Azәrbaycan Respublikasının Nazirlәr Kabineti

Vergi ödәyicilәrinә eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi Qaydasının tәsdiq edilmәsi barәdә

Qәrar № 222


Bakı şәhәri, 21 dekabr 2000-ci il

«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında Azәrbaycan Respublikasının Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tә`min etmәk mәqsәdi ilә Azәrbaycan
Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. «Vergi ödәyicilәrinә eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi Qaydası» tәsdiq edilsin (әlavә olunur).

2. Mülkiyyәt formasından asılı olmayaraq bütün hüquqi şәxslәrin, onların filiallarının vә nümayәndәliklәrinin, habelә vergi ödәyicisi olan fiziki şәxslәrin (fәrdi sahibkarların) uçotu onlara Azәrbaycan Respublikasının dövlәt vergi orqanları tәrәfindәn vergi ödәyicisinin eynilәşdirmә nömrәsi verilmәklә aparılır.

3. Nәzәrә alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixәdәk uçota alınmış vergi ödәyicilәrinin eynilәşdirmә nömrәlәrini onlara әvvәllәr verilmiş identifikasiya nömrәlәri (VÖİN) tәşkil edir vә tәqdim olunan bildirişlәr vergi uçotuna alınmasını tәsdiq edәn şәhadәtnamәlәrә bәrabәr tutulur.

4. Azәrbaycan Respublikası Vergilәr Nazirliyinә tapşırılsın ki, 2001-ci il 1 yanvar tarixdәn vergi ödәyicilәrinin uçotunu Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә vә «Vergi ödәyicilәrinә eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi qaydası»na uyğun olaraq aparsın.

5. Azәrbaycan Respublikasının Dövlәt Gömrük Komitәsinә vә Dövlәt Statistika Komitәsinә tapşırılsın ki, öz işlәrindә Vergilәr Nazirliyi tәrәfindәn müәyyәn olunmuş qaydada hüquqi vә fiziki şәxslәrә verilәn vergi ödәyicisinin eynilәşdirmә nömrәlәrindәn istifadә etsinlәr.

6. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin «Vergi ödәyicilәrinin uçotunun tәkmillәşdirilmәsi barәdә» 1996-cı il 19 dekabr tarixli 182 nömrәli qәrarı öz qüvvәsini itirmiş hesab edilsin.

Azәrbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrәli qәrarı ilә tәsdiq edilmişdir


Vergi ödәyicilәrinә eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi
Qaydası

Bu Qayda Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә uyğun olaraq vergi ödәyicilәrinin vergi orqanlarında vahid prinsiplәr әsasında uçota alınması, onlara eynilәşdirmә nömrәlәrinin verilmәsi qaydasını vә vergi ödәyicilәrinin eynilәşdirmә nömrәlәrinin (bundan sonra — VÖEN) tәtbiq dairәsini müәyyәn edir.


1. Ümumi müddәalar

1.1. Hüquqi şәxslәr vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәr (fәrdi sahibkar) onların vergi ödәmәs vәzifәsini şәrtlәndirәn halların olub-olmamasından asılı olmayaraq vergi orqanlarında vergi ödәyicisi kimi uçota alınırlar.

1.2. Vergi ödәyicilәri vergi orqanında uçota durmağa, vergi orqanı isә vergi ödәyicilәrinin uçotunu aparmağa borcludurlar.

1.3. Vergi ödәyicisi olan hüquqi şәxs, onun filialları vә nümayәndәliklәri vә ya digәr tәsәrrüfat subyektlәri (obyektlәri) * olduğu yer üzrә, fiziki şәxs (fәrdi sahibkar) isә yaşadığı yer üzrә vergi orqanında uçota alınmalı vә onlara bütün vergilәr üzrә, o cümlәdәn Azәrbaycan Respublikasının gömrük sәrhәdindәn malların keçirilmәsi ilә bağlı ödәnişlәr üzrә Azәrbaycan Respublikasının bütün әrazisindә vahid olan
VÖEN verilmәlidir.

1.4. Vergi ödәyicisi kimi uçota alınmayan vergi agenti olan tәşkilatlar hüquqi şәxslәr üçün müәyyәn edilmiş qaydada olduqları yer üzrә vergi orqanlarında uçota alınırlar.

1.5. Daimi nümayәndәliklәrin vergi orqanlarında uçota alınması Azәrbaycan Respublikasının hüquqi şәxslәri üçün müәyyәn edilmiş qaydada hәyata keçirilir.

1.6. Vergi ödәyicisi haqqında mә`lumatlar qanunla müәyyәn olunmuş hallar istisna olmaqla, onun uçota alınması anından vergi sirri hesab olunur.

1.7. Vergi ödәyicisinin vergi uçotuna alınması yerinin müәyyәn edilmәsi ilә bağlı çәtinliklәr yarandıqda, onun uçota alınması yerini tәqdim olunmuş mә`lumatlar әsasında Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi müәyyәn edir.

1.8. Vergi ödәyicilәri olan hüquqi şәxslәr onların yuxarı tәşkilatlarına VÖEN verildikdәn sonra uçota alınırlar.

1.9. Vergi uçotuna alınma, yenidәn uçota alınma, uçotdan çıxarılma ödәnişsiz hәyata keçirilir.

1.10. Vergi ödәyicilәrinin uçota alınması onların әrizәlәrinә әsasәn hәyata keçirilir. Bu әrizәlәrin forması Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilir.


2. Vergi ödәyicilәri tәrәfindәn әrizәnin verilmәsi


2.1. Hüquqi şәxs, onun filial vә nümayәndәliklәri tәrәfindәn әrizәnin verilmәsi

2.1.1. Vergi uçotuna durmaq üçün hüquqi şәxs dövlәt qeydiyyatına alındığı gündәn, Azәrbaycan Respublikasında filial vә nümayәndәlik vә ya digәr tәsәrrüfat subyekti (obyekti) * vasitәsilә sahibkarlıq fәaliyyәti hәyata keçirildikdә isә — filialın vә ya nümayәndәliyin yaradılmasından 30 gün müddәtindә olduğu yer üzrә vergi orqanına әrizә tәqdim etmәlidir.

Hüquqi şәxslәrin dövlәt qeydiyyatından keçmә tarixi әdliyyә orqanlarının onlara dövlәt qeydiyyatına alınma haqqında sәnәdlәrin verilmәsi tarixini әks etdirәn arayışlarına әsasәn müәyyәn edilir.

2.1.2. Hüquqi şәxs uçota alınma barәdә verdiyi әrizә ilә birlikdә dövlәt qeydiyyatına alınması haqqında şәhadәtnamәnin vә tә`sis sәnәdlәrinin, rәhbәrin tә`yin olunmasını vә hüquqi şәxsin ünvanını tәsdiq edәn sәnәdlәrin bir nüsxәdә surәtlәrini, habelә rәhbәrin şәxsiyyәtini tәsdiq edәn sәnәdin mә`lumatlarını vergi orqanına tәqdim etmәlidir.

2.1.3. Ərizә vergi ödәyicisi olan hüquqi şәxsin, onun filial vә nümayәndәliyinin rәhbәri vә ya onların sәlahiyyәtli nümayәndәsi tәrәfindәn doldurulur. Ərizәdә göstәrilәnlәrin düzgünlüyünә hüquqi şәxsin, onun filial vә ya nümayәndәliyinin rәhbәri cavabdehdir.

2.1.4. Filialları vә digәr tәsәrrüfatçılıq subyektlәri olan hüquqi şәxs verdiyi әrizә ilә birlikdә hәmin filial vә tәsәrrüfatçılıq subyektlәrinin siyahılarını Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formada tәqdim etmәlidir. Hәmin mә`lumatlarda dәyişikliklәr baş verdikdә, hüquqi şәxs 30 gün müddәtindә bu barәdә әlavә mә`lumatlar tәqdim etmәlidir.

2.1.5. Hüquqi şәxsin uçotda olduğu vergi orqanının әrazisindәn kәnarda fәaliyyәt göstәrәn filialı, nümayәndәliyi vә ya digәr tәsәrrüfat subyekti (obyekti) olduqda, hüquqi şәxs vergi ödәyicisi kimi hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr digәr tәsәrrüfat subyektinin (obyektinin) olduğu yer üzrә uçota alınır. * Bu halda hüquqi şәxs özünün filial vә (vә ya) nümayәndәliklәrinin olduğu
(yerlәşdiyi) әrazi üzrә vergi orqanına Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formaya uyğun mә`lumat göndәrmәlidir. Hәmin mә`lumat vergi orqanlarına bu Qaydaların 2.1.4-cü bәndindә göstәrilәn müddәtdә vә qaydada çatdırılır.

2.1.6. Hüquqi şәxsin uçotda olduğu vergi orqanının yerlәşdiyi әrazinin hüdudlarından kәnarda yerlәşәn tәsәrrüfatçılıq subyektlәrinin olduğu әrazi üzrә vergi orqanı Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş forma üzrә mә`lumatların qeydiyyatını aparmalı vә bu barәdә hüquqi şәxsin uçotda olduğu vergi orqanına 5 (beş) iş günü әrzindә mә`lumat vermәlidir.

Vergilәr Nazirliyi tәrәfindәn müәyyәn edilәn iri vergi ödәyicilәri vә xüsusi vergi recimli müәssisәlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müәyyәn etdiyi qaydada mәrkәzlәşdirilmiş uçota alına bilәr. *

Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrә әsasәn xarici dövlәtin rezidentinin Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn vә daimi nümayәndәlik yaratmayan bölmәlәri, habelә Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 13.2.5.3-cü maddәsinә müvafiq olaraq idarәetmә yerinә görә rezident sayılan hüquqi şәxs vergi orqanında Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müәyyәn etdiyi qaydalara uyğun olaraq uçota alınır. *


2.2. Vergi ödәyicisi olan fiziki şәxs (fәrdi sahibkar) tәrәfindәn әrizәnin verilmәsi

2.2.1. Vergi ödәyicisi olan fiziki şәxs (fәrdi sahibkar) uçota alınmaq üçün yaşadığı yer üzrә vergi orqanına әrizә tәqdim etmәlidir.

2.2.2. Vergi ödәyicisi olan fiziki şәxsin (fәrdi sahibkarın) tәsәrrüfatçılıq subyektlәrinin qeydә alınması hüquqi şәxslәr üçün nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.

2.2.3. Ərizә vergi ödәyicisi olan fiziki şәxs (fәrdi sahibkar) vә ya onun sәlahiyyәtli nümayәndәsi tәrәfindәn doldurulur vә imzalanır.

Ərizәdә göstәrilәnlәrin düzgünlüyünә fiziki şәxs (fәrdi sahibkar) cavabdehdir.

2.2.4. Vergi ödәyicisi olan fiziki şәxs (fәrdi sahibkar) uçota durmaq üçün әrizә ilә birlikdә onun şәxsiyyәtini tәsdiq edәn sәnәdin surәtini vә yaşadığı yer haqqında mә`lumat tәqdim edir.

Vergi ödәyicisi olan fiziki şәxs (fәrdi sahibkar) uçota alındıqda, onun şәxsi mә`lumatlarına soyadı, adı, atasının adı, doğulduğu tarix vә yer, cinsi, yaşadığı ünvan, şәxsiyyәtini tәsdiq edәn sәnәd vә vәtәndaşlığı haqqında mә`lumatlar daxil edilir.


3. Vergi ödәyicilәrinin uçota alınması vә VÖEN verilmәsi

3.1. Vergi orqanına tәqdim olunan sәnәdlәr xüsusi curnalda tarixlәr üzrә ardıcıl nömrәlәrlә qeydә alınır vә qeydiyyat nömrәsi vergi ödәyicilәrindәn daxil olan әrizәlәrin müvafiq bәndindә yazılır.

3.2. Ərizәnin vә ona әlavә edilәn sәnәdlәrin tam şәkildә qәbuluna onları qәbul etmiş vergi orqanının mәs`ul işçisi qanunvericiliyә uyğun
mәs`uliyyәt daşıyır.

3.3. Vergi orqanı vergi ödәyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında әrizәnin vә digәr zәruri sәnәdlәrin vergi orqanına daxil olduğu gündәn sonrakı 10 gün müddәtindә hәyata keçirmәli vә hәmin müddәtdә dә vergi ödәyicisinә şәhadәtnamә vermәlidir.

3.4. VÖEN avtomatlaşdırılmış şәkildә xüsusi proqram tә`minatı vasitәsilә müәyyәn olunur. VÖEN doqquz rәqәmdәn ibarәt olmaqla vergi ödәyicisini uçota alan vergi orqanının kodunu vә vergi ödәyicisinin sıra nömrәsini әks etdirir.

Vergi ödәyicisinә VÖEN-ni әks etdirәn uçota alınma haqqında şәhadәtnamә verilir.

3.5. Şәhadәtnamә vergi ödәyicisinin uçotda olmasını tәsdiq edәn әsas sәnәd olmaqla, vergi ödәyicisinә bir dәfә verilir vә onda saxlanılır. Şәhadәtnamә itirildikdә vә ya yararsız hala düşdükdә vergi ödәyicisinin müraciәti әsasında şәhadәtnamәnin yeni nüsxәsi verilir. Bu zaman verilәn nüsxәnin üzәrindә şәhadәtnamәnin yeni nüsxә olması barәdә müvafiq qeyd aparılır. Şәhadәtnamәnin forması Azәrbaycan
Respublikasının Maliyyә Nazirliyi ilә razılaşdırılmaqla Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilir.

3.6. Şәhadәtnamәlәrin qeydiyyatı Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formaya uyğun aparılmalıdır.

3.7. Vergi ödәyicisi uçota alındıqdan sonra onun dövlәt qeydiyyatı haqqında şәhadәtnamәsinin әslindә VÖEN barәdә qeyd aparılır vә
şәhadәtnamә vergi ödәyicisinә qaytarılır.

3.8. Vergi ödәyicisi tәrәfindәn uçota alınması haqqında şәhadәtnamә alındıqdan sonra, bank idarәsindә hesab açmaq üçün әrizә verilir. Vergi orqanı bu әrizә әsasında vergi ödәyicisinә şәhadәtnamә-dublikat verir. Vergi ödәyicisinә verilәn şәhadәtnamә-dublikatların sayı mәhdudlaşdırılmır vә onların hәr biri nömrәlәnir. Şәhadәtnamә-dublikatın alınması üçün vergi ödәyicisi tәrәfindәn verilәn әrizәnin vә şәhadәtnamә-dublikatın forması Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilir.

Şәhadәtnamә-dublikat alındığı tarixdәn 10 gün müddәtindә hesab açılmaq üçün istifadә olunmadıqda qüvvәdәn düşmüş hesab edilir.

Şәhadәtnamә-dublikat iki hissәdәn ibarәtdir. Onun bir hissәsi vergi ödәyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digәr hissәsi isә bank idarәsinin müvafiq qeydlәri aparıldıqdan sonra onu vermiş vergi orqanına qaytarılır.

3.9. Şәhadәtnamә-dublikatla yalnız onda göstәrilmiş bankda hesab açmaq olar.

3.10. Şәhadәtnamә-dublikatın bildiriş hissәsi vergi ödәyicisi tәrәfindәn 10 gün müddәtindә qaytarılmadıqda, vergi orqanı bunun sәbәblәrini vergi ödәyicisi vә müvafiq bank idarәsi ilә dәqiqlәşdirmәlidir. Şәhadәtnamә-dublikat 10 gün әrzindә istifadә olunmadıqda, vergi ödәyicisinә verilmiş şәhadәtnamә-dublikat geri alınır vә hesabın açılmaması barәdә bankdan alınmış rәsmi mә`lumata әsasәn onun e`tibarsız olması haqqında vergi ödәyicisinin uçot mә`lumatlarında müvafiq qeydlәr edilir.

Şәhadәtnamә-dublikatların qeydiyyatı curnalının forması Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilir.


4. Eynilәşdirmә nömrәlәrinin işlәnilmәsi vә tәtbiqi dairәsi

4.1. VÖEN vergi ödәyicilәri tәrәfindәn mühasibat, statistika hesabatlarında, vergi haqq-hesablarında, bәyannamәlәrdә, tәsәrrüfat müqavilәlәrindә, hesab-fakturalarda, qaimәlәrdә, nәzarәt-kassa aparatlarının çeklәrindә, mәktublarda, habelә gömrük, bank vә bütün digәr ödәniş sәnәdlәrindә hökmәn göstәrilmәlidir.

Göstәrilәn sәnәdlәrdә xüsusi yer nәzәrdә tutulmadıqda, VÖEN bir qayda olaraq vergi ödәyicisinin adı ilә yanaşı yazılmalıdır.

4.2. Vergi orqanı vergi ödәyicisinә göndәrilәn bütün bildirişlәrdә onun eynilәşdirmә nömrәsini göstәrir.

4.3. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә uyğun olaraq vergi ödәyicisi hesab edilәn vergi ödәyicilәrinin hәr hansı tәdiyә, bank vә gömrük sәnәdindә VÖEN göstәrilmәdikdә, ödәnişi aparan müvafiq bank idarәlәri, vergi vә gömrük orqanları tәrәfindәn bu sәnәdlәrin icra üçün qәbul edilmәsinә yol verilmir.

4.4. Vergi ödәyicilәrinә bank hesabları (hesablaşma, valyuta, ssuda, cari vә sair) yalnız onlara eynilәşdirmә nömrәlәri verildikdәn sonra açılır.

4.5. Vergi orqanları tәrәfindәn vergi ödәyicilәrinin uçota alınması vә lәğv edilmәsi barәdә rüb başa çatdıqdan sonrakı 7 gün müddәtindә müvafiq statistika orqanlarına mә`lumat verilir.


5. Vergi ödәyicilәri haqqında uçot mә`lumatlarının dәyişdirilmәsi

5.1. Vergi ödәyicilәrinin uçot mә`lumatlarında dәyişikliklәr onların Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş forma üzrә tәqdim etdiklәri әrizәlәri әsasında aparılır.

5.2. Vergi ödәyicisinin olduğu yer vә ya yaşadığı yer dәyişdikdә, vergi orqanına bu cür dәyişiklik baş verdiyi gündәn 15 gün müddәtindә әrizә vermәlidir. Vergi ödәyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer vә yaşadığı yer dәyişdiyi barәdә әrizә ilә müraciәt etdiyi gündәn sonra 15 gün müddәtindә hәmin vergi orqanı vergi ödәyicisinin yenidәn uçota alınmasını (yә`ni әvvәlki vergi orqanından uçotdan
çıxarılması vә yeni vergi orqanında uçota alınması) hәyata keçirilmәlidir.

5.3. Vergi ödәyicisinin uçota alınması haqqında әrizәsindә göstәrilәn mә`lumatlarında hәr hansı bir dәyişiklik bu Qaydanın 5.2-ci bәndindә nәzәrdә tutulmuş müddәtlәrdә aparılır.

5.4. Vergi ödәyicisi olan hüquqi şәxsin VÖEN-nin tamamilә lәğv olunması aşağıdakı hallarda hәyata keçirilir:


a) qanunvericiliklә müәyyәn edilmiş qaydada hüquqi şәxsin lәğv edilmәsi barәdә qәrar qәbul olunduqda;

b) hüquqi şәxsin tәşkilati-hüquqi forması dәyişdikdә;

c) hüquqi şәxsin mülkiyyәt mәnsubiyyәti dәyişdikdә.


5.5. Vergi ödәyicisi olan fiziki şәxsin VÖEN-nin lәğvi onun vәfatı vә qanunvericiliklә yol verilә bilәn digәr hallarda mümkündür. Vergi ödәyicisi olan fiziki şәxslәr tәrәfindәn fәaliyyәtlәrinin dayandırılması onların uçotdan çıxarılmasına әsas vermir.

5.6. Vergi ödәyicisinin VÖEN-i lәğv edilәrkәn, onun uçota alınmasını tәsdiq edәn şәhadәtnamә vergi orqanına tәhvil verilir. Vergi orqanı şәhadәtnamә-dublikatın e`tibarsız hesab olunması barәdә bank idarәlәrinә mә`lumat vermәlidir.

5.7. Vergi orqanı uçotdan çıxarılmış vergi ödәyicilәrinin qeydiyyat curnalını Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş forma üzrә aparır.


6. Mәs`uliyyәt

Vergi ödәyicilәri uçota durmamağa vә VÖEN almamağa görә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi vә digәr normativ hüquqi aktları
ilә müәyyәn edilmiş qaydada mәs`uliyyәt daşıyırlar.


* Nazirlәr Kabinetinin 28.02.2002-ci il 34 N-li Qәrarı