Milli inkişaf strategiyasının uğurlarla zəngin yeni mərhələsi
Güclü dövlət, davamlı sabitlik, dinamik iqtisadi inkişaf hər bir vətəndaşın sosial rifahının yüksəlişini təmin edəcək
Fazil MƏMMƏDOV, vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin əsasını qoyan, ölkəmizin dinamik inkişaf yoluna çıxmasına xidmət edən 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən 3 il keçdi. Böyük uğurlarla zəngin olan bu müddətdə ölkəmiz iqtisadi artım sürətinə görə dünyada lider dövlətə çevrildi. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş İlham Əliyev respublikamızın yeni dövr üçün siyasi-iqtisadi prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində islahatların səmərəliliyini təmin etməklə böyük ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun varisliyinə əsaslanan, bununla belə, yeni çalarları ilə seçilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın, o cümlədən, regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət qayğısının gücləndirilməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm vəsilələri əhatə etməklə yeni, daha qlobal məqsədlərə xidmət edən iqtisadi strategiyanın reallaşdırılmasına zəmin yaratmışdır.
Dövlət başçısının fəaliyyəti və ötən müddət ərzində görülən işlərin təhlili birmənalı şəkildə göstərir ki, cənab İlham Əliyev həqiqətən ümummilli lider Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirir, böyük öndərimizin başladığı işlərin keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdırılması, müasir dünyanın tendensiyalarına uyğun inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət yürüdür.
İlham Əliyevin bir dövlət başçısı olaraq apardığı siyasətin başlıca xüsusiyyətlərini təhlil edərkən onun sosialyönümlülüyünü və bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğu faktorunu önə çəkməsini göstərmək olar. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərman da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında idi. Bu əhatəli bir sənəd olmaqla yanaşı iqtisadi islahatların aparılmasına cavabdeh olan strukturların qarşısında çox mühüm tapşırıqlar və vəzifələr qoymuşdur. Sənədin kiçik və orta sahibkarlığın inkişafını himayə edən, işsizliyin azaldılması və məşğulluq, regionların inkişafı üzrə dövlət proqramının hazırlanması, qeyri-neft sektorunun inkişafı məqsədilə sərmayələrin cəlb olunması kimi müddəaları xüsusi diqqət çəkirdi. Bu fərman dövlət başçısının seçkiqabağı verdiyi vədlərə əməl edərək iqtisadi siyasətdə prioritetlərini ortaya qoymuşdu. Onun iqtisadi siyasətdə inkişaf göstəricisinə iş yerlərinin açılması kimi yeni prizmadan yanaşması ümumi siyasətin sosial yönümlü olacağına dəlalət edirdi. Baxmayaraq ki, ölkədə iqtisadi artımın əsas baza göstəricisi olan ÜDM davamlı şəkildə artıma meyl edirdi, bununla belə, dövlət başçısı məşğulluğun təmin edilməsini əsas göstərici olaraq qarşıya qoymuşdu. Bu, hər bir sadə azərbaycanlı üçün aydın və təqdirəlayiq bir inkişaf göstəricisi idi.
İlham Əliyevin iqtisadi siyasətində nəzərə çarpan ikinci mühüm istiqamət onun regionların problemlərinə diqqət ayırmasıdır. Bu baxımdan, dövlət başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı xüsusi əhəmiyyətə malik idi. Söz yox ki, iqtisadi potensialın, əsasən, Abşeron iqtisadi rayonunda cəmlənməsi regional disproporsiya yaradırdı və bu da öz növbəsində əmək miqrasiyasında, regional inkişafda, gəlirlərin bölüşdürülməsində özünü göstərirdi. Dövlət Proqramı bu sahədə yaranmış boşluqları aradan qaldırmaq üçün yaxşı zəmin yaratdı. Dövlət büdcəsindən regionlara maliyyə resurslarının ayrılması, regional biznes-layihələrin maliyyələşdirilməsi, investorların regionlara yönəldilməsi və həmçinin sahibkarlıq subyektlərinin fəaliyyətinə daha səmərəli şəraitin yaradılması nəticəsində Azərbaycanın bölgələrinin inkişafında dönüş artıq aşkar nəzərə çarpmaqdadır. Demək olar ki, İlham Əliyevin hakimiyyətə gəldiyi bu üç il ərzində Azərbaycanın regionları inkişaf üçün yeni bir nəfəs almışdır. Bölgələrdə mühüm infrastruktur obyektləri istifadəyə verilmiş, yüzlərlə yeni müəssisə işə düşmüşdür. Regionların inkişafı geniş miqyasda, rayon mərkəzlərindən tutmuş ən ucqar kəndlərdə də sosial infrastukturların tikilməsi, bərpa edilməsi və istifadəyə verilməsi ilə müşayiət olunur. Əhalinin məşğulluğu problemi əhəmiyyətli dərəcədə həll edilmiş, regional iqtisadiyyatda artım qeydə alınmışdır. Təkcə onu göstərmək kifayətdir ki, üç il ərzində ölkəmizdə 500 minə yaxın iş yeri açılmış, yoxsulluq həddi 49 faizdən 29 faizə düşmüşdür.
Dövlət başçısının iqtisadi siyasətində ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən iki əsas cəhət vardır. Bunlardan biri, dövlət başçısının iqtisadiyyatda inkişafı qeyri-neft sektorunun hesabına təmin etmək istəyidir. Hərçənd ki, neft sektorunda ölkənin uğurları heç də az deyil. Cənab İlham Əliyevin prezidentliyi dövründə bir neçə yeni neft müqaviləsi imzalanmış, həmçinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə verilmiş və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi isə başa çatmaq üzrədir. Neftin dünya bazar qiymətlərinin yüksək olması sosial problemləri həll etmək üçün imkanlar yaratsa da, dövlət başçısı ölkənin gələcəyini qeyri-neft sektorunun inkişaf etdirilməsində görür.
İkinci mühüm cəhət, makroiqtisadi inkişaf meyllərinin konkret sosial nəticələrdə əks olunmasıdır. Əlbəttə, dövlətin hər bir uğuru, ilk növbədə, onun xalqının rifah halının və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında öz əksini tapmalıdır. Prezident İlham Əliyev məhz belə siyasətə üstünlük verməklə real iqtisadi irəliləyişlərin sosial duruma müsbət təsir göstərməsinə çalışır. Təsadüfi deyil ki, təkcə son üç ildə respublika üzrə orta aylıq əmək haqqı iki dəfədən çox qalxmışdır. Sosial cəhətdən ən zəif zümrələrin - müəllimlərin, səhiyyə işçilərinin, tələbələrin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan yüz minlərlə insanın əmək haqları qaldırılmışdır. Prezident seçkiləri ərəfəsində ölkədə minimum əmək haqqı cəmi 1,1 manat idisə, indi bu rəqəm 35 manata çatıb və gələn ilin yanvarından 40 manata qədər artırılacağı gözlənilir.

Hakimiyyətə gəldiyi ilk günlərdən dövlət başçısının sahibkarlığın problemlərinə həssaslıqla yanaşması onun bütün fərman və sərəncamlarında qırmızı xətlə yer almış və dövlət strukturlarının fəaliyyətində özünü göstərməyə başlamışdır. Ölkə Prezidentinin 2005-ci ilin fevralında Bakı Biznes Mərkəzində sahibkarlarla keçirdiyi görüş bu baxımdan xüsusi diqqət çəkirdi. Məhz bu görüşdə səslənən iradlar, təkliflər və fikirlər dövlət başçısının gələcək fərmanlarında öz əksini tapdı. Qarşıda duran əsas məqsəd ölkədə sağlam işgüzar mühit, investisiya qoyuluşları üçün münbit şərait, biznesin inkişafı üçün zəmin yaradılması idi.
Qeyd etmək lazımdır ki, məhz uzunmüddətli iqtisadi inkişaf üçün təməl yaradılmasına hesablanmış bu siyasət artıq bu gün öz bəhrələrini verməkdədir. Bu gün ölkənin ümumi daxili məhsulunda qeyri-dövlət sektorunun xüsusi çəkisi 78 faizə çatır, kənd təsərrüfatı məhsullarının 99 faizi özəl bölmədə, sənaye məhsullarının 55 faizə yaxını qeyri-dövlət sektorunda istehsal olunur. Məşğulluğun 71 faizi və dövlət büdcəsi gəlirlərinin 53 faizi məhz özəl sahibkarlıq subyektləri tərəfindən təmin edilir. 2007-ci ilin dövlət büdcəsinin gəlirlərinin 6 milyard yeni manatdan artıq olacağı proqnozlaşdırılır ki, bu artımın da xeyli hissəsi qeyri-dövlət sektorunun payına düşəcəkdir. Son üç ildə dövlət büdcəsinin gəlirləri 4 dəfədən çox artmışdır. Əlbəttə, bu, çox ciddi iqtisadi uğurlardır və Azərbaycan Prezidentinin siyasətinin düzgün yolda olmasının bariz nümunəsidir.
Bu siyasətin əsasında, ilk növbədə, iqtisadi fəallığın artırılmasına yönəlik tədbirlərin həyata keçirilməsi durur. Qeyd edək ki, ölkənin vergi xidməti orqanları da ötən üç ildə bu siyasətin həyata keçirilməsində mühüm rol oynamaqda davam etmişlər.
Möhtərəm Prezidentimizin vergi sistemini təkmilləşdirmək, vergitutma bazasını genişləndirmək, vergi xidmətini müasir Avropa standartlarına çatdırmaq haqqında tövsiyələri olduqca vacibdir. Dövlət başçısının vergi siyasətində müəyyən etdiyi strategiya, ilk növbədə, qanunvericiliyin təkmilləşdirilməsində öz əksini tapır. Vergi Məcəlləsinə edilən əlavələr və dəyişikliklərdə bu prinsip əsas olaraq götürülmüşdür. Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri qruplaşdırsaq, onların 60 faizi məhz vergi ödəyicilərinin fəaliyyətinin yüngülləşdirilməsinə, qanunvericilikdən istifadənin sadələşdirilməsinə yönəldiyini görmək olar. Bir məqamı qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda tətbiq olunan vergi qanunvericiliyi Avropa Birliyinin 6-cı konvensiyası ilə uzlaşdırılmış qanunvericilikdir və beynəlxalq standartlara tam cavab verir.
Bu müddət ərzində bürokratik idarəetmə aparatının ixtisarı, idarəetmə mexanizminin optimallaşdırılması, hakimiyyət təmsilçilərində ictimai şəffaflığa doğru ciddi standartların formalaşması, biznes birlikləri ilə münasibətlərin tənzimlənməsi istiqamətində nəzərə çarpacaq pozitiv irəliləyişlər əldə edilmişdir. Söz yox ki, bütün bunlar ümumi işgüzar mühitin yaxşılaşmasına və daim bizneslə təmasda olan dövlət idarəetmə strukturlarının fəaliyyətinin təkmilləşdirilməsinə çox müsbət təsir göstərmişdir.
Dövlət başçısının tövsiyələrinə uyğun olaraq vergi xidmətində aparılan islahatlarda əsas diqqət vergi ödəyicilərinə xidmət səviyyəsini yaxşılaşdırmağa yönəlmişdir. Aparılan müşahidələr göstərir ki, vergi ödəyicilərini narahat edən əsas məsələlər sırasında ilk yeri məhz vergi qanunvericiliyinin şərhi məsələləri tutur.
Bu problemləri aradan qaldırmaq, həmçinin vergi ödəyicilərinin məlumatlılıq səviyyəsinin artırılması istiqamətində Vergilər Nazirliyi son üç ildə ardıcıl siyasət yürütmüşdür. Vergi ödəyicilərinin müraciətlərinin operativ cavablandırılması, vergi orqanlarına gəlmədən informasiya ala bilmələri üçün 2004-cü ildə 195 nömrəli məlumat-telefon xidməti yaradılmışdır. Bu telefon xidməti sözügedən sahədə MDB-də analoqu olmayan, vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi bir xidmət növüdür. Xidmətin yaradılmasından keçən dövr ərzində xidmətə daxil olan sorğuların həcmi 400000 müraciəti keçir. Bu ildən isə Vergilər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən regionlarda sahibkarlığın inkişafı, onların informasiya təminatının yaxşılaşdırılması məqsədilə respublikanın bütün bölgələrindən 195 telefon məlumat xidmətinə edilən müraciətlərin də ödənişsiz həyata keçirilməsi təmin edilmişdir.
Azərbaycanın vergi sistemində son üç ildə həyata keçirilən islahatların əsas istiqamətləri vergi inzibatçılığının sadələşdirilməsi və təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyicilərinə mükəmməl xidmət sisteminin qurulması və inkişaf etdirilməsindən ibarət olmuşdur. Lakin inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılmasının mühüm bir qolu da vardır ki, Azərbaycanın dövlət başçısı, möhtərəm Prezident İlham Əliyev bu istiqaməti prioritet olaraq iqtisadi islahatların mühüm bir xətti olaraq qəbul etmişdir.
Bu XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilməsi, bu texnologiyaların verdiyi üstünlüklərdən faydalanma imkanlarının artması ilə bağlıdır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilmişdir.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2005-2007-ci illər)” vergi orqanları qarşısında çox mühüm tapşırıqlar müəyyənləşdirmişdir. Bunlara dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmə aparılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompyuter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması aiddir.

Vergi sisteminin təkmilləşdirilməsi sahəsində son üç ilin ən mühüm nailiyyətlərindən biri “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) layihəsinin həyata keçirilməsidir. AVİS layihəsi elektron hökumətin qurulması istiqamətində həyata keçirilən mühüm layihələrdən olmaqla vergi sahəsində çox mühüm dəyişikliklərə gətirib çıxarmışdır. AVİS vergi orqanları ilə vergi

ödəyicilərinin arasında elektron əlaqələrin inkişafına xidmət edən, müasir kompyuter və proqram təminatlarına söykənən, geniş təhlil bazasına malik bir informasiya sistemidir. Bu layihənin reallaşdırılması nəticəsində vergi orqanlarının işinin avtomatlaşdırılması, digər dövlət orqanları ilə inteqrasiyanın şəbəkələnməsi, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsinin təminatı, vergi xidməti strukturları arasında informasiya mübadiləsi, məlumatların işlənməsi, bəyannamələrin qəbulu, qeydiyyatının sürətləndirilməsi və avtomatlaşdırılması mümkün olmuşdur. AVİS-in reallaşdırılması Azərbaycanın vergi xidmətini təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevirmişdir.
Əlbəttə, bütün bunlar dövlətin işgüzar fəaliyyətə münasibətinin təzahür formalarıdır. Vergi xidmətində aparılan dəyişikliklər məqsəd etibarilə vergi sisteminin sadələşməsinə, vergi ödəyicilərinin üzərində birbaşa nəzarətin azaldılmasına xidmət etsə də, vergi inzibatçılığının yaxşılaşdırılması və daha müasir üsulların tətbiqi vasitəsilə, əslində vergi nəzarətinin bir qədər də təkmilləşməsinə səbəb olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifə bundan ibarətdir ki, vergi islahatları son nəticədə vergilərin məcburi alınmasından vergilərin könüllü ödənilməsinə keçidi təmin etməlidir. Əlbəttə, bu məqsədə nail olmaq üçün vergi xidməti müasir vergi nəzarəti üsullarını tətbiq etməli, vergi nəzarətini yaxşılaşdırmalı və təkmilləşdirməlidir. Bu sahədə apardığımız islahatların əsas hədəfi vergi yoxlamalarının kameral nəzarət formasına (vergi ödəyicisi ilə birbaşa kontaktda olmadan sənədlər əsasında aparılan yoxlama) keçidini təmin etməkdir. Müasir informasiya texnologiyalarının tətbiqi bu prosesi sadələşdirməyə və daha çox bəyannaməni emal etməyə imkan verir. Nəticədə biz səyyar yoxlamaların sayını azaltmağa nail olmuşuq. Səyyar vergi yoxlamalarının təyini və aparılması qaydaları xeyli təkmilləşdirilib, yoxlamaqabağı prosedurların və səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsasların olması hallarına dair ilkin araşdırmalar prosesinin təkmilləşdirilməsi nəticəsində bu gün vergi orqanının təyin etdiyi səyyar yoxlamanın heç biri nəticəsiz qalmır.
Təsadüfi deyil ki, vergi nəzarətində tətbiq edilmiş müasir metodlar, şəffaflıq prosesi dövlət başçısının nəzarətindən kənarda qalmamışdır. Ölkə Prezidenti İlham Əliyev 2005-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdi ki, “Vergilər Nazirliyi səmərəli işləyir. Yığımlar artır, büdcəmiz də artır. Təbii ki, bunun müxtəlif səbəbləri var. Əlbəttə, ümumi ölkədə gedən iqtisadi inkişaf bunu təmin edir və eyni zamanda, vergilərin yığılmasındakı şəffaflıq da öz rolunu oynayır”. Dövlət başçısının bu fikirləri vergi orqanlarının işinə verilmiş yüksək qiymət olmaqla yanaşı, eyni zamanda bizim üzərimizə böyük məsuliyyət qoyur. Bu baxımdan dövlət idarəçiliyində şəffaflıq prosedurlarının təmin edilməsi istiqamətində aparılan islahatlar davam etdirilir.
Dövlət başçısının vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrdən biri də vergi xidmətinin peşəkar kadrlarla komplektləşdirilməsidir. Əlbəttə, idarəetmə aparatı nə qədər səmərəli işləyərsə, dövlət siyasəti nə qədər çevik və dövlət aparatında çalışanların peşəkarlığı yüksək olarsa, bir o qədər də bu siyasətin günün reallıqlarına və cəmiyyətin hər bir sıravi üzvünün ehtiyaclarına istiqamətlənməsi təmin olunar. İnkişafın indiki mərhələsində dünya ölkələrində gedən tendensiyalar göstərir ki, insan amilinə, işçi qüvvəsinin keyfiyyətinə investisiya yüksək dərəcədə səmərəlidir. Qeyd olunmalıdır ki, məhz dövlət başçısının tapşırığına və 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında əsasnamə”yə əsasən həmin il ilk dəfə vergi xidmətinə əməkdaşların cəlb olunması test üsulu ilə keçirilən müsabiqə vasitəsilə həyata keçirilmişdir. Bundan başqa, vergi xidməti əməkdaşları hər il nazirliyin Tədris Mərkəzində, həmçinin İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı xəttilə təşkil olunan kurslarda daim fəal iştirak edir və öz peşəkarlıq səviyyələrini inkişaf etdirirlər. İnsan faktorunun inkişafına vergi xidmətində xüsusi diqqət yetirilir, çünki peşəkar kadrlar keyfiyyətli xidmətin əsasıdır. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı vergi orqanlarının fəaliyyətinə, o cümlədən vergi işçilərinin sosial rifah halının yaxşılaşdırılmasına mühüm diqqət ayırır. Möhtərəm Prezidentin 1 fevral 2005-ci il tarixli vergi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncamını bu baxımdan vurğulamaq yerinə düşərdi. Cənab İlham Əliyev böyük etimad göstərərək bu tarixi vergi xidməti işçilərinin peşə bayramı günü kimi təsis etmişdir. 
Dövlət başçısının üç illik fəaliyyəti Azərbaycan tarixinə Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının uğurlarla zəngin yeni bir mərhələsi kimi yazılıb. Şübhəsiz ki, son üç il ərzində Azərbaycanın hərtərəfli yüksəlişi sahəsində əldə edilən nailiyyətlər məhz ümummilli liderimizin siyasi kursunun davamı çərçivəsində qazanılan uğurlardan ibarətdir. Bununla belə, bu uğurlar Heydər Əliyevin dövlətçilik irsinin layiqli davamçısı, idarəçilikdə dəyanətli və qətiyyətli varisi, möhtərəm Prezident İlham Əliyevin idarəetmə siyasəti sayəsində mümkün olmuşdur. O, ümummilli liderin əsasını qoyduğu tərəqqini, əldə edilən nailiyyətləri nəinki qoruyub saxlamış, onların inkişaf dinamikasını qat-qat artırmış, praqmatik, siyasi iradəli və qətiyyətli, məqsədyönlü, mütərəqqi islahatlara meyilli olduğunu sübut etmişdir.
Digər tərəfdən dövlət başçısının verdiyi vədlərə əməl etmək sadiqliyini nümayiş etdirməsi xalqın dövlət rəhbərliyinə etimadının artmasına gətirmişdir. İndi ölkənin hər bir vətəndaşı dövlət başçısının onların hər birinin rifahı, taleyi, təhlükəsizliyi üçün məsuliyyət daşıdığını və bu vəzifənin öhdəsindən layiqincə gəldiyini yaxşı dərk edir.

Möhtərəm Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin üç illik yekunları göstərir ki, xalqımız Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 15-ci ildönümünə bütün sahələrdə qazanılan böyük nailiyyətlərlə gəlmişdir. Prezident İlham Əliyev parlamentin payız sessiyasının açılış mərasimində də bəyan etdi ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasının qarşısında dayanan ən vacib vəzifə məhz demokratik dəyişikliklərin dərinləşdirilməsi, bu sahədəki nailiyyətlərin miqyasının genişləndirilməsi, ölkənin iqtisadi potensialının daha da artırılmasıdır. Dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, qarşıdakı əsas fəaliyyət prioritetlərini də

açıqlamışdır. Bu, güclü dövlət, təminatlı sabitlik, uğurlu iqtisadi inkişaf və hər kəs üçün sosial rifahdır. Dövlət başçısı bu məqsədlərə çatmaq üçün səmərəli işləməyin vacibliyini vurğulamışdır.
Əlbəttə, bunlara nail olmaq üçün Prezident İlham Əliyevin formalaşdırdığı iqtidar komandasının hər birinin üzərinə böyük məsuliyyət düşür. İctimai-siyasi həyata, iqtisadi inkişaf xəttinə göstərilən prioritetlər əsas götürülməklə yeni düşüncə ilə yanaşmaq, aparılan islahatları yeni meyarlarla dəyərləndirmək dövlətin iqtisadi həyatda iştirakına yenidən baxmağa imkan yaradacaqdır. Kəmiyyətcə daha da yüksək nailiyyətlər dövrü isə hələ qabaqdadır.

geriyə || yuxarı