|
N F-1
Prosedur Qaydalarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası ilə digər dövlətlər arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin yerinə yetirilməsinin təkmilləşdirilməsi üçün Vergilər Nazirinin 20 may 2004-cü il tarixli F-110 saylı əmri ilə təsdiq edilmiş «İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasına dair Prosedur Qaydaları»na qismən əlavə və dəyişikliklər edilməsi məqsədilə ƏMR EDİRƏM 1. «İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasına dair Prosedur Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin: 1.1. IV bölmənin (İkiqat vergitutmanın aradan qaldırılması üçün ödənilmiş (tutulmuş) vergilərin təsdiqlənməsi) 1-ci bəndinin 3-cü abzası aşağıdakı mətndə verilsin: «Xüsusi forma olmadıqda isə, rezident tərəfindən DT–03 forması doldurulmalı və digər Dövlətin qanunvericiliyinə və inzibati praktikasına uyğun olaraq, həmin Dövlətin müvafiq vergi orqanı tərəfindən təsdiqlənməlidir.» 1.2. V bölmənin (Formaların vergi orqanları tərəfindən təsdiqlənməsi) 3-cü bəndinin 1-ci abzası aşağıdakı mətndə verilsin: «3. Vergi orqanı tərəfindən DT–04 forması qeyri-rezident tərəfindən vergilərlə bilavasitə bağlı sənədlər - vergi bəyannamələri, müvafiq arayışlar və s. təqdim edildikdə və vergilərin ödənilməsi ilə bağlı bütün öhdəliklər yerinə yetirildikdə təsdiq edilir. 1.3. V bölmənin (Formaların vergi orqanları tərəfindən təsdiqlənməsi) 5-ci bəndinin 1-ci abzasında və 6-cı bəndindəki «15 gün» sözləri «20 təqvim günü» sözləri ilə əvəz edilsin. 1.4. VI bölmənin (Xüsusi müddəalar) 2-ci bəndi aşağıdakı mətndə verilsin: «2. DT-01 forması və rezident tərəfindən digər Dövlətdə ödənilmiş vergilərə dair formalar (digər Dövlətin xüsusi forması yaxud DT-03 forması) digər Dövlətin müvafiq vergi orqanı tərəfindən təsdiq edildikdən sonra, bu dövlət Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il Haaqa Konvensiyasına qoşulduğu halda, göstərilən Konvensiyaya müvafiq olaraq, həmin dövlətin səlahiyyətli orqanı tərəfindən təsdiqləndikdən sonra təqdim edilməlidir. Həmin dövlət göstərilən Konvensiyaya qoşulmadığı halda, bu formalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri tərəfindən leqallaşmalıdır.» 2. Prosedur Qaydalarına əlavə DT-01 formasına Azərbaycan Respublikasının Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il Haaqa Konvensiyasına qoşulması ilə əlaqədar Vergilər Naziri tərəfindən 20 dekabr 2005-ci il tarixdə təsdiq edilmiş dəyişiklik edilsin (əlavə olunur). 3. Prosedur Qaydalarına əlavə DT-03 forması bu əmrə əlavədə göstərilən forma ilə əvəz edilsin (əlavə olunur). 4. Beynəlxalq münasibətlər idarəsinin rəisi İlqar Əkbərliyə və Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, Prosedur Qaydalarına dəyişikliklərin tətbiqi ilə bağlı vergi orqanlarının aidiyyəti işçiləri üçün müvafiq tədrisin keçirilməsini təmin etsinlər. 5. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, Prosedur Qaydalarına dəyişikliklər barədə vergi ödəyicilərinin məlumatlandırılmasını və Qaydaların yeni mətninin müvafiq formalarla birlikdə Vergilər Nazirliyinin internet-saytında yerləşdirilməsini təmin etsin. 6. Vergilər Nazirliyinin Aparatının rəhbəri Sevda Məmmədovaya tapşırılsın ki, bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. 7. Əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini Natiq Qasımova həvalə edilsin. Nazir 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov |