Vergilər Naziri cənab Fazil Məmmədovun
"Heydər Əliyev siyasəti azad sahibkarlığın təminatçısı kimi" mövzusunda 11.05.2006-cı il tarixdə sahibkarlarla keçirilən görüşdə
çıxışı
Hörmətli qonaqlar!
Hörmətli tədbir iştirakçıları!
İcazə verin, Vergilər Nazirliyinin rəhbərliyi adından sizin hamınızı salamlayım və xoş gəlmisiniz deyim. Sevindirici haldır ki, sizinlə belə görüşlərimiz artıq ənənə halını almağa başlamışdır. Bu görüşlər vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsində və dərinləşməsində mühüm rol oynayır, sizin problemlərinizlə daha yaxından tanış olmaqda və sizin fikirlərinizi dinləməkdə bizə yardım edir.
Bu günkü tədbirin daha bir mühüm əhəmiyyəti odur ki, görüşümüz ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Bu gün səhər biz Vergilər Nazirliyində xalqımızın dahi oğlunun xatirəsinə həsr edilmiş «Heydər Əliyev və vergi siyasəti» elmi-praktiki konfrans keçirdik. Ulu öndərin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər barədə saatlarla və günlərlə danışmaq olar. Bu tarixi şəxsiyyətin həyat fəaliyyəti bütünlüklə ölkəmizin və xalqımızın gələcəyinin təmin edilməsinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın siyasi və iqtisadi cəhətdən qüdrətlənməsinə, vətəndaşlarımızın firavan həyat tərzinin bərqərar edilməsinə yönəldilmişdir.
Hörmətli tədbir iştirakçıları!
Görüşdə iştirak edən hər bir sahibkar, hər bir iş adamı bilir ki, Azərbaycanda sahibkarlığın təşəkkül tapması və inkişafı ümummilli liderin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.
Müstəqil Azərbaycanın memarı Heydər Əliyev azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, dahi öndərimizin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir.
Hörmətlitədbiriştirakçıları!
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.
Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevirmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.
Sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən olan infrastrukturun formalaşdırılması sahəsində mühüm işlər görülmüş, sahibkarlara zəruri texniki yardım- məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.
1993-cü ildən etibarən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lideri Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə onun dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratmışdır.
Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu və bu, ilk öncə, müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Hörmətli sahibkarlar!
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi, 1996-cı ildə, yəni iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Bu səbəbdən də qeyd etdiyimiz problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. İlk addım kimi ölkə prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» Fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir
müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» Fərman təsdiqlənmişdir. Bu sənədin tələblərindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış və qısa bir zamanda bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur.
Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqlar aşkar olunaraq onların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur. Eyni zamanda, aparılan yoxlamaların keyfiyyəti və səmərəliliyinin artırılması, əsassız yoxlamaların qarşısının alınması məqsədilə müvafiq tələblər və metodiki göstərişlər hazırlanmışdır.
Hörmətli tədbir iştirakçıları!
Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək mümkündür. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Qeyd olunan sənədlərdən irəli gələn məsələlərin həlli ilə bağlı 2002-ci ilin sonundan etibarən Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edilmiş, geniş miqyaslı kadr islahatları aparılmış, respublikanın 60 şəhər və rayon Vergilər İdarələrinin ləğv edilmiş, daha müasir və səmərəli struktur formalaşdırılmışdır.
Sahibkarlığın inkişafında süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması və vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını əldə rəhbər tutaraq Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmış və həmin təkliflər 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Həmin Qanunda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəa ləğv edilmiş, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması proseduru təkmilləşdirilmiş, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydası müəyyənləşdirilmiş, sadələşdirilmiş verginin tətbiqi bazası daha da genişləndirilmiş və son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılmışdır.
Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadılmışdır.
Hörmətli qonaqlar!
Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz sahibkarlığın inkişafını təmin etmək üçün yerli istehsal və sosial infrastrukturun yaradılmasına, güzəştli kreditlərin ayrılmasına, insan və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasına, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasına və digər mühüm istiqamətlərə yönəlmişdir.
Bu tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafı sahəsində gördüyü çox dəyərli işləri bir daha nəzərdən keçirmək, bu sahədə sizinlə səmimi söhbət edərək fikirlərinizi öyrənmək və qaldırılan məsələlərlə bağlı birgə müzakirə aparmaqdır. Sizi açıq və səmimi müzakirəyə dəvət edirəm!
Diqqətinizə görə minnətdaram! |