| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil V. Vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyət
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyətin ümumi əsasları
53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi
ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının
vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə
vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə
sanksiyaları və faizlər tətbiq edilir.
53.2. Heç bir kəs vergi qanunvericiliyinin
pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb
oluna bilməz.
53.3. Bu Məcəllə
ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi
qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin
pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını
təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi
orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında
vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda,
onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Vergi ödəyicisinin vergitutma obyektinin
uçotunda, vergilərin hesablanmasında və
ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.Bu maddədə nəzərdə tutulmuş müddəalar
vergi agentlərinə də şamil edilir.
53.4. Vergi qanunvericiliyinin pozulması
halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində
törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən
yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə və İnzibati xətalar haqqında
Azərbaycan Respublikasının Məcəlləsinin müddəaları müəyyən edilməlidir.
53.5. Vergi qanunvericiliyinin pozulması
malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı
olduqda, həmin işlərə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən
edilmiş qaydada baxılır.
53.6. Vergi ödəyicisi tərəfindən vergi
qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər
pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
53.7. Vergi
ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının
vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir
53.8. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, qanunla təsdiq
olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər
bu qəbildən olan sazişlərdə başqa qaydalar nəzərdə tutulmadığı hallarda, bu
sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatını əsas olmadan müəyyən
edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vəzifəli şəxsinin
(şəxslərinin) həmin hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata
keçirilir.
Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyətə cəlb olunmanı istisna edən hallar
54.0. Şəxs aşağıda müəyyən olunmuş
hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyətə cəlb edilə bilməz:
54.0.1. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusu hadisəsinin olmaması;
54.0.2. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
54.0.3. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə
cəlb edilmə yaşına çatmaması;
54.0.4. vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması.
Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin
təqsirini istisna edən hallar
55.1. Vergi qanunvericiliyinin
pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:
55.1.1. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz
hadisələr nəticəsində törədilməsi;
55.1.2. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunun vergi ödəyicisi — fiziki şəxs tərəfindən xəstə halı ilə
əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik
etməyi bacarmadığı vəziyyətdə törədilməsi;
55.1.3. vergi ödəyicisi və ya vergi agenti
tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud
onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı
göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;
55.1.4. vergi orqanlarının qərarlarına
yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının
aşkar edilməsi;
55.1.5. hər hansı vergilər, o cümlədən
vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin
hesabına digər vergilər üzrə borcların nəzərə alınması;
55.1.6. vergilərin düzgün hesablanmaması
və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin
pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü
tərəfindən aradan qaldırılması.
55.2. Bu Məcəllənin 55.1-ci maddəsində
müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda
faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.
Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının
alınmasının müddəti
56.1. Vergi qanunvericiliyinin pozulması
anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun
törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana
bilməz.
Maddə 57. Hesabatın vaxtında verilməməsinə görə maliyyə
sanksiyaları
57.1. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə
təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin)
qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası
tətbiq edilir.
57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maddə 58. Vergilərin azaldılmasına və
digər vergi hüquqpozmalarına görə maliyyə
sanksiyaları
58.1. Verginin (o cümlədən ödəmə
mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda
göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası
vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə
azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə
sanksiyası tətbiq edilir.
58.2. Bu Məcəllənin 33.4-cü maddəsində
göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində
göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin
verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi
uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında
məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində
nəzərdə tutulmuş «Fərqlənmə nişanı» olmadan, avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə
müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş
maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit
təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun
kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş
hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric
əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi
miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.4. bu Məcəllənin 155-ci maddəsinə
müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu
halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV
üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə
ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq
edilir.
58.5. bu Məcəllənin 157-ci və 158-ci
maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya
ləğv edildiyi halda ƏDV üzrə vergi hesab-fakturasının təqdim edilməsinə görə
vergi ödəyicisinə təqdim edilmiş vergi hesab-fakturasında göstərilmiş vergi
məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.7. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən) , vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhalə ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində;
58.7.2. il ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat məbləğində;
58.7.3. il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
58.8. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:
58.8.1. gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi məqdarında;
58.8.2. il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissiəsinə 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.9. Bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların invetnarizasiyasında kənarlaşmaya yol verilməsinə, eləcə də Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.11. Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş
vergilər üzrə faizlər
59.1. Vergi və ya
cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə
müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi
agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi
məbləğində faiz tutulur.
59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz cari
vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox
olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama
nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi
məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
59.3. Müəyyən
edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi
məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi
ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək
gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə
müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.
Vergi ödəyicisinin artıq ödənilmiş
məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ
qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.
Maddə 60. Banklara və bank əməliyyatlarının ayrı-ayrı
növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə
sanksiyaları
60.1. Banklara və bank əməliyyatlarının
ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına aşağıdakı maliyyə
sanksiyaları tətbiq edilir:
60.1.1. vergi orqanı tərəfindən hüquqi
şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə bu
Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən verilən
şəhadətnamə-dublikat olmadan bu Məcəlləyə uyğun olaraq sahibkarlıq
fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı və ya digər
hesablar açdığına görə — hər açılmış hesab üçün 400 manat məbləğində;
60.1.2. sahibkarlıq fəaliyyətini göstərən
hüquqi və fiziki şəxslərin hesablaşma və ya digər hesabında, o cümlədən valyuta
hesabında milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını,
habelə vergilər üzrə borcların, faizlərin və maliyyə
sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə
tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının
sərəncamlarını icra etmədiyinə görə — icra edilməmiş həmin ödəmə tapşırıqlarında
və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi.
Vergi ödəyicisinin valyuta hesabından
vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Milli Bankın müəyyən
etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı
valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata
konvertasiya edildikdən sonra sərəncam icra olunur;
60.2. Bu Məcəllənin 60.1.2-ci maddəsində
müəyyən edilən hallarda vergi ödəyicisindən banka və ya bank əməliyyatlarının
ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatına müvafiq tapşırıq və
ya sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz
hesablanmır.
Maddə 61. Vergi orqanlarının və onların vəzifəli
şəxslərinin məsuliyyəti
61.1. Vergi orqanlarının hüquqa zidd
hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli
şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa
zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların
nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi
orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
61.2. Vergi ödəyicilərinə bu Məcəllənin
61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik
nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir.Vergi orqanları tərəfindən düzgün
tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin
məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə
tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri
qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər.
61.3. Vergi orqanlarının vəzifəli şəxsləri
və digər işçiləri özlərinin hüquqa zidd hərəkətlərinə (qərarlarına) və ya
hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya
lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
|