Axtar
az|рус|eng
Media
14.09.2017

“PwC” beynəlxalq konsaltinq şirkəti və “Microsoft” korporasiyası Vergilər Nazirliyinin əməkdaşları üçün təlim keçirib

 

Sentyabrın 12-13-də “JW Marriott Absheron” otelində “Microsoft” korporasiyası və “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyoru və nümayəndələri tərəfindən Vergilər Nazirliyinin əməkdaşları üçün “Blokçeyn (Blockchain) texnologiyaları” barədə 2 günlük təlim keçirilib. Təlim Vergilər Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq olunmuş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.

Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə tədbiri giriş sözü ilə açaraq təlimin mahiyyəti və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, Vergilər Nazirliyi dünya vergi sistemində müasir çağırışları və əsas trendləri yaxından izləyir və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verməklə yeniliklərin tətbiqinə çevik reaksiya verməyə çalışır. Sözügedən 2 günlük təlim də bu baxımdan xüsusilə əhəmiyyətlidir və təlim dövründə vergi inzibatçılığında qlobal meyllər və rəqəmsal transformasiyalar, vergi ödəyicilərilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazilriyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sonra “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyorunun nümayəndəsi cənab Eelko van der Enden “Beynəlxalq vergitutmada əsas meyllər və rəqəmsal transformasiya” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, “PwC” beynəlxalq konsaltinq şirkəti iqtisadiyyatın rəqəmsallaşdırılmasını və bu tendensiyanın vergi sistemi və inzibatçılığına dair ən müasir istiqamətlərini təmin edir. “PwC”-nin nümayəndəsi vergi sahəsində səmərəli idarəetmə sisteminin qurulması üçün müasir texnologiyalar barədə də ətraflı məlumat verib.

“Microsoft” şirkətinin nümayəndəsi Emin Axundovun “Vergi texnologiyalarının ekosistemi” adlı təqdimatı da maraqla qarşılanıb. Bildirilib ki, Blokçeyn bir çox sahədə olduqca ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır. Hazırda kommersiya qurumları arasında hesablaşmalar mənfəətsiz xərclər tələb edir, halbuki Blokçeyn texnologiyası bu prosesi sadə əməliyyatadək çatdıra bilərdi. Sözügedən texnologiyalar sayəsində innovasiyalar geniş yayıla bilər ki, bununla da biznesin idarəedilməsi bir qədər də sadələşər.

Mütəxəssislər, yeni texnoloji həll yollarından istifadə etməklə, səmərəli vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib, xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib.

Təlimin 2-ci günü Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən bir sıra ölkələrin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib. Bu baxımdan təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarnın monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Təlim proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri 30-dan artıq vergi mütəxəssisinin iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.

Sonda təqdimatlarla bağlı müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırllıb.

Fotolar

Media və Kommunikasiya Mərkəzi

 

 

 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.