| Mühasibat uçotu haqqında
Azərbaycan Respublikasının Qanunu
Fəsil I
Ümumi müddəalar
Maddə 1. Qanunun təyinatı
1.1. Bu Qanun mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən hüquqi
şəxslər, habelə hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər (bundan sonra mətndə - mühasibat
uçotu subyektləri adlandırılacaq) tərəfindən
mühasibat uçotunun təşkili və aparılması,
o cümlədən maliyyə hesabatlarının hazırlanması
və təqdim edilməsi qaydalarını tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində qanunla
nəzərdə tutulmuş hallar istisna olmaqla icra hakimiyyəti
orqanları və büdcədənkənar dövlət
fondları tərəfindən onların səlahiyyətləri
daxilində işlənib hazırlanmış mühasibat
uçotu ilə əlaqədar bütün normativ hüquqi
aktlar, habelə, tövsiyə xarakteri daşıyan sənədlər
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq,
təsdiq edildikdən sonra tətbiq edilə bilər.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu Qanunda istifadə edilmiş anlayışlar aşağıdakı
mənaları ifadə edir:
2.1.1. Uçot qaydaları-bu Qanuna əsasən maliyyə
hesabatlarını Milli Mühasibat Uçotu Standartlarına
müvafiq hazırlamalı olan mühasibat uçotu subyektləri
üçün ilkin sənədlərin və uçot
registrlərinin formasını müəyyənləşdirən
qaydalardır.
2.1.2. Qrup-əsas təsərrüfat cəmiyyəti (ortaqlığı)
və onun bütün törəmə cəmiyyətləridir.
2.1.3. Maliyyə hesabatlarının beynəlxalq standartları-Mühasibat
Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən
işlənib hazırlanmış, qəbul və ya təsdiq
olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları,
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
və Şərhlər üzrə Daimi Komitənin şərhləri,
habelə Maliyyə Hesabatları Şərhi üzrə
Beynəlxalq Komitənin müvafiq şərhləridir.
2.1.4. İctimai sektor üçün mühasibat uçotunun
beynəlxalq standartları -Mühasiblərin Beynəlxalq
Federasiyasının İctimai Sektor üzrə Komitəsi
tərəfindən işlənib hazırlanmış,
qəbul və ya təsdiq olunmuş mühasibat uçotu
standartlarıdır.
2.1.5. Milli Mühasibat Uçotu Standartları-müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən mühasibat uçotu standartlarıdır.
2.1.6. Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi
üzrə Şərhlər və Tövsiyələr-müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Milli Mühasibat
Uçotu Standartlarının müddəalarının
şərh olunması məqsədilə işlənib
hazırlanmış və təsdiq edilmiş metodoloci
təlimatlardır.
2.1.7. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş
uçotun aparılması qaydaları-müvafiq icra hakimiyyəti
orqanı tərəfindən kiçik sahibkarlıq subyektlərində
mühasibat uçotunun aparılması üçün
müəyyən edilmiş xüsusi qaydalardır.
2.1.8. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatları-əsas cəmiyyətin (ortaqlığın)
və onun törəmə cəmiyyətlərinin vahid
mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə
hesabatlarıdır.
2.1.9. İctimai əhəmiyyətli qurumlar-kredit təşkilatları,
sığorta şirkətləri, investisiya fondları,
qeyri-dövlət (özəl) sosial fondları, qiymətli
kağızları fond bircasında dövriyyədə
olan hüquqi şəxslər və maliyyə hesabatlarının
tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi meyar göstəricilərinin
(illik gəliri, hesabat ili ərzində işçilərin
orta sayı və balansın yekun məbləği) ikisindən
yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və
mövcud olan başqa qanunvericilik aktları ilə müəyyənləşdirilmiş
mənaları ifadə edir.
Maddə 3. Mühasibat uçotunun məcburiliyi
Bütün mühasibat uçotu subyektlərində mühasibat
uçotunun bu Qanunda müəyyən edilmiş müvafiq
mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş
uçotun qaydalarına uyğun aparılması məcburidir.
Fəsil II
Mühasibat uçotu sahəsində tənzimlənmə
Maddə 4. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsi
4.1. Azərbaycan Respublikasında mühasibat uçotu
sahəsində dövlət tənzimlənməsinin əsas
məqsədi kommersiya təşkilatları üçün
Maliyyə hesabatlarının beynəlxalq standartlarını
və onlara əsaslanan Milli Mühasibat Uçotu Standartlarını,
qeyri-kommersiya təşkilatları üçün isə
İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarına əsaslanan Milli Mühasibat
Uçotu Standartlarını hazırlamaqla və tətbiq
etməklə ölkədə mühasibat uçotunun
beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini
və maliyyə hesabatlarında şəffaflığı
təmin etməkdən ibarətdir.
4.2. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
4.3. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı:
4.3.1. Maliyyə hesabatlarının beynəlxalq standartlarının
və İctimai sektor üçün mühasibat uçotunun
beynəlxalq standartlarının Azərbaycan dilinə
tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq
Standartları Şurası, Mühasiblərin Beynəlxalq
Federasiyası və ya digər aidiyyəti orqanlardan bu
tərcümələrin Azərbaycan dilinə Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarının və
İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarının rəsmi mətnləri
kimi təsdiq edilməsini təşkil edir;
4.3.2. Milli Mühasibat Uçotu Standartlarını, Milli
Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə
Şərhləri, Tövsiyələri və Uçot
Qaydalarını işləyib hazırlayır və təsdiq
edir;
4.3.3. İcra hakimiyyəti orqanlarının və büdcədənkənar
dövlət fondlarının səlahiyyətləri daxilində
onlar tərəfindən işlənib hazırlanmış
mühasibat uçotu sahəsində normativ hüquqi aktların
və tövsiyə xarakteri daşıyan sənədlərin
tətbiq edilməsinə razılıq verir;
4.3.4. Maliyyə hesabatlarının beynəlxalq standartlarında
və İctimai sektor üçün mühasibat uçotunun
beynəlxalq standartlarında dəyişikliklərin izlənilməsi
və bu dəyişikliklərin Milli Mühasibat Uçotu
Standartlarında vaxtlı-vaxtında əks olunması
məqsədilə Mühasibat Uçotunun Beynəlxalq
Standartları Şurası və Mühasiblərin Beynəlxalq
Federasiyasının İctimai Sektor üzrə Komitəsi
ilə əməkdaşlıq edir;
4.3.5. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş
uçotun aparılması qaydalarını hazırlayır
və təsdiq edir;
4.3.6. Milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi
məqsədilə, peşəkar mühasib təşkilatları
ilə əməkdaşlıq edir.
4.4. Kredit təşkilatlarında mühasibat uçotu
qaydaları və hesabatların forma, məzmunu və dövriliyi
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırmaqla Azərbaycan Respublikasının
Milli Bankı tərəfindən müəyyən edilir.
Maddə 5. Mühasibat Uçotu üzrə Məsləhət
Şurası
5.1. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanına mühasibat uçotu və
maliyyə hesabatı sahəsində məsləhətlər
vermək məqsədilə Mühasibat Uçotu üzrə
Məsləhət Şurası yaradılır.
5.2. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı Maliyyə hesabatlarının
beynəlxalq standartlarının və İctimai sektor
üçün mühasibat uçotunun beynəlxalq standartlarının
tətbiqi, Milli mühasibat uçotu standartlarının
hazırlanması və Azərbaycan Respublikasında mühasibat
uçotunun inkişafına dair mühüm məsələlər
üzrə qərar qəbul etməzdən əvvəl
Mühasibat Uçotu üzrə Məsləhət Şurası
ilə məsləhətləşməlidir.
5.3. Mühasibat Uçotu üzrə Məsləhət
Şurası Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarının və İctimai Sektor üçün
Mühasibat Uçotunun Beynəlxalq Standartlarının
tətbiqində maraqlı olan təşkilatların və
şəxslərin Milli Mühasibat Uçotu Standartlarının
hazırlanması prosesində iştirakını təmin
etməklə dövlət hakimiyyəti orqanlarının,
kommersiya və qeyri-kommersiya təşkilatlarının,
mühasib peşəsini təmsil edən mütəxəssislərdən
və tədris müəssisələrinin nümayəndələrindən
ibarət olmalıdır.
5.4. Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının bütün üzvləri Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları və İctimai
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları haqqında əsaslı biliklərə malik
olan mütəxəssislərdən seçilməlidir.
5.5. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının vəzifəli şəxsləri
Mühasibat Uçotu üzrə Məsləhət Şurasının
tərkibinə sədr və ya üzv kimi daxil edilə
bilməzlər.
5.6. Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının Nizamnaməsi, sədri və üzvləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
5.7. Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının maliyyələşdirilməsi mühasibat
uçotu sahəsində dövlət tənzimlənməsini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
büdcəsindən ayırmalar və qanunvericiliklə
qadağan olunmayan digər mənbələr hesabına
təmin edilir.
Fəsil III
Mühasibat uçotu standartları
Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən
mühasibat uçotu standartları
6.0. Bu Qanuna müvafiq olaraq Azərbaycan Respublikasında
tətbiq edilən mühasibat uçotu standartları
aşağıdakılardır:
6.0.1. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş
mühasibat uçotu subyektləri tərəfindən
tam şəkildə istifadə edilmə məqsədilə
qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq
Standartları. Bu standartlara dəyişikliklər yalnız
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası
tərəfindən edilə bilər və onlar həmin
şura tərəfindən rəsmi şəkildə
qəbul edildikdən sonra qüvvəyə minir;
6.0.2. Bu Qanunun 10.1-ci maddəsində göstərilmiş
mühasibat uçotu subyektləri tərəfindən
istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi Kommersiya təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartları.Bu
standartlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları ilə nizamlanan bütün
məsələləri əhatə etməlidir. Maliyyə
hesabatlarının beynəlxalq standartlarının hər
hansı birinin bütövlükdə və ya onun hər
hansı müddəasını Kommersiya təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartlarına
daxil etməmək və ya daxil etməzdən əvvəl
dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarının ilkin
formasının tətbiq edilməməsinin səbəbi
və Kommersiya Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartları ilə Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları arasında mövcud olan hər
hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu
Standartlarının əlavəsində açıqlanmalıdır;
6.0.3. Bu Qanunun 13.1-ci maddəsində göstərilmiş
mühasibat uçotu subyektləri tərəfindən
istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi Büdcə Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartları.Bu
standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları əsasında hazırlanaraq
İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları ilə nizamlanan bütün
məsələləri əhatə etməlidir. İctimai
sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarının hər hansı birinin bütövlükdə
və ya onun hər hansı müddəasını Büdcə
Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına daxil etməmək və ya daxil
etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti
yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarının ilkin formasının tətbiq
edilməməsinin səbəbi və Büdcə Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartları
ilə İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları arasında mövcud olan hər
hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu
Standartlarının əlavəsində açıqlanmalıdır;
6.0.4. Bu Qanunun 13.2-ci maddəsində göstərilmiş
mühasibat uçotu subyektləri tərəfindən
istifadə edilmək məqsədilə müvafiq icra
hakimiyyəti orqanının qəbul etdiyi Qeyri-hökumət
Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartları.
Maddə 7.
Milli Mühasibat Uçotu Standartlarının hazırlanması
və qəbul edilməsi
7.1. Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının tövsiyəsi ilə mühasibat uçotu
sahəsində dövlət tənzimlənməsini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı yeni
Milli Mühasibat Uçotu Standartlarının və ya
mövcüd olan Milli Mühasibat Uçotu Standartlarına
düzəlişin ilkin layihəsinin dərc olunmasını
və bütün maraqlı tərəflərdən 60
gün ərzində həmin layihəyə dair rəylərin
alınmasını təşkil edir.
7.2. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı bu Qanunun 7.1-ci maddəsində
qeyd olunan rəylərin nəzərdən keçirilməsi
nəticəsində təklif edilən ilkin layihənin
qəbul edilməsi barədə qərar verir. Mühasibat
uçotu sahəsində dövlət tənzimlənməsini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
yeni Milli Mühasibat Uçotu Standartlarını və
ya mövcud olan Milli Mühasibat Uçotu Standartlarına
düzəlişi ilkin layihədə dərc edildiyi kimi
təsdiq etdikdə, həmin standartların və ya düzəlişin
qüvvəyə minməsi tarixini müəyyən edir.
7.3. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər
etmək qərarına gəldikdə, yeni Milli Mühasibat
Uçotu Standartlarının və ya mövcüd olan
Milli Mühasibat Uçotu Standartlarına düzəlişin
dəyişdirilmiş layihəsini hazırlayır və
təsdiq edir, həmin standartların və ya ona düzəlişin
qüvvəyə minməsi tarixini müəyyən edir.
7.4. Təklif edilən ilkin layihənin düzəlişlə
birlikdə və ya düzəlişsiz təsdiq edilməsi
zamanı mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına və ya
İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat
Uçotu üzrə Məsləhət Şurasının
tövsiyəsini nəzərə alır. Qəbul edilən
Milli Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat
Uçotu Standartlarına düzəliş Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarından, İctimai Sektor üçün
Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və
ya Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının tövsiyəsindən fərqli olduqda,
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
Milli Mühasibat Uçotu Standartlarının və ya
Milli Mühasibat Uçotu Standartlarına düzəlişin
qəbul edilməsinə dair qərarın əlavəsində
bu fərqləri göstərməli və onun səbəblərini
açıqlamalıdır.
7.5. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması
və qəbul edilməsi qaydaları mühasibat uçotu
sahəsində dövlət tənzimlənməsini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Fəsil IV
Kommersiya təşkilatlarının maliyyə hesabatları
Maddə 8. İctimai əhəmiyyətli qurumların
maliyyə hesabatlarının tərtib edilməsi
8.1. Bütün ictimai əhəmiyyətli qurumlar bu Qanuna
əsasən tələb olunan maliyyə hesabatlarını
yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun olaraq tərtib edirlər.
8.2. Bir və ya daha çox törəmə cəmiyyətə
malik olan hər hansı ictimai əhəmiyyətli qurum
hüquqi şəxs kimi hazırladığı maliyyə
hesabatından əlavə olaraq, Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatları tərtib
etməlidirlər.
8.3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda
göstərilən dörd şərti bütövlükdə
yerinə yetirdikdə tərtib etməyə bilər:
8.3.1. qurum törəmə cəmiyyət olduqda və
onun bütün mülkiyyətçiləri (iştirakçıları,
səhmdarları), səs vermə hüququ olmayanlar da
daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatlarının təqdim edilməməsi
barədə yekdilliklə razılığa gəldikdə;
8.3.2. qurumun qiymətli kağızları açıq
şəkildə satılmadıqda;
8.3.3. qurum açıq bazara qiymətli kağızları
buraxmadıqda;
8.3.4. qurumun bilavasitə və ya son nəticədə
tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını bu
Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq
olaraq dərc etdirdikdə.
Maddə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə
hesabatlarının tərtib edilməsi
9.0. Kiçik sahibkarlıq subyektləri:
9.0.1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş
uçotun Qaydalarına uyğun olaraq maliyyə hesabatlarını
tərtib etməlidirlər; və ya
9.0.2.öz seçimlərindən asılı olaraq maliyyə
hesabatlarını Kommersiya Təşkilatları üçün
Milli Muhasibat Uçotu Standartlarına uyğun şəkildə
tərtib edə bilərlər.
Maddə 10. İctimai əhəmiyyətli qurumlar və
kiçik sahibkarliq subyektləri istisna olmaqla, kommersiya
təşkilatlarının maliyyə hesabatlarının
tərtib edilməsi
`
10.1. İctimai əhəmiyyətli qurumlar və kiçik
sahibkarliq subyektləri istisna olmaqla, kommersiya təşkilatları:
10.1.1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartlarına
uyğun tərtib etməlidirlər; və ya
10.1.2. öz seçimlərindən asılı olaraq,
maliyyə hesabatlarını Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun şəkildə
tərtib edə bilərlər.
10.2. İctimai əhəmiyyətli qurumlar və kiçik
sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha
çox törəmə cəmiyyətlərə malik
olan kommersiya təşkilatları birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını qrupun
göstəriciləri (illik gəliri, hesabat ili ərzində
işçilərin orta sayı və balansın yekun
məbləği), həmin hesabatların tərtib olunduğu
tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi müvafiq meyar göstəricilərinin (illik gəliri,
hesabat ili ərzində işçilərin orta sayı
və balansın yekun məbləği) ikisindən yuxarı
olduqda, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun tərtib edirlər.
10.3. İctimai əhəmiyyətli qurumlar və kiçik
sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha
çox törəmə cəmiyyətlərə malik
olan kommersiya təşkilatlarından, birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının bu
Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi
tələb olunmadıqda, onlar bu hesabatları Kommersiya
Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına uyğun tərtib edirlər.
10.4. İctimai əhəmiyyətli qurumlar və kiçik
sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha
çox törəmə cəmiyyətlərə malik
olan kommersiya təşkilatları, birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda
göstərilən dörd şərti bütövlükdə
yerinə yetirdikdə tərtib etməyə bilər:
10.4.1. qurum törəmə cəmiyyət olduqda və
onun bütün mülkiyyətçiləri (iştirakçıları,
səhmdarları), səsvermə hüququ olmayanlar da daxil
olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarının təqdim edilməməsi üzrə
yekdilliklə razılığa gəldikdə;
10.4.2. qurumun qiymətli kağızları açıq
şəkildə satılmadıqda;
10.4.3. qurum açıq bazara qiymətli kağızları
buraxmadıqda;
10.4.4. qurumun bilavasitə və ya son nəticədə
tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartlarına
uyğun birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin
tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
Maddə 11. Kommersiya təşkilatlarının maliyyə
hesabatları üçün hesabat dövrü
11.0. Kommersiya təşkilatlarının illik maliyyə
hesabatları üçün aşağıdakı hesabat
dövrləri müəyyən edilir:
11.0.1. İl ərzində oktyabr ayının 1-dək
yeni yaradılan mühasibat uçotunun subyektləri üçün
birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alındığı
tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış
mühasibat uçotunun subyektləri üçün
isə birinci hesabat dövrü onların qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alındığı tarixdən növbəti ilin dekabr
ayının 31-i də daxil olmaqla;
11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün
hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının
31-i də daxil olmaqla.
Maddə 12. Kommersiya təşkilatlarının maliyyə
hesabatlarının təqdim və dərc edilməsi qaydası
12.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını
və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarını dövlət orqanlarına qanunvericilik
aktları ilə, digər şəxslərə isə
nizamnamələri ilə müəyyən olunmuş hallarda,
qaydada və müddətlərdə təqdim edirlər.
12.2. Təbii inhisar fəaliyyəti subyektləri və
dövlət (hökumət) zəmanəti ilə kredit
alan və ya dövlət borcunun xərclənməsi ilə
bağlı layihələrdə iştirak edən, həmçinin
büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən
səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı
büdcə vəsaitləri ayrılan kommersiya təşkilatları
illik maliyyə hesabatlarını və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını mühasibat
uçotu sahəsində dövlət tənzimlənməsini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanına
onun müraciəti əsasında təqdim edirlər.
Bu müvafiq icra hakimiyyəti orqanı həmin maliyyə
hesabatları və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını qanunvericiliklə
müəyyən edilmiş hallarda auditor rəyi ilə
birlikdə bu hesabatların alınmasında maraqlı
olan hər hansı şəxsə təqdim edir.
12.3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan
kommersiya təşkilatlarından həmçinin aşağıdakılar
tələb olunur:
12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan
sərbəst istifadə edilməsini təmin etmək
şərtilə, illik maliyyə hesabatının və
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarının, qanunvericiliklə müəyyən
edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin
internet səhifəsində dərc olunması;
12.3.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliklə
müəyyən edilmiş hallarda auditor rəyi ilə
birlikdə mətbu orqanda dərc olunması;
12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin
qanunvericiliklə müəyyən edilmiş hallarda auditor
rəyi ilə birlikdə hər hansı şəxsə,
onun müraciəti əsasında pulsuz təqdim olunması.
12.4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə
müəyyən olunmuş idarəetmə orqanı bu
subyektin maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına,
təqdim və dərc olunmasına cavabdehdir.
Fəsil V
Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatları
Maddə 13.Qeyri-kommersiya təşkilatlarının maliyyə
hesabatlarının tərtib edilməsi
13.1.Bələdiyyə orqanları, büdcə təşkilatları
və büdcədənkənar dövlət fondları
bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını
Büdcə Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartlarına uyğun tərtib
edirlər.
13.2. Qeyri-hökumət Təşkilatları bu Qanuna əsasən
tələb olunan maliyyə hesabatlarını Qeyri-hökumət
Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına uyğun tərtib edirlər.
Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün
hesabat dövrü, maliyyə hesabatlarının təqdim
və dərc edilməsi qaydası
14.1. Büdcə təşkilatları və büdcədənkənar
dövlət fondlarının maliyyə hesabatlarının
təqdim edilməsi, hesabat dövrləri və dərc
edilməsi qaydaları mühasibat uçotu sahəsində
dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
14.2. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının
təqdim edilməsi, hesabat dövrləri və dərc
edilməsi qaydaları bələdiyyə tərəfindən
müəyyən edilir.
14.3. Büdcə təşkilatları və büdcədənkənar
dövlət fondlarının bu Qanuna uyğun olaraq təqdim
etdikləri maliyyə hesabatları "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan Respublikasının illik dövlət büdcəsi
haqqında qanunları və büdcə sisteminə aid
olan digər müvafiq normativ hüquqi aktlar əsasında
tələb olunan maliyyə hesabatlarını əvəz
etmir, onlara əlavə edilir.
14.4. Qeyri-hökumət təşkilatları üçün
hesabat dövrləri bu Qanunun 11-ci maddəsinə uyğun
olaraq müəyyənləşdirilir.
14.5. Qeyri-hökumət təşkilatları illik maliyyə
hesabatlarını bu Qanunun 12-ci maddəsinin tələblərinə
uyğun olaraq dərc etdirirlər.
Fəsil VI
Yekun müddəalar
Maddə 15. Mühasibat məlumatlarının məxfiliyinin
qorunması
15.1. İlkin uçot sənədlərinin, mühasibat
uçotu reyestrlərinin və digər uçot sənədlərinin
məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.
15.2. Dövlət orqanlarının qanunla müəyyən
edilmiş hallarda və qaydada mühasibat uçotunda istifadə
olunan bütün sənədlərlə tanış
olmaq hüququ vardır.
15.3. Mühasibat uçotu subyekti tərəfindən audit
yoxlamasına cəlb olunmuş auditorun qanunvericiliklə
müəyyən edilmiş qaydada bütün mühasibat
uçotu sənədləri ilə tanış
olmaq hüququ vardır.
Maddə 16.Mühasibat uçotu üzrə qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Mühasibat uçotu subyekti tərəfindən maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının hazırlanması,
təqdim olunması, uçot sənədlərinin saxlanılması
ilə əlaqədar qanunvericiliyin pozulmasına görə
təqsirkar olan şəxslər müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 17. İcra müddəti
17.0. Mühasibat uçotu subyektləri bu Qanunun 8-ci, 9-cu,
10-cu və 13-cü maddələrində göstərilmiş
tələbləri aşağıda müəyyən
edilmiş tarixlərdən gec olmayaraq bütün hesabat
dövrləri üçün icra etməlidir:
17.0.1. bu Qanunun 8-ci və 10-cu maddələrində göstərilmiş
bütün mühasibat uçotu subyektləri-2008-ci il
1 yanvar tarixdən;
17.0.2. bu Qanunun 9-cu maddəsində göstərilmiş
bütün mühasibat uçotu subyektləri-2006-cı
il 1 yanvar tarixdən;
17.0.3. bu Qanunun 13-cü maddəsində göstərilmiş
bütün mühasibat uçotu subyektləri-2009-cu il
1 yanvar tarixdən.
Maddə 18. Keçid müddəaları
18.1. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat
Uçotu Standartları və uçot qaydaları qüvvəyə
minənədək mühasibat uçotu ilə bağlı
mövcud olan normativ hüquqi aktlar qüvvədə qalır.
18.2. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat
Uçotu Standartları qüvvəyə mindikdən sonra
Mühasibat uçotu ilə bağlı qüvvədə
olan normativ hüquqi aktlar ilə Milli Mühasibat Uçotu
Standartları və uçot qaydaları arasında ziddiyyət
yarandığı halda, Milli Mühasibat Uçotu Standartları
və ya uçot qaydaları tətbiq edilir.
18.3. Milli Mühasibat Uçotu Standartları bütövlükdə
qüvvəyə minənədək hazırlanmış
Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə
tətbiqi müddətləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
18.4. 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu
aparmalı və maliyyə hesabatlarını təqdim
etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı
bu Qanun qüvvəyə mindikdən sonra bir il müddətində
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir və zərurət yarandıqda
bu siyahıya əlavələr və dəyişikliklər
edilir.
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 iyun 2004-cü il.
|