Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi (2009-cu il 19 iyun tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) pdf formatda | word formatda

Xüsusi hissə

Fəsil VIII. Fiziki şəxslərin gəlir vergisi

Maddə 95. Vergi ödəyiciləri

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

Maddə 96. Vergitutma obyekti

96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.

96.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir.Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir.

96.3. Qeyri-rezidentin bu Məcəllənin 96.2-ci maddəsində göstərilməyən, lakin vergiyə cəlb edilməsi bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir.

96.4. Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.

Maddə 97. Gəlir

97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

97.3. Gəlirlərə aiddir:

97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir;

97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

97.3.3. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.

Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir

98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda — bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;
98.2.2. işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;
98.2.3. işçinin xərclərinin əvəzi ödənildiyi halda — ödənən vəsaitin məbləği;
98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği;
98.2.5. İşə götürən tərəfindən ödənilən sığorta haqları;
98.2.6. hər hansı digər halda — normativ-hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər.

98.3. Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin  və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
98.4. Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.
98.5. İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.

Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən, gəlirlərdən ibarətdir.

99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:

99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;

99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;

99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;

99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

99.3. Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

99.3.1. faiz gəliri;
99.3.2. dividend;
99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;
99.3.4. royalti;
99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;
99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa.
99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.

Maddə 100. Gəlirin dəqiqləşdirilməsi

Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü və 124-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır.

Maddə 101. Gəlir vergisinin dərəcəsi

101.1. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2000 manatadək

14 faiz

2000 manatdan çox olduqda

280 manat +2000 manatdan çox olan məbləğin 30 faizi

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.

101.2. İllik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği

Verginin məbləği

24000 manatadək

14 faiz

24000 manatdan çox olduqda

3360 manat + 24000 manatdan çox olan məbləğin 30 faizi

101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

102.1.1. rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir;

102.1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir — əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;

102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:

102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin  dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

102.1.3.2. hədiyyə, maddi yardım, və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri.

102.1.4. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;

102.1.5. alimentlər;

102.1.6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda,minimum əmək haqqının 1 misli, illik gəliri 2400 manatadək olduqda,minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi;

102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;

102.1.8. sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;

102.1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;

102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;

102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;

102.1.12. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;

102.1.13. müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri.

102.1.14. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr:

102.1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;

102.1.14.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

102.1.14.3. çıxarılmışdır;

102.1.14.4.ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;


102.1.14.5.əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

102.1.14.6. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;

102.1.14.7. çıxarılmışdır;

102.1.14.8. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

102.1.14.9. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;

102.1.14.10. dalğıc işləri üçün pul mükafatı;

102.1.14.11. çıxarılmışdır;

102.1.14.12. çıxarılmışdır;

102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;

102.1.14.14. çıxarılmışdır;

102.1.14.15. hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq-mühafizə və feldyeder rabitəsii orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar;

102.1.14.16.işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;

102.1.15. Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə — 200 manatadək.

102.1.16. Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq.

102.1.17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.

102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

102.2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
102.2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin;102.2.4. I və II qrup müharibə əlillərinin;
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
102.2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

102.3. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məblğində azaldılır:

102.4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;
102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
102.4.5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
102.5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 manat məbləğində azaldılır.Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.
102.6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
102.6.1. təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
102.6.2. dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
102.6.3. xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
102.7. Fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

yuxarı geriyə