№ 363, 30 dekabr 2005-ci il

Bəyannamə, hesabat, arayış formalarının və onların tərtib edilməsi qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri, «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi» (AVİS) layihəsinin həyata keçirilməsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 dekabr 2005-ci il tarixli 03/03-599-8050 №-li məktubu ilə verilmiş rəyi nəzərə alaraq vergi bəyannamələri, hesabat və arayış formalarının mövcud vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədi ilə

ƏMR EDİRƏM :

1. Aşağıda göstərilən bəyannamə, hesabat, arayış formaları və onların tərtib edilməsi qaydaları təsdiq edilsin (əlavə edilir):

1.1 «Mənfəət vergisinin bəyannaməsi», onun 1, 2, 3 №-li Əlavələri və onların tərtib edilməsi qaydaları;

1.2 «Gəlir vergisinin bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.3 «Əmlak vergisinin bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.4 «Əlavə Dəyər Vergisinin bəyannaməsi», onun 1, 2, 3, 4, 5, 6, 7, 8 №-li Əlavələri və onların tərtib edilməsi qaydaları;

1.5 «Aksiz bəyannaməsi», onun 1, 2 №-li Əlavələri və onların tərtib edilməsi qaydaları;

1.6 «Torpaq vergisi bəyannaməsi», onun 1, 2 №-li Əlavələri və onların tərtib edilməsi qaydaları;

1.7 «Mədən vergisinin bəyannaməsi» və onun tərtib edilməsi qaydası;

1.8 «Sadələşdirilmiş verginin bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.9 «Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.10 «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.11 «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.12 «Yol vergisinin bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.13 «Dövlət rüsumunun tutulması haqqında hesabat», onun 1, 2, 3 №-li Əlavələri və onların tərtib edilməsi qaydaları;

1.14 «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;

1.15 «Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyiciləri tərəfindən əldə edilmiş vergi hesab-fakturaları haqqında hesabat» və onun tərtib edilməsi qaydası;

1.16 «Vergi öhdəliyinin yaranmaması haqqında arayış»;

1.17 «Cari vergi ödəmələrinin hesablanması haqqında arayış».

2. Əmrin 1.12 və 1.16-cı bəndlərində qeyd olunan bəyannamə və arayış formaları 01 yanvar 2006-cı il tarixdən, 1.4, 1.5, 1.7, 1.9, 1.14 və 1.15-ci bəndlərində qeyd olunan bəyannamə və hesabat formaları 01 fevral 2006-cı il tarixdən, 1.1, 1.2, 1.3, 1.6, 1.8, 1.10, 1.11, 1.13 və 1.17-ci bəndlərində qeyd olunan bəyannamə, hesabat və arayış formaları 01 aprel 2006-cı il tarixdən tətbiq edilsin.

3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formalarının tətbiq edilməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müvafiq işləri həyata keçirsin.

4. Naxcıvan MR Vergilər Nazirinə, Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin, Bakı şəhəri Vergilər Departamentinin, Ərazi Vergilər İdarələrinin və Rayon Vergi Şöbələrinin rəislərinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formaların vergi ödəyicilərinə çatdılmasını və bəyannamələrin, hesabatların, arayışların yeni formada qəbul olunmasını təmin etsinlər.

5. Vergilər Nazirinin 02.11.2004-cü il tarixli F-246 saylı, 25.05.2005-ci il tarixli F-160 saylı əmrləri təsdiq edilmiş bəyannamə və hesabat formaları müvafiq olaraq bu əmrin 2-ci bəndində göstərilən formaların tətbiq edilmə tarixlərindən qüvvədən düşmüş hesab edilsin.

6. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formaların hazırlanması və vaxtında vergi orqanlarına çatdırılması üçün müvafiq tədbirlər görsün.

7. Aparatın rəhbəri Sevda Məmmədovaya tapşırılsın ki, bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. Bu əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir,

2-ci dərəcəli dövlət

vergi xidməti müşaviri
Fazil Məmmədov

---------------------------------------------------------------------------------------
* 16.01.2006-cı il F-8 nömrəli Əmrlə əlavə və dəyişikliklər nəzərə alınmaqla.