| 15/15-25/78-59 14 yanvar 2002-ci il Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә Sizә mә'lum olduğu kimi «Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında» Azәrbaycan Respublikasının 16 noyabr 2001-ci il tarixli Qanunu qәbul edilmişdir. Qanun 1 yanvar 2002-ci il tarixdәn qüvvәyә minmişdir. Göstәrilәn qanunla Vergi Mәcәllәsinә bir sıra dәyişikliklәr vә әlavәlәr edilmişdir. Hәmin dәyişikliklәr vә әlavәlәr hesablanmış vergilәrin, faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının mәcburi alınması sahәsindә dә aparılmışdır. Belә ki, Vergi Mәcәllәsinin 23.1.7-ci maddәsi aşağıdakı yeni redaksiyada verilmişdir: «Vergi ödәyicilәrinin hesablaşma, valyuta vә ya digәr hesablarından qanunvericiliyә müvafiq olaraq hesablanmış vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması üçün banklara vә ya digәr kredit tәşkilatlarına icra sәnәdi olan sәrәncam vermәk, inzibati cәrimәlәrin alınmasını tәşkil etmәk.» Göstәrilәn maddәnin yeni redaksiyada verilmәsi ilә bu maddәdә әvvәl nәzәrdә tutulmuş «maliyyә sanksiyalarının», habelә «mәqsәdli dövlәt fondları» sözlәri çıxarılmışdır. «Maliyyә sanksiyalarının» sözlәrinin çıxarılması o demәkdir ki, vergi orqanları vergi ödәyicilәrinin yalnız hesablanmış vergilәr vә faizlәr üzrә borclarının alınması mәqsәdilә onların banklarda vә digәr kredit tәşkilatlarında olan hesablaşma, valyuta vә digәr hesablarına sәrәncam verә bilәrlәr. Maliyyә sanksiyaları üzrә borcların alınması mәqsәdilә isә banklara belә sәrәncamlar verilmәmәlidir. Vergi Mәcәllәsinin 59.1-ci maddәsindә dә dәyişiklik edilәrәk bu maddә aşağıdakı yeni redaksiyada verilmişdir: «Vergi vә ya cari vergi ödәmәsi bu mәcәllә ilә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün vergi ödәyicisindәn vә ya vergi agentindәn ödәnilmәmiş vergi vә ya cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur». Bu dәyişikliklә әlaqәdar olaraq Mәcәllәdәn әvvәlki 59.2-ci maddә çıxarılmış, 59.3-cü vә 59.4-cü maddәlәr müvafiq olaraq 59.2-ci vә 59.3-cü maddәlәr hesab edilmişdir. Eyni zamanda 59.2-ci maddәdә «Bu Mәcәllәnin 59.1-ci vә 59.2-ci maddәlәrindә müәyyәn edilmiş» sözlәri «Bu Mәcәllәnin 59.1-ci maddәsindә müәyyәn edilmiş» sözlәri ilә әvәz edilmişdir. Göstәrilәn dәyişiklik nәticәsindә Mәcәllәsinin 59-cu maddәsindә әvvәl nәzәrdә tutulmuş iki müxtәlif faiz dәrәcәsi (0,05 % vә 0,1 %) әvәzinә, ödәmәnin nә vaxt hәyata keçilirilmәsindәn asılı olmayaraq yalnız bir faiz dәrәcәsi, yә'ni 0,05 % tәtbiq edilmişdir. Bu da o demәkdir ki, 01 yanvar 2002-ci il tarixdәn e'tibarәn verginin ödәniş müddәtindәn sonrakı 91-ci günündәn başlayaraq hәr ötmüş gün üçün 0,1 dәrәcә ilә faiz tutulması hәyata keçirilmәmәli, bütün ödәnilmәmiş dövr üçün yalnız 0,05 dәrәcәsi ilә faiz tutulması hәyata keçirilmәlidir. Eyni zamanda, 2002-ci il 03 yanvar tarixli, 15/15-25/10-30 saylı mәktubla Sizә mә'lumat verildiyi kimi 01 yanvar 2002-ci il tarixdәn başlayaraq ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün 0,05 faiz tutulması yoxlama nәticәsindә aşkar edilmiş, vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә vergilәr üzrә avans ödәnişlәrinә münasibәtdә bütün ötmüş müddәtә, ancaq bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilmәlidir. Vergi Mәcәllәsinin 90.1-ci maddәsinә aşağıdakı redaksiyada yeni abzas әlavә edilmişdir: «Siyahıya alınmış әmlakın yararlılıq müddәti bu maddәdә göstәrilәn müddәt başa çatanadәk bitirsә, vergi orqanı dәrhal mәhkәmәyә müraciәt edә bilәr». Bu maddәyә edilmiş әlavәyә әsasәn siyahıya alınmış әmlakın yararlılıq müddәtinin bitmәsi ilә әlaqәdar olaraq әmlakın siyahıya alınması günündәn 60 gün müddәt gözlәnilmәdәn dәrhal mәhkәmәyә müraciәt edilmәlidir. Göstәrilәnlәr nәzәrә alınaraq Sizә tapşırılır: hesablanmış vergilәrin, faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının dövlәt büdcәsinә mәcburi qaydada alınması hәyata keçirilәrkәn Vergi Mәcәllә-sinә yuxarıda göstәrilәn dәyişikliklәr vә әlavәlәr edildiyini nәzәrә alın; Vergi Mәcәllәsindә edilmiş bu dәyişiklik vә әlavәlәrin vergi borclarının mәcburi alınması işi ilә mәşğul olan işçilәr tәrәfindәn öyrәnilmәsini tәşkil edin; dövlәt büdcәsinә yaranmış borcların mәcburi alınması mәqsәdilә vergi ödәyicisinin banklarda vә digәr kredit tәşkilatlarında olan hesablaşma, valyuta vә digәr hesablarına sәrәncam verәrkәn bu sәrәncamlara maliyyә sanksiyaları üzrә borcları daxil etmәyin; vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә cari ödәmәlәrә ödәmә müddәtindәn asılı olmayaraq yalnız 0,05 dәrәcә ilә faiz hesablanmasını tә'min edin; siyahıya alınmış әmlakın yararlılıq müddәtinin bitmәsi ilә әlaqәdar olaraq iddia әrizәlәri ilә mәhkәmәyә dәrhal müraciәt edin. Göstәrilәnlәr mә'lumat vә icra üçün bildirilir. Vergi borclarının mәcburi alınması işinin tәşkili İdarәsinin rәisi M.Namazov |