08/08-25/549-1242
27 mart 2001

Naxçıvan  MR  Vergilәr  Nazirinә,  Bakı şәhәri  üzrә Baş Vergilәr     İdarәsinin, şәhәr  vә  rayonlar  üzrә vergilәr idarәlәrinin (şöbәlәrinin) rәislәrinә


 Vergilәr Nazirliyinin Vergi siyasәti vә strateji araşdırmalar Baş İdarәsi nәqliyyat xidmәtlәrinin ƏDV-yә cәlb olunması barәdә aşağıdakıları bildirir.
 Vergi Mәcәllәsinin 159.2-ci maddәsinә әsasәn Azәrbaycan Respublikası әrazisindә sahibkarlıq fәaliyyәti çәrçivәsindә xidmәtlәrin göstәrilmәsi vergi tutulan әmәliyyat sayılır. Respublikanın hüdudlarından kәnarda xidmәtlәr göstәrilmәsi vergi tutulan әmәliyyatlara daxil edilmir.
Mәcәllәnin 168.1.4-cü maddәsinә әsasәn nәqletmәnin faktiki hәyata keçirildiyi yer, işlәr (xidmәtlәr) bu nәlqetmә ilә bağlıdırsa, işlәrin görüldüyü  vә ya xidmәtlәrin göstәrildiyi yer sayılır.
Mәcәllәnin 165.0.4-cü maddәsinә әsasәn beynәlxalq yük vә sәrnişin daşınması, habelә beynәlxalq uçuşlar üçün işlәdilәn yanacaq-sürtkü materiallarının vә digәr texniki әşyaların tәqdim edilmәsi ilә bilavasitә bağlı olan nәqliyyat xidmәtlәri vә ya digәr xidmәtlәrin göstәrilmәsi, yaxud işlәrin görülmәsinә görә ƏDV sıfır (0) dәrәcә ilә tutulur. Bu maddәnin mәqsәdlәri üçün beynәlxalq daşıma yüklәrin vә sәrnişinlәrin Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında daşınması sayılır.
Mәcәllәnin 169-cu maddәsinә әsasәn ƏDV-nin mәqsәdlәri üçün qeydiyyata alınmayan qeyri-rezident Azәrbaycan Respublikasının әrazisindә xidmәt göstәrirsә vә ya iş görürsә, işlәrin görülmәsi vә ya xidmәtlәrin göstәrilmәsi bu maddәnin müddәalarına uyğun olaraq  vergiyә cәlb olunur.
Mәcәllәnin yuxarıda göstәrilәn müddәalarına әsasәn:
-Azәrbaycan Respublikası әrazisindә yüklәrin vә sәrnişinlәrin daşınması ƏDV tutulan әmәliyyat sayılır;
-Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında yüklәrin vә sәrnişinlәrin daşınmasına görә ƏDV sıfır (0) dәrәcәsi  ilә tutulur;
-Azәrbaycan Respublikasının hüdudlarından kәnarda yük vә sәrnişinlәrin daşınması üzrә әmәliyyatların dәyәri vergi tutulan әmәliyyatların dәyәrinә  daxil edilmir;
-Yük vә sәrnişin daşınmasının tәşkili ilә bağlı Azәrbaycan Respublikasının әrazisindә göstәrilәn nәqliyyat-ekspedisiya xidmәtlәrinә görә alınan (alınmalı olan) haqq vergi tutulan әmәliyyatların dәyәrinә daxil edilir.
- Azәrbaycan Respublikası әrazisindә yük vә sәrnişin daşınması sahәsindә xidmәt göstәrәn  qeyri-rezidentlәrdәn ƏDV Mәcәllәnin 169-cu  maddәsinin müddәalarına uyğun olaraq tutulur.
Əlavә olaraq mәlumat üçün bildiririk ki, Vergi Mәcәllәsinin 125-ci maddәsinә әsasәn Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında beynәlxalq daşımalar hәyata keçirilәrkәn nәqliyyat xidmәtlәri üçün rezident müәssisәnin vә ya sahibkarın qeyri-rezidentә ödәmәlәrindәn xәrclәr çıxılmadan  125-ci maddәnin müddәalarına uyğun olaraq 6 faiz dәrәcә ilә vergi tutulur.

 

Vergi siyasәti vә strateji araşdırmalar Baş İdarәsinin rәisi                A.Musayev