Vergilər Nazirliyi Aparatının rəhbəri, baş vergi xidməti müşaviri Sevda Məmmədovanın "525-ci qəzet"ə müsahibəsi
(11.02.2006)
- Bu gün vergi işçilərinin peşə bayramıdır. Bu günün qeyd olunması tarixçəsi nə ilə bağlıdır?
- Ötən il prezident İlham Əliyev vergi xidməti əməkdaşlarının dövlət büdcəsinin formalaşdırılmasında, ölkə iqtisadiyyatının inkişafında rolunu nəzərə alaraq və fəaliyyətinə yüksək qiymət verərək ümummilli lider Heydər Əliyevin fərmanı ilə Vergilər Nazirliyinin yarandığı tarixin, yəni fevralın 11-nin vergi işçilərinin peşə bayramı kimi qeyd olunması barədə fərman imzalayıb. Biz artıq 2-ci ildir bu tarixi peşə bayramımız kimi qeyd edirik. Düşünürəm ki, dövlət başçısının bu qərarı Vergilər Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymətin və son illər ərzində həyata keçirilən islahatlara verdiyi dəyərin nümunəsi idi.
- Vergilər Nazirliyi artıq 6 ildir fəaliyyət göstərir. Ötən dövr ərzində görülən işləri qısaca olaraq necə xarakterizə edərdiniz?
- Qısaca olaraq onu qeyd etmək istərdim ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması ilə ölkə ərazisində həyata keçirilən vergi siyasətinin təkmilləşdirilməsi və vergi islahatlarının daha da sürətləndirilməsi üçün əsaslı zəmin yaranıb. Məhz Heydər Əliyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda əsaslı vergi islahatlarına start verilib və qısa müddətdə ciddi nəticələr əldə olunmağa başlayıb. Görülən işlərə nəzər salarkən, ilk növbədə Vergi Məcəlləsinin yaradılması və təsdiq edilməsi, bununla da vahid vergi qanunvericiliyinin formalaşdırılimasını qeyd etmək istərdim. Artıq 5 ildir qüvvədə olan Məcəllənin ilbəil təkmilləşdirilməsi isə bu sahədə islahatların hələ davam etdiyini təsdiqləyir.
Bundan başqa, ötən dövr ərzində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində də əsaslı islahatlar həyata keçirilib. 2002-ci ildə Vergilər Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilərək bir sıra qurumlar birləşdirilib və işçilərin 40 faizə qədəri ixtisar edilib. Bununla yanaşı, vergi hüquqpozmaları mübarizənin gücləndirilməsi məqsədilə Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti, korrupsiya ilə mübarizənin səmərəliliyinin artırılması üçün Daxili Audit Baş İdarəsi və Daxili təhlükəsizlik İdarələri, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsində ötrü isə vergi ödəyicilərinə xidmət İdarəsi təsis olunub. Qeyd etmək istərdim ki, bu strukturların yaradılması öz müsbət nəticəsini artıq verməkdədir.
Bundan başqa, Vergilər Nazirliyi vergi nəzarətinin daha səmərəli metodlarının müəyyənləşdirilməsi, vergi yoxlamalarının səmərəliliyinin yüksəldilməsi onların istiqamətində də fəaliyyətini davam etdirib. Bunun nəticəsidir ki, bu bir-birini təkrarlayan səyyar vergi yoxlamalarına yol verilmir və yoxlamaların artıq 98 faizdən çoxu nəticəli olur. Bununla yanaşı yoxlamaların sayının ötən müddət ərzində 4 dəfəyə qədər azaldığı da bu sahədə əldə olunan mühüm nailiyyətlərdən biridir.
- Siz, korrupsiya ilə mübarizə sahəsində uğurlar əldə etdildiyini qeyd etdiniz. Bu sahədə hansı tədbirlər görülüb?
- Təkcə ötən il ərzində vergi ödəyicilərinin və vətəndaşların vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri barədə 108 müraciət, eləcə də hüquq-mühafizə orqanlarından və nazirliyin struktur bölmələrindən daxil olmuş 8 təqdimat üzrə xidməti araşdırma aparılaraq müvafiq tədbirlər görülüb.
Xidməti təhqiqatlar nəticəsində qanunvericiliyin tələblərinin pozulmasına və digər nöqsanlara yol vermiş 71 əməkdaş barədə qanuna müvafiq tədbir görülüb. O cümlədən, 25 nəfər vəzifəli şəxsin vergi orqanlarında fəaliyyətinə xitam verilib.
Bundan başqa, xidməti araşdırmalar nəticəsində 12 materialda cinayət əlamətləri müəyyən edilidyindən aidiyyatı üzrə baxılması üçün istintaq orqanlarına göndərilib.
- Ötən il vergi orqanlarına ilk dəfə test üsulu ilə işçi qəbulu həyata keçirilib. Bu prosesin nəticələri sizi qane edibmi?
- Bəli, gənclərin bu sahəyə marağı, eləcə də onların bilik səviyyəsi bizi əsasən razı saldı. Konkret sualınıza cavab verməzdən əvvəl bir məqamı xüsusi qeyt etmək istərdim ki, bunda da Vergilər Nazirliyinin müəyyən rolu var. Belə ki, son illər ərzində orta məktəblərdə vergilərin tədrisinin başlanması, bununla bağlı dərsliklərin çap olunması, tədris-metodiki kabinetlərin yaranması, müxtəlif ümumrespublika müsabiqələrinin keçirilməsi, Dövlət İqtisad Universitetində «Vergi və vergiqoyma» kafedrasının yaradılması istiqamətində Təhsil Nazirliyi ilə birgə görülən işlərin nəticəsiz olmadığı məlum oldu.
İşə qəbul
kampaniyasının özünə gəldikdə, Vergilər
Nazirliyində yaradılan sənəd qəbulu komissiyası avqustun
3-dən 23-dək müsabiqədə iştirak etmək istəyən
361 nəfərdən sənədlər qəbul edilib, onlardan
345 nəfər Tələbə qəbulu üzrə Dövlət
Komissiyası ilə birgə keçirilən test imtahanında
iştirak edib. İmtahanı uğurla verən 117 namizədin
Vergilər Nazirliyində yaradılan işə qəbul Komissiyasının
üzvləri ilə görüş-müsahibəsi keçirilib.
Bu mərhələni də 76 nəfər uğurla başa vurub.
Artıq onlardan 50 nəfəri vergi orqanlarında müvafiq işlərlə
təmin olunublar. Digərləri isə qaunvericiliyə uyğun
olaraq Vergilər Nazirliyinin kadr ehtiyatına götürülüblər.
Boş iş yerləri yarandıqca, həmin namizədlərin
də iş yerləri ilə təmin edilməsi nəzərdə
tutulub.
- Bəzi sahələrdə, məsələn, əhali ilə nağd hesablaşmalar sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?
- Bu sahədə görülən işlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə 2 il əvvəl Vergilər Nazirliyində struktur islahatları aparılıb və Operativ nəzarət işinin təşkili İdarəsi Vergi ödəyicilərinin Auditi Baş İdarəsinin tərkibinə daxil edilib. Bundan başqa, Vergi Məcəlləsinə operativ nəzarətlə bağlı maddə əlavə edilib. Eyni zamanda, prezident İlham Əliyevin ötən il mayın 31-də antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı imlazaladığı fərmanla Vergilər Nazirliyinin üzərinə ciddi vəzifələr qoyulub. Bu istiqamətdə, yəni nağd hesablaşmalar həyata keçirilən sahələrdə alış-veriş zamanı kassa çeklərinin vurulması, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin imzalanması və xarici valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməməsi məqsədilə nəzarət tədbirləri xeyli gücləndirilib.
Ancaq təəssüf ki, bu sahədə bəzi nöqsanlar hələ də qalmaqdadır. Əsaslı dönüşə nail olmaq üçün Vergilər Nazirliyi struktur və inzibati islahatları davam etdirmək niyyətindədir. Biz hesab edirik ki, görüləcək işlər bu sahədə nəzarəti daha da gücləndirəcək və vergidən yayınma hallarının sayını minimuma endirəcək