Ə M R
№ 0817040100094800
Bakı şəhəri « 05» fevral 2008-ci il
Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının
fəaliyyətinin təşkili barədə
Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 992 №-li Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)»nda vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi istiqaməti üzrə vergi ödəyiciləri üçün kompüter terminallarının qurulması nəzərdə tutulmuşdur.
Bu məqsədlə vergi ödəyiciləri üçün kompüter terminalının layihəsi hazırlanmış, regionlarda kompüter terminallarının qurulacağı yerlər müəyyən edilmiş və onların tikintisi həyata keçirilmişdir. Istifadəyə verilmiş kompüter terminallarında fəaliyyətin təşkili və onlardan səmərəli istifadə, eyni zamanda dövlət-sahibkar münasibətlərinin ardıcıl olaraq inkişaf etdirilməsi, sahibkarlığa dövlət köməyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ (hüquqi, informasiya, metodiki və s.) xidmətlərin göstərilməsi və sahibkarlıq subyektləri təşkilatlarının bu proseslərə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 15.1-ci və 15.11-ci bəndlərini rəhbər tutaraq
Ə M R E D İ R Ə M:
1. “Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Mirdaməd Sadıqova tapşırılsın ki, 5 gün müddətində Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Partnyorluq Sazişinin və bu əmrlə təsdiq olunmuş Qaydalara uyğun “Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının birgə istifadəsi haqqında” müvafiq müqavilənin hazırlanmasını təmin etsin.
3. Ərazi Vergilər İdarələrinin rəislərinə tapşırılsın:
- bu əmrlə təsdiq olunmuş Qaydaların 3.2-ci bəndində göstərilən Ərazi Vergilər İdarəsinin əməkdaşının ayrılmasını, bu əmrlə təsdiq olunmuş Qaydaların 3.3-cü bəndinə uyğun olaraq vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalına işləmək üçün təqdim edilən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsinin hazırlıq səviyyəsinin yoxlanılmasını və müvafiq məlumatın Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinə təqdim edilməsini;
- vergi ödəyicilərinə xidmət terminalının bu əmrlə təsdiq olunmuş Qaydalara və “Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının birgə istifadəsi haqqında” müqaviləyə uyğun fəaliyyət göstərməsini təmin etsinlər.
4. Vergilər Nazirliyinin Aparatının rəhbəri, vergi xidməti müşaviri Asif Cahangirova tapşırılsın ki, vergi ödəyicilərinə xidmət üzrə yaradılan kompüter terminalları, Vergilər Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında kompüter terminalının birgə istifadəsi haqqında kütləvi informasiya vasitələrində məlumat və izahatların verilməsi ilə bağlı müvafiq tədbirlər görsün.
5. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın:
- vergi ödəyiciləri üçün yaradılan kompüter terminallarının bu əmrlə təsdiq edilmiş Qaydalara və “Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının birgə istifadəsi haqqında” müqaviləyə uyğun təşkili və səmərəli fəaliyyəti üçün lazımi tədbirləri həyata keçirsin;
- vergi ödəyicilərinə xidmət üzrə yaradılan kompüter terminalları, onların ünvanı və fəalliyyəti barədə məlumatların Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Maliyyə-təsərrüfat idarəsinin rəisi, vergi xidməti müşaviri Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrlə təsdiq olunmuş Qaydaların, o cümlədən “Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının birgə istifadəsi haqqında” müqavilənin tələblərindən irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 992 №-li Sərəncamı və vergilər nazirinin 14 noyabr 2005-ci il tarixli F-310 saylı əmri.
Vergilər nazirinin 1-ci müavini,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Şahin Mustafayev
geriyə
|