İSTEHSAL VƏ İSTEHLAK

İstehsal – maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesidir. Bu proses mövcud ehtiyatların mal və xidmətlərə çevrilməsinə gətirib çıxarır. İstehlak dedikdə isə bu nemətlərin insanın tələbatının ödənilməsi, ehtiyacının təmin edilməsi üçün işlədilməsi başa düşülür.
Mirzə Ələkbər Sabir yazırdı:

Ata hər gün gedər işə, çalışar,
Nə qədər zəhmət olsa da, alışar…
İşləyər, cismi qan- tərə boyanar,
Hər nasıl olsa da, çörək qazanar.

Bəli, hər bir kəs həm ümumi istehsalda iştirak etməklə maddi nemətlərin yaradılmasında bilavasitə iştirak edir, həm də əmək haqqı alaraq, müəyyən vəsait qazanır ki, bu vəsaitlə də ailəsinin zəruri tələbatını ödəyir.
Əmək – istehsalda insanların yerinə yetirdiyi fiziki və zehni fəaliyyətdir. İstehsalçıların əsas məqsədi mümkün qədər çox gəlir əldə etmək, istehlakçıların əsas məqsədi isə öz tələbatlarını mümkün qədər daha yaxşı ödəməkdir.
İqtisadiyyatın inkişafında iştirak edənlərin fəaliyyətində həm istehsal, həm də istehlak eyni vaxtda baş verir. Məsələn, firmalar maddi nemət istehsalçısı olsalar da, onları həm də ehtiyatların istehlakçısı           hesab etmək olar. Ayrı- ayrı ailələr isə həm istehlakçıdırlar, həm də eyni zamanda işçi qüvvəsinin istehsalçısıdırlar.
İqtisadiyyat əsasən aşağıdakı üç problemlə məşğul olur:
- ayrı- ayrı istehsal sahələrini öyrənmək;
- maddi nemətlər bolluğu yaratmaq üçün istehsal sahələrini əlaqələndirmək və idarə etmək;
- iqtisadiyyatın gələcək inkişaf yollarını müəyyənləşdirmək.
Vəsaitlərin məhdudluğuna görə iqtisadçı bütün vəziyyət və şəraitləri əhatə etməyə məcburdur. O,  ehtiyacların təmin olunması məsələsini həll etdiyindən, həm də məhsulların cəmiyyət üzvləri arasında bölgüsünü də nəzərə almalıdır.

Zəhmət və gəlir haqqında atalar sözləri

İş adamın cövhəridir.
Zəhmət yemək istəmir, amma özü yedirdir.
Səndən hərəkət, məndən bərəkət.
İş bacaranın, aş yeyənindir.
Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
Bu günün işini sabaha qoyma.
Zəhmət torpaqda, nemət süfrədə.
İş başından aşınca, dövlət cibindən daşar.
İşlə nökər kimi, ye ağa kimi.
Səfalət çalışqan adamın qapısından baxar, içəri girə bilməz.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Özü qazanmayan mal qədri bilməz.
Varlı umduğunu yeyər, kasıb tapdığını.
Qazanmağa nə var, iş onu xərcləməkdədir.
Malın mal olunca, bazarın bazar olsun.
Qazanc qudurub mayanı yedi.
Aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı.
Bəxşiş var tümən- tümən, hesab var qəpik- qərik.