|
Artıq ödәnilmiş vergilәrin, faizlәrin
vә maliyyә sanksiyalarının vergi ödәyicisinә
qaytarılması Qaydalarının tәsdiq edilmәsi
barәdә Azәrbaycan Respublikasının Nazirlәr
Kabinetinin Qәrarı Bakı şәhәri, 23 fevral 2001-ci il, N 48 Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevra tarixli 48 nömrәli qәrarı ilә tәsdiq edilmişdir Artıq ödәnilmiş vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının vergi ödәyicisinә qaytarılması Qaydaları 1. Ümumi müddәalar 1.1. Bu Qaydalar vergi ödәyicisindәn düzgün tutulmamış vә ya onun tәrәfindәn artıq ödәnilmiş vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının mәblәğlәrinin (bundan sonra - büdcәyә artıq ödәmәlәr) qaytarılması qaydalarını müәyyәn edir. 1.2. Bu Qaydalarda "vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar" dedikdә, verginin tam vә vaxtında büdcәyә ödәnilmәsinә nәzarәti hәyata keçirәn orqanlar nәzәrdә tutulur. 2. Vergi ödәyicisinin büdcәyә artıq ödәmәlәrin qaytarılması üzrә hüquqları Vergi ödәyicisi düzgün tutulmamış vә ya artıq ödәnilmiş verginin, faizlәrin vә maliyyә sanksiyasının mәblәğinin qaytarılmasını vә ya vergi ödәyicisinin müraciәtinә әsasәn digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsi hesabına aid edilmәsini, yaxud vergi ödәyicisinin razılığı ilә sonrakı öhdәliklәr üzrә ödәmәlәrin hesabına aid edilmәsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il әrzindә tәlәb etmәk hüququna malikdir. 3. Büdcәyә artıq ödәmәlәrin qaytarılması üçün tәlәb olunan sәnәdlәr 3.1. Vergi ödәyicisi büdcәyә artıq ödәmәlәrin qaytarılması üçün vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlara әrizә ilә müraciәt etmәlidir. Әrizәdә vergi ödәyicisinin eynilәşdirmә nömrәsi (VÖİN-ni), bank rekvizitlәri, artıq ödәmәlәrin mәblәği, onların yaranma tarixlәri vә sәbәblәri göstәrilmәlidir. 3.2. Әlavә dәyәr vergisi vә aksiz qaytarıldıqda vә ya әvәzlәşdirildikdә, әrizәyә konkret haldan asılı olaraq hesab-fakturaların, ödәniş sәnәdlәrinin, idxal-ixrac әmәliyyatlarının aparılması barәdә sәnәdlәrin vә bu әmәliyyatlar zamanı vergilәrin ödәnildiyini tәsdiq edәn ödәniş sәnәdlәrinin surәtlәri әlavә edilmәlidir. 4. Xarici diplomatik vә analoji nümayәndәliklәrin rәsmi istifadәsi, hәmçinin bu nümayәndәliklәrin diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi üçün nәzәrdә tutulan mallara vә xidmәtlәrә görә ödәnilmiş әlavә dәyәr vergisinin qaytarılması qaydası 4.1. Xarici diplomatik vә analoji nümayәndәliklәrin rәsmi istifadәsi, onların diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi üçün nәzәrdә tutulan mallar vә xidmәtlәr әlavә dәyәr vergisinә sıfır (0) dәrәcә ilә cәlb olunur. 4.2. Xarici diplomatik vә analoji nümayәndәliklәr onların rәsmi istifadәsi, hәmçinin diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi üçün nәzәrdә tutulan mallara, işlәrә vә xidmәtlәrә görә ödәnilmiş әlavә dәyәr vergisinin geri qaytarılması üçün vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlara әrizә ilә müraciәt etmәlidir. Әrizәdә xarici diplomatik vә analoji nümayәndәliklәrin tәmsil etdiklәri ölkәnin vә ya tәşkilatın adı, VÖİN-i, bank rekvizitlәri, qaytarılması tәlәb olunan mәblәğ göstәrilmәlidir. Әrizәyә әlavә dәyәr vergisinin ödәnildiyini sübut edәn hesab-fakturalar, nümayәndәlik işçilәrinin vә onlarla yaşayan ailә üzvlәrinin siyahısı әlavә olunmalıdır. 4.3. Xarici diplomatik vә analoji nümayәndәliklәrin, onların diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin siyahısında onların adları, soyadları, vәzifәlәri, akkreditә vәsiqәlәrinin nömrәlәri vә rәnglәri (nümayәndәliyin işçisinin akkreditә vәsiqәsinә әsasәn doldurulur) әks etdirilmәlidir. 5. Büdcәyә artıq ödәmәlәrin qaytarılması üzrә vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanların hәrәkәtlәri 5.1. Vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar vergi ödәyicisinin müraciәti әsasında aşağıdakıları yerinә yetirirlәr: 5.1.1. vergi ödәyicisinin büdcәyә artıq ödәmәlәrini digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsinә yönәldirlәr; 5.1.2. vergi ödәyicisinin razılığı ilә büdcәyә artıq ödәmәlәri sonrakı öhdәliklәr üzrә ödәmәlәrә yönәldirlәr; 5.1.3. büdcәyә artıq ödәmәlәrin qalan hissәsinin vergi ödәyicisinә qaytarılması üçün bu Qaydaların müddәalarına uyğun tәdbirlәr görürlәr; 5.1.4. Vergi Mәcәllәsindә başqa hallar müәyyәn edilmәmişdirsә, büdcәyә artıq ödәmәlәrin qalan mәblәğlәrini vergi ödәyicisinin yazılı әrizәsinә әsasәn 45 gün әrzindә vergi ödәyicisinә qaytarırlar. 5.2. Büdcәyә artıq ödәmәlәrin qaytarılması üçün müәyyәn edilmiş 45 günlük müddәt vergi ödәyicisinin bu barәdә әrizә verdiyi gündәn vәsaitin müvafiq dövlәt xәzinәdarlığının hesabından çıxdığı günәdәk olan dövrü әhatә edir. 5.3. Vergi ödәyicisi tәrәfindәn büdcәyә artıq ödәmәlәr digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsinә yönәldildikdә, vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar vergi ödәyicisinә bu barәdә 3 gün müddәtindә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formada bildiriş göndәrir. 5.4. Hesabat dövründә vergi tutulan dövriyyәsinin azı 50 faizi әlavә dәyәr vergisinә sıfır (0) dәrәcәsi ilә cәlb olunan vergi ödәyicisinә hesabat dövründә әvәzlәşdirilәn vergi mәblәğinin hesablanmış vergi mәblәğindәn artıq olan hissәsi vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlara әrizә verildiyi vaxtdan 45 gün әrzindә ona qaytarılır. Digәr vergi ödәyicilәrinin әvәzlәşdirilәn vergi mәblәğinin hesabat dövrü әrzindә hesablanmış vergi mәblәğindәn artıq olan hissәsi növbәti beş aya keçirilir vә bu ayların ödәmәlәrinә aid edilir, artıq ödәmәnin hәr hansı qalığı isә bu müddәt bitdikdәn sonra vergi ödәyicisinin әrizәsinә әsasәn 45 gün әrzindә qaytırılır. 5.5. Vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formada vergi ödәyicisinin büdcәyә artıq ödәmәlәrinin qaytarılması barәdә vә xarici diplomatik vә analoji nümayәndәliklәr üzrә 4 nüsxәdә rә`y tәrtib edirlәr. Rәydә ayrı-ayrı vergi növlәri üzrә artıq ödәnilmiş mәblәğlәr, habelә digәr vergilәr, faizlәr vә maliyyә-sanksiyaları üzrә borcların olmadığı әks etdirilmәli vә rәy müvafiq qaydada tәsdiq olunmalıdır. 5.6. Zәruri hallarda vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanların sәlahiyyәtli әmәkdaşı xarici diplomatik vә analoji nümayәndәliyin mәs`ul şәxsinә vә yaxud onların işçisinә (vә ya onun sәlahiyyәtli nümayәndәsinә), habelә malı (xidmәti, işi) tәqdim edәn vergi ödәyәcisinә vergilәrin ödәnilmәsi ilә әlaqәdar sorğu verә bilәr. 5.7. Tәrtib olunmuş rәyin 2 nüsxәsi vergi ödәyicisinin әrizәsi daxil olduğu tarixdәn 15 gün müddәtindә müvafiq әlavәlәrlә birlikdә artıq ödәmәnin qaytarılmalı olduğu müvafiq yerli maliyyә orqanına verilmәlidir. 5.8. Tәrtib olunmuş rәy nәticәsindә büdcәyә artıq ödәmәlәrin faktiki qaytarılmış mәblәğlәri maliyyә orqanlarının rәsmi mәlumatlarına әsasәn vergi ödәyicisinin şәxsi hesab vәrәqәsindә әks etdirilir vә büdcәyә daxilolmalar barәdә hesabatlarda nәzәrә alınır. 5.9. Vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar vergi ödәyicisinin büdcәyә artıq ödәmәlәrini digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsinә aid etdikdә, bu barәdә maliyyә orqanına müvafiq mә`lumatları rüb qurtardıqdan sonra növbәti ayın 5-dәk tәqdim etmәlidirlәr. 5.10. Müәyyәn mәblәğlәrin vergi ödәyicisinә sәhvәn qaytarıldığı bütün hallarda vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlar vergilәrin alınması üçün müәyyәn edilmiş qaydada tәmin mәblәğlәrin qaytarılmasını tәlәb etmәlidirlәr. 6. Büdcәyә artıq ödәmәlәrin qaytarılması üzrә maliyyә orqanlarının hәrәkәtlәri 6.1. Maliyyә orqanları vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlar tәrәfindәn verilmiş rәylәri müvafiq әlavәlәrlә birlikdә qәbul edir vә zәrurәt yarandıqda әlavә mәlumatlar tәlәb edә bilәrlәr. 6.2. Mәrkәzlәşdirilmiş gәlirlәrin qaytarılması tәlәb olunan zaman yerli maliyyә orqanlarına tәqdim olunmuş rәylәrin bir nüsxәsi bütün әlavәlәrlә birlikdә 5 gün müddәtindә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә tәqdim edilmәlidir. 6.3. Maliyyә orqanları artıq ödәmәnin yaranma yerindәn vә vergilәrin büdcә qanunvericiliyinә әsasәn yerli vә mәrkәzlәşdirilmiş gәlirlәrә aid edilmәsindәn asılı olaraq vәsaitin qaytarılmasını tә`min etmәlidirlәr. 6.4. Maliyyә orqanları tәrәfindәn vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlara artıq ödәmәnin qaytarıldığı barәdә 5 gün müddәtindә mәlumat verilir. 6.5. Dövlәt büdcәsinin mәdaxili büdcәyә artıq ödәmәlәrin faktiki qaytarılmış mәblәği qәdәr azaldılır. 7. Büdcәyә artıq ödәmәlәrin qaytarılması üzrә vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanların vә maliyyә orqanlarının mәsuliyyәti 7.1. Vergi ödәyicisi tәrәfindәn büdcәyә artıq ödәmәlәrin qaytarılması barәdә vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlara әrizә verildiyi tarixdәn mәblәğlәr geri qaytarılanadәk gecikdirilәn hәr gün üçün (ödәmә günü dә daxil olmaqla) vergi ödәyicisinә müvafiq mәblәğin 0,05 faizi mәblәğindә faiz ödәnilir. Bu faizlәrin ödәnilmәsi büdcә gәlirlәrinin azaldılmasına aid edilir. Vergi ödәyicisinin artıq ödәnilmiş mәblәğlәrinin qaytarılmasına dair vergilәrin büdcәyә daxil olmasını tә`min edәn orqanlara әrizә verdiyi müddәtdәn 45 gün әrzindә mәblәğ qaytarılarsa, vergi ödәyicisinә faiz ödәnilmir. 7.2. Büdcәyә artıq ödәmәlәrin qaytarılmasının gecikdirilmәsi vergi ödәyicisinin mövcud qaydalara riayәt etmәmәsi sәbәbindәn baş verdiyi halda gecikdirilmiş müddәt üçün faiz ödәnilmir. |