N 0817040100256800
29.03.2008

Normativ sənədlərin təsdiq edilməsi haqqında

“Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 543-III-QD nömrəli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklərə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununa uyğun olaraq “Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2008-ci il tarixli 713 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Vergilər nazirinin 11 mart 2008-ci il tarixli 0817040100209400 nömrəli əmrinə əsasən kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun olaraq təşkil edilməsi məqsədi ilə və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.1-ci bəndini əsas tutaraq

ƏMR   EDİRƏM:

1.”Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş” təsdiq edilsin (əlavə olunur).
2.”Vergi orqanlarında dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının qeydiyyat sənədlərinin saxlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3.Aşağıda göstərilən sənədlərin formaları və ərizənin doldurulma qaydası təsdiq edilsin (əlavə olunur):
-“Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”;
-“Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”;
-“Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə” və həmin ərizənin doldurulma qaydası;
-“Hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının yaradılması barədə məlumat” (ərizənin əlavəsi);
-“Müşahidə şurasının üzvləri barədə məlumat” (ərizənin əlavəsi).
4.Naxçıvan MR Vergilər Nazirliyi, Bakı şəhəri Vergilər Departamenti və ərazi vergilər idarələrinin rəhbərlərinə tapşırılsın ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatının aparılması zamanı bu əmrlə təsdiq edilmiş sənədlərin formalarından istifadə edilməsini, metodiki göstərişin və qaydaların tələblərinə riayət edilməsini təmin etsinlər.
5.Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, bu əmrdən irəli gələn tələblər nəzərə alınmaqla “AVİS”-də müvafiq dəyişikliklər aparılmasını təmin edən tədbirlər görsün.
6. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, yeni metodiki göstərişin, qaydaların və sənəd formalarının tətbiq edilməsi ilə əlaqədar olaraq onların Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin, vergi işcilərinin və vergi ödəyicilərinin məlumatlandırılması üçün müvafiq işləri həyata keçirsin.
7. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”ın təsdiq edilməsi ilə əlaqədar 30 gün müddətində müvafiq funksional ixtisaslar üzrə keçirilən ixtisasartırma tədris planlarında dəyişikliklərin aparılmasını təmin etsin.
8. Aparatın rəhbəri Asif Cahangirova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş ərizə formasının və onun əlavələrinin “Vergilər” qəzetində və “Azərbaycanın vergi xəbərləri” jurnalında nəşrini təmin etsin.
9. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş sənəd formalarının hazırlanması və vergi orqanlarına çatdırılması üçün müvafiq tədbirlər görsün.
10. Əmrin icrasına nəzarət nazir müavini Natiq Əmirova tapşırılsın.
        
        
Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri                                                    Fazil Məmmədov