Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında

ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib

Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir. Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib - bu, "Kapital Bank"dır. Həmçinin, alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual "pul qabı" yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Hansı obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır?
  • Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

ƏDV-nin bir hissəsini geri almaq üçün harda qeydiyyatdan keçməliyik?
  • İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurları yerinə yetirməliyəm?
  • İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Fiskal ID nədir?
  • Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.

QR kod vasitəsilə ƏDV-ni geri qaytarmaq mümkündürmü?
  • Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan "QR kodu" oxutmaq, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayərdir.

Elektron kabinetinə giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm?
  • "Şifrənin bərpası" imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək birdəfəlik şifrəni daxil etməklə yeni şifrə yarada bilərsiniz.

ƏDV-nin bir hissəsi alıcıya hansı müddət ərzində və necə qaytarılır?
  • Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş ƏDV geri qaytarılımı?
  • Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Çek üzrə "gözləmə" statusu nə deməkdir?
  • Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.

Çek üzrə "qaytarılan" statusu nə deməkdir?
  • Çekin yaranma tarixindən 30 günü artıq keçibsə, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” status ilə “tarixçə” bölməsində saxlanılır.

Çek üzrə "ləğv olunan" statusu nə deməkdir?
  • Çekin yaranma tarixindən 30 gün keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.

"Çek tapılmadı" xətası hansı hallarda əks olunur?
  • Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

"Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib" xətası hansı hallarda əks olunur?
  • Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

"Satıcı ƏDV ödəyici deyil" xətası hansı hallarda əks olunur?
  • ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

"Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır, yaxud malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır" xətası hansı hallarda əks olunur?
  • Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda, müvafiq xəta mətni əks olunur.

Çek məlumatlarını elektron kabinetimə daxil etdim, lakin nəticə barədə məlumat əks olunmur. Bu halda nə etməliyəm?
  • Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?
  • Nəzarət mexanizmi qurğusu malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

Nəzarət qurğusunun internetə çıxışı olmadıqda, yığılmış məlumatın hansı müddətdən sonra sistemə daxil edilməsi mümkün olmur ki, bu da öz növbəsində sistemdə çekin müəyyən edilməməsi ilə nəticələnir?
  • Nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.

Portala daxil edilmiş çekin yaranma tarixindən 30 gün keçsə də, ƏDV məbləğinin qaytarılması elektron kabinetimdə əks olunmayıb. Bu halda nə etməliyəm?
  • Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

Çek sistemə daxil edildikdə, təsdiqlənməyə bilərmi?
  • Belə hal müxtəlif səsbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verilə bilər, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.

Çekin Fiskal ID-sini tam olaraq çap olunmayıb (və ya QR kodu oxunmur). ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?
  • Çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürəm. ƏDV-nin düzgün hesablanması üçün hara müraciət etməliyəm?
  • Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Satış məntəqəsi ƏDV ödəyicisidir, lakin həmin məntəqənin verdiyi çekdə məhsullara ƏDV hesablanmır. Mən ödədiyim məbləğ üzrə ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?
  • Belə hal baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Mən dükanda malın dəyərini nağdsız şəkildə ödədim, satıcı mənə yalnız POS-terminalın çekini verdi. Belə olduqda, ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?
  • Belə hal baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Avans üsulu ilə ödəniş etmişəm. Avans ödənişlərinə ƏDV qaytarılırmı?
  • Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə, malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.

Nəzarət-kassa aparatı çeki ilə yanaşı POS-terminaldan çıxarış hansı hallarda verilməlidir?
  • Malların dəyəri nağdsız qaydada nəzarət-kassa aparatı ilə inteqrasiya olunmayan POS-terminal vasitəsilə ödənildikdə, çeklə yanaşı müvafiq çıxarış verilir.

Alıcı hər hansı malı qaytardıqda, ƏDV məbləği qaytarılacaqmı?
  • Çek üzrə ƏDV hələ qaytarılmadıqda, ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ qaytarılır.

Geri qaytarılmış ƏDV məbləğindən necə istifadə edə bilərəm?
  • İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədovun ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması barədə müsahibəsi