N 0717040100651100, 23.08.2007

“Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsinə dair ərizə” və “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə” formalarının təsdiq edilməsi haqqında

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 16 iyun 2007-ci il tarixli 392-IIIQD №-li Azərbaycan Respublikasının Qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 №-li Qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası»nın 1.4-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə və “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq  

 

Ə M R    E D İ R Ə M :

1. “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsinə dair ərizə”“Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə” formaları təsdiq edilsin (əmrə əlavə olunur).
2. İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, bu Əmrlə əlaqədar AVİS-də müvafiq dəyişikliklərin aparılmasını təmin etsin.
3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formaların tətbiq edilməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müvafiq işləri həyata keçirsin.
4. Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin, Bakı şəhəri Vergilər Departamentinin, Ərazi Vergilər İdarələrinin və Rayon Vergi Şöbələrinin rəislərinə tapşırılsın:
- vergi bəyannamələrinin (hesabatların) elektron formada göndərilməsinin təbliği ilə əlaqədar vergi ödəyiciləri ilə müvafiq işlər həyata keçirsinlər;
- bir ay müddətində vergi ödəyiciləri ilə bağlanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və vergi ödəyicisi arasında elektron sənəd mübadiləsi haqqında müqavilə»lərin bu əmrlə təsdiq olunmuş yeni müqavilə formasında bağlanmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini Natiq Əmirova həvalə edilsin.

 

         Nazir,
         2-ci  dərəcəli  dövlət 
         vergi  xidməti müşaviri                                                       Fazil  Məmmədov