|
Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
1. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. 2. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. 3. Bu Qanunun 1-ci və 2-ci maddələri ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisinin ödəyiciləridirlər. Həmin şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar. 4. Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 27 noyabr 2001-ci il N 222-IIQ. |