Vergi nəzarətinin təkmilləşdirilməsi aparılan islahatların prioritet istiqamətidir

Azərbaycan iqtisadiyyatında son illər baş verən sürətli inkişaf, iqtisadi artım templərinin yüksək göstəricilərə çatdırılması, sahibkarlığın, kiçik və orta biznesin təşəkkül tapması, regionların sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurla reallaşdırılmasından xəbər verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası qısa zaman ərzində iqtisadi sahədə böyük nailiyyətlərin əldə edilməsinə, regionda ən dinamik inkişaf edən bir dövlətə çevrilməsinə imkan vermişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi varisliyi üzərində qurulmuş, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığın dövlət himayəsinə götürülməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm həlqələri əhatə etməklə yeni məqsədlərə xidmət edən iqtisadi strategiyanın başladılmasına zəmin yaradıb. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının günü-gündən artmasında göstərir. Hər il minlərlə yeni müəssisə, hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlayır, işgüzar münasibətlərə qoşulur. Belə bir şəraitdə yüz minlərlə vergi ödəyicisinin fəaliyyətinə vergi nəzarətini qurmaq, onlara keyfiyyətli xidmət etmək artıq qlobal bir vəzifəyə çevrilməkdədir.

Dünya təcrübəsindən məlumdur ki, ölkədə işgüzar fəallıq artdıqca, vergidən yayınma halları və vergi hüquqpozmaları da çoxalır. Qanunvericiliyin və vergi inzibatçılığının müntəzəm surətdə təkmilləşdirilməsinə baxmayaraq, vergi ödəyiciləri tərəfindən vergidən yayınma metodları və formaları dəyişir. Bu isə öz növbəsində daha ciddi nəzarət mexanizmlərinin tətbiqini tələb edir.

Vergi siyasətinin mühüm bir istiqaməti olan vergi nəzarətinin təkmilləşdirilməsi məsələləri hökumətin və dövlət rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Ümumilli lider Heydər Əliyevin, həmçinin möhtərəm prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisadi inkişafın sürətlənməsi, sahibkarlığın inkişafı və regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdikləri fərmanlarda bu məsələlər geniş əksini tapmışdır. Vergilər Nazirliyinin rəhbərliyi də mütəmadi olaraq bu fərmanlardan irəli gələn göstəriş və vəzifələrin yerinə yetirilməsinə nəzarəti gücləndirir.

Bu gün vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi aktual xarakter daşıyır. Aparılan islahatlar məqsəd etibarilə vergi sisteminin sadələşməsinə xidmət etsə də, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətindəki kompleks tədbirlər vergi nəzarətinin gücləndirilməsinə xidmət edir. Aparılan islahatlarda səmərəli nəzarət mexanizmlərinin yaradılması prinsipi əsas götürülür.

Ötən il möhtərəm Prezident İlham Əliyevin təsdiq etdiyi «Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramında (2005-2007-ci illər)» nəzərdə tutulan tədbirlər sırasında vergi xidmətinin təkmil nəzarət mexanizmləri tətbiq etməsi də xüsusi yer alıb.

Son bir neçə ildə vergi nəzarətinin gücləndirilməsi istiqamətində informasiya texnologiyalarının tətbiqi genişləndirilib. Məsələn, vergi ödəyicisi ilə birbaşa təmasda olmadan sənədlər əsasında aparılan kameral yoxlamalarda xüsusi proqram təminatlarının tətbiqi sənədlərin emalı prosesinin sürətlənməsinə imkan yaradır. Nəticə etibarilə kameral yoxlamalar hesabına dövlət büdcəsinə hesablanan əlavə vəsaitlərin həcmi dəfələrlə artırılıb.

Vergi nəzarətinin formalarından biri olan səyyar vergi yoxlamaları böyük əhəmiyyətə malikdir. Səyyar vergi yoxlamaları iqtisadi fəaliyyətin bütün sahələrində vergi qanunvericiliyinin düzgün tətbiqinə, yol verilmiş qüsur və çatışmazlıqların aşkarlanmasına, onların aradan qaldırılmasına yardım göstərir.

Daha ünvanlı və dəqiq seçilmiş tədbirlər nəticəsində son 6 ildə vergi yoxlamalarının sayı xeyli azalmış, təyin olunan yoxlamaların keyfiyyət göstəriciləri isə xeyli artmışdır. Əgər 1998-ci ildə səyyar vergi yoxlamalarının sayı 17 minə çatırdısa, 2000-ci ildə bu rəqəm 8000, 2005-ci ildə isə 4200-ə yaxın təşkil etmişdir. Hazırda ölkədə 150 minə yaxın vergi ödəyicisi vardır ki, hər il səyyar vergi yoxlamalarına cəlb olunan vergi ödəyicilərinin sayı ümumi vergi ödəyicilərinin cəmi 3-4 faizini təşkil edir.

Eyni zamanda, yoxlamaqabağı prosedurların və səyyar vergi yoxlamasının təyin edilməsi prosesinin təkmilləşdirilməsi nəticəsində bu gün vergi orqanının təyin etdiyi səyyar yoxlamanın heç biri nəticəsiz qalmır. Yəni vergi orqanı müəssisəyə yalnız burada qanun pozuntusunun olması faktının mövcudluğuna əmin olduqdan sonra yoxlama təyin edir.

2005-cü ilin nəticələrinə əsasən, 4693 vergi ödəyicisində aparılan yoxlamaların 98 faizi nəticəli olub, yəni yoxlama təyin edilmiş bu təsərrüfat subyektlərində qanun pozuntusu halları müəyyən edilmişdir.

Yoxlamaların keyfiyyət göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, total və kütləvi yoxlama prosedurlarının ünvanlı təyin etmə metodları üzərində köklənməsi, qanun pozuntularının yoxlamaqabağı prosedurlar nəticəsində əldə edilməsi mahiyyət etibarilə yoxlamalarının sayının azalmasına rəğmən büdcəyə hesablanan vəsaitlərin həcminin artmasına səbəb olmuşdur. 2005-ci ilin nəticələrinə görə, hər bir yoxlamaya düşən əlavə hesablanmış vəsait və tətbiq olunan maliyyə sanksiyalarının həcmi 165,7 mln. manat təşkil edib ki, bu da 2004-cü ilə nisbətən 47,9 faiz çoxdur. Tətbiq edilən maliyyə sanksiyaları və faizlərlə birgə büdcəyə 209,3 mln. manat əlavə vəsait hesablanmışdır.

2006-cı ilin birinci rübü ərzində 1428 vergi ödəyicisində yoxlama aparılmışdır ki, buradan da 33 mln. manat əlavə vəsait hesablanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə büdcəyə hesablanan əlavə vergi məbləği 4,8 mln. manat və ya 17,7 faiz artmışdır.

Vergi dələduzluqları ilə mübarizə prosesində operaitv vergi yoxlamaları mühüm yer tutur. Nağd hesablaşmaların aparılması, mal satışı və xidmət göstərilməsinə görə ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alınmasının təmin edilməsi, əmək müqaviləsi olmadan fiziki şəxslərin işə götürülməsinə nəzarətin həyata keçirilməsi, həmçinin ticarət əməliyyatlarında xarici valyutadan istifadə edilməsnə nəzarətin təmin edilməsində operativ vergi nəzarətinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

2005-ji ildə vergi orqanları tərəfindən 19641 operativ yoxlama tədbiri həyata keçirilib ki, bunun da nəticəsində 0,7 mln. manat inzibati cərimə kəsilib və maliyyə sanksiyası tətbiq olunub. 2006-cı ilin birinci rübündə həyata keçirilən 7280 operativ vergi yoxlaması nəticəsində dövlət büdcəsinə 0,4 mln. manat cərimə və maliyyə sanksiyaları hesablanıb.

Sahibkarın öz vergi öhdəliklərinə məsuliyyətlə yanaşması vergi xidmətinin də işini asanlaşdırır, vergi nəzarətinin daha yumşaq müstəvidə qurulmasını şərtləndirir. Dövlət sahibkarın hüquq və mənafelərini qoruduğu kimi, sahibkar da öz növbəsində büdcə qarşısında öhdəliklərinə məsuliyyətlə yanaşmalıdır.

Lakin vergi hüquqpozmaları sahəsində mövcud vəziyyət bu sahədə aparılan işlərin hələ də öz aktuallığını saxladığına dəlalət edir. Bu baxımdan bəyannamə verməyən, vergi uçotunda olmayan, saxta hesab fakturalar təqdim etməklə, satmaqla və ya almaqla vergi əvəzləşdirmələri aparan və s. üsullarla vergiləri ödəməkdən yayınan şəxslərin aşkar edilərək barələrində müvafiq ölçülərin götürülməsi, habelə qanuna zidd əməllərin qarşısının alınması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.

2005-ci ilin nəticələrinə görə, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinii ibtidai araşdırılması Departamentində 539 cinayət işi, 2006-cı ilin birinci rübündə isə 242 cinayət işi icraatda olmuşdur. Ötən il icraatda olan işlərdən 183-ü, bu il isə 42 iş üzrə istintaq işləri tamamlanmışdır. Statistika göstərir ki, vergi hüquqpozmaları sahəsində son iki ildə açılan cinayət işlərinin sayı sürətlə artır. Məsələn, 2003-cü ildə Vergilər Nazirliyində 77 cinayət işi icraatda olduğu halda, 2005-ci ildə bu işlərin sayı 500-dən artıq olmuşdur.

İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 2005-ci ildə 6,7 mln. manatının və ya əvvəlki ilə nisbətən 1,8 dəfə çox, 2006-cı ilin birinci rübündəsə 528,1 min manatının və ya əvvəlki ilin eyni dövrünə nisbətən 2,7 dəfə çox ödənilməsi təmin edilmişdir.

2006-cı ilin birinci rübündə icraatda olmuş cinayət işləri üzə özgə əmlakının dələduzluq və mənimsəmə yolu ilə talama, külli miqdarda vergiləri ödəməkdən yayınma, saxta sənədlər hazırlama, satma və istifadə etmə cinayətləri törətmiş 13 nəfər barəsində həbs qəti imkan tədbiri seçilmişdir.

Qeyd etmək lazımdır ki, aparılan vergi yoxlamalarının və istintaq olunan cinayət işlərinin təhlili göstərir ki, vergi ödəyiciləri ən çox Əlavə Dəyər Vergisindən (ƏDV) yayınmalara yol verirlər.

Belə ki, ƏDV-nin dövlət büdcəsindən yayındırılması əsasən bir neçə müəssisənin digər müəssisə rəhbərinə saxta hesab-faktura təqdim etməklə, yəni heç bir əməliyyat aparmadan sonuncu müəssisənin vergidən yayınmasına şərait yaratmaqla həyata keçirilir. Yəni, mal alan müəssisə büdcəyə ödəyəcəyi ƏDV-nin saxta hesab-fakturada göstərilən həmin vergi məbləğini büdcədən yayındırır. Yaxud, faktiki alqı-satqı əməliyyatı aparılmadan qanunamüvafiq qaydada çap edilmiş vergi hesab-fakturalarının bir müəssisə tərəfindən digər müəssisəyə təqdim edilməsi yolu ilə vergi məbləğlərinin həmin fakturalarada göstərilən məbləği azaltmaqla və ya əvəzləşdirməklə ƏDV-ni büdcəyə ödəməkdən yayınırlar və bununla dövlət büdcəsinə külli miqdarda ziyan vururlar.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən 2005-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş müşavirədə dövlət başçısı bu məsələyə xüsusi diqqət yetirmiş, saxta hesab-fakturaları təqdim etməklə vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi üçün Vergilər Nazirliyi qarşısında konkret məsələlər qoymuşdur. Məhz buna görə də həmin sahədə qanun pozuntusu hallarının vaxtında aşkar edilməsi və belə vergi ödəyicilərinə qarşı görülən tədbirlərin səmərəliliyinin artırılması vergi orqanlarının fəaliyyətinin prioritet vəzifələrindəndir.

Bu istiqamətdə görülən işlər nəticəsində təkcə bu ilin 3 ayında ƏDV-dən yayınan fiziki və hüquqi şəxslər barəsində 94 cinayət işi başlanmış və hazırda onların istintaqı davam etdirilir. Həmin işlər üzrə 12 nəfər barəsində həbs qətiimkan tədbiri seçilmişdir.

Qeyd etmək lazımdır ki, ötən ilin sonlarında qanunvericilikdə edilən dəyişikliklərdən sonra bu sahədə vergi hüquqpozmalarına qarşı ciddi nəzarət mexanizmləri qurulmuş, vergi ödəyicilərinin ƏDV qeydiyyatının ləğv edilməsi ilə əlaqədar verilmiş səlahiyyətlərə uyğun olaraq ƏDV ödəyiciləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan geniş tədbirlər həyata keçirilmişdir. Bu ilin əvvəlindən ƏDV fırıldaqçılığı ilə məşğul olan 4279 vergi ödəyicisinin qeydiyyatı ləğv edilmişdir.

Bu hallara qarşı mübarizənin gücləndirilməsinə baxmayaraq, vergilərdən yayınma cinayətləri hələ də mövcuddur. Bu sahədə təhlil aparılarkən aydın olur ki, bunun səbəblərindən biri cinayət qanunvericiliyi ilə vergidən yayınma cinayətlərinə tətbiq edilməsi nəzərdə tutulan cəzaların həddindən çox yüngül olmasıdır.

Belə ki, milyonlarla manatlarla hesablanan vergidən yayınma cinayətlərinə görə Cinayət Məcəlləinin 213.4-cü maddəsi ilə verilə biləcək ən ağır cəza 3 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Buna görə də vergidən yayınma cinayətlərinə görə cəzaların sərtləşdirilməsinə ehtiyac vardır ki, hazırda bu məsələnin həlli üçün işlər aparılır.

Bu sırada daha bir məsələyə toxunmaq istərdim. Əlbəttə, vergi nəzarətinin təkmilləşdirilməsi o halda daha müsbət nəticə verə bilər ki, vergi orqanlarının öz daxili sistemində xidmət və əmək intizamı prosesi şəffaf və aydın olsun. Vergi orqanları vergi ödəyiciləri ilə birbaşa təmasda işlədiyi üçün bu məsələ xüsusi əhəmiyyət kəsb edir.

Vergilər Nazirliyi müntəzəm olaraq öz daxili strukturlarında ciddi nəzarət sistemi tətbiq edir, korrupsiya ilə mübarizə sahəsində tədbirlər görür. Vergilər Nazirliyi daxili təhlükəsizlik və daxili audit kimi struktur bölmələri vasitəsilə öz əməkdaşlarının fəaliyyətinə çox ciddi nəzarət edir. Fəaliyyətlərində qüsurlara yol verən əməkdaşlar işdən kənarlaşdırılır, onlara inzibati tənbeh verilir, yaxud da rütbə və vəzifələri aşağı endirilir.

Daxili struktur bölmələrində aparılan işlər vergi orqanlarında korrupsiya risklərinin aşağı salınmasına, xidmət, icra və əmək intizamının gücləndirilməsinə, funksional vəzifələrin icrasında yol verilən nöqsanların aradan qaldırılmasına yönəlmişdir. Bu sırada vergi ödəyicilərinin və vətəndaşların vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətləri çox ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Qeyd edək ki, apardığımız işlərin nəticəsi olaraq daxili struktur bölmələrində çox yüksək əmək intizamına nail olunmuş, vergi ödəyiciləri ilə vergi əməkdaşlarının təmas nöqtələrində nəzarət və şəffaflıq mexanizmləri tətbiq edilmişdir.

Azərbaycanın vergi orqanları möhtərəm prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və artıq müasir iqtisadi şəraitdən irəli gələn yeni strategiyanın məqsədlərinə çatmaq istiqamətində öz rolunu və məsuliyyətini başa düşürlər. Biz əminik ki, iqtisadi fəaliyyətin tənzimlənməsində vergi rıçaqlarından aktiv istifadə edilməsi sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi mühitin təmin edilməsinə, əldə edilmiş uğurların və həyata keçirilən islahatların sosial əhəmiyyətini, habelə əhalinin gəlirlərini inflyasiyadan qorumağa və iqtisadi tərəqqinin davam etdirilməsinə imkan yaradacaqdır.

Namiq Əliyev, Vergilər nazirinin müavini, III dərəcəli dövlət vergi xidməti müşaviri

15.04.2006, “Xalq Qəzeti”

 

 

geriyə || yuxarı