Vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri cənab Natiq Əmirovun «HƏFTƏ İÇİ» qəzetinə müsahibəsi

(11.02.2006)

  1. Vergiçilərin peşə bayramı nə vaxtdan qeyd edilir?

- Ötən ildən başlayaraq 11 fevral vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Qeyd etmək istərdim ki, bu tarix heç də təsadüfi seçilməmişdir. Məhz 6 il bundan əvvəl fevralın 11-ində Azərbaycan Xalqının Ümummilli Lideri, Dahi Öndərimiz Heydər Əliyev Vergilər Nazirliyinin yaradılması haqqında fərman imzalamışdır. Bu sənədin imzalanması Azərbaycan Respublikasında müstəqil vergi xidmətinin formalaşması sahəsində atılan ən böyük addımlardan biridir və bununla Dahi Öndərimiz bu sahəyə nə qədər böyük diqqət və qayğı göstərdiyini bir daha təsdiq etmişdir. Müdrik siyasətçi Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev də bizə böyük etimad göstərərək bu tarixin, yəni 11 fevralın vergi xidməti işçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında 2005-ci il 1 fevral tarixli 607 nömrəli Sərəncam imzalamışdır.

  1. Ötən il həyata keçirilən vergi islahatları haqqında qısa məlumat verərdiniz?

- Əvvəlki illərdə olduğu kimi 2005-ci ildə də Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsinə və vergi sistemində insan resurslarından istifadənin səmərəliyinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Respublikamızda «Elektron hökumət»in formalaşması məqsədilə həyata keçirilən Dövlət Proqramlarına uyğun olaraq ötən il Vergilər Nazirliyində böyük layihələrdən biri olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) layihəsi reallaşdırılmışdır.

Məlumat üçün qeyd edim ki, AVİS layihəsi vergi sisteminin gələcəyinə aiddir və onun reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevriləcək. AVİS layihəsinin əsas məqsədi sürətli, elastik və yararlı vergi siyasətinin həyata keçirilməsi üçün fəal bir texnologiya dəstəyini təmin etməkdir. Nəzərdə tutulduğuna görə, AVİS yerli vergi orqanlarının işlərinin avtomatlaşdırılması, digər dövlət orqanları ilə inteqrasiyanın təmin edilməsi, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edəcək. AVİS elastik, ölçüyə gələn, etibarlı, təhlükəsiz, xarici sistemlərə inteqrasiyaya açıq olmaqla yeni texnologiyalardan istifadə edən bir sistemdir.

AVİS digər mühüm istiqamətlərlə yanaşı. iqtisadi inkişaf tendensiyasına, yanacaq-enerji daşıyıcılarının dünya bazar konyukturasına və mövcud vergi potensialına adekvat büdcə gəlirlərinin proqnozlaşdırılması üçün beynəlxalq standartlara uyğun metodologiyanın hazırlanması və tətbiqinə imkan verəcəkdir.

Eyni zamanda, 2005-ci ildən Vergilər Nazirliyinin struktur bölmələrinin və əməkdaşlarının fəaliyyətinin planlaşdırılması və qiymətləndirilməsi prosesi tətbiq olunmağa başlanılmışdır. Bu proseslərin tətbiqində əsas məqsəd vergi sistemində insan resurslarından səmərəli istifadə, onların fəaliyyətinin düzgün təşkili və nəticələrinin obyektiv qiymətləndirilməsindən ibarətdir.

  1. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində daha hansı işlərin görülməsinə ehtiyac var?

- İlk növbədə qeyd edim ki, 2006-cı ilin yanvarın 1-dən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanunu qüvvəyə minmişdir. Bu qanunla Vergi Məcəlləsinin 50 maddəsinə ümumilikdə 73əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsasən vergi ödəyicilərinin hüquqlarının və mənafeyinin qorunması, vergi inzibatçılığının, xüsusilə əlavə dəyər vergisi (ƏDV) inzibatçılığının səmərəliliyinin artırılması, denominasiyanın həyata keçirilməsi, vergidən yayınmanın qarşısının alınması ilə bağlıdır. Dəyişikliklərin arasında daha böyük əhəmiyyət kəsb edənləri bir qismini diqqətinizə çatdırmaq istərdim.

ƏDVsaxtakarlığı yolu ilə vergidən yayınmanın qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə yeni məzmunda daxil edilən 58.4-cü və 58.5-ci maddələr ƏDV ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin pozulmasına görə yüksək maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin 156-cı (könüllü qeydiyyat) və 157-ci (qeydiyyat) maddələrinə edilmiş dəyişikliklərə müvafiq olaraq ƏDV məqsədləri üçün könüllü qeydiyyata alınma qaydaları sərtləşdirilmiş, könüllü qeydiyyatla əlaqədar təqdim olunan ərizələrin araşdırılması və zəruri hallarda vergi ödəyicilərinin könüllü qeydiyyata alınmadan imtina edilməsi halları müəyyən edilmişdir.

Bu sahədə aparılan dəyişikliklər avtomobil nəqliyyatı vasitələrinin vergiyə cəlb olunması ilə bağlı mövcud pərakəndəliyi aradan qaldırmaq və müvafiq vergitutma mexanizmini təkmilləşdirməkdən ibarətdir.

Vergi Məcəlləsinə edilən növbəti dəyişikliyə əsasən, mənfəət vergisinin dərəcəsi 24 faizdən 22 faizədək aşağı salınmışdır. Məqsəd kiçik və orta müəssisələrin fəaliyyətinin stimullaşdırılması, əlverişli vergi mühitinin yaradılması, əlavə kapital qoyuluşları üçün müəssisələrdə əlavə maliyyə vəsaitinin formalaşmasının təmin edilməsi və s. ibarətdir.

Məlum olduğu kimi, 2006-cı il yanvarın 1-dək 150,0 min manatdan 3,0 milyon manatadək 14%, 3,0 milyon manatdan yuxarı olan gəlirdən isə 35% dərəcə ilə fiziki şəxslərin gəlir vergisi tutulurdu. Bu ilin əvvəlindən qüvvəyə minən dəyişikliyə əsasən 1000 AZN-ə (5,0 milyon AZM) qədər gəlirdən 14 %, 1000 AZN-dən (5,0 milyon AZM) yuxarı olan gəlirdən isə 35% dərəcə ilə gəlir vergisini tutulur. Onu da qeyd etmək lazımdır ki, 220 AZN-ədək (1.1 milyon AZM) əmək haqqı (gəlir) alanlara gəlirinin 33 AZN-ədək (165,0 min AZM) olan hissəsinə vergi güzəştini verilir. Analoji dəyişiklik fiziki şəxslərin illik gəlirlərinə münasibətdə də aparılmışdır.

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən bir sıra vergi növləri üzrə (mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi) güzəşt və azadolmalar məhdudlaşdırılmışdır ki, onlardan biri sürətləndirilmiş amortizasiyanın tətbiqinin aradan qaldırılmasıdır.

Ümumiyyətlə, ölkədə əlverişli vergi mühitinin yaradılması və sahibkarlığın inkişafının stimullaşdırılması, ilk növbədə, vergi qanunvericiliyinin təkmilləşdirilməsini zəruri edir. Hesab edirəm ki, çevik iqtisadi siyasət, o cümlədən vergi siyasətinin aparılması, qanunvericiliyin iqtisadi inkişaf səviyyəsinə, habelə beynəlxalq normalara uyğunlaşdırılması, il ərzində vergi qanunvericiliyinin tətbiqində qarşıya çıxan mübahisəli məsələlərin qanunvericilikdə birmənalı şəkildə əks etdirilməsi baxımından bu tədbirin çox böyük əhəmiyyəti vardır. Odur ki, gələcəkdə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə davam etdiriləcəkdir. Bu tədbirlər əsasən Respublikada aparılan vergi siyasətinin təkmilləşdirilməsini, vergi inzibatçılığının müasirləşdirilməsini, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergidən yayınma hallarının aradan qaldırılması və digər istiqamətləri əhatə edəcəkdir.

  1. Vergilər Nazirliyində aparılan struktur islahatları və onların nəticələri Sizi qane edirmi? Ərazi Vergi İdarələrinin işini tam formalaşmış hesab etmək olarmı?

- Əlbəttə, vergi sistemində aparılan kompleks islahatlar öz müsbət nəticəsini göstərməkdədir. Bunu bir sıra göstəricilərlə əsaslandırmaq olar ki, onlardan da ən əsası vergi daxilolmalarıdır. Belə ki, vergi ödəyiciləri üzrə 2005-ci ildə 1 milyard 684.3 milyon manat (AZN) vəsait hesablanmışdır ki, 2000-ci illə müqayisədə bu göstərici 739,5 milyon manat (AZN) və ya 2,5 dəfə çoxdur. Eyni zamanda, yığım faizi 2000-ci ildəki 69,6 faizdən 2005-ci ildə 76,5 faizə yüksələrək 6,9 bənd artmışdır.

Bu tendensiyanı vergi daxilolmalarının Ümumi Daxili Məhsulda xüsusi çəkisinə nisbətdə də görmək olar. Bu göstərici 2000-ci ildə mövcud olan 10,8 faizdən 2005-ci ildə 12,0 faizə yüksələrək 1,2 bənd artmışdır. Nəzərə alaq ki, Ümumi Daxili Məhsulun həcmi 2000-ci illə müqayisədə 2,5 dəfə artaraq 2005-ci ildə 11 milyard 875.6 milyon manata bərabər olmuşdur.

Ötən il dövlət büdcəsinə 1 milyard 427,5 milyon manat vəsaitin daxil olması təmin edilərək proqnoza 100,5 faiz əməl olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 422,3 milyon manat və ya 42,0 faiz çoxdur.

Məlumat üçün qeyd edim ki, qeyri-dövlət sektoru üzrə 2004-cü illə müqayisədə 46,8 faiz çox, yəni 760.8 milyon manat vəsaitin büdcəyə alınması təmin edilmişdir. 2005-ci ildə qeyri-dövlət sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faiz təşkil etmişdir ki. bu da 2000-ci illə müqayisədə 13,5 bənd çoxdur.

Analoji hal qeyri-neft sektoru üzrə də baş vermişdir. 2005-ci ildə bu sahədən büdcəyə 885,3 milyon manat vəsait daxil olmuşdur ki, bu da ümumi vergi daxilolmalarının 62,0 faizini təşkil edir. Bu göstərici 2004-cü illə müqayisədə 264,5 milyon manat və ya 42,6 faiz çoxdur.

Vergilərin və digər büdcə daxilolmalarının büdcəyə alınması sahəsində müsbət tendensiyaya iqtisadiyyatın dinamik inkişafı ilə yanaşı, vergi sisteminin təkmilləşdirilməsi də səbəb olmuşdur.

Eyni zamanda, bildirmək istəyirəm ki, əgər bir neçə il əvvələ qədər respublikanın 20-30 rayonu proqnoz tapşırıqları icra edə bilmirdisə, aparılmış struktur islahatlarından sonra rayonlarda vergi idarələrinin ləğv edilməsinə baxmayaraq 2004-cü ildə olduğu kimi 2005-ci ildə də respublikanın bütün rayon və şəhərləri üzrə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilmiş, daxilolmalarda ahəngdarlıq təmin olunmuşdur. Bu da Ərazi Vergi İdarələri üzrə həyata keçirilən struktur islahatlarının səmərəli olduğundan və onların fəaliyyətinin müvafiq tələblərə uyğun formalaşdığından xəbər verir.

5. Əhali ilə nağd hesablaşmaların aparılması sahəsində, xüsusi ilə də nəzarət kassa aparatlarının texniki baxımından denominasiya prosesinə uyğunlaşdırılmasında müəyyən çətinliklər ortaya çıxmışdır. Bu sahədə açıq qalan məsələlər nə vaxt öz həllini tapacaq?

- Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» 7 fevral 2005-ci il tarixli fərmanında vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər həyata keçirilmişdir.

Qeyd edilən fərmanın icrası ilə əlaqədar və «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 116 №-li qərarına müvafiq olaraq, nəzarət-kassa aparatlarında dəyişikliklər edilməklə, 2006-cı il yanvarın 1-dən etibarən yeni qiymətlər miqyasının tətbiqinin təmin olunması məqsədi ilə servis texniki xidmət mərkəzləri ilə birgə tədbirlər həyata keçirilir. Bu günə qədər əhali ilə pul hesablaşmaları aparılan obyektlərdə quraşdırılmış nəzarət-kassa aparatlarının əksəriyyətində müvafiq dəyişikliklər edilərək, kassa çeklərində və fiskal yaddaşın hesabatlarında qiymətlərin yeni miqyasda göstərilməsi təmin edilmişdir. Bu baxımdan söyləmək olar ki, respublika üzrə kassa-aparatlarının denominasiya uyğun olaraq yeni qiymətlərlə fəaliyyət göstərmələri təmin edilmişdir.

Yeri gəlmişkən qeyd edim ki, 2005-ci il ərzində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 17.782 vergi ödəyicisinə məxsus 17.805 obyektdə qanun pozuntuları aşkar edilərək, 18.770 protokol və akt tərtib olunub, 590,0 min AZN (2949,9 mln. AZM) məbləğində inzibati cərimə kəsilib və 95,1 min AZN (475,4 mln. AZM) məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Ötən il ərzində 570 vergi ödəyicisinə məxsus 544 obyektdə həyata keçirilən operativ vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış 54,3 min AZN (271,7 milyon AZM) məbləğində 214,4 min ədəd mal aşkar edilib. Müsadirə edilmiş malların qanunvericiliklə nəzərdə tutulmuş qaydada satışından 20,3 min AZN (101,5 milyon AZM) vəsait əldə olunub və təyinatı üzrə büdcəyə alınması təmin edilib.

Bundan başqa, həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 5.652 obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1.583 obyektdə isə valyuta sərvətlərindən ödəniş vasitəsi kimi qəbul olunması faktları aşkarlanıb.

2005-ci ildə işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri də gücləndirilib. Bu məqsədlə 3.774 vergi ödəyicisində vergi nəzarəti həyata keçirilib və onlardan 2.665-də qanun pozuntuları aşkar olunub.

6.      Demişdiniz ki, ƏDV-ni ödəməkdən yayınmağa cəhd göstərən vergi ödəyiciləri üzərində nəzarət tədbirlərinin daha da artırılmasına ehtiyac var. Vergi hesab-fakturalarının tətbiqi qaydalarını pozanlara qarşı hansı tədbirlər görüləcək,

- Bu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində Əlavə Dəyər Vergisi ilə bağlı çox mühüm dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklər verginin bu növündən yayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin qanun pozuntularının qarşısının alınması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, ƏDV üzrə hesab-fakturaların təqdim edilməsinə başlanıldıqdan (Vergilər Məcəlləsinin qüvvəyə minməsi ilə) sonra, artıq 2002-ci ildən etibarən respublikamız da ƏDV sahəsində digər dövlətlərdə olduğu kimi problemlərlə üzləşib. Bu sahədə Ən çox yayılmış üsullardan biri «yalançı sahibkarlıq»la məşğul olmaqla ƏDV hesab-fakturasının tətbiqindən sui-istifadə edilməsidir. Bu isə dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılmasına səbəb olur. Təkcə Vergilər Nazirliyinin xətti ilə 2001-2005-ci illərdə 3,4 mlrd. AZN həcmində vergidən yayındırılmış dövriyyə aşkar edilərək hesablarda bərpa edilib. Həmçinin qeyd edilən dövriyyələr üzrə 626,4 mln. AZN milyard məbləğində ƏDV-nin büdcədən yayındırılmasının qarşısı alınıb.

2004-cü ildə bu sahədə texniki yardımın göstərilməsi məqsədilə Beynəlxalq Valyuta Fondunun ekspert qrupu Vergilər Nazirliyinə dəvət edildi. ƏDV sahəsində ixtisaslaşmış ekspertlər nazirliyin əməkdaşları ilə birgə uzun müddət işləyərək respublikamızda ƏDV-nin mövcud vəziyyəti, ƏDV-dən yayınmaların əsas istiqamətləri və onların tənzimlənməsi barədə geniş bir hesabat hazırladı və bu hesabat hökumətə təqdim edildi. Bununla da hökumətin qarşısında ƏDV üzrə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Məcəlləyə düzəlişlərin edilməsi barədə məsələ qaldırıldı. Nəhayət, iqtisadi qurumlarla 2005-ci ildə aparılan davamlı müzakirələrdən sonra həmin məsələ parlamentin müzakirəsinə çıxarıldı və əsasən qəbul edildi.

Məcəlləyə sözügedən əlavə və dəyişikliklərdən sonra artıq Vergilər Nazirliyi bu sahədə bir sıra tədbirlər görməyə başlayıb. ƏDV-dən yayınan və borcları olan şəxslərə qarşı konkret olaraq mübarizə tədbirlərinin işlənib hazırlanması deyilənlərə nümunədir. Bu gün sözügedən tədbirin I mərhələsi başa çatdırılıb. Həmin tədbirlərin nəticəsi olaraq, indiyə kimi respublika üzrə ümumilikdə 2748 şirkətin ƏDV qeydiyyatı ləğv edilib (onların siyahısı Vergilər Nazirliyinin saytında yerləşdirilib). Həmin şirkətlər bilavasitə ƏDV fırıldaqçılığı ilə məşğul olan və verginin bu növü üzrə büdcəyə ödəmələri vaxtlı-vaxtında aparmayan şirkətlərdir. Bununla əlaqədar, bütün nazirliklərə, büdcə təşkilatlarına və kommersiya strukturlarına həmin şirkətlər barədə məlumat veriləcək. Belə ki, fevral ayının 1-dən etibarən sözügedən şirkətlərlə ƏDV hesab-fakturaları ilə hər hansı bir əməliyyatın aparılması nəzərə alınmayacaq.

Eyni zamanda, bu yaxınlarda Azərbaycan respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq «Azərbaycan Respublikasında vergi hesab-fakturalarının mərkəzləşdirilmiş qaydada sifarişi, satışı və uçotunun aparılması qaydaları» hazırlanmışdır ki, bu qaydalar mətbəələr tərəfindən çap olunan vergi hesab-fakturalarının dövriyyəsi üzərində nəzarətin daha da gücləndirilməsinə imkan verəcəkdir.

7. Bu il Vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Dövlət Proqramında nəzərdə tutulan hansı tədbirlər görüləcək?

- Məlum olduğu, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)» Vergilər Nazirliyinin ölkə iqtisadiyyatının inkişafı sahəsində vəzifə və məsuliyyətinin gələcək istiqamətlərini müəyyən etmişdir. Dövlət Proqramının əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqdan və ölkənin sosial iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artmasını təmin etməkdən ibarətdir. Bu proqramı yaxın iki ildə vergi xidmətinin inkişaf strategiyasını müəyyən edir. Onun reallaşdırılması nəticəsində çox qısa zamanda irəliyə doğru mühüm addımlar atılacaq.

Artıq, 2005-ci ildə Dövlət Proqramının icrası ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ildə də müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu ilin sonuna kimi, ərazi vergi orqanlarında vergi ödəyiciləri üçün kompüter terminallarının qurulması işinin yekunlaşdırılması nəzərdə tutulmuşdur.

2006-cı ildə həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlərdən biri əmlakın leqallaşdırılması ilə əlaqədar vergi amnistiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanmasıdır. Respublikada fiziki şəxslərin ümumi gəlirləri haqqında vergi bəyannamələrinin təqdim edilməsi sisteminə keçidə hazırlıqla əlaqədar əmlakın və gəlirlərin leqallaşdırılmasını təmin etmək üçün vergi amnistiyasının həyata keçirilməsi zəruridir. Bu tədbir fiziki və hüquqi şəxslərin gəlir və əmlaklarının uçotunun düzgün təşkilinə və səmərəli vergi nəzarətinin tətbiqinə şərait yaradacaqdır.

Həmçinn, Dövlət Proqramına uyğun olaraq cari ildə fiziki şəxslərin ümumi gəlirləri haqqında vergi bəyannamələrinə (ümumi bəyannamə sisteminə) keçmək üçün menecment, texniki ləvazimat və proqram təminatı üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tələb olunan insan, texniki və maliyyə resurslarının qiymətləndirilməsi həyata keçiriləcəkdir.

2005-ci ildə olduğu kimi bu ildə də əlavə dəyər vergisi ödəyicilərinin qeydiyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Səyyar vergi yoxlamalarının səmərəliliyini artırmaq və yoxlamaların aparılması üçün vergi ödəyicilərinin seçilməsində subyektivliyi aradan qaldırmaq məqsədi ilə vergi ödəyicilərinin seçilməsi proseslərinin avtomatlaşdırılması tədbiri də 2006-cı ildə həyata keçiriləcək mühüm tədbirlər arasındadır.

8. Nazirliyin əsas məqsədlərindən biri də vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsidir. Ötən il könüllü əməletmə səviyyəsi neçə faiz olub və bu il hansı səviyyədə olacaq?

- Mövcud potensiala adekvat vergi yığımının mümkün artımı ölkənin iqtisadi inkişafı və iqtisadiyyatda struktur islahatlarının nəticəsi olmaqla, həm də kifayət qədər liberal vergi qanunvericiliyindən, vergi inzibatçılığından və əhalinin ümumi iqtisadi bilik səviyyəsindən, vətəndaşlarımızda formalaşan vergi qanunvericiliyinə əməletmə və vergi ödəmə ənənələrindən asılıdır.

Respublikamızda vergi mədəniyyətinin səviyyəsinin artırılması, vergi ödəyicilərinin məlumatlandırması və maarifləndirməsi məqsədilə 2005-ci il ərzində vergi orqanları tərəfindən ümumilikdə iki mindən çox brifinq, seminar və vergi xidməti günü tədbirləri keçirilmişdir ki, bu görüşlərdə 50 minə yaxın vergi ödəyicisi iştirak etmişdir. Bundan başqa bələdiyyələrlə 500-ə yaxın seminar-məşğələlər keçirilmiş, fərdi qaydada 15 mindən çox vergi ödəyicilərinə səyyar məlumatlandırma xidməti, həmçinin İnternet və 195 saylı telefon vasitəsilə göstərilən xidmətləri bura əlavə etmiş olsaq daha geniş əhatə dairəsi olan məlumatlandırma işi aparılmışdır.

Digər tərəfdən, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzində 552, Avropa İttifaqının TASİS proqrammı çərçivəsində 2000, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında 24, Avropadaxili Vergi Administrasiyaları Təşkilatında 17 vergi orqanı əməkdaşı müxtəlif mövzular üzrə treninqlərə cəlb olunmuşdur.

Vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və vergi ödəyicilərinə göstərilən məlumat və maarifləndirmə xidmətləri nəticəsində vergi ödəyicilərinin vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsi nəzərə çarpacaq dərəcədə artmışdır. Təkcə bir rəqəmi qeyd etmək kifayətdir ki, 2004-cü ilin yekunlarına görə fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi bəyannamələrinin könüllü təqdim etmə səviyyəsi 90,0 faiz təşkil etmişdir ki, bu da inkişaf etmiş ölkələrdə mövcud olan könüllü əməletmə səviyyəsinə uyğundur.

2006-cı ildə də vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır və bu tədbirlərin bir qismi məlum Dövlət Proqramında da öz əksini tapmışdır. Bu tədbirlərdən bəzilərini nəzərinizə çatdırmaq istərdim. Onlardan biri Respublikamızda özəl vergi məsləhəti xidmətlərinin təşkili üçün tələb olunan təşkilati və normativ-hüquqi bazanın hazırlanmasıdır. Digəri, orta məktəblərdə vergilərin tədrisi ilə bağlı metodiki kabinetlərin yaradılmasıdır. Bu sahədə növbəti tədbir vergi ödəyicilərinin öz parolu ilə Vergilər Nazirliyinin kompüter informasiya sisteminə daxil olaraq şəxsi hesab vərəqələrindən zəruri məlumatı almaq imkanının yaradılmasıdır. Göründüyü kimi bu tədbirlər Respublikamızda vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsinə xidmət edir və 2006-cı ildə də könüllü əməletmə yüksək səviyyədə saxlanılacaqdır.

9. Ticarət və xidmət obyektlərində Pos-terminalların quraşdırılması hansı nəticələri verəcək? Bu iş nə vaxt öz həllini tapacaq?

- Qeyd edim ki, Respublikamızda Pos-terminalların tətbiqi Azərbaycanda ödəniş sistemlərinin inkişaf etdirilməsinə, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsinə, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsinə xidmət edir. Eyni zamanda, Pos-terminalların tətbiqi dövriyyədə olan nağd pul kütləsinin artması nəticəsində yaranan inflyasiyanın qarşısının alınmağa imkan verir.

Digər tərəfdən, ölkədə kart sistemindən istifadənin aşağı səviyyədə təşkil olunması mağazalarda, digər iaşə və xidmət obyektlərində Pos-terminallardan istifadə olunmaması nağd hesablaşmalara nəzarəti günün tələbləri səviyyəsində qurmağa imkan verməmişdir.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 22 noyabr 2005-ci il tarixli Sərəncamı imzalamışdır. Sərcamın icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə «Pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları»nı və «Ərazilər üzrə Pos-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəli» hazırlayaraq Nazirlər Kabinetə təqdim etmişdir. Adıçəkilən meyarlar və cədvəl Nazirlər Kabinetinin 2006-cı il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmişdir. Qarar əsasən. nəzarət-kassa aparatı quraşdırılmış və quraşdırılmalı olan pərakəndə ticarət, iaşə və xidmət müəssisələrində Pos-terminal aparatlarının tətbiqinin başa çatdırılması müddətləri müəyyənləşdirilmişdir. Hələlik müvafiq meyarlar üzrə Pos-terminallar quraşdırılmalı və respublika üzrə bu proses 2007-ci ilin sonunadək yekunlaşdırılmalıdır.

10. Bu il vergi daxilolmaları üzrə proqnozlar xeyli artıb. Bunun icrası mümkün olacaqmı?

- 2006-cı ilin dövlət büdcəsinin gəlirlərinin 3 milyard 422,4 milyon AZN (17 trilyon 112,0 milyard AZM) olması, bu mədaxil proqnozunun 2 milyard 240,0 milyon AZN (11 trilyon 200,0 milyard AZM) və ya 65,5 faizinin Vergilər Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 2006-cı il üçün nəzərdə tutulmuş proqnoz 2005-ci ilin proqnoz məbləğindən 819,6 milyon AZN (4 trilyon 98,0 milyard AZM) və ya 57,7 faiz çoxdur. Bu artımın 220,0 milyon AZN (1 trilyon 100,0 milyard AZM) Dövlət Neft Şirkətinin, 599,6 milyon AZN (2 trilyon 998,0 milyard AZM) qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə proqnozlaşdırılan məbləğ 2005-ci ilin proqnozuna nisbətən 71,3 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, 2006-cı ilin Dövlət Büdcəsinin proqnoz tapşırıqlarında keçən ilə nisbətən artımın əsas hissəsi mənfəət vergisi (63,6 %), fiziki şəxslərin gəlir vergisi (14,5 %), aksiz vergisi (1,0%) və vergi olmayan sair gəlirlərin (11,2 %) payına düşür.

Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı, yeni iş yerlərinin açılması sahəsində görülən tədbirlər, ölkənin dinamik inkişafını daha da sürətləndirmiş, bu da öz növbəsində müəssisələrin maliyyə imkanlarının genişlənməsinə, investisiya qoyuluşlarının artmasına gətirib çıxarmışdır. Bütün bunlar, eyni zamanda mənfəət vergisi dərəcəsinin 24 faizdən 22 faizə endirilməsi nəticəsində vergitutma bazasının gözlənilən genişlənməsi, Hasilatın Pay Bölgüsü Sazişlərinə əsasən fəaliyyət göstərən Podratçı Tərəflərin növbəti ildən mənfəət vergisi ödəməsinin proqnozlaşdırılması 2006-cı ildə mənfəət vergisi üzrə gözlənilən artımın təmin ediləcəyinə nikbinlik yaradır.

2006-cı ildə Ümumi Daxili Məhsulun artım səviyyəsi, vasitəli vergilərin tətbiqi prosesində çoxsaylı təkmilləşdirmələrin aparılması, Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək vergi inzibatçılığı ilə yanaşı ƏDV qeydiyyatının sərtləşdirilməsi bu sahədə nəzarətin gücləndirilməsi 2006-ci ildə ƏDV üzrə müəyyən olunmuş proqnoz tapşırığının yerinə yetiriləcəyinə əminlik yaradır.

Yeni iş yerlərinin açılması ilə bağlı ölkədə həyata keçirilən ardıcıl tədbirlər, rəsmiləşdirilməmiş işçilərin rəsmiləşdirilməsi sahəsində Vergilər Nazirliyinə verilən səlahiyyətlər çərçivəsində həyata keçirəcəyimiz tədbirlər, istər büdcə təşkilatlarında, istərsə də digər sahibkarlıq subyektlərində əmək haqlarının gözlənilən artımı, minimum əmək haqqı məbləğinin Azərbaycan Respublikası Qanununa əsasən artırılması nəticəsində vergitutma bazasının genişlənməsinin proqnozlaşdırılması, habelə fiziki şəxslərin gəlir vergisi dərəcələri üzrə vergi tutulan gəlir məbləği şkalasına edilən dəyişikliklər bu vergi növü üzrə 2006-cı il üçün nəzərdə tutulan proqnoz məbləğinin yerinə yetiriləcəyini söyləməyə əsas verir.

Göründüyü kimi, ölkədə mövcud olan sabit iqtisadi inkişaf, sağlam investisiya mühitinin formalaşması digər vergi və tədiyyələr üzrə də nəzərdə tutulan artımın real olduğunu və 2006-cı il Dövlət Büdcəsinin Vergilər Nazirliyi üçün müəyyən olunmuş 2 milyard 240 milyon AZN (11 trilyon 200,0 milyard AZM) miqdarında tam şəkildə icra olunacağına əminlik yaradır.

11. Vergilər Nazirliyinin beynəlxalq əlaqələri hansı səviyyədə qurulub? Yaxın zamanlarda hansı dövlətlərlə sazişlərin bağlanması nəzərdə tutulur?

- 2005-ci il Azərbaycanın beynəlxalq vergi münasibətləri sahəsində əldə etdiyi nailiyyətlər baxımından mühüm olub. Vergitutma sahəsində beynəlxalq münasibətlər sferasında aparılan danışıqların vacib istiqamətlərindən biri də «Gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» beynəlxalq sazişlərin imzalanması ilə bağlıdır.

2006-cı ilin yanvarın 1-dən etibarən 2005-ci ildə qüvvəyə minmiş 4 saziş – Almaniya, Polşa, Fransa və Çin dövlətləri ilə sazişlər tətbiq olunmağa başlayıb. Almaniya Federativ Respublikası ilə yeni sazişin qüvvəyə minməsi ilə əlaqədar bu ilin yanvarından Almaniya ilə Azərbaycanın ikitərəfli münasibətlərdə 1995-ci ildən tətbiq olunan AFR ilə keçmiş SSRİ arasında bağlanmış köhnə Saziş qüvvədən düşüb.

Azərbaycan Respublikası hazırda 17 dövlətdə «Gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» ikitərəfli sazişi tətbiq edir. Bu dövlətlərin sırasına Avstriya, Almaniya, Böyük Britaniya, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Fransa, Çin, MDB dövlətlərindən isə Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistan daxildir.

Hazırda Azərbaycanın 4 dövlətə – Belçika, İtaliya, Kanada və Pakistanla müvafiq saziş layihələri artıq təsdiq edilib və qüvvəyə minmə tarixini gözləyir. Latviya, Finlandiya və Çexiya ilə sözügedən sazişlər artıq imzalanmışdır və hər iki tərəfin parlamentləri tərəfindən təsdiq olunmalıdır. Daha 18 dövlətlə – Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveç, İsveçrə, Küveyt, Lüksemburq, Niderland, Serbiya və Çernoqoriya ilə saziş layihələri ekspertlər səviyyəsində tam razılaşdırılıb və imzalanmaya hazırdır. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, İran, Yunanıstan, Oman və Hindistanla müvafiq saziş layihələrinin razılaşdırılması istiqamətində ikitərəfli danışıqlar davam etdirilir.

Məlumat üçün bildirim ki, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihələri əvvəlcə ekspertlər səviyyəsində razılaşdırılır, sonra hökumətlər səviyyəsində imzalanır, daha sonra hər iki ölkənin qanunvericilik orqanlarında ratifikasiya mərhələsindən keçir. Xarici işlər nazirlikləri səviyyəsində notalar mübadiləsindən sonra isə sazişlər qüvvəyə minir və qüvvəyə mindiyi ildən sonrakı təqvim ilinin yanvarın 1-də və ya ondan sonra başlayan vergitutma dövrləri üzrə tətbiq olunmağa başlayır.

Perspektivdə daha bir sıra dövlətlərlə də analoji sazişlərin hazırlanması üçün danışıqlar aparılması planlaşdırılıb və artıq danışıqların başlanması barədə müvafiq təkliflər göndərilib.

 

12. Vergi Ombudsmanının yaradılması ilə bağlı hansı işlər görülür? Qurumun əsas fəaliyyət istiqamətləri haqda məlumat verərdiniz?

- Məlum olduğu kimi, bir sıra dünya ölkələrində Vergi ödəyicilərinin Ombudsmanı fəaliyyət göstərir. Bu ölkələrdə Vergi Ombudsmanı vergi ödəyicilərinin daxili vəkili hesab olunur və onun mövcudluğu vergi ödəyicilərinin vergiyə dair problemlərinin həllinin daha obyektiv şəraitdə keçməsinə imkan yaradır.

Lakin, qeyd etmək lazımdır ki, vergi orqanlarında vergi ödəyicilərinin hüquqlarının qorunması sistemi təşkil olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 100-ə yaxın maddəsi bu və ya digər formada vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edir. Digər tərəfdən, Vergilər Nazirliyində bilavasitə vergi ödəyicilərinin şikayətlərinin araşdırılması məqsədilə xüsusi komissiya fəaliyyət göstərir ki, bu komissiya da Vergi Ombudsmanının bir sıra funksiyalarını həyata keçirir.

Eyni zamanda, vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramında da vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlara vergi ödəyiciləri üçün daha mükəmməl apelyasiya sisteminin yaradılması haqqında təkliflərin hazırlanması, vergi ödəyicilərinə Vergilər Nazirliyinin internet saytı vasitəsilə yuxarı vergi orqanına (vəzifəli şəxsə) şikayət etmək imkanının yaradılması və s. daxildir.

 


geriyə || yuxarı