|
04.07.2005 N 08/01-06/80 Naxçıvan MR-nın Vergilər Nazirinə, İri vergi ödəyiciləri ilə iş üzrə departamentin, Bakı şəhəri Vergilər departamentinin, Ərazi vergilər idarələrinin və rayon Vergilər şöbələrinin rəislərinə Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında» 2005-ci il 17 may tarixli 91 nömrəli Qərarının 1-ci bəndi ilə «Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarının 3-cü bəndi 2005-ci il 1 iyul tarixindən qüvvədən düşmüş hesab edilmişdir. Göstərilən qərarın 2-ci bəndinə əsasən 2005-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikasında vergi ödəyiciləri tərəfindən tərtib edilən mühasibat, statistika hesabatlarında, vergi və yük-gömrük bəyannamələrində, gömrük, bank və bütün digər ödəniş sənədlərində və ciddi hesabat blanklarında, bağlanılan təsərrüfat müqavilələrində, habelə əhali ilə nağd hesablaşmaların aparılması üçün istifadə edilən nəzarət-kassa aparatlarının çeklərində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına əsasən, inventarlaşdırmadan keçmiş vergi ödəyicilərinə dövlət vergi orqanları tərəfindən verilmiş yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələri göstərilməlidir. 2005-ci il 01 iyul tarixdən vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində (vergilər və sosial sığorta üzrə ödəniş halları istisna olmaqla) VÖEN köhnə qayda ilə 9 (doqquz) rəqəmlə göstərildikdə, həmin sənədlər etibarsızdır və ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir. Qərarın 3-cü bəndi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün vergi ödəyicilərinə 2005-ci il iyulun 1-dən 9 (doqquz) rəqəmli VÖEN-lə çap etdirdikləri istifadə edilməmış ciddi hesabat blanklarının məhv edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust 118 nömrəli qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları» ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında» 2005-ci il 17 may tarixli 91 nömrəli Qərarının icrası məqsədilə Sizə tapşırılır: l. Göstərilən qərarın 1-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 N-li «Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə» qərarının 3-cü bəndi 2005-ci il 1 iyul tarixindən qüvvədən düşmüş hesab edildiyindən, 2005-ci il 01 iyul tarixədək inventarlaşmadan keçməmiş və yeni VÖEN almamış vergi ödəyiciləri uçota alınmamış kimi qiymətləndirilsin və belə vergi ödəyicilərinin yeni VÖEN alması və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi uçotunun ləğv edilməsi üçün tədbirlər görün. 2. 2005-ci il 01 iyul tarixdən sonra VÖEN alınması üçün müraciət etmiş vergi ödəyicilərinin 01 iyul 2005-ci il tarixdən sonrakı dövrdə fəaliyyəti olmadığı halda məsuliyyət tədbirləri görülməsin, fəaliyyəti olduğu halda isə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisinin fəaliyyətinin olub-olmamasının müəyyən edilməsi VÖEN alınması üçün verilən ərizələrin qəbulunu və VÖEN-nin verilməsini dayandırmır. 3. 2005-ci il 01 iyul tarixdən vergi ödəyicilərinin bəyannamələrində, məktublarında, ərizələrində, digər sənədlərində və NKA-nın çeklərində yeni VÖEN-lərin göstərilməsini təmin edən tədbirlər görün. 4. Vergi ödəyicilərinin köhnə qayda ilə 9 (doqquz) rəqəmli VÖEN-lə çap etdirdikləri istifadə edilməmiş ciddi hesabat blanklarının məhv edilməsinin təmin olunmasını nəzarətə götürün. Fazil Məmmədov 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri |