Vergilər naziri, IIdərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədovun Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin təqdimat mərasimində çıxışı
Hörmətli cənab baş nazir!
Hörmətli tədbir iştirakçıları!
İcazə verin, Sizin hamınızı vergi orqanları üçün çox mühüm əhəmiyyət daşıyan bir layihənin - Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin təqdimat mərasimində salamlayım.
Azərbaycan iqtisadiyyatının son illərdəki dinamik inkişafı, sosial-iqtisadi sahələrdə əldə olunan əhəmiyyətli uğurlar əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət strategiyasının möhtərəm prezident cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, sahibkarlığın dövlət himayəsinə götürülməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması ölkədə makroiqtisadi sabitliyin əldə edilməsinə, özəl sektorun və sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünya ölkələri sırasında öncül yerlərdədir.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycanın vergi sistemində son bir neçə ildə həyata keçirilən islahatların başlıca məqsədi vergi inzibatçılığının sadələşdirilməsi və təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyicilərinə mükəmməl xidmət sisteminin qurulması və inkişaf etdirilməsindən ibarət olub. Lakin inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılmasının müzüm bir qolu da vardır ki, son inllərdə Azərbaycan hökuməti bu istiqaməti prioritet olaraq iqtisadi islahatların mühüm bir xətti olaraq qəbul etmişdir. Bu XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilməsi, bu texnologiyalarının verdiyi üstünlüklərdən faydalanma imkanlarının artması ilə bağlıdır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 17 fevral 2003-cü il tarixində təsdiq etdiyi «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» ölkəmizin sosial-iqtisadi həyatında və inzibati-idarəetmə sahəsində 10 il ərzində mühüm bir texnoloji inqilabın əsasını qoydu. Bu sənəd Azərbaycan hökuməti informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirmək niyyətinin aşkar nümunəsi olmaqla yanaşı ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyasını şərtləndirdi.
Bu Strategiyadan irəli gələn vəzifələr ötən müddətdə həyata keçirilən vergi islahatlarında da öz fəal əksini tapmışdır. 2005-ci il Azərbaycanın vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoyub. Möhtərəm prezident cənab İlham Əliyevin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının» (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında sərəncamı, həmçinin «Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2005-2007-ci illər)» vergi orqanları qarşısında çox mühüm tapşırıqlar müəyyənləşdirdi. Bunlara dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələrin aparılması, vergi orqanları ilə vergi ödəyicilərinin arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması aiddir.
Hörmətli tədbir iştirakçıları!
Vergi sisteminin təkmilləşdirilməsi sahəsində son illərin ən mühüm nailiyyətlərindən biri «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi» layihəsinin həyata keçirilməsidir. AVİS layihəsi elektron hökumətin qurulması istiqamətində həyata keçirilən mühüm bir layihələrdən olmaqla vergi sahəsində çox mühüm texnoloji dəyişikliklərə gətirəjək. AVİS vergi sisteminin gələcəyinə aiddir, biz onu vergi sisteminin sabahı adlandırırıq. Bu layihənin reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevriləcək.
AVİS layihəsinin əsas məqsədi çevik və yararlı vergi siyasətinin həyata keçirilə bilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir. Bu yerli vergi orqanlarının işlərinin avtomatlaşdırılması, digər dövlət orqanları ilə inteqrasiyanın şəbəkələşməsini, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edəcək. AVİS vergi xidməti strukturları arasında informasiya mübadiləsini, məlumatların işlənməsini, bəyannamələrin qəbulunu və qeydiyyatını sürətləndirməyə və avtomatlaşdırmağa, sənədlərin sistemdaxili dövriyyəsini tam şəkildə elektron varianta keçirməyə imkan verəcək.
Bu layihə bəyannamələrin elektron formatda qəbulunu, hər bir vergi ödəyicisinin sərbəst şəkildə öz ofisindən, evindən internetlə Vergilər Nazirliyinin saytına daxil olaraq öz məlumatlarına baxa bilməsi imkanlarını da nəzərdə tutur. Bununla gələcəkdə vergi ödəyicisi ödədiyi vergilər, borcu və s. barədə məlumat ala, bəyannamələrini elektron formatda vergi orqanına göndərə, hətta bank hesabı açmaq üçün müvafiq sənədləri elektron formatda vergi orqanına gəlmədən əldə edə biləcəkdir. Bu o deməkdir ki, biz vergi ödəyicilərinə inkişaf etmiş ölkələrdə olduğu kimi yüksək texnoloji xidmət təqdim edə biləcəyik.
Mən layihənin detalları üzərində çox dayanmaq istəməzdim. Bu barədə layihənin təqdimatı ilə bağlı çıxışda geniş məlumat veriləcəkdir. Yalnız onu qeyd etmək istərdim ki, vergi xidmətinin bütün sahələrində aparılan islahatlar daim vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması, vergi orqanları ilə təmasda şəffaflıq mühitinin yaradılması kimi amillərin nəzərə alınması ilə həyata keçirilir. Görülən işlərn başlıca məqsədi vergi ödəmələrinin artırılmasına, vergilərin məcburi yığılmasından onların könüllü ödənilməsinə keçidinə nail olmaq, bütövlükdə sadə, anlaqlı, çevik və mükəmməl bir vergi xidmətini qurmaqdan ibarətdir.
Hörmətli tədbir iştirakçıları!
Fürsətdən istifadə edərək AVİS layihəsinin reallaşdırılmasını təmin etmiş, layihə çərçivəsində proqram təminatının yaradılmasında iştirak etmiş Türkiyənin «Cybersoft» şirkətinin mütəxəssislərinə də öz təşəkkürümü çatdırmaq istərdim. Ümid edirəm ki, AVİS Azərbaycanın vergi xidmətində tətbiq ediləcək yeganə layihə olmayacaq və ölkəmizin müasir tələblərə cavab verən vergi xidmətinin fəaliyyətindən hamı bəhrələnəcək.