqtisadi və digər sahələrdə möhkəm, sarsılmaz sabitliyin yaradılmasında və ictimai tərəqqinin təmin edilməsində ulu öndərin yürütdüyü məqsədyönlü idarəetmənin rolu həqiqətən böyükdür.
Xalqımızın böyük oğlu, ümumilli lider Heydər Əliyevin Azərbaycanın vergi xidmətinin formalaşmasında və yenidən qurulmasında əvəzsiz xidmətləri vardır. Bütövlükdə vergi xidmətində aparılan islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətləri məhz onun rəhbərliyi altında hazırlanmış və həyata keçirilməkdədir. Vergi xidmətinin kompleks islahatları məqsəd etibarilə təkmil qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, adekvat kadr siyasətinin yeridilməsi, müasir texnoloji dəstəyə söykənən modern bir xidmətin qurulmasını nəzərdə tuturdu.
Son bir neçə il ərzində Azərbaycanın vergi xidmətində çox mühüm dəyişikliklər baş vermişdir. Biz bu islahatlara başlayarkən və həmçinin onu həyata keçirərkən daim ümumilli liderin dəstəyini hiss etmişik. İslahatların elə ilk mərhələsində dövlət başçısı vergi xidmətinə etimad göstərərək 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanını – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi.  Söhbət təkcə vergi xidmətinin hüquqi baxımdan statusunun qaldırılmasından getmirdi, dövlət başçısı bununla həm də vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etdi.
Ümummilli liderin rəhbərliyi altında əldə edilmiş ən böyük uğurlar sırasına, ilk növbədə, Vergi Məcəlləsinin qəbul edilməsini və təkmil qanunvericilik bazasının yaradılmasını aid etmək olar. 2001-ci ilin yanvarından qüvvəyə minmiş və Azərbaycanın müstəqillik tarixində ilk olan Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım idi. Vergi Məcəlləsinin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu.
Məhz ümummilli lider Heydər Əliyevin birbaşa tövsiyyələri və fərmanları əsasında Azərbaycanın vergi inzibatçılığı təkmilləşdirilmişdir. Vergi orqanları təkcə struktur baxımdan yenidən qurulmamış, həmçinin vergi xidmətində yeni iş proseslərinin tətbiq edilməsi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında kontaktsız münasibətlərin qurulması, vergi bəyannamələrinin poçtla qəbul edilməsi, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanması, vergi xidmətinin yaradılması bütövlükdə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına və şəffaflığın təmin edilməsinə şərait yaratmışdır.
Bu gün ümummilli liderin müəyyən etdiyi strategiyaya uyğun olaraq vergi xidmətinin təkmilləşdirilməsi davam edir. İndi qarşıda daha böyük və qlobal məqsədlər qoyulmuşdur. Möhtərəm prezident İlham Əliyevin vergi orqanları qarşısına qoyduğu strateji vəzifə bundan ibarətdir ki, yaxın gələcəyin vergi xidməti ən müasir Avropa standartları səviyyəsinə çatsın. Bu məqsədlə ötən il dövlət başçısı tərəfindən imzalanmış «Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)» yaxın iki ildə vergi xidmətinin əsaslı şəkildə modernləşdirilməsini, texnoloji baxımdan təkmilləşdirilməsini, vergi ödəyiciləri üçün sadə və asan vergi inzibatçılığının təşkil edilməsini nəzərdə tutur. Bu istiqamətdə bu gün artıq geniş miqyaslı işlər aparılır. Biz vergi xidmətinin yaxın gələcəyini texnoloji baxımdan təkmilləşdirilmiş, vergi orqanları ilə vergi ödəyicilərinin arasında elektron əlaqələrin inkişafına, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulmasına söykənən bir struktur olaraq görürük. Artıq Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini (AVİS) tətbiq edir. Bu sistemi vergi xidmətinin sabahı adlandıranlar səhv etmirlər. AVİS-in əsas məqsədi sürətli, elastik və yararlı vergi siyasətinin həyata keçirilə bilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir. AVİS yerli vergi orqanlarının işlərinin avtomatlaşdırılması, digər dövlət orqanları ilə inteqrasiyanın təmin edilməsi, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edir.
Bunlarla yanaşı, biz vergi xidmətində çalışan kadrların peşəkarlıq səviyyələrinin artırılmasına çalışırıq. Ümummilli lider Heydər Əliyevin vergi xidməti orqanlarında çalışan kadrların hazırlığının yüksəldilməsinə diqqət və qayğısının nəticəsi kimi yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzi bu yöndə aktiv fəaliyyət göstərir. Artıq ikinci ildir ki, vergi xidmətinə işə qəbul da müsabiqə yolu ilə təşkil edilmişdir ki, bu da peşəkar kadrların cəlb edilməsi və hazırlanması istiqamətində dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğundur.
Beynəlxalq maliyyə institutları da Azərbaycanda vergi sahəsində aparılan islahatlara yüksək qiymət verirlər. Son iki ildə Azərbaycana təcrübə mübadiləsi məqsədilə müxtəlif ölkələrdən nümayəndə heyətləri gəlmişdir. Ötən il Qırğızıstan, bu il isə Moldova vergi xidməti rəhbərləri ölkəmizdə səfərdə olmuş, yaxınlarda isə Çexiya, Qazaxıstan, Ukrayna və Rusiya vergi orqanlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin Azərbaycana səfərləri gözlənilir.
Bu gün vergi sahəsində əldə edilmiş nailiyyətləri, aparılan işlərin nəticəsini və bəhrəsini gördükdə bu dahi insanı dönə-dönə yada salır, əldə edilmiş uğurların onun müdrik və uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edirik. Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırmaqla, inkişaf üçün güclü iqtisadi baza və yaxşı zəmin yaratmaqla, tənəzzül etmiş mlli iqtisadiyyatı inkişaf relslərinə çıxartmaqla müstəqil Azərbaycan dövlətinin ilk quruculuq illərinin, eyni zamanda müasir vergi xidmətinin memarı kimi yaddaşlarda əbədi qalacaqdır.
Heydər Əliyevin müasirlərinin, onun işini davam etdirməyə bu gün məsuliyyət daşıyanların, böyüyən nəsillərin müqəddəs borcu isə bu dahi şəxsiyyətin yaratdığı maddi və mənəvi dəyərlərin mahiyyətini, əhəmiyyətini dərindən dərk etmək, onları həyata keçirməkdən ibarətdir.

Natiq Əmirov,
vergilər nazirinin müavini,
baş vergi xidməti müşaviri

geriyə || yuxarı