Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Xəbərlər

DÖVLƏT BÜDCƏSİNƏ BORCLARINIZ ÜZRƏ SİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK

Hər bir hüquq sahəsini tənzimləyən hüquq normaları mövcuddur ki, bu hüquq normalarının tənzimlədiyi münasibətlərin tərəfləri və ya subyektləri mövcud olur ki, qeyd edilən hüquq normaları ilə həmin subyektlərin və ya tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilir. Vergi hüquq münasibətləri isə Vergi Məcəlləsi ilə tənzimləndiyindən vergi hüquq münasibətləri tərəflərinin  hüquq və vəzifələri Vergi Məcəlləsində təsbit edilmişdir.

 

1.   Ümumiyyətlə vergi nədir?

2.   Vergi öhdəliyi nə deməkdir və nə vaxtdan yaranır?

3.   Vergi öhdəliyinin yerinə yetirilməməsi hansı nəticələrin yaranmasına səbəb olur?

4.   Vergi öhdəliyi hansı halda və müddətdə uzadıla bilər?

5.   Vergi öhdəliklərinin yerinə yetirilməsi hansı hallarda dəyişdirilə bilər?

6.   Vergi öhdəliklərinin uzadılmış müddətinə hansı hallarda vaxtından əvvəl xitam verilir?

7.   Vergi öhdəliyinə hansı hallarda xitam verilir?

8.   İflas prosesinə başlanması və baxılmasının ümumi qaydaları hansılardır? 

9.   Borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün şərtlər hansılardır?

10. İflasla bağlı məhkəməyə verilən iddia ərizəsində hansı məlumatlar göstərilir?

11.  Məhkəməyə verilən iddia ərizəsinə əlavə olunan sənədlər hansılardır?

12.  İşə məhkəmədə baxılmamışdan qabaq həyata keçirilən hərəkətlər hansılardır?

13.  Son nəticədə məhkəmənin gəldiyi yekun qərarlar hansılardır?

14.  Məhkəmənin iştirakı olmadan iflas prosesinə başlanmasının başlıca prosedurları hansılardır?

15.  Hansı hallarda iflas prosesinə xitam verilir?

16.  Müflisləşmə və iflasla bağlı qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri hansılardır?

 

 


 

 

1. Ümumiyyətlə vergi nədir?

 

Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin istehlak ilə əlaqədardır.

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu vəzifə eyni zamanda vergi ödəyicilərinin konstitusion vəzifələrinə aiddir.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. yuxarı

 

2.  Vergi öhdəliyi nə deməkdir və nə vaxtdan yaranır?

 

Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. yuxarı

 

3.  Vergi öhdəliyinin yerinə yetirilməməsi hansı nəticələrin yaranmasına səbəb olur?

 

Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə göstərilən müddətdə  ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq və vergi ödəyicisinin yazılı razılığı olduqda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verə bilər.
Vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq verilmiş sərəncamın icrasını təmin edir.
Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.
Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.

Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur, bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 

Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 

Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

Əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- nağd pul vəsaitləri;

- bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.);

- hazır məhsullar (mallar), habelə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;

- istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;

- inventarizasiya aparılmaqla digər əmlak.

Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. yuxarı

 

4.  Vergi öhdəliyi hansı halda və müddətdə uzadıla bilər?

 

Qanunvericilik vergi öhdəliklərinin vaxtında  yerinə yetirilməməsinə görə məsuliyyət tədbirləri ilə yanaşı məsuliyyəti və təqsiri istisna edən halları, öhdəliklərə xitam verilmə hallarını və öhdəliklərin yerinə yetirilmə müddətinin uzadılması hallarını da nəzərdə tutmuşdur.      

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövri üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarda vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü, ödənilmənin müddəti və qaydası, habelə girov və ya zəmanət haqqında qeydlər göstərilməlidir.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərar bu qərarda müəyyən edilmiş müddətdən qüvvəyə minir. yuxarı

 

5.  Vergi öhdəliklərinin yerinə yetirilməsi hansı hallarda dəyişdirilə bilər?

 

Vergi Məcəlləsində vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin  müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilməsi halları da nəzərdə tutulmuşdur ki, bu hallara aşağıdakılar aiddir:

- təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;

- verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir.

Bununla əlaqədar bildiririk ki, vergilərin ödənilmə müddətinin dəyişdirilməsi mövcud olan öhdəliyi ləğv etmir və yeni vergi öhdəliyi yaratmır. Eyni zamanda vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz. yuxarı

 

6.  Vergi öhdəliklərinin uzadılmış müddətinə hansı hallarda vaxtından əvvəl xitam verilir?

 

Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

- vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;

- Vergi Məcəlləsinin 85.8-ci maddəsində ( Vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz ) nəzərdə tutulmuş halda;

- vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə.

Vergi Məcəlləsinin 85.14-cü maddəsində ( vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə; bu Məcəllənin 85.8-ci maddəsində nəzərdə tutulmuş halda; vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə ) nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir. Vergi ödəyicisi məlumatı aldığı tarixdən 30 gün müddətində borc məbləğini və ödəmə gününə qədər həmin məbləğə qanunvericiliyə uyğun olaraq hesablanmış faizləri büdcəyə ödəməlidir. yuxarı

 

7.  Vergi öhdəliyinə hansı hallarda xitam verilir?

 

Vergi Məcəlləsində vergi öhdəliyinə xitam verilməsi halları göstərilmişdir ki, bu hallara aşağıdakılar aid edilmişdir.

- verginin ödənilməsi;

- verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda;

- vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə.

- Vergi Məcəlləsinə müvafiq olaraq ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.

- Vergi Məcəlləsinin Xüsusi hissəsində hər bir tədiyyə üzrə öhdəliklərin yerinə yetirilmə müddətləri müəyyən edilmişdir ki, qeyd edilən müddətlərdə vergilər ödənildikdə vergi öhdəliklərinə xitam verilir.

- vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilməsi ilə əlaqədar vergi öhdəliklərinə xitam verilməsi ilə əlaqədar bildiririk ki, vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Vergi Məcəlləsinin 81.2-ci maddəsinə əsasən varis (varisləri) olmadıqda vəfat etmiş  fiziki şəxsin vergi öhdəlikləri silinir (ləğv edilir).

Vergi ödəyicisinin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş növbəlilik qaydasında həyata keçirilir. yuxarı

 

8.  İflas prosesinə başlanması və baxılmasının ümumi qaydaları hansılardır? 

 

İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası “Müflisləşmə və iflas haqqında” 13 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iflas prosesi bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına (Mərkəzi Bank istisna olmaqla) qarşı başlanıla bilər. İflas prosesi vergi ödəyicisinə qarşı yalnız tam ödəmə qabiliyyəti və əmlakı olmadıqda başlanıla bilər. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim olunması tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi həm borclu, həm də kreditor tərəfindən verilə bilər.

Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanıla bilər.

Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı və ya olduğu yerdə baxılır. yuxarı

 

9.  Borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün şərtlər hansılardır?

 

Borclu ödəmə qabiliyyəti olmayan sayıldıqda iflas prosesinə başlanılır. Borclunun  ödəmə qabiliyyəti olmayan sayılması ya onun özü tərəfindən təsdiq edilir, yaxud bu fakt məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilir. Qanunun 3-cü maddəsində borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün aşağıdakı şərtlər müəyyən edilmişdir:

a) borclu kreditorun irəli  sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirmədikdə və ya;

b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirilməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir olmadıqda və ya;

c) borclu öz borclarını vaxtı çatdıqda ödəməyə qadir olmadıqda. yuxarı

 

10. İflasla bağlı məhkəməyə verilən iddia ərizəsində hansı məlumatlar göstərilir?

 

“Müflisləşmə və iflas haqqında” Qanunda iflas haqqında iddia ərizəsinin tərtib edilmə qaydası və həmin ərizədə göstərilməli olan rekvizitlər, ərizəyə əlavə edilməli olan sənədlər  göstərilmişdir. Həmin tələblərə əməl edilməməsi məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsinə, onun baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər.

İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:

- ərizənin verildiyi məhkəmənin adı;

- borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı;

- bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;

- borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat;

- “Müflisləşmə və iflas haqqında” Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;

- borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı;

- borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid olan halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. yuxarı

 

11. Məhkəməyə verilən iddia ərizəsinə əlavə olunan sənədlər hansılardır?

 

Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:

- iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd;

- ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı;

- “Müflisləşmə və iflas haqqında” Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir:

- iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti;

- borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti;

- sonuncu hesabat tarixinə olan mühasibat balansı. yuxarı

 

12.  İşə məhkəmədə baxılmamışdan qabaq həyata keçirilən hərəkətlər hansılardır?

 

İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi həmin məhkəmə baxışı haqqında Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı yeddi günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir. İflas haqqında elanın qeyd olunan qaydada dərc olunmaması qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə, yəni məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işin baxmadan saxlamasına səbəb ola bilər. İflas haqqında ərizənin və  ona  əlavə  olunmalı sənədlərin surətləri borcluya elan mətbuatda ilk dəfə dərc edilməzdən əvvəl təqdim olunmalıdır. yuxarı

 

13.  Son nəticədə məhkəmənin gəldiyi yekun qərarlar hansılardır?

 

İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır:

- borclunun müflis elan edilməsi  və əmlak inzibatçısının təyin edilməsi barədə;

- müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə;

- borclunu müflis elan etməkdən imtina barədə. yuxarı

 

14. Məhkəmənin iştirakı olmadan iflas prosesinə başlanmasının başlıca prosedurları hansılardır?

 

Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə tərəfindən başlanılması borclu müəssisə tərəfindən məhkəmə qaydasında iflas prosesinə başlanılmasını istisna etmir. Belə ki, məhkəmənin iştirakı olmadan iflas prosesinə başlamış borclu sonradan məhkəmə qaydasında iflas prosesinə başlanılması üçün məhkəməyə ərizə ilə də müraciət edə bilər.

İflas prosesinə borclu müəssinin özü tərəfindən başlanıldıqda borclu müəssisə kreditorların yığıncağı barəsində kreditorlara  (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanına) bildiriş göndərir. Kreditorların yığıncağı borclu müəssisə tərəfindən iflas prosesinə başlamaq qərarının qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir. Kreditorların ilkin yığıncağında kreditorlar iflas prosesinə başlamaq barəsində borclunun qərarını təsdiq etməli və borclunun müflis elan olunmasına dair səsvermə keçirməli, ehtimal olunan əmlak inzibatçısının təyinatını təsdiq etməli və ya yeni əmlak inzibatçısını seçməlidirlər.

Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bununla əlaqədar borclunun müdiri əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməz. Əmlak inzibatçısı təyin olunmasından ən azı 14 gün sonra öz fəaliyyəti barədə hesabat hazırlayıb kreditorlara və məhkəməyə təqdim edir. Hesabatda borclunun maliyyə vəziyyətini əks etdirən məlumatlar (mühasibat balansı, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı, kreditorların tələblərini ödəmək üçün mövcud pul vəsaitinin axını barəsində məlumat və s.) göstərilir.

Kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Qeyd olunan maddənin tələbinə əsasən vergi borcları barədə məlumatları göstərilən müddətdə yazılı şəkildə əmlak inzibatçısına (və ya borcluya) təqdim etməlidirlər.  

Kreditorların hər hansı tələbinə əmlak inzibatçısı tələbi aldığı vaxtdan 30 gün müddətində baxır.

Əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər. Əmlak inzibatçısı tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. Kreditorların tələbi əmlak inzibatçısı tərəfindən hər hansı səbəbdən rədd edildikdə (əgər bu rədd etmə qanunsuzdursa), kreditor tərəfindən əmlak inzibatçısının qərarından məhkəməyə müraciət edilə bilər.

Borclunun müflis olma məqamı borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minmə tarixi və ya kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixidir. yuxarı

 

15.  Hansı hallarda iflas prosesinə xitam verilir?

 

“Müflisləşmə və iflas haqqında” Qanuna əsasən məhkəmə borclu barəsində iflas prosesinə aşağıdakı hallarda xitam verə bilər:

1. Əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda,

2. Bütün kreditorların tələbləri tamamilə ödənildikdə,

3. Əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə,

4. Məhkəmənin buna müvafiq saydığı başqa hallarda.

İflasa 2-ci və 3-cü bəndlərdə göstərilən hallar istisna olmaqla, digər hallarda xitam verilmişdirsə, onda borclu qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv olunur (buraxılır, lisenziyası alınır və s.).

 

Fərdi borclunun iflasına xitam verildikdən sonra iflasa qədər mövcud olmuş bütün borclar (yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün alimentlər və xərclik) istisna olmaqla tamamilə ödənilmiş sayılır. yuxarı

 

16.  Müflisləşmə və iflasla bağlı qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri hansılardır?

 

Borclu tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın, əmlak öhdəliklərinin, əmlaka dair məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması, borclu təşkilatın rəhbəri və ya mülkiyyətçsi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi  (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 210-cu maddəsi), kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 211-ci maddəsi), kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 212-ci maddəsi) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. yuxarı

 

 

 

 

 

 

 








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.