Fəsil IX. Hüquqi şəxslərin mənfəət vergisi Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir. 103.2. Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəslin məqsədləri üçün ona müəssisə kimi baxılır. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinin müddəaları bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilənlərə şamil edilmir. Maddə 104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 104.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. 104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. 104.4. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 22 faiz dərəcəsi ilə vergi tutulur. 105.2. Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur. Maddə 106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: 106.1.1. xeyriyyə təşkilatlarının gəliri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa; 106.1.2. qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr; 106.1.3. beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa; 106.1.4. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla); 106.1.5. Azərbaycan Respublikasının Milli Bankının, onun qurumlarının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla), “, habelə Əmanətlərin Sığortalanması Fondunun gəlirləri; 106.1.6. alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa); 106.1.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa. 106.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir. 106.2. Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər daxil edilmir.
|