N 0817030008207900
07.07.2008

 

Metodiki Göstərişlərin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin və əlavə dəyər vergisinin depozit hesabının tətbiqi ilə əlaqədar olaraq vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun təkmilləşdirilməsi, habelə kameral vergi yoxlamasının keyfiyyətinin artırılması məqsədi ilə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnamənin 15.1-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1.“Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması qaydaları haqqında Metodiki Göstərişlər” təsdiq edilsin (əlavə olunur).
2. Vergilər Nazirinin 28 avqust 2003-cü il tarixli A-163 № li Əmri ilə təsdiq edilmiş “Bəyannamələrin kameral vergi yoxlamasının aparılması qaydaları haqqında” Metodiki Göstərişlərdə aşağıdakı dəyişikliklər edilsin:
a)“Kameral vergi yoxlamasının keçirilməsi qaydaları”nın 8-ci bəndi üzrə,
-1-ci abzasda mötərizədə yazılmış “büdcədən ödənilməli vəsait göstərilmiş bəyannamələr istisna olmaqla” cümləsi çıxarılsın;
-2-ci abzas “Təqdim edilmiş ƏDV bəyannamələrində 01.01.2008-ci il tarixdən əvvəl bank hesabı vasitəsi ilə satıcı vergi ödəyicisinə əvvəlcədən ödəniş göstərildiyi halda vergi ödəyicilərinin bəyannamələri araşdırılmaq üçün audit strukturuna göndərilir. Audit strukturu tərəfindən bəyannamədə göstərilən vergi hesab fakturalar üzrə əvvəlcədən ödənişlər ilkin sənədlər (bank çıxarış sənədləri, vergi hesab fakturaları və s.) əsasında ətraflı araşdırılır və müvafiq akt tərtib edilir. Tərtib olunmuş aktın bir nüsxəsi bəyannamələr şöbəsinə təqdim edilir. Audit strukturu tərəfindən qeyd olunan əvvəlcədən ödənişlər 01.01.2008-ci il tarixdən əvvələ aid olduğu təsdiq olunduğu zaman bəyannamələr şöbəsi tərəfindən vergi ödəyicisinin bəyannaməsində əks olunan əvəzləşmələr nəzərə alınır.” kimi yeni redaksiyada verilsin ;
-3-cü abzas çıxarılsın;
b)“Kameral vergi yoxlamasının keçirilməsi qaydaları”nın 14-17-ci bəndləri,”Büdcədən ödənilməli vəsait göstərilmiş bəyannamələrin araşdırılması” üzrə Proseslər xəritəsi (BŞ2) və qaydaların 8 və 9-cu Əlavələri ləğv edilsin.
3. Vergilər nazirinin 28 avqust 2003-cü il tarixli A-163 №-li Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması qaydaları haqqında” və “Büdcədən qaytarılası vəsaitlər üzrə əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyünün araşdırılması haqqında” Metodiki Göstərişlər qüvvədən düşmüş hesab edilsin.
4. Naxçıvan MR Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti, Bakı şəhəri Vergilər Departamenti, ərazi vergilər idarələri və şəhər (rayon) vergilər şöbələrinin rəhbərlərinə tapşırılsın ki, əmrlə təsdiq olunmuş metodiki göstərişin və digər dəyişikliklərin tələblərinə riayət edilməsini təmin etsinlər.
5. Kommersiya hüqüqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Zaur Fəti-zadəyə tapşırılsın ki, bu əmrdən irəli gələn tələblər nəzərə alınmaqla “AVİS”-də müvafiq dəyişikliklərin aparılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini, 3-cu dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova tapşırılsın.

 

Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov

 

geriyə