AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

N 116

Bakı şəhəri, 22 iyun 2005-ci il

Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasınındəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə

«Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 189 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Bütün dövlət orqanları və təşkilatları, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri 2005-ci il oktyabrın 1-dək dövlət tərəfindən tənzimlənən qiymətlər və tariflər də daxil olmaqla malların, xidmətlərin və işlərin bütün topdansatış və pərakəndə satış qiymətlərini, xidmət tariflərini, habelə qiymətlərə əlavələri və güzəştləri 1 yeni manatın köhnə 5000 manata bərabər tutularaq yenidən hesablanmasını və həmin tarixdən etibarən 2006-cı il dekabrın 31-dək (həmin gün daxil olmaqla) qiymət kağızlarında və cədvəllərində, eləcə də reklamlarda qiymət və tariflərin eyni zamanda köhnə və yeni miqyasda göstərilməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi bu tədbirlər üzərində səmərəli nəzarətin təmin edilməsi üçün lazımi təşkilati-metodiki işləri həyata keçirsinlər.

2. Müəyyən edilsin ki:

qiymətlər miqyasının dəyişməsi ilə əlaqədar yenidən hesablama aparılarkən, qəpiyin kəsr hissələri əmələ gələrsə bu zaman məbləğ tam qəpiyədək yuvarlaqlaşdırılmalıdır. Qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa, məbləğ tam qəpiyədək azaldılmalı, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda məbləğ tam qəpiyədək artırılmalıdır;

mülki-hüquqi müqavilələrdən, o cümlədən bank əmanətlərindən irəli gələn öhdəliklər üzrə qalıq məbləği yeni qiymətlər miqyasına keçidlə əlaqədar yuvarlaqlaşdırma nəticəsində sıfıra enərsə, məbləğ bir qəpik kimi qəbul olunmalıdır;

yeni qiymətlər miqyasında dəyərlərin rəqəmlə ifadə olunması zamanı minlikləri ayırmaq üçün "nöqtə", manatla qəpiyi ayırmaq üçün isə "vergül" istifadə olunmalıdır.

3. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası 2006-cı il yanvarın 1-dən etibarən bütün ticarət, ictimai- iaşə və xidmət sahəsi obyektlərində əhali ilə nağd pul hesablaşmaları zamanı nəzarət-kassa aparatlarının yeni qiymətlər miqyası əsasında tətbiqini təmin etsin.

4.         Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, habelə ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinin və dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak edən digər dövlət orqanları və təşkilatlar büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasında normativlərin yeni qiymətlər miqyasında hesablanmasını təmin etsinlər.

5.         Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, digər dövlət orqanları və təsərrüfat subyektləri tarif (vəzifə) maaşlarını, mükafatlan və əmək haqqı sisteminə daxil olan digər ödəmələri, qonorarları, əməyin ödənilməsinin digər növlərini, habelə əhaliyə ödənilən bütün növ pensiyaları, müavinətləri və təqaüdləri 2006-cı il yanvarın 1-dən etibarən yeni qiymətlər miqyası əsasında ödəmək üçün müvafiq tədbirlərin görülməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar dövlət orqanları və təşkilatları vergilər, rüsumlar, sosial sığorta haqlan və digər dövlət ödənişləri üzrə qarşılıqlı borcların 2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə yeni qiymətlər miqyası əsasında hesablanmasını təmin etsinlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2006-cı il yanvarın 1-dən etibarən xəzinə hesabları üzrə əməliyyatların yeni qiymətlər miqyasında aparılmasını təmin etsin;

mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərində yeni qiymətlər miqyasına keçidlə əlaqədar olaraq mühasibat uçotunun aparılmasına dair lazımi normativ-metodoloji sənədləri qəbul etsin;

dövlət borcu üzrə öhdəlikləri, o cümlədən qiymətli kağızlarla rəsmiləşdirilən öhdəlikləri, habelə dövlət borcu üzrə gəlirlərin məbləğlərini 2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə yeni qiymətlər miqyası əsasında yenidən hesablasın;

2006-cı il yanvarın 1-dən etibarən 2001-ci il dövlət daxili uduşlu istiqraz vərəqələrinin nominal dəyərini və həmin istiqrazlar üzrə müəyyən olunmuş uduş məbləğlərini yeni qiymətlər miqyası əsasında hesablamaqla 2007-ci il yanvarın 1-dək ləğv olunması və müvafiq olaraq dövriyyəyə yeni növ istiqrazların buraxılması barədə təkliflər versin.

8.            Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Tikinti və Arxitektura Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən əsaslı tikinti, layihə-axtarış işləri və digər işlər, habelə əsaslı təmir üçün smeta-maliyyə hesablamalarının (smetaların) və smeta-normativ sənədlərin yeni qiymətlər miqyası əsasında hesablanmasını təmin etsinlər.

9.     Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi və digər əlaqədar dövlət orqanları qanunlarda, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, digər normativ hüquqi aktlarda sabit məbləğlərlə təsbit olunan müxtəlif dəyərlərin, ödəniş normalarının, o cümlədən şərti maliyyə vahidinin yeni qiymətlər miqyasında müəyyənləşdirilməsi barədə 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər versinlər.

10.       Məhkəmələrdə 2006-cı il yanvarın 1-dən məhkəmə aktlarında ödəmə məbləğləri yeni qiymətlər miqyasında göstərilsin.

11.       Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistikanın ayrı-ayrı sahələri üzrə dəyərlə ifadə olunmuş ötən illərin statistik göstəricilərinin 2005-ci il noyabrın 1-dək, 2005-ci ilin göstəricilərini isə 2006-cı il yanvarın sonunadək yeni qiymətlər miqyasına uyğun olaraq yenidən hesablanmasını və cari il oktyabrın 1-dək aidiyyəti dövlət orqanları ilə birlikdə 2005-ci il üçün illik və 2006-cı il üçün dövri statistik hesabat formalarında olan ölçü vahidlərinin yeni miqyasa uyğunlaşdırılmasını təmin etsin.

12.       Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi:

2006-cı il yanvarın 1-i tarixinə dövlət reyestrində investisiya qiymətli kağızlarının nominallarını yeni qiymətlər miqyasında təsdiq etsin və müvafiq dəyişikliklərin edilməsi üçün bütün depozitar və reyestrsaxlayıcı peşəkar fəaliyyət növləri ilə məşğul olan təşkilatlara bu barədə məlumat versin;

ödəniş tarixi 2006-cı il yanvarın 1-dən sonra müəyyən edilmiş qiymətli kağızların nominallarının yeni qiymətlər miqyasında göstərilməsini təmin etsin.

13.            Sənədləşdirilmiş qiymətli kağızların bütün emitentləri (veksellərdə- vekselsaxlayan tərəfindən) onların sahiblərinin ilk tələbi ilə qiymətli kağızlar (sertifikatlar) üzərinə müvafiq ştamp vurmaqla nominallarını yeni qiymətlər miqyasında rəsmiləşdirməsini təmin etsinlər.

14.            Qiymətlər miqyasının dəyişməsi nəticəsində səhmdar cəmiyyətlərinin nizamnamə kapitalları ilə səhmlərin yeni nominallarının cəmi arasında fərq yarandıqda, həmin fərq səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq həcmdə azaldılması və ya artırılması yolu ilə aradan qaldırılsın.

15. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, lotereya buraxılışları ilə məşğul olan lotereya təşkilatları 2005-ci ildə keçirilmiş, lakin ödənilməmiş lotereya üzrə uduşların məbləğlərinin 2006-cı il yanvarın 1-dən etibarən yeni qiymətlər miqyası əsasında ödənilməsini təmin etsinlər.

16.     Hüquqi şəxslərin dövlət qeydiyyatı orqanları qiymətlər miqyasının dəyişməsi nəticəsində 2006-cı il yanvarın 1-i tarixinədək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nizamnamə kapitalları
barədə reyestrdəki məlumatların yeni qiymətlər miqyasında nəzərə alınmasını təmin etsinlər.

17.     Azərbaycan Respublikasının Milli Bankı bank sistemində yeni qiymətlər miqyasına keçidi, o cümlədən ödəniş və informasiya sistemlərinin yeni qiymətlər miqyasına uyğunlaşdırılmasını təmin edən zəruri təşkilati-hüquqi tədbirləri həyata keçirsin.

18.     Bütün banklar 2006-cı il yanvarın 1-dən etibarən:

xidmət etdiyi hesab qalıqlarının yeni qiymətlər miqyasına keçirilməsini;

əmanətçilərin ilk müraciəti ilə əmanət sənədlərində hesab qalıqlarının yeni qiymətlər miqyasında göstərilməsini;

nağdsız əməliyyatların yalnız yeni qiymətlər miqyasında aparılmasını;

müştərilərin hesablarına köhnə qiymətlər miqyası ilə yönəldilən icra sənədlərinin yeni qiymətlər miqyasında icrasını təmin etsinlər.

19. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi:

2006-cı il yanvarın 1-dək köçürmə üçün rabitə müəssisələrinə daxil olmuş pul baratlarının bu müddətdən sonra yeni qiymətlər miqyası əsasında yenidən hesablanmasını təmin etsin;

buraxılmış poçt markaları üzərində, habelə 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılacaq poçt markaları üzərində nominalların yeni qiymətlər miqyasında göstərilməsini təmin etsin.

20.    Avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə edən bütün dövlət orqanları və təşkilatları, hüquqi və fiziki şəxslər bu sistemlərin yeni qiymətlər miqyasına uyğunlaşdırılmasını təmin etsinlər.

21.     "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və digər dövlət kütləvi informasiya vasitələri qiymətlər miqyasımın dəyişməsi (denominasiya) ilə bağlı dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatın əhaliyə geniş surətdə çatdırılmasını təmin etsinlər və əhalinin bu sahədə maarifləndirilməsi, o cümlədən yeni qiymətlər miqyasına keçidlə əlaqədar yuvarlaqlaşdırma haqqında ətraflı məlumatlandırılması, habelə lazımi təbliğat və təşviqat işlərinin aparılması üçün teleradio verilişlərində və digər kütləvi informasiya vasitələrində əlaqədar dövlət orqanlarına lazımi imkanlar yaratsınlar.

22. Əlaqədar dövlət orqanları və təşkilatları bu qərarın icrası ilə bağlı işçi qrupları yaratsınlar, zəruri tədbirlər planı işləməklə ardıcıl olaraq icrasını təmin etsinlər və bu barədə rübdə bir dəfə növbəti ayın 10-dan gec olmayaraq Milli Banka məlumat versinlər, Milli Bank isə öz növbəsində bu məlumatları ümumiləşdirərək həmin ayın 20-nə kimi Nazirlər Kabinetinə təqdim etsin.

23. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

24. Bu qərar kütləvi informasiya vasitələrində dərc olunsun.

Azərbaycan Respublikasının

Baş naziri

A. Rasi-zadə