| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil XIV. Torpaq vergisi
Maddə 203. Torpaq vergisi
203.1. Torpaq vergisi torpaq
mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin
nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində
hesablanır.
203.2. Rezident və qeyri-rezident fiziki
şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə
özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə
vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
Maddə 204. Verginin ödəyiciləri
Azərbaycan
Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri
olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Maddə 205. Vergitutma obyekti
Fiziki şəxslərin və müəssisələrin
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan
torpaq sahələri vergitutma obyekti sayılır.
Maddə 206. Vergi dərəcələri 206.1. Torpaq vergisinin dərəcəsi kənd
təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
206.2. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati
rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və
keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir.
206.3. Sənaye, tikinti, nəqliyyat, rabitə,
ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış
fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat
metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə,
ticarət-məişət xidməti və digər xüsusi təyinatlı
torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı
sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu
torpaqlar
(manatla) |
Bakı |
10
|
0,6
|
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu |
8 |
0,5 |
Digər şəhərlər (rayon tabeliyində
olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri |
4 |
0,3 |
Rayon tabeliyində olan şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə kəndləri
istisna olmaqla) |
2 |
0,1 |
Maddə 207. Vergi güzəştləri
207.1. Aşağıdakı torpaqlar torpaq
vergisinə cəlb edilmir:
207.1.1. yaşayış məntəqələrinin ümumi
istifadədə olan torpaqları;
207.1.2. dövlət hakimiyyəti orqanlarının,
büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan
Respublikası Milli Bankının və onun qurumlarının, habelə
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya
istifadəsində olan torpaqlar;
207.1.3. istehsal fəaliyyətinə cəlb
edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları və
müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin 102.2-ci maddəsində
göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin
məbləği 10 manat azaldılır.
Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi
qaydaları
208.1. Torpaq vergisi torpaq barəsində
mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında
müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin
obyektlərin sanitariya mühafiəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq
vergisi tutulur.
208.2. Torpaq vergisini müəssisələr torpaq
sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq
hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Bu qaydada hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119-cu maddəsi
ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
208.3. Müvafiq orqanlar tərəfindən hər il
iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri
avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
208.4. Ayrılıqda bir neçə hüquqi və ya
fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan
və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus
tikili sahələrinə mütənasib surətdə hesablanır.
208.5. Torpaq vergisi bərabər məbləğlərdə
15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi
torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə
müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
208.6. Müəssisələrin torpaq vergisi dövlət
büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə
büdcəsinə) ödənilir.
208.7. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
|