"VERGİLƏR", 43 (437)
saylı
Dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilmişdir
15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq noyabrın 9-da vergi xidmətinə işə qəbulla bağlı test imtahanı keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanı Azərbaycan Beynəlxalq Universitetinin binasında təşkil olunmuşdur.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslərdən sənədlərin qəbulu oktyabrın 6-dan 17-dək ilk dəfə olaraq elektron formada Vergilər Nazirliyində təşkil olunmuş Sənəd Qəbulu Komissiyası tərəfindən aparılmışdır. Mühüm yeniliklərdən biri olan bu addımın atılması, yəni sənədlərin elektron ərizə formasında qəbuluna keçid şəffaflığın artırılmasına xidmət edir.
Bu ildən tətdiq edilən daha bir yenilik isə ixtisas sahələrinin artırılması olmuşdur. Əgər əvvəllər müsabiqədə yalnız iqtisadiyyat və hüquq ixtisas sahələrindən birinə malik olan vətəndaşlar iştirak edə bilirdilərsə, bu il idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisaslarına malik olan vətəndaşlar da müsabiqədə iştirak etmək imkanı əldə etmişdilər.
Sənəd qəbulu zamanı 860 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 768 nəfəri kişi, 92 nəfəri isə qadın olmuşdur. İmtahanda 590 nəfər iştirak etmiş və onlardan 104 nəfəri birinci mərhələni uğurla başa vurmuşdur. Bir nəfər isə elmlər namizədi olduğundan, ikinci mərhələyə birbaşa buraxılmışdır.
İmtahanda namizədlərə təqdim olunan 100 sualdan 80-i Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə və digər qanunvericilik aktlarını əhatə etmişdir. Digər 20 sual isə namizədlərin məntiqi düşüncə qabiliyyətlərinin yoxlanılması üçün nəzərdə tutulmuşdur.
İmtahanın nəticələri 10.11.2008-ci il tarixində Vergilər Nazirliyinin (www.taxes. gov.az) və TQDK-nın (www.tqdk.gov.az) rəsmi internet saytlarında yerləşdirilmişdir. Qeyd edək ki, imtahan nəticəsində ümumi balı 70 və daha çox olmuş namizədlər növbəti mərhələyə buraxılmışlar. Noyabrın 12-dən 14-dək baş tutacaq ikinci mərhələdə Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası tərəfindən test imtahanlarını uğurla başa vurmuş namizədlərlə müsahibə keçiriləcək. Müsahibə zamanı namizədlərin vergi qanunvericiliyi, iqtisadi siyasətlə bağlı digər normativ hüquqi aktları tətbiq etmək sahəsində bacarıqları yoxlanılacaq.
Bakıda "BAKUBUİLD-2008" Beynəlxalq inşaat sərgisi keçirilmişdir
Bu günlərdə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində Böyük Britaniyanın İTE Group PLK və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin birgə təşkilatçılığı ilə "BAKUBUİLD-2008" Beynəlxalq inşaat sərgisi keçirilmişdir.
Qeyd edək ki, belə sərgilərin keçirilməsi həm dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyətə malikdir, həm də xarici investisiyaların, müasir texnologiyaların ölkəyə cəlb edilməsinə böyük təsir göstərir.
İnşaat sərgisində dünyanın 25 ölkəsindən 250-dək şirkət iştirak etmiş, ekspozisiya sahəsi ötən ilə nisbətən 40 faiz artmışdır. Sərgi Heydər Əliyev adına İdman-Konsert Kompleksinin daxili pavilyonunda və kompleksə bitişik bayır meydançalarda yerləşmişdir.
Universallığı ilə seçilən sərgi artıq 14 ildir ki, Qafqazda ən iri inşaat sərgisi olaraq keçirilir. Sərginin 40 faizini Azərbaycan bazarına ilk dəfə qədəm qoyan şirkətlər, 60 faizini isə yerli müəssisələr təşkil etmişdir. İştirakçılar ən yeni tikinti texnologiyaları və təkmilləşdirilmiş inşaat xidmətləri ilə tanış olmuş, yerli və xarici tikinti şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı qazanmışlar.
Qeyd edək ki, Bakıda keçirilən "BAKUBUİLD-2008" Beynəlxalq inşaat sərgisində Vergilər Nazirliyinin pavilyonu tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Tədbir keçirilən müddətdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin böyük dövlət vergi müfəttişləri Maya Əliyarzadə, Məhəmməd Yunusov və müfəttiş Runay Həsənova tərəfindən sərgi iştirakçılarına respublikamızın vergi sistemi, vergi dərəcələri, qanunvericilik bazası və s. barədə ətraflı məlumatlar verilmiş, minlərlə məlumatlandırıcı, maarifləndirici materiallar və jurnallar paylanmışdır.
Sərginin sonunda "BAKUBUİLD-2008" Beynəlxalq inşaat sərgisinin təşkilatçıları tərəfindən Vergilər Nazirliyinə sertifikat verilmişdir.
"Bir pəncərə" prinsipi sahibkarlığın inkişafında mühüm rol oynayır"
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tər-kib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir.
Bunun nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şərait yaranmış, qanunvericilik qaydaları liberallaşmış, maliyyə-kredit təminatı yaxşılaşmış, sahibkarların vergi yükü, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalmış, hüquqlarının müdafiəsi sistemi təkmilləşmiş, iş adamlarının beynəlxalq əlaqələri genişlənmiş və digər nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi bu siyasət və qəbul etdiyi qərarlar yekunda ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, hərtərəfli inkişafına gətirib çıxarmışdır. Həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən edilmişdir. Bu vəzifələrin yerinə yetirilməsi biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Belə ki, ötən illərdə mövcud çoxpilləli biznesə başlama prosedurları, mürəkkəb icazələr sistemi uzun müddət tələb etməklə bərabər, bəzi hallarda bürokratik əngəllər və süründürməçilik də yaradırdı. Göstərilən mənfi halların aradan qaldırılması, ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi və daha əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə dövlət başçısı 30 aprel 2007-ci il tarixdə "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalamışdır. Bu fərmanda sahibkarlıq subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə qeydiyyata alınması məsələsi üzrə hazırlıq işlərinin görülməsi üçün hökumətə bir sıra tapşırıqlar verilmişdir. Həyata keçirilən bir sıra tədbirlərdən sonra və hökumətin irəli sürdüyü təkliflər ölkə başçısı tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti 25 oktyabr 2007-ci il tarixdə "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. Həmçinin sərəncamda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının 2008-ci il 1 yanvar tarixindən etibarən tətbiq edilməsi qərara alınmışdır. Sözügedən sənəd imzalandıqdan sonra müvafiq normativ hüquqi aktlar da sərəncama uyğunlaşdırıldı və Vergilər Nazirliyi sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipinə uyğun təşkili ilə bağlı lazımi tədbirləri həyata keçirməyə başladı.
Yeri gəlmişkən onu da qeyd edək ki, ölkə başçısı makroiqtisadi vəziyyətə ciddi diqqət göstərilməsi, inflyasiyanın yüksəlməsi səbəblərinin aradan qaldırılması, Azərbaycanda sahibkarlıq və sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçılıqla mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində Vergilər Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Bu tapşırıqlar vergi sisteminin təkmilləşdirilməsi və sonrakı inkişafı üçün başlıca prinsipləri müəyyən etmişdir. Qeyd olunan tapşırıqların yerinə yetirilməsi üçün Vergilər Nazirliyində müvafiq Tədbirlər Planı qəbul edilmiş, vergi sisteminin inkişafının yeni istiqamətləri dəqiqləşdirilmiş və nəzərdə tutulan bu işlər uğurla həyata keçirilir.
Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər əsasən normativ hüquqi bazanın formalaşdırılması və vergi inzibatçılığı məsələlərini əhatə edir. Beləliklə, bu il yanvarın 1-dən etibarən respublikamızda sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı Vergilər Nazirliyində "bir pəncərə" prinsipi üzrə həyata keçirilir.
Sahibkarlar isə biznes fəaliyyətinə başlamaları üçün artıq əvvəlki kimi bir neçə dövlət orqanına deyil, yalnız bir orqana, konkret olaraq Vergilər Nazirliyinə müraciət etdikləri üçün öz razılıqlarını bildirirlər. Həmçinin onlar əvvəlki kimi çoxlu sayda sənədlər toplamadıqları üçün də məmnun olduqlarını bəyan edirlər. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı üçün Vergilər Nazirliyinə aşağıdakı sənədlər təqdim edilməlidir:
- təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə (əsasnamə);
- qurumun yaradılması barədə qərar;
- hüquqi ünvanı təsdiq edən sənəd;
- təsisçi hüquqi şəxslər barədə məlumat;
- təsisçi fiziki şəxslər barədə məlumat;
- rəhbərin (qanuni təmsilçinin) təyin edilməsi barədə qərar;
- nizamnamə kapitalının (şərikli mayanın) ödənilməsini təsdiq edən sənəd;
- hüquqi şəxsin rəhbəri və ya qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.
Dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 2007-ci il 30 aprel tarixli Fərmanı və "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq, elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. Beləliklə də iş adamlarının mərkəzi sistemlə avtomatik, on-layn rejimində davamlı əlaqəsi yaranmışdır. Həmçinin sahibkarlar və yaxud istənilən şəxs Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) "bir pəncərə" sistemi haqqında istənilən məlumatı almaq imkanına malikdirlər. Qeydiyyatdan keçən kommersiya qurumlarının dövlət reyestr məlumatları isə yuxarıda adı çəkilən saytda yerləşdirilməklə yanaşı, Vergilər Nazirliyinin "Vergilər" qəzetində də dərc olunur.
Ötən müddət ərzində qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, mütəxəssislər hesab edirlər ki, "bir pəncərə" sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını azaltmışdır. İndi sahibkarlar uzunmüddətli qeydiyyat prosedurlarından qurtulub, sadə və çevik bir mexanizmlə öz qeydiyyat məsələlərini həll edə bilirlər. Bu prosedur sahibkarın cəmi bir neçə gündə qeydiyyata alınmasına və fəaliyyətə başlamasına imkan verir.
Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində və ərazi vergi orqanlarında həyata keçirilən "bir pəncərə" qeydiyyat prosedurları üçün ayrıca mərkəzlər yaradılmış, müvafiq aparaturalar alınmış və quraşdırılmışdır. Həmin otaqlarda lazım olan bütün məlumat kitabçaları qoyulub və elektron məlumat terminalları sahibkarlara xidmət edir. "Bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar qurulmuş sistemdə şəffaflıq tam təmin edilib və mövcud təcrübəyə əsasən demək olar ki, Azərbaycan bu məsələdə Şərqi Avropa ölkələrini qabaqlayır.
Bir məsələni də vurğulamaq lazımdır ki, indiyədək hökumət lisenziya verən qurumların sayının azaldılması ilə əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində problemlər hələ də qalırdı. Sahibkarlar fəaliyyətə başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün vergilər, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən, Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə Fondundan və digər dövlət qurumlarından keçməli idilər. Bu isə bəzən 150 gün vaxt aparırdı. Hətta işə başlamaq üçün sahibkarlar 1 il gözləməyə məcbur idilər. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılmışdır. Bundan başqa, sənədlərin elektron sistemlə təqdim edilməsi üçün də müvafiq şərait yaradılmışdır. Görülən işlərin nəticəsində hüquqi şəxs olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, otən 10 ay ərzində 5592 kommersiya qurumu dövlət reyestrindən keçmişdir.
"Bir pəncərə" sistemi dünyada ən mütərəqqi praktikadır. Məhz buna görə də Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı hər ay daha da artır. Artıq bütün bürokratik əngəllər aradan qaldırılmışdır.
Ötən il dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində Azərbaycanda sahibkarlığın inkişafında mühüm mərhələ olan "bir pəncərə" sisteminin təqdimat mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmiş və bildirmişdir: "Burada qısa müddət ərzində gürülən işlər bir daha təsdiqləyir ki, mənim qərarım düzgün qərar idi. Mən "bir pəncərə" sistemini məhz Vergilər Nazirliyinə tapşırmışam. Siz də bunu çox yaxşı icra etmisiniz. Tam şəffaflıq, rahatlıq, sahibkarlığın inkişafı üçün, nəzarətin gücləndirilməsi üçün çox böyük işlər görülmüşdür".