Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

Azərbaycan Respublikası Vergilər nazirinin 
01.03.2016-cı il tarixli 1617040100351000 nömrəli əmri ilə təsdiq edilmişdir
(Vergilər nazirinin 29.11.2016-cı il tarixli, 1617040101849100 nömrəli əmri ilə edilmiş dəyişikliklərlə)

 

Vergilər Nazirliyinin Apelyasiya Şurası haqqında
ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apelyasiya Şurası (bundan sonra - Apelyasiya Şurası) bu Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) Kollegiya qərarlarını, Vergilər nazirinin qərarlarını, əmrlərini, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Vergilər Nazirliyinin struktur vahidi və bölmələri, digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün "şikayət" dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə Vergilər Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apelyasiya Şurasına verdiyi yazılı müraciət başa düşülür.

1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

2. Apelyasiya Şurasında baxılan işlərin predmetinə görə bölgüsü

2.1. Apelyasiya Şurasında baxılan işlərin predmetinə görə bölgüsü aşağıdakı kimidir:

2.1.1. Vergi orqanlarının qəbul etdiyi inzibati aktlar ilə bağlı vergi ödəyiciləri tərəfindən verilmiş ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlar tərəfindən qəbul edilmiş inzibati qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlər;

2.1.2. Vergilər Nazirliyi tərəfindən verilmiş yazılı göstərişlərin (Vergilər naziri və Vergilər Nazirliyinin Kollegiyası tərəfindən verilmiş göstərişlər istisna olmaqla) mübahisələndirilməsi ilə bağlı yerli vergi orqanlarının əsaslandırılmış yazılı müraciətləri;

2.1.3. Cinayət təqibini həyata keçirən Vergilər Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən cinayət işinin başlanmasının qismən və ya tam rədd edilməsi, yaxud cinayət işi üzrə icraata qismən və ya tam xitam verilməsi barədə qərardan narazılıqla bağlı səyyar vergi yoxlaması materiallarına münasibətdə Vergilər Nazirliyinin aparatının auditin təşkilinə nəzarət edən struktur vahidinin, kameral vergi yoxlaması ilə hesablanmış vergilərə görə yaranmış borclara dair materiallara münasibətdə isə Vergilər Nazirliyinin aparatının kameral vergi yoxlaması işinin təşkilinə nəzarət edən struktur vahidinin əsaslandırılmış yazılı müraciətləri;

2.1.4. Vergilər nazirinin müavinləri və Vergilər Nazirliyinin struktur bölmələrinin rəhbərləri tərəfindən verilən intizam tənbehinin tətbiq edilməsi barədə əmrlərdən verilmiş şikayətlər;

2.1.5. Vergilər naziri və nazirin birinci müavini tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə çıxarılmış əmrlərdən verilmiş və Vergilər nazirinin şifahi və ya yazılı tapşırığı ilə Apelyasiya Şurasına daxil olan şikayətlər;

2.1.6. Vergilər nazirinin Apelyasiya Şurasında baxılmasını məqsədəmüvafiq hesab etdiyi istənilən məsələlər.

2.2. Bu Əsasnamənin 2.1-ci bəndinə əsasən Apelyasiya Şurasında baxılan işlər bundan sonra "müraciətlər" adlandırılacaq.

2.3. Bu Əsasnamənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına müraciətlər edildikdə, həmin müraciətlər ətraflı şəkildə əsaslandırılmalı və ona bütün zəruri sənədlər (materiallar) əlavə edilməlidir.

3. Apelyasiya Şurasının vəzifələri

3.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardır:

3.0.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək;

3.0.2. Vergilər naziri və nazirin birinci müavini tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə çıxarılmış əmrlərdən verilmiş və Vergilər nazirinin və nazirin birinci müavininin şifahi və ya yazılı tapşırığı ilə Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə əsaslandırılmış şəkildə rəy vermək;

3.0.3. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

3.0.4. Apelyasiya Şurasında baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə Vergilər nazirinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

3.0.5. Fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.6. Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

3.0.7. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

3.0.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Apelyasiya Şurasının hüquqları

4.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, habelə hüquqi və fiziki şəxslərə sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

4.0.2. Şikayətlə müraciət etmiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), barəsində intizam tənbehi tətbiq edilmiş şəxsləri, aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Apelyasiya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

4.0.3. Apelyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

4.0.4. Apelyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların və Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən verilmiş göstərişlərin tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

4.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

4.0.6. Apelyasiya Şurasının fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr aparmaq, müraciətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;

4.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

4.0.8. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

4.0.9. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Apelyasiya Şurasının fəaliyyətinin təşkili

5.1. Apelyasiya Şurasının tərkibi (sədr və digər altı üzvü) Vergilər naziri tərəfindən müəyyən edilir. Apelyasiya Şurasının sədri Vergilər nazirinin müavinlərindən biri olmalıdır.

5.2. Apelyasiya Şurasının sədri:

5.2.1. Apelyasiya Şurasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.2.2. Apelyasiya Şurasının iclaslarının protokollarını, Apelyasiya Şurasının adından çıxarılan qərarları və Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

5.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı Vergilər nazirinə təqdimatlar (təkliflər) verir;

5.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

5.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

5.2.6. Apelyasiya Şurasını təmsil edir.

5.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

5.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

5.3.2. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

5.3.3. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

5.3.4. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

5.3.5. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar Apelyasiya Şurasının adından qərarların (rəylərin) qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

5.3.6. Apelyasiya Şurasının iclaslarının protokollarını imzalamaq; 

5.3.7. Apelyasiya Şurasının iclaslarında səs çoxluğu ilə qəbul edilmiş qərarlardan (rəylərdən) razı olmadıqda, həmin məsələlərin Vergilər Nazirliyinin Kollegiya iclasında müzakirə edilməsi üçün yazılı şəkildə əsaslandırılmış rəylə Vergilər nazirinə müraciət etmək;

5.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

5.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

5.3.10. Bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

5.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının Katibliyi (bundan sonra - Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apelyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Vergilər naziri tərəfindən təsdiq olunur.

5.5. Apelyasiya Şurasının hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

5.6. Katiblik:

5.6.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

5.6.2. Bu Əsasnamənin 2.1.1-ci bəndinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.3. Bu Əsasnamənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlərə bütün zəruri sənədlər (materiallar) əlavə edilmədikdə, həmin sənədlərin (materialların) 1 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.4. Bu Əsasnamənin 2.1.4-cü, 2.1.5-ci və 2.1.6-cı bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlərlə bağlı bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.5. Bu Əsasnamənin 2.3-cü, 5.6.2-ci, 5.6.3-cü və 5.6.4-cü bəndlərinə əsasən Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələri tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apelyasiya Şurasının sədrindən başqa digər üzvlərinə göndərir;

5.6.6. Bu Əsasnamənin 5.7-ci bəndinə əsasən rəsmi şəkildə təqdim edilmiş rəyləri ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya Şurasının iclaslarını təşkil edir;

5.6.7. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya Şurasının üzvlərinə, müraciət etmiş şəxslərə, aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 2.1.1-2.1.2-ci və 2.1.4-2.1.6-cı bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə iclasa ən azı 3 iş günü qalmış, bu Əsasnamənin 2.1.3-cü bəndinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə isə iclasa ən azı 1 iş günü qalmış yazılı məlumat verir.

5.6.8. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apelyasiya Şurasının üzvlərinə təqdim edir;

5.6.9. Apelyasiya Şurasının qərarlarının (rəylərinin, yazılı şəkildə verdiyi cavabların) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;

5.6.10. Apelyasiya Şurasının qəbul etdiyi qərarların (rəylərin, yazılı şəkildə verdiyi cavabların) aidiyyəti üzrə göndərilməsini təmin edir;

5.6.11. Apelyasiya Şurasında baxılan müraciətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

5.6.12. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı kütləvi informasiya vasitələri və Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə yayır;

5.6.13. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin edir;

5.6.14. Apelyasiya Şurasının sədrinin göstərişlərini icra edir;

5.6.15. Apelyasiya Şurasının protokollarının və digər sənədlərin əsllərini saxlayır;

5.6.16. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.7. Bu Əsasnamənin 5.6.5-cı bəndinə əsasən rəylər bu Əsasnamənin 2.1.1-2.1.2-ci və 2.1.4-2.1.6-cı bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə 2 iş günündən gec olmayaraq, bu Əsasnamənin 2.1.3-cü bəndinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə isə 1 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı, həmin rəylərdə hər hansı bir məsələyə münasibət aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

5.8. Bu Əsasnamənin 2.1.3-2.1.5-ci bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasına daxil olan müraciətlərə baxılması ilə bağlı bu Əsasnamədə nəzərdə tutulmayan digər məsələlər Vergilər naziri tərəfindən müəyyən edilmiş xüsusi qaydalarla tənzimlənir. 

6. Apelyasiya Şurasında baxılan şikayətlərə dair tələblər

6.1. Şikayətlər yazılı formada tərtib edilir. Şikayətdə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:

6.1.1. Şikayətlə müraciət edən şəxs fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, hüquq şəxs olduqda isə onun adı, hüquqi ünvanı, VÖEN-i;

6.1.2. Şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

6.1.3. Şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (müvafiq vergi orqanının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);

6.1.4. Şikayətlə müraciət edən şəxsin tələbi və tələbin əsasları, gətirilən dəlillər;

6.1.5. Şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

6.2. Şikayətlər şikayətlə müraciət edən şəxs fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənəd şikayətə əlavə edilməklə) imzalanır.

6.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq nümayəndəlik, filial və idarələrin möhürü vurulur.

6.4. Şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə əlavə edilir.

6.5. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) proqram təminatında elektron kargüzarlıqdan istifadə etməklə göndərilən və ya Vergilər nazirinin elektron poçtuna daxil olmuş şikayətlər müvafiq qaydada rəsmiləşdirilməlidir.

6.6. Vergilər Nazirliyinin aparatının struktur vahidlərində baxılmadan vergi ödəyiciləri tərəfindən birbaşa Apelyasiya Şurasına daxil olmuş şikayətlər (şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması, Vergilər Nazirliyinin aparatının aidiyyəti struktur vahidinə göndərilir.

6.7. Məhkəmənin, Vergilər nazirinin və ya Apelyasiya Şurasının eyni predmet üzrə qəbul edilmiş qərarlarından (verilmiş yazılı cavablarından) Apelyasiya Şurasına müraciət edildikdə, həmin müraciət baxılmamış saxlanılır.

6.8. Şəxs eyni qərardan (eyni predmet üzrə) Apelyasiya Şurasına şikayət etməklə yanaşı məhkəməyə də şikayət etdikdə (iddia ərizəsi təqdim etdikdə), şikayətə məhkəmə qaydasında baxılır və həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

6.9. Apelyasiya Şurasında baxılması üçün eyni predmet üzrə (Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidi tərəfindən qəbul edilmiş eyni inzibati qərardan) bir neçə şəxs tərəfindən bir neçə şikayət daxil olarsa, yaxud eyni predmet üzrə (Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidi tərəfindən qəbul edilmiş eyni inzibati qərardan) eyni şəxs tərəfindən bir neçə şikayət daxil olarsa, Apelyasiya Şurasının sədrinin razılığı ilə şikayətlər bir icaatda birləşdirilə və bir məsələ kimi Apelyasiya Şurasının gündəliyinə daxil edilə bilər.

6.10. Apelyasiya Şurasında baxılması üçün Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinin (vahidlərinin) bir-birilə əlaqəsi olmayan bir neçə inzibati qərarından şikayət daxil olarsa, şikayət Apelyasiya Şurasının sədrinin razılığı ilə ayrıla və ayrı-ayrı məsələlər kimi Apelyasiya Şurasının gündəliyinə daxil edilə bilər.

6.11. Bu Əsasnamənin 2.1.1-2.1.4-cü bəndlərinə müvafiq olaraq Apelyasiya Şurasında baxılmış (və ya mahiyyəti üzrə baxılmamış) hər bir müraciət üzrə müraciəti etmiş şəxsə (şəxslərə) araşdırmanın nəticəsinə dair əsaslandırılmış qərar (və ya yazılı cavab) göndərilir.

7. Apelyasiya Şurasının iclaslarının keçirilməsi qaydası

7.1. Apelyasiya Şurasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

7.2. Apelyasiya Şurasının iclasları ayda iki dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Apelyasiya Şurasının sədrinin razılığı ilə və ya Vergilər nazirinin göstərişi ilə istənilən vaxt keçirilir.

7.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.

7.4. Apelyasiya Şurasının iclaslarında Apelyasiya Şurasına müraciət etmiş şəxslər (onların səlahiyyətli nümayəndələri), aidiyyəti vergi orqanlarının vəzifəli şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi və digər əlaqəli şəxslər iştirak edə bilərlər.

7.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş müraciətlərlə bağlı bütün dəlillər Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

7.6. Apelyasiya Şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apelyasiya Şurasının sədri həlledici səsə malikdir.

7.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş müraciətlərlə bağlı Apelyasiya Şurasının sədri, Apelyasiya Şurasının Katibliyinin rəhbəri və ya Apelyasiya Şurasının digər üzvlərindən biri məruzə edir.

7.8. Apelyasiya Şurasının iclaslarında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.

7.9. Apelyasiya Şurasının iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

7.10. Apelyasiya Şurasında baxılan şikayətlər barədə qəbul edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən kütləvi informasiya vasitələri və ya Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə yayılır.

7.11. Apelyasiya Şurasının iclaslarının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin video çəkilişi həyata keçirilir və ən az bir il müddətində saxlanılır.

7.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında uzun müddət iştirak edə bilmədikdə, Apelyasiya Şurasının sədrinin səlahiyyətləri Vergilər naziri tərəfindən müavinlərindən birinə həvalə edilir.  

8. Apelyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

8.1. Apelyasiya Şurasının iclaslarının nəticəsi Apelyasiya Şurasının üzvləri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

8.1.1. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

8.1.1.1. İclasın keçirildiyi tarix və yer;

8.1.1.2. İclasda iştirak edən Apelyasiya Şurasının üzvlərinin, Katibliyin rəhbəri və tərkibinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

8.1.1.3. Müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş müraciətin predmeti, qısa məzmunu və əsasları;

8.1.1.4. Müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş müraciətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

8.1.1.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

8.1.1.6. Apelyasiya Şurasının daxil olmuş müraciətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

8.1.1.7. Apelyasiya Şurasının üzvləri tərəfindən səs çoxluğuna əsasən qəbul edilmiş qərar və ya rəy.

8.2. Bu Əsasnamənin 2.1.1-2.1.3-cü və 2.1.6-cı bəndlərinə uyğun olaraq Apelyasiya Şurası icraatına daxil olan müraciətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

8.2.1. Müraciət təmin edilir;

8.2.2. Müraciət qismən təmin edilir;

8.2.3. Müraciət təmin edilmir;

8.2.4. Müraciətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.

8.3. Qərar əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apelyasiya Şurasının sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

8.3.1. Giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Apelyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, müraciətin predmeti və irəli sürülən tələblər;

8.3.2. Təsviri hissəsində bu Əsasnamənin 2.1.1-2.1.3-cü bəndlərinə müvafiq olaraq daxil olmuş müraciəti edən şəxsin gətirdiyi əsas, müraciətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, yaxud bu Əsasnamənin 2.1.6-cı bəndinə müvafiq olaraq daxil olmuş müraciət barədə məlumatlar, habelə işdə iştirak edən şəxslərin izahatları;

8.3.3. Əsaslandırıcı hissəsində Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

8.3.4. Nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.

8.4. Bu Əsasnamənin 2.1.4-cü bəndinə uyğun olaraq Apelyasiya Şurası icraatına daxil olan müraciətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

8.4.1. İntizam tənbehi tədbiri ləğv edilir;

8.4.2. İntizam tənbehi tədbiri daha yüngül və ya ağır intizam tənbehi ilə əvəz olunur;

8.4.3. İntizam tənbehi tədbiri dəyişdirilmədən qüvvədə saxlanılır.

8.5. Qərar (Rəy) əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apelyasiya Şurasının sədri tərəfindən imzalanmış qərar (rəy) giriş, təsviri-əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

8.5.1. Giriş hissəsində Apelyasiya Şurasının qərarının (rəyinin) verildiyi tarix və yer, qərarı (rəyi) imzalayan Apelyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, şikayətin predmeti və şikayət etmiş şəxs tərəfindən xahiş olunan məsələlər;

8.5.2. Təsviri-əsaslandırıcı hissəsində bu Əsasnamənin 2.1.4-2.1.5-ci bəndlərinə müvafiq olaraq şikayət edən şəxsin gətirdiyi əsas, əməkdaşın əməli ilə tələbi pozulmuş əmək və ya icra intizamı ilə bağlı hüquqi aktların müvafiq maddələrinə istinad, əməkdaşın xətanın törədilməsində təqsirliliyi, özünümüdafiə üçün gətirdiyi dəlillər, həmin dəlillərin əsaslı olub-olmaması hallarının araşdırılaraq qiymətləndirilməsi barədə məlumat, araşdırma zamanı Apelyasiya Şurası tərəfindən alınan izahatlar və əldə olunan digər maddi sübutlar, əməkdaşın qüvvədə olan intizam tənbehinin olub-olmaması, seçilən tənbeh tədbiri növünün zəruriliyi, intizam tənbehi verən şəxsin səlahiyyətinin olub-olmaması;

8.5.3. Qərarın nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası, rəyin nəticə hissəsində Apelyasiya Şurasının əməkdaş barəsində tətbiq olunan intizam tənbehinin qüvvədə saxlanılması, ləğv edilməsi, daha yüngül və ya ağır intizam tənbehi ilə əvəz olunması barədə təklifləri öz əksini tapır.

8.6. Apelyasiya Şurasının sədri tərəfindən qəbul edilmiş qərarların (rəylərin, verilmiş yazılı cavabların) aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

8.7. Apelyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə aid olduğu halda, Apelyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.