AZƏRBAYCAN RESPUBLİKASINDA VERGİ İNZİBATÇILIĞININ TƏKMİLLƏŞDİRİLMƏSİ DÖVLƏT PROQRAMININ (2005-2007-Cİ İLLƏR) TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ölkənin sosial-iqtisadi inkişafında və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında vergilərin mühüm rolunu nəzərə alaraq onların vaxtında və tam ödənilməsini təmin etmək, vergi bazasını genişləndirmək, vergi ödəyicilərinə xidmət işini beynəlxalq standartlara uyğunlaşdırmaq və vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətləri daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin illər üzrə maliyyələşdirilməsini iki ay müddətində müəyyənləşdirib təsdiq etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2005-ci il.