AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT
QEYDİYYATIVƏ DÖVLƏT
REYESTRİ HAQQINDA
[08 Yanvar, 2004, 10:53:03]
İ Fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasının ərazisində
hüquqi şəxslərin dövlət qeydiyyatının
və dövlət reyestrinin aparılmasının
hüquqi və təşkilati əsaslarını
müəyyən edir.
Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda aşağıdakı anlayışlardan
istifadə edilir:
2.0.1. hüquqi şəxs - Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs - Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaradılmış hüquqi
şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən
qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınması və dövlət reyestrinə daxil
edilməsi üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına müraciət edən
şəxs və ya şəxslər qrupudur;
2.0.4. nümayəndəlik - Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.5. filial - Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.6. təsis sənədləri - hüquqi şəxsin
və bu Qanunda göstərilən digər müvafiq
qurumların yaradılmasının və fəaliyyətinin
hüquqi əsaslarını təşkil edən
sənədlərdir;
2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı
- Azərbaycan Respublikasının ərazisində
hüquqi şəxs statusu almaq istəyən qurumların,
habelə xarici hüquqi şəxslərin Azərbaycan
Respublikasının ərazisində yaratdıqları
nümayəndəlik və ya filialların hüquq
qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun
müəyyənləşdirilməsi və onlar
barəsində məlumatların (qeydlərin) hüquqi
şəxslərin vahid dövlət reyestrinə
daxil edilməsidir;
2.0.8. hüquqi şəxslərin dövlət reyestri
- Azərbaycan Respublikasının ərazisində
qeydiyyata alınmış hüquqi şəxslər,
xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filialları, eləcə də Azərbaycan
Respublikasının ərazisində dövlət
qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və filialları və digər
qurumları barəsində vahid məlumatlar (qeydlər)
məcmusudur;
2.0.9. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə bu cür müəyyən edilmiş qurumlardır.
Maddə 3. Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında
qanunvericilik
Azərbaycan Respublikasında hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının
Mülki Məcəlləsindən, habelə Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 4. Hüquqi şəxslərin dövlət
qeydiyyatının və dövlət reyestrinin aparılmasının
ümumi qaydaları
4.1. Azərbaycan Respublikasının ərazisində
hüquqi şəxs statusu almaq istəyən qurum,
habelə xarici hüquqi şəxsin nümayəndəliyi
və ya filialı dövlət qeydiyyatına alınmalı
və dövlət reyestrinə daxil edilməlidir.
Kommersiya təşkilatları, habelə xarici hüquqi
şəxslərin nümayəndəlikləri və
ya filialları yalnız dövlət qeydiyyatına
alındıqdan sonra fəaliyyət göstərə
bilərlər.
4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış hüquqi şəxslərin nümayəndəlik
və ya filialları və digər qurumları dövlət
reyestrinə daxil edilməlidir.
4.3. Hüquqi şəxs statusu almaq istəyən
qurumların, xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filiallarının dövlət qeydiyyatına
alınması üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə
və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi
şəxslərinin xüsusiyyətləri nəzərə
alınmaqla, dövlət rüsumu tutulur. Hüquqi
şəxslərin dövlət qeydiyyatının
və dövlət reyestrinin aparılması işinin
təkmilləşdirilməsi, dövlət qeydiyyatını
və dövlət reyestrini aparan orqanın maddi-texniki
bazasının möhkəmləndirilməsi məqsədi
ilə həmin rüsumun 15 faizi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının xüsusi
hesabına keçirilir.
4.4. Dövlət qeydiyyatına alınmış hüquqi
şəxslər, xarici hüquqi şəxslərin
nümayəndəlik və filialları, habelə
Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış hüquqi şəxslərin nümayəndəlik
və filialları dövlət reyestrinə rüsumsuz
daxil edilir. Dövlət reyestrində dəyişikliklər
rüsumsuz aparılır.
İİ Fəsil
Hüquqi şəxslərin dövlət qeydiyyatı
Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən
qurumun dövlət qeydiyyatına alınması barədə
müraciət
5.1. Hüquqi şəxs statusu almaq istəyən
qurumun dövlət qeydiyyatına alınması üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına ərizə ilə müraciət edilməlidir.
5.2. Ərizə təsisçi (bir neçə təsisçi
olduqda isə, bütün təsisçilər) və
ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs
tərəfindən imzalanır və notariat qaydasında
təsdiqlənir.
5.3. Ərizədə aşağıdakılar göstərilir:
5.3.1. təsisçi (təsisçilər) fiziki
şəxs olduqda - onun (onların) adı, soyadı,
atasının adı, yaşadığı yer, şəxsiyyətini
təsdiq edən sənədin nömrəsi və
verilmə tarixi;
5.3.2. təsisçi (təsisçilər) hüquqi
şəxs olduqda - onun (onların) adı, olduğu
yer və qeydiyyat nömrəsi;
5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən
imzalandıqda – habelə onun adı, soyadı, atasının
adı, yaşadığı yer, şəxsiyyətini
təsdiq edən sənədin nömrəsi və
verilmə tarixi və vəkalətnamə haqqında
məlumatlar.
5.4. Ərizəyə aşağıdakı sənədlər
əlavə edilir:
5.4.1. təsis sənədləri - hüquqi şəxs
statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri)
və ya onun (onların) səlahiyyətli nümayəndəsi
tərəfindən təsdiq edilmiş nizamnaməsi,
həmin qurumun yaradılması və nizamnaməsinin
təsdiq edilməsi haqqında qərar (qərarda
hüquqi şəxs statusu almaq istəyən qurumun
təsisçiləri tərəfindən onun təsis
edilməsi niyyəti, birləşmə, ayrılma
və bölünmə zamanı yeni hüquqi şəxs
yaradılarkən yenidən təşkilin şərtləri,
nizamnamənin təsdiq edilməsi, təyin edildiyi
halda, qanuni təmsilçi və onun səlahiyyətləri,
habelə təsisçilər tərəfindən
zəruri hesab edilən digər məsələlər
göstərilməli və bu qərar bütün
təsisçilər tərəfindən imzalanmalıdır);
5.4.2. dövlət rüsumunun ödənilməsi
haqqında sənəd;
5.4.3. təsisçi hüquqi şəxs olduqda -
onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın)
və nizamnaməsinin notariat qaydasında təsdiq
olunmuş surəti.
5.4.4. icraedici və sərəncamverici səlahiyyətlərə
malik olan qanuni təmsilçinin adı, soyadı,
atasının adı, yaşayış yeri barədə
məlumatları əks etdirən və onun təmsilçilik
səlahiyyətini təsdiq edən sənəd, habelə
notariat qaydasında təsdiq edilmiş imza nümunələri;
5.4.5. hüquqi şəxs statusu almaq istəyən
qurumun hüquqi ünvanını təsdiq edən
sənəd;
5.4.6. qanunla xüsusi olaraq nəzərdə tutulduğu
halda, digər sənədlər.
5.5. Yenidən təşkil nəticəsində yaradılan
qurumların dövlət qeydiyyatına alınması
barədə ərizəyə habelə aşağıdakılar
əlavə edilir:
5.5.1. yenidən təşkil haqqında qərar;
5.5.2. təhvil aktı və ya bölünmə balansı;
5.5.3. mətbuatda müvafiq elanın dərc olunması
barədə məlumat.
5.6. Ərizə surəti ilə birlikdə təqdim
edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır,
surəti isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin
əslinin qəbul edilməsi vaxtını göstərən
qeydlə müraciət etmiş şəxsə qaytarılır.
Ərizənin qəbul edilməsi hər hansı
digər formada da təsdiq oluna bilər.
5.7. Hüquqi şəxs Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş hallarda
məhkəmənin qərarı əsasında yenidən
təşkil edildikdə, məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı, bu Qanunun
5.5-ci maddəsinin tələblərinə riayət
edilməklə, həmin hüquqi şəxsin dövlət
qeydiyyatına alınması üçün əsasdır.
Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci maddəsində
göstərilmiş müddətdə həyata keçirilməlidir.
Maddə 6. Xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filiallarının dövlət qeydiyyatının
xüsusiyyətləri
6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin
və ya filialının dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 5-ci maddəsində
göstərilən sənədlərdən əlavə
aşağıdakılar təqdim olunmalıdır:
6.1.1. nümayəndəliyi və ya filialı yaradan
xarici hüquqi şəxs və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq
edilmiş əsasnamə (nümayəndəliyin və
ya filialın əsasnaməsində onu yaradan xarici
hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat
nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin
və ya filialın hüquq və vəzifələri,
idarə olunma və ləğv olunma qaydası və
təsisçi tərəfindən zəruri hesab
edilən digər məsələlər göstərilməlidir);
6.1.2. nümayəndəliyin və ya filialın yaradılması
haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi
olan hüquqi şəxsin qeydiyyatını təsdiq
edən sənəd - ticarət reyestrindən çıxarış
(qeydiyyat şəhadətnaməsi və s.). Bu halda
həmin sənəd hüquqi şəxsin yerləşdiyi
ölkədə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi və ya bu ölkədə
Azərbaycan Respublikasının mənafeyini təmsil
edən digər ölkənin diplomatik nümayəndəliyi
tərəfindən (belələri olmadıqda, müstəsna
hal kimi Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə
nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
6.1.4. nümayəndəliyi və ya filialı yaradan
xarici hüquqi şəxs tərəfindən verilmiş
etibarnamənin əsli və ya notariat qaydasında
təsdiq edilmiş surəti;
6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin
təyin edilməsi barədə həmin nümayəndəliyi
və ya filialı yaradan xarici hüquqi şəxsin
qərarının əsli və ya notariat qaydasında
təsdiq edilmiş surəti;
6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə
tutulmuş sənədlər xarici ölkələrin
notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6.1.3-cü
maddəsində müəyyən edilmiş qaydaya
əməl olunmalıdır.
Maddə 7. Hüquqi şəxs statusu almaq istəyən
xarici investisiyalı qurumun dövlət qeydiyyatının
xüsusiyyətləri
7.1. Hüquqi şəxs statusu almaq istəyən
xarici investisiyalı qurumun dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 5-ci maddəsində
göstərilən sənədlərdən əlavə,
aşağıdakılar təqdim olunmalıdır:
7.1.1. təsisçi xarici hüquqi şəxsdirsə,
onun qeydiyyatını təsdiq edən sənəd
- ticarət reyestrindən çıxarış,
qeydiyyat şəhadətnaməsi və s. (bu halda
həmin sənəd hüquqi şəxsin yerləşdiyi
ölkədə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi və ya bu ölkədə
Azərbaycan Respublikasının mənafeyini təmsil
edən digər ölkənin diplomatik nümayəndəliyi
tərəfindən (belələri olmadıqda, müstəsna
hal kimi Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə
nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
7.1.2. təsisçi əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olduqda, onun şəxsiyyətini
təsdiq edən sənədin surəti, habelə
bu Qanunun 7.1.1-ci maddəsində müəyyən
edilmiş qaydada leqallaşdırılmış,
vətəndaşı olduğu və ya daimi yaşadığı,
yaxud hər hansı üçüncü ölkədə
təsərrüfat fəaliyyəti ilə məşğul
olmasını təsdiq edən sənəd.
7.2. Azərbaycan Respublikasının ərazisində
daimi yaşayış hüququ əldə etmiş
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər təsis etdikləri xarici
investisiyalı qurumun dövlət qeydiyyatına alınması
üçün bu Qanunun 5-ci maddəsində müəyyən
edilmiş qaydada sənədləri Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən
qurumun dövlət qeydiyyatına alınması qaydası
8.1. Hüquqi şəxs statusu almaq istəyən
qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının dövlət qeydiyyatı,
bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata
keçirilməlidir.
8.2. Dövlət qeydiyyatına alınması üçün
ərizə və ona əlavə edilməli olan sənədlər
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən baxılması üçün
qəbul edilir və 30 gün müddətində
onların Azərbaycan Respublikasının Konstitusiyasına,
bu Qanuna və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına uyğunluğu yoxlanılır.
Müstəsna hallarda yoxlama zamanı əlavə
araşdırma aparılması zərurəti yarandıqda,
bu müddət daha 30 günə qədər artırıla
bilər.
8.3. Təqdim edilmiş sənədlərdə hüquqi
şəxs statusu almaq istəyən qurumun, habelə
xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının dövlət qeydiyyatına
alınması üçün imtinaya səbəb
olmayan çatışmazlıqlar aşkar edildikdə,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı həmin sənədləri müraciət
etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların
aradan qaldırılması üçün əlavə
olaraq 20 gün müddət təyin edir. İmtinaya
səbəb olmayan bütün çatışmazlıqlar
eyni vaxtda aşkar edilməli və aradan qaldırılması
üçün müraciət edənə təqdim
edilməlidir.
8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan
və ya həmin sənədlərdə aşkar
edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan
sonra 10 gündən gec olmayaraq müraciət edənə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dövlət qeydiyyatı
haqqında şəhadətnamə və ya dövlət
qeydiyyatına alınmasından imtina (qanunvericiliyin
həmin imtinaya səbəb olmuş müddəaları
göstərilməklə və izah edilməklə)
barədə yazılı məlumat verilir.
8.5. Hüquqi şəxs statusu almaq istəyən
quruma, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialına bu Qanunla müəyyən edilmiş
müddətdə dövlət qeydiyyatına alınmasından
imtina barədə cavab verilmədikdə, həmin
qurum dövlət qeydiyyatına alınmış
hesab olunur. Bu halda Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı 10 gündən
gec olmayaraq müraciət edənə dövlət
qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
8.6. Bu Qanunla müəyyən edilmiş müddətlər
hesablanarkən qeyri-iş günləri nəzərə
alınmır.
Maddə 9. Təsis sənədlərində edilmiş
dəyişikliklərin və qeydə alınmış
faktların sonrakı dəyişikliyinin qeydiyyata
alınması
9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filiallarının təsis
sənədlərinə edilən hər bir dəyişiklik,
eləcə də qeydə alınmş faktların
hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
9.2. Dəyişikliyin qeydiyyata alınması üçün
həmin dəyişikliyin baş verdiyi andan 40 gündən
gec olmayaraq Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına ərizə ilə müraciət
edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik
göstərilməli və həmin dəyişikliyi
təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə
zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı
5 gün müddətində dəyişikliyi qeydiyyata
alır.
Maddə 10. Yenidən qeydiyyat
10.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filiallarının hüquqi
ünvanı bir inzibati ərazi vahidindən digərinə
dəyişdikdə, qanunvericilikdə başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında reyestrə
daxil edilir və ona yeni reyestr nömrəsi verilir.
10.2. Qanunvericiliklə müəyyən edilmiş
digər hallarda da yenidən qeydiyyat aparıla bilər.
Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun
təminatı
11.1. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş əsaslardan başqa
hər hansı digər əsasa görə, hüquqi
şəxs statusu almaq istəyən qurumların,
habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filiallarının dövlət qeydiyyatına
alınmasından və dövlət reyestrinə
daxil edilməsindən, eləcə də dövlət
reyestrində dəyişiklklər edilməsindən
imtinaya yol verilmir.
11.2. Hüquqi şəxs statusu almaq istəyən
qurumun, xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının, habelə Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəlik və ya filialının
yaradılmasının məqsədəuyğun olmaması
mülahizələrinə görə onların müvafiq
olaraq dövlət qeydiyyatına alınmasından
və dövlət reyestrinə daxil edilməsindən
imtinaya yol verilmir.
11.3. Hüquqi şəxs statusu almaq istəyən
qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının dövlət qeydiyyatına
alınmasından, Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəlik və ya filialının dövlət
reyestrinə daxil edilməsindən, habelə təsis
sənədlərində edilmiş dəyişikliklərin
və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına
alınmasından yalnız aşağıdakı
hallarda imtina edilə bilər:
11.3.1. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına təqdim olunmuş sənədlər
Azərbaycan Respublikasının Konstitusiyasına,
bu Qanuna və digər qanunvericilik aktlarına zidd
olduqda;
11.3.2. hüquqi şəxs statusu almaq istəyən
qurumların məqsədləri, vəzifələri
və fəaliyyət formaları qanunvericiliyə
zidd olduqda;
11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin
tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya
təşkilatı qeydiyyata alınmış olduqda;
11.3.4. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsis
sənədlərində aşkar edilmiş çatışmazlıqlar
bu Qanunun 8.3-cü maddəsində müəyyən
olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
11.4. Hüquqi şəxs statusu almaq istəyən
qurumun, xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının, habelə Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəliyinin və ya filialının
müvafiq olaraq dövlət qeydiyyatına alınması
və dövlət reyestrinə daxil edilməsi, eləcə
də təsis sənədlərində edilmiş
dəyişikliklərin və reyestrdə qeydə
alınmış faktların sonrakı dəyişikliyinin
dövlət qeydiyyatına alınması üçün
bu Qanunda göstərilməyən sənədlərin
tələb olunmasına yalnız o halda yol verilir
ki, belə sənədlərin təqdim edilməsi
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş olsun.
11.5. Hüquqi şəxs statusu almaq istəyən
qurumun, xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının, habelə Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəliyinin və ya filialının
müvafiq olaraq dövlət qeydiyyatına alınmasından
və dövlət reyestrinə daxil edilməsindən,
eləcə də təsis sənədlərində
edilmiş dəyişikliklərin və reyestrdə
qeydə alınmış faktların sonrakı dəyişikliyinin
dövlət qeydiyyatına alınmasından qanunsuz
imtina və ya yayınma barədə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə
şikayət verilə bilər.
İİİ Fəsil
Hüquqi şəxslərin dövlət reyestri
Maddə 12. Hüquqi şəxslərin dövlət
reyestrinin əsas prinsipləri
12.1. Hüquqi şəxslərin dövlət reyestri
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
12.2. Hüquqi şəxslərin dövlət reyestri
vahid forma, metod və prinsiplər əsasında aparılır.
12.3. Hüquqi şəxslərin dövlət reyestri
Azərbaycan Respublikasının vahid informasiya ehtiyatıdır
və onun mühafizəsi və istifadəsi qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir
və təmin olunur.
12.4. Hüquqi şəxslərin dövlət reyestri
kağız və elektron daşıyıcılarda
tərtib edilir.
12.5. Kağız və elektron daşıyıcılardakı
qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə
digər qayda nəzərdə tutulmayıbsa, kağız
daşıyıcılardakı qeydlər üstun
qüvvəyə malik olur.
12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda
tərtib edilməsi vahid təşkilati, metodoloci
və texniki-proqram prinsiplərinin tətbiqinə
əsaslanmaqla, dövlətin digər informasiya sistemləri
və şəbəkələri ilə onun qarşılıqlı
əlaqədə və vəhdətdə fəaliyyət
göstərməsini təmin edir.
12.7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filiallarının dövlət
qeydiyyatına alınması məqsədi ilə
dövlət reyestrini aparan orqanın sorğusu əsasında
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həmin qurumlar üçün
eyniləşdirmə kodu alınır və onlar
həmin kod altında reyestrə daxil edilir.
12.8. Dövlət reyestri aşağıdakılardan
ibarətdir:
12.8.1. hüquqi şəxslərin, xarici hüquqi
şəxslərin nümayəndəlik və ya
filiallarının təşkili, qeydiyyatı, yenidən
təşkili, ləğv edilməsi barədə
məlumatlar;
12.8.2. təsis sənədlərində dəyişikliklər
edilməsi barədə məlumatlar;
12.8.3. Azərbaycan Respublikasının ərazisində
dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəliyi və ya filialı,
habelə digər qurumları barədə məlumatlar;
12.8.4. qanunvericiliklə müəyyən edilmiş
və saxlanmaq üçün qeydiyyat orqanına
təqdim edilmiş sənədlər toplusu.
12.9. Hüquqi şəxslərin dövlət reyestri
vahiddir, illər üzrə və Azərbaycan Respublikasının
hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər)
üzrə aparılır. Kommersiya və qeyri-kommersiya
hüquqi şəxslərinin reyestri ayrı aparılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə dövlət reyestri
digər meyarlar üzrə də aparıla bilər.
12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti
hüquqi şəxsin, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının hüquqi
ünvanı əsasında müəyyən edilir.
12.11. Dövlət reyestrinin aparılması qaydası,
dövlət reyestr kitabının, dövlət qeydiyyatı
haqqında şəhadətnamənin və dövlət
reyestrindən çıxarışın, saxlanmaq
üçün təqdim olunan imza nümunələrinin
formaları və ərizənin məzmunu Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 13. Dövlət qeydiyyatına alınmanı
və dövlət reyestrinə daxil edilməni təsdiq
edən sənəd
13.1. Dövlət qeydiyyatına alınmış
hüquqi şəxsə, habelə xarici hüquqi
şəxsin nümayəndəlik və ya filialına
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən onun dövlət qeydiyyatına
alınmasını təsdiq edən sənəd
- dövlət qeydiyyatı haqqında şəhadətnamə
verilir.
13.2. Dövlət qeydiyyatına alınmış
hüquqi şəxs, habelə xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialı barəsində
dövlət reyestrinə daxil edilmiş məlumatlar
dövlət reyestrindən çıxarışla
təsdiq edilir.
13.3. Dövlət qeydiyyatı haqqında şəhadətnamə
və ya dövlət reyestrindən çıxarış
möhürün, ştampın, firma blankının,
əmtəə nişanının hazırlanması,
habelə bank hesabının açılması və
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarında qeydiyyata alınması üçün
əsas sənəddir və bunlar üçün
hər hansı əlavə sənəd tələb
edilmir.
Maddə 14. Dövlət reyestrinə daxil edilən
məlumatlar
14.1. Dövlət reyestrində aparılan yazıda
reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı
məlumatlar əks etdirilməlidir:
14.1.1. qurumun adı (firma);
14.1.2. qurumun hüquqi ünvanı;
14.1.3. qurumun təşkilati-hüquqi forması;
14.1.4. maliyyə ili;
14.1.5. qurumun eyniləşdirmə kodu;
14.1.6. qurumun hər bir təsisçisinin adı,
soyadı, atasının adı, vətəndaşlığı
və yaşayış yeri; təsisçi hüquqi
şəxsdirsə, onun adı, hüquqi ünvanı
və qeydiyyatı haqqında məlumatlar;
14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı,
soyadı, atasının adı, vətəndaşlığı
və yaşayış yeri;
14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının
ərazisində və ya Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaratdığı qurumların
olduğu yer, təşkilati-hüquqi forması və
qeydiyyatı haqqında məlumatlar.
14.2. Dövlət reyestrində hüquqi şəxslər,
xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filialları üçün bu Qanunun 14.1-ci
maddəsində nəzərdə tutulmuş məlumatlardan
əlavə, hüquqi şəxsin təşkilati-hüquqi
formasından asılı olaraq aşağıdakı
məlumatlar göstərilməlidir:
14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin
mayasının miqdarı;
14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə
və ya səhmdar cəmiyyətində - nizamnamə
kapitalının miqdarı, hər bir təsisçinin
mayasının miqdarı, müşahidə şurası
yaradıldığı halda, onun hər bir üzvünün
adı, soyadı, atasının adı və yaşayış
yeri;
14.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət
predmeti və məqsədləri, fəaliyyət
ərazisi, fondlarda - himayəçilər şurasının
üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin
əmlak paylarının həcmi haqqında məlumatlar.
Maddə 15. Dövlət reyestrindən çıxarışlar
15.1. Dövlət qeydiyyatına alınmış
hər bir hüquqi şəxs, habelə xarici hüquqi
şəxslərin nümayəndəlik və ya
filialı və Azərbaycan Respublikasının ərazisində
qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı
qurumlar barədə məlumatlar dövlət reyestrinə
daxil edildikdən sonra dövlət qeydiyyatına alınması
və dövlət reyestrinə daxil edilməsi üçün
təqdim edilmiş sənədlər arxivə verilir.
15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət
reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən onun dövlət qeydiyyatına
alındığı və ya dövlət reyestrinə
daxil edildiyi vaxtdan ən geci 3 gün keçənədək
dövlət reyestrindən çıxarış
göndərilməlidir.
15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin
və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına
alındığı vaxtdan ən geci 3 gün keçənədək
müraciət etmiş şəxsə dövlət
reyestrindən çıxarış verilməlidir.
15.4. Dövlət reyestrindən çıxarışda
göstərilən məlumatların həcmi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
15.5. Dövlət reyestrindən çıxarışı
almış şəxs onun düzgünlüyünü
yoxlamalı və yanlışlıq aşkar etdikdə,
çıxarışın verildiyi vaxtdan 3 həftə
müddətində bu barədə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın
aşkar edilməsi barədə məlumatı yoxlamalı
və dövlət reyestrində müvafiq düzəlişlər
aparmalıdır.
15.6. Dövlət reyestrindən çıxarışdakı
hər hansı yanlışlıq barədə bu
Qanunun 15.5-ci maddəsində göstərilmiş
müddətdə məlumat verilmədikdə, dövlət
reyestrindəki yazı Azərbaycan Respublikasının
rəsmi qəzetində dərc edilir.
15.7. Dövlət reyestrindən çıxarışlar
sorğu əsasında üçüncü şəxslərə
də verilir.
15.8. Dövlət reyestrindən çıxarışlar
sənədlərin surəti şəklində də
verilə bilər. Sənədlərin surəti, dövlət
orqanları və təsisçilər istisna olmaqla,
digər şəxslərə rüsum ödənilməklə
verilir.
Maddə 16. Hüquqi şəxsin, xarici hüquqi
şəxsin nümayəndəlik və ya filialının
reyestrdən çıxarılması
16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialı qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada ləğv
edildikdə və ləğvetmə tədbirləri
həyata keçirildikdən sonra onların reyestrdən
çıxarılması barədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
ərizə ilə müraciət edilməlidir.
16.2. Ərizəyə aşağıdakı sənədlər
əlavə olunur:
16.2.1. ləğvetmə qərarı;
16.2.2. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qəbul
edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;
16.2.3. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının son vergi yoxlamasının
nəticələri barədə məlumat;
16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
və nizamnaməsinin (əsasnaməsinin) əsli
və möhürü;
16.2.5. qurumun ləğvi barədə məlumatın
mətbuatda dərc olunmasını təsdiq edən
sənəd;
16.2.6. hüquqi şəxs yenidən təşkil
formasında ləğv edildikdə, bu Qanunun 16.2.2
və 16.2.3-cü maddələrində nəzərdə
tutulmuş sənədlər istisna olmaqla, müvafiq
olaraq təhvil aktı və ya balansının surəti;
16.2.7. qanunvericilikdə nəzərdə tutulduğu
hallarda, digər sənədlər.
16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə
komissiyasının səlahiyyətli üzvləri
tərəfindən imzalanır və təqdim edilir.
16.4. Ərizə surəti ilə birlikdə təqdim
edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır,
surəti isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin
əslinin qəbul edilməsi vaxtını göstərən
qeydlə müraciət etmiş şəxsə qaytarılır.
Ərizənin qəbul edilməsi hər hansı
digər formada da təsdiq oluna bilər.
16.5. Ləğvetmə barədə zəruri sənədlər
təqdim edildikdən sonra Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin
qanunvericiliyin tələblərinə uyğunluğunu
yoxlayır və çatışmazlıq aşkar
edilmədikdə, ərizəni aldığı vaxtdan
7 gün müddətində qurumun reyestrdən çıxarılması
barədə qərar qəbul edir.
16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq
aşkar edildiyi halda, bu barədə müraciət
etmiş şəxslərə yazılı məlumat
verilir və çatışmazlığın aradan
qaldırılması tələb olunur.
16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan
sonra Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində
müəyyən edilmiş müddətdən gec
olmayaraq qurumun reyestrdən çıxarılması
haqqında qərar qəbul edir və bu barədə
müraciət etmiş şəxslərə məlumat
verir. Qurumun ləğv edilməsi barədə reyestrdə
müvafiq qeydlər aparılır.
16.8. Çatışmazlıqların aradan qaldırılması
barədə məlumat verilmədikdə, qurum 60 gün
ərzində reyestrdən çıxarıla bilməz.
Maddə 17. Dövlət qeydiyyatı barədə
məlumatlandırma
17.0. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı:
17.0.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialını dövlət
qeydiyyatına aldıqdan və dövlət reyestrinə
daxil etdikdən sonra bu barədə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına hər ay
müəyyən edilmiş formada məlumat göndərir;
17.0.2. qanunvericiliklə müəyyən edilmiş
hallarda dövlət qeydiyyatına alınmış
hüquqi şəxslər ləğv edildikdə
və ya dövlət reyestrindəki yazılar ləğv
edildikdə, Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarına bu barədə məlumat
verir.
Maddə 18. Dövlət reyestrinin aşkarlığı
18.1. Hər bir şəxs dövlət reyestrindəki
yazılarla tanış olmaq, dövlət reyestrindən
çıxarışı və qeydiyyat üçün
təqdim olunmuş sənədlərin surətlərini
tələb etmək hüququna malikdir. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
istənilən maraqlı şəxsin tələbi
ilə hüquqi şəxsin dövlət qeydiyyatına
alınması və ya alınmaması barədə
məlumat verməlidir.
18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin
nümayəndəlik və filiallarının dövlət
qeydiyyatına alınması və dövlət reyestrinə
daxil edilməsinə dair, habelə hüquqi şəxslərin
təşkili və fəaliyyəti ilə əlaqədar
dərc edilməsi qanunvericiliklə nəzərdə
tutulmuş digər məlumatlar ümumi tanışlıq
üçün rəsmi dövlət qəzetində
dərc edilir.
İV Fəsil
Yekun müddəalar
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyətə səbəb
olur.
Maddə 20. Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
20.2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına
alınması və dövlət reyestrinə daxil
edilməsi qaydası xüsusi qanunvericilik aktı
ilə tənzimlənən hüquqi şəxslərə
şamil edilmir.
20.3. "Hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli,
17-İQ saylı Azərbaycan Respublikasının
Qanunu qüvvəyə minənədək başqa
dövlət orqanlarında dövlət qeydiyyatına
alınmış hüquqi şəxslərin qeydiyyat
sənədləri bu Qanun qüvvəyə mindiyi
gündən 1 il müddətində onları qeydiyyata
almış orqanlar tərəfindən Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
təhvil verilməlidir. Bu sənədlər həmin
hüquqi şəxslər və ya onların təsisçiləri
tərəfindən də təqdim edilə bilər.
20.4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay
müddətində bütün hüquqi şəxslər,
xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filialları öz qanuni təmsilçiləri
haqqında məlumatları, onların imza nümunələrini,
əvvəllər bu məlumatlar təqdim edilməmişsə,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına təqdim etməlidirlər.
20.5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi
şəxslərin dövlət qeydiyyatı haqqında"
1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan
Respublikasının Qanunu qüvvədən düşmüş
hesab edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2003-cü il