Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının vergilər nazirinin
16 may 2017-ci il tarixli 1717040100745900
nömrəli əmri ilə təsdiq edilmişdir

 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin keçirilməsi

Q A Y D A L A R I

 

1. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin keçirilməsi Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə və digər aidiyyəti hüquqi aktların, eləcə də Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır.  

2. “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin (bundan sonra – müsabiqə) keçirilməsində əsas məqsəd gələcəyin vergi ödəyiciləri olan şagirdlərdə vergi mədəniyyətinin formalaşdırılması, onların vergilər haqqında biliklərinin artırılması, ölkənin iqtisadi qüdrətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsində vergilərin ödənilməsinin mühüm rol oynadığını onlara aşılamaq üçün zəmin yaradılmasından ibarətdir.

3. Bu Qaydalar şagirdlər arasında müsabiqənin təşkili, keçirilməsi, nəticələrinin rəsmiləşdirilməsi qaydasını və bununla bağlı digər məsələləri müəyyən edir.

4. Müsabiqədə şəhər və rayonların orta ümumtəhsil məktəblərində, uşaq-gənclər yaradıcılıq mərkəzlərində və aidiyyəti üzrə digər qurumlarda təhsil alan şagirdlər iştirak edə bilərlər.

5. Müsabiqə bir qayda olaraq hər il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilir və iyun ayının 1-dən gec olmayaraq başa çatdırılır.

6. Müsabiqə vergilər mövzusunda rəsm və inşa müsabiqələrindən ibarətdir.

6.1. rəsm müsabiqəsi aşağıda qeyd edilən 2 yaş  qrupu üzrə aparılır:

- I yaş qrupu – 6-10 yaş;

- II yaş qrupu – 11-16 yaş.

6.2. inşa müsabiqəsi 9-16 yaş qrupuna daxil olan iştirakçılar arasında keçirilir. 

7. Müsabiqə seçmə mərhələ və yekun mərhələ olmaqla iki mərhələdə keçirilir.  Müsabiqənin keçirilmə mərhələləri, başlanma və başa çatma tarixləri bu Qaydaların 9.1-ci yarımbəndinə əsasən hazırlanmış proqrama uyğun həyata keçirilir.

8. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti (bundan sonra – Departament) müsabiqənin keçirilməsinə məsul strukturdur.

9. Müsabiqənin keçirilməsi üzrə Departament aşağıdakıları həyata keçirir:

9.1. hər il üzrə keçirilməsi nəzərdə tutulan müsabiqənin təşkilinə dair proqram hazırlamaq və tədbirin proqrama uyğun keçirilməsini təmin etmək;

9.2. müsabiqənin keçirilməsi üzrə vergi orqanları, şəhər və rayon təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri ilə koordinasiyanı təmin etmək;

9.3. müsabiqə və onun şərtləri barədə elan hazırlamaq və KİV-lərdə yayımlanmasını təşkil etmək;

9.4. müsabiqənin yekun mərhələsində iştirak edəcək namizədlər, onların rəsm və inşaları barədə məlumatları ümumiləşdirmək;

9.5. müsabiqənin yekun mərhələsinin yerini və vaxtını müəyyənləşdirmək və bu barədə vergi orqanlarına məlumat vermək;

9.6. müsabiqənin yekun mərhələsinin nəticələrinin müəyyən edilməsi üçün münsiflər heyətini formalaşdırmaq;

9.7. müsabiqənin bu Qaydalara uyğun şəffaf, obyektiv və yüksək səviyyədə keçirilməsi və vaxtında başa çatdırılmasını təmin etmək;

10. Müsabiqənin seçmə mərhələsinin təşkili və keçirilməsi üzrə vergi orqanları aşağıdakıları həyata keçirir:

10.1. müsabiqənin keçirilməsi barədə şəhər və rayonların orta ümumtəhsil məktəblərində, uşaq-gənclər yaradıcılıq mərkəzlərində və aidiyyəti üzrə digər qurumlarda məlumatlandırma işləri aparmaq, tədbir haqqında elanlar vermək və “Vergi dostları”nı bu tədbirlərin təşkilinə cəlb etmək;

10.2. nəzarət əhatələrinə daxil olan  şəhər və rayonların orta məktəbləri və uşaq-gənclər yaradıcılıq mərkəzləri əhatə olunmaqla rəsm və inşa müsabiqəsinin seçmə mərhələsini keçirmək;

10.3. müsabiqənin keçirilməsində təhsil müəssisələrinə, uşaq-gənclər yaradıcılıq mərkəzlərinə lazımi köməklik göstərmək;

10.4. müsabiqənin seçmə mərhələsinin  nəticələrinin (qaliblərinin) müəyyən edilməsi üçün şəhər və rayon təhsil şöbəsinin, uşaq-gənclər yaradıcılıq mərkəzlərinin və “Vergi dostları” layihəsinin nümayəndələrindən ibarət münsiflər heyəti yaratmaq və hər yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş iştirakçıları müəyyən etmək;

10.5. hər yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş iştirakçının adı, soyadı və atasının adı, təmsil olunduğu şəhər (rayon), oxuduğu məktəb, sinif, müəllifi olduğu rəsm və inşa barədə məlumatı Departamentə təqdim etmək;

10.6. yekun müsabiqədə iştirak edəcək namizədlərin müəyyən edilən yerə vaxtında gəlmələrini təşkil etmək;

10.7. müsabiqənin bu Qaydalara uyğun həyata keçirilməsi üçün digər zəruri tədbirləri yerinə yetirmək.

11. Müsabiqənin seçmə mərhələsi proqrama uyğun Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhərinin rayonları, ərazi vergi orqanları tərəfindən nəzarət əhatələrinə daxil olan şəhər və rayonları əhatə edilməklə keçirilir.

12. Bu Qaydaların 6-cı bəndində qeyd edilən yaş qrupları üzrə seçmə mərhələdə 1-ci yerləri tutan qaliblər yekun mərhələdə iştirak hüququ qazanırlar.

13. Seçmə mərhələ üzrə qiymətləndirmə təqdim edilmiş rəsm və ya inşada əks etdirilmiş mənanın vergilər mövzusuna uyğunluğu, ideya və qabiliyyət meyarları, yekun mərhələ üzrə qiymətləndirmə isə təqdim edilmiş rəsm və ya inşada əks etdirilmiş mənanın vergilər mövzusuna uyğunluğu və ideya meyarları əsasında  1-10 ballıq şkala ilə aparılır və nəticədə qeyd olunan meyarlar üzrə verilmiş ballar cəmlənərək qaliblər müəyyən edilir.

14. Eyni nəticə əldə etmiş iştirakçılardan üstünlük ideya meyarı üzrə ən yüksək nəticə göstərmiş iştirakçıya verilir.

15. Departament tərəfindən yekun mərhələnin keçirilməsi vaxtı və yeri barədə məlumat vergi orqanlarına bildirilir.

16. Müsabiqənin yekun mərhələsinin münsiflər heyətinin tərkibi Departamentin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin, şəhər və rayon təhsil müəssisələrinin və ya uşaq-gənclər yaradıcılıq mərkəzlərinin təmsilçilərinin iştirak etdiyi minimum 3 nəfərdən ibarət olmaqla müəyyən edilir.

17. Yekun mərhələ Departament tərəfindən təşkil edilir. Müsabiqənin yekun mərhələsində qaliblərin müəyyən edilməsi münsiflər heyəti tərəfindən həyata keçirilir.

18. Müsabiqənin yekun mərhələsi başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən rəsm müsabiqəsi (hər yaş qrupu üzrə ayrıca) və inşa müsabiqəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş  rəsm əsərləri və inşalar müəyyən edilir və onların müəlliflərinə diplom (diplom formaları Qaydalara əlavə edilir) və hədiyyələr təqdim edilir.

19. Yekun mərhələnin iştirakçılarına müsabiqədə iştirakla bağlı sertifikatlar təqdim edilir (sertifikat forması Qaydalara əlavə edilir).

20. Vergilər Nazirliyinin Tədris Mərkəzi müsabiqənin təşkilinə dair proqrama uyğun yekun mərhələnin təşkilində, münsiflər heyətinin tərkibində, nəticələrin müəyyən edilməsi və qaliblərin təqdimatı mərasimində iştirak edir.

21. Vergilər Nazirliyinin Maliyyə və təminat departamenti müsabiqənin təşkilinə dair proqrama uyğun yekun mərhələnin təşkili üzrə zəruri təchizat məsələlərini həyata keçirir.

22. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi müsabiqə və onun nəticələri barədə məlumatların kütləvi informasiya vasitələrində yayımlanmasını təmin edir.

 

ƏLAVƏ 1

ƏLAVƏ 2

ƏLAVƏ 3 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.