25 aprel 2006
№ 0617040100404300

 

Bələdiyyə orqanlarında «Yerli (bələdiyyə) büdcənin ödəyiciləri olan fiziki şəxslərin uçota alınması» Qaydasının və «Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin daşınmaz əmlak vergisinin uçotunun aparılması qaydaları haqqında» Metodiki Göstərişin və digər müvafiq formaların təsdiq edilməsi haqqında

Ə M R

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 saylı Fərmanının icrası ilə əlaqədar olaraq yerli vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinə metodik rəhbərliyin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnamənin 15.11-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM :

1. Bələdiyyə orqanları tərəfindən yerli (bələdiyyə) vergi və ödənişlərin vergitutma obyektlərinin aşkara çıxarılması, vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması, vergi və ödənişlərin uçotunun aparılması işlərinin təkmilləşdirilməsi məqsədilə «Yerli (bələdiyyə) büdcənin ödəyiciləri olan fiziki şəxslərin uçota alınması» Qaydası«Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin daşınmaz əmlak vergisinin uçotunun aparılması qaydaları haqqında» Metodiki Göstəriş təsdiq edilsin (əlavə olunur).

2. «Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin Hesabatı»nın forması«Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin Hesabatının tərtib edilməsi qaydası» təsdiq edilsin (əlavə olunur).

3. «Yerli (bələdiyyə) vergi (ödəniş) ödəyicisi olan hüquqi şəxslərin bələdiyyədə uçota alınması haqqında Ərizə»nin və «Yerli (bələdiyyə) vergi (ödəniş) ödəyicisi olan hüquqi şəxslərin bələdiyyədə uçota alınması haqqında Ərizənin tərtib olunması Qaydası» təsdiq edilsin (əlavə olunur).

4. Yerli (bələdiyyə) vergi və ödənişlərin uçotunun aparılması məqsədilə «Yerli (bələdiyyə) vergilər üzrə hüquqi şəxsin şəxsi hesab vərəqəsi»nin və «Yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənişlər üzrə şəxsi hesab vərəqəsi»nin formaları təsdiq edilsin (əlavə olunur).

5. Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması üçün «Yerli (bələdiyyə) vergi və ödənişlərə dair hüquqi (və ya fərdi sahibkarla) şəxslərlə Üzləşdirmə aktı»nın forması təsdiq edilsin (əlavə olunur).

6. Qanunvericiliyə müvafiq yerli (bələdiyyə) vergi və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada hüquqi şəxslərdə yerli vergi və ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədilə bələdiyyələrin vergi xidməti orqanlarının dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirakını təmin etmək məqsədilə «Dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamasında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə Qərar»ın forması təsdiq edilsin (əlavə olunur).

7. «Bələdiyyə büdcəsinə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə Tələbnamə»nin forması təsdiq edilsin (əlavə olunur).

8. Qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi üçün «Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə Qərar»ın və «Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsindən imtina edilməsi haqqında Qərar»ın formaları təsdiq edilsin (əlavə olunur).

9. Vergi siyasəti və strateji araşdırmalar baş İdarəsinin rəisi Akif Musayevə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş Qərar, hesabat, şəxsi hesab formalarının, metodiki göstərişlərin Vergilər Nazirliyinin İnternet saytında yerləşdirilməsini, yerli vergi və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə riayət edilməsi üçün Ərazi Vergilər İdarələri üzrə bələdiyyələrlə Metodiki Göstərişlərin öyrənilməsi sahəsində seminarlar, brifinqlər və görüşlər keçirilməsini təşkil etsin.

10. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, «Yerli (bələdiyyə) büdcənin ödəyiciləri olan fiziki şəxslərin uçota alınması» Qaydası və «Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin daşınmaz əmlak vergisinin uçotunun aparılması qaydaları haqqında» Metodiki Göstərişin öyrənilməsi üçün Bakı şəhərində yerləşən bələdiyyələrin və onların vergi xidməti orqanlarının əməkdaşları ilə treninq-kursların keçirilməsi məqsədi ilə Tədris Mərkəzinin əsasnaməsinin tələblərinə əməl etməklə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

11. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, təsdiq olunmuş Qayda, Metodiki Göstəriş və müvafiq formaların bələdiyyələrə çatdırılması üçün həmin sənədlərin Vergilər Nazirliyinin maddi həvəsləndirmə və inkişaf fondu hesabına toplu şəklində 3000 nüsxədən ibarət nəşr olunmasını təmin etsin.

12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir

II dərəcəli dövlət vergi

xidməti müşaviri Fazil Məmmədov