Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Elsevən Səfərov Fərhad e.***@expressbank.az ID: 136
Salam. Sualım mənfəət vergisi ilə bağlıdır. Misal olaraq müəssisə 2018-ci ili 5,0 mln. manat zərərlə başa vurub. 2019-cu ili 6,0 mil.manat mənfəət əldə etmişdir. Mənfəət vergisinin şərtlərinə əsasən vergi hansı formada ödənilməlidir?
02/10/2019 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Sorğunuzda qeyd olunan halda müəssisənin 2019-cu il üzrə vergiyə cəlb olunan mənfəəti əvvəlki ilin zərəri qədər azaldılar bilər.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Kamal Quliyev Hüsən ka***@gmail.com ID: 258
Salam. Sual: Azərbaycandakı filialın Xaricdə olan baş ofisə pul köçürməsi dividend sayılır?
02/10/2019 Oxunub: 125 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı mənfəət vergisinin ödəyicisidir və onun Azərbaycan mənbəyindən əldə etdiyi bütün gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan mənfəətdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb bəyan edilməklə dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, qeyri-rezidentin Azərbaycan Respublikasındakı filialı tərəfindən mənfəət vergisindən əlavə olaraq bu filialın xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 126-cı maddəsi

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ilqar Əsədov Qasım il***@outlook.com ID: 389
Salam. Bizim müəssisə təhsil fəaliyyəti ilə məşğuldur. Özəl kursdur, müxtəlif xarici dillər üzrə tədris ilə məşğuldur. Bunun üçün İNTERNATİONAL TEFL ACCREDİTATİON COUNCİL şirkətindən akkreditasiya sənədi almalıdır. Sözü gedən Beynəlxalq şirkət Amerikada yerləşir və Azərbaycan Respublikasında nümayəndəliyi yoxdur. Akkreditasiya sənədi almaq üçün isə Amerikaya həmən şirkətin hesabına pul köçürülməlidir. Bilmək istəyirik ki, həmən köçürülən pul üzrə alınan akkreditasiya sənədi mal almaq sayılır yoxsa xidmət almaq və həmçinin bilmək istəyirik ki, bu köçürməyə görə ödəmə mənbəyində vergi tutulmalıdırmı yoxsa yox. Çox xahiş edirik ki, ətraflı və həmçinin dəqiq cavab verəsiniz. Minnətdarıq.
01/10/2019 Oxunub: 100 Orta qiymət: 3

Bildiririk ki, intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyri-maddi aktivlər sayılır.

Eyni zamanda, qeyri-maddi aktivin mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ƏDV-nin məqsədləri üçün xidmət hesab edilir və bununla bağlı qeyri-rezident şəxsə edilən ödənişlər 18 faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməklə yanaşı, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.8-ci, 13.2.9-cu, 13.2.11-ci, 125-ci və 168.1.5-ci maddələri.

3/5 (3 Orta qiymət)
Qiymət ver:
Kənan Qirxiyev Arif ke***@list.ru ID: 109
Salam. Sualım ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı olacaq. Misal: Yanvarın 5-i "A" şirkəti "B" şirkətinə mal satır və qaimə, EVHF-sını kəsir. "B" şirkəti yanvarın 10-u ƏDV depozit hesabından "A" şirkətinə EVHF üzə ƏDV məbləğini ödəyir. Ancaq Bank hesabında pul vəsaiti olmadığı üçün bankdan əsas məbləği fevralın 25-i ödəyir. "B" şirkəti səhvən yanvar ayında fakturanı əvəzləşdirməyə salır. 1) Bu halda "B" şirkətinə maliyyə sanksiyası, cərimə tədbiq olunurmu? 2) Səyyar vergi yoxlaması zamanı belə bir hal aşkarlanarsa vergiçi nə etməlidir, və hansı maliyə sanksiyası, cərimə tədbiq olunur?
27/09/2019 Oxunub: 110 Orta qiymət: 5

Cavab 1-2. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Göründüyü kimi vergi ödəyicisinin verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.

Bildiririk ki, müraciətinizdə qeyd olunan halda , elektron vergi hesab-fakturasını alıb əsassız olaraq əvəzləşdirmə aparan vergi ödəyicisinə qarşı müvafiq hesabat dövründə vergi məbləğinin azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 58.1-ci, 175.1-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
İlham Salmanov Aslan il***@mail.ru ID: 106
“A” müəssisə 01.01.2015-ci il tarixində vergi orqanından sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Bu müəssisə xaricdən malları idxal edib ölkə ərazisində satışını təşkil edir, gömrükdə ƏDV ödədiyini nəzərə alıb VM-nin 157.3.3 maddəsinə uyğun olaraq ərizə ilə müraciət edib geri tarixə 01.01.2018-ci ildən ƏDV ödəyicisi kimi qeydiyyata dura bilər və hesabatı necə təqdim etməlidir?
27/09/2019 Oxunub: 373 Orta qiymət: 5

Qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir.

Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü, 177.5-ci maddələri.

5/5 (9 Orta qiymət)
Qiymət ver:
Ceyhun Rzayev Həsrət cr***@gmail.com ID: 105
Salam. Sosial şəbəkələrdə reklam üçün tutulan vergi dəyərini öyrənmək istəyirdim. Təşəkkür edirəm.
27/09/2019 Oxunub: 320 Orta qiymət: 5

Bildiririk ki, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.

Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir.

Onu da qeyd edək ki, Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Müraciətinizin sosial şəbəkə vasitəsilə reklam xidmətini göstərən şəxsə aid olduğu halda bildiririk ki, sosial şəbəkələr və digər vasitələrlə reklam xidməti göstərən şəxslər, göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərcləri çıxmaqla gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu, 218.5.10-cu maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Tural Musayev Fazil t_***@yahoo.com ID: 104
Salam. Xəstəlik vərəqinin hesablanmasında ilk 2 həftə idarə hesabına ödənilən hissəsindən 3% (pensionnu fond) və 0.5% (işsizlikdən sığorta haqqı) tutulurmu? Həmçinin 2 həftədən sonra DSMF hesabına olan məbləğdəndə 3% və 0.5% tutulurmu? Əgər tutulursa zəhmət olmasa neçənci maddəyə əsasən tutulduğunu qeyd edərsiniz. Əvvəlcədən təşəkkürlər.
27/09/2019 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Eyni zamanda, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

İşçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilən  kompensasiya və əmək haqqı əvəzinə verilən ödəmələr işsizlikdən sığorta haqqına cəlb olunur.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sevil Aliyeva Soltan se***@yahoo.com ID: 103
Salam. Mənim sualım sənədi olmayan torpaq sahəsində tikilmiş yaşayış evi barəsindədir. Bilmək istərdim, belə evlərdə yaşamaq qanunsuz sayılırmı? Buna qarşı hansı tədbirlər ve ya cərimə varmı? Müəssisədən gəlir götürən fiziki şəxs vergi ödəmirsə, bu qanunsuz sayılırmı? Hansı vergilər və ya cərimə ödənilməlidir? Və ya bu barədə hara şikayət olunmalıdır? Hörmətlə!
27/09/2019 Oxunub: 200 Orta qiymət: 4

Cavab 1. Bildiririk ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Daşınmaz əmlak sahəsinin qeydiyyatı barədə ətraflı məlumatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.

Cavab 2. Bildiririk ki, fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı və fəaliyyət xarakterinə görə seçdiyi vergi metoduna əsasən vergiləri ödəməli, vergi orqanına hesabatlar təqdim etməlidir.

Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə əsas olur.

Eyniza zamanda, büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Həsənbala Sadıqov hb***@mail.ru ID: 102
Sovet dövründə JEK-ə tabe olan evdə yaşayırdım. Kirayəçi kimi vergi ödəyirdik. Müstəqillik dövründə JEK evlərini özəlləşdirdik. Lakin JEK-in varisi olan təşkilatlar heç bir qanuna əsaslanmadan ağıllarina gələn miqdarda VERGİ müəyyən edirlər və zor ilə camaatdan alırlar. Çox maraqlıdır ki, pulu aldıqları halda heç bir qəbz də vermir. Mübahisə edəndə isə həyasızcasına sən neçə illərdir ki, vermirsən deyirlər. 1. Özəlləşdirilmiş JEK evləri haqqında qanunvericilik haqqında məlumat verməyinizi xahiş edirəm. 2. Özəlləşdirilmiş evlərin sahibi ilə JEK-in varisləri arasında münasibət necə tənzim olunmalıdır? 3. JEK-in varisi olan təşkilata 60 kv.metrlik ev sahibi nə qədər vergi ödəməlidir? 4. JEK-in varisi həyəti süpürülməsini əsas vəzifəsi hesab edir. 5. Sahibkarlarla JEKin varisi arasında heç bir müavilə imzalanmayıb 6. Poçtda ödəməyə JEK-in varisinin hesabı yoxdur 7. JEK-in pulyiğanının 20 illik qara üzlü dəftəri var. Bütün idarə və onun maliyyəsi o qara dəftərdən ibarətdir.
27/09/2019 Oxunub: 237 Orta qiymət: 5

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab olunurlar. Mənzil mülkiyyətçilərinin ödəməli olduğu əmlak vergisinin məbləği yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Gəncə şəhəri üzrə 0,3 manat olmaqla müvafiq bələdiyyələr tərəfindən hesablanmalı, hesablanmış məbləğ barədə bildiriş 1 avqustadək mənzilin mülkiyyətçisinə verilməli, mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisini bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə bələdiyyə büdcəsinə ödəməlidir.

Mənzil kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.

 “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda kommunal xərclərin ödənilməsinin birmənalı olaraq nağdsız qaydada aparılması təsbit olunmuş, Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsində isə kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə münasibətdə maliyyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci 199.1-ci və 200-cü maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli Qanununun 7-ci və 11.4-cü maddələri, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Nazim Kərimov na***@mail.ru ID: 101
Salam. Yazıb Sizə bildirmək istəyirəm ki, Xidmət göstərdiyimiz şirkətlərdən biri Lizinq fəaliyyəti ilə məşğuldur. Lizinq fəaliyyəti zamanı maşınları lizinqə vermək məqsədilə alış edir. Sual yaradacaq məqam budur ki, Lizinq prosesini həyata keçirən zaman maşını satan şəxs vergi ödəyicisi olmayan fiziki şəxs olduğu təqdirdə, Lizinq şirkətinin hansı vergi öhdəlikləri yaranır. Lizinq şirkəti lizinq vermə məqsədilə vergi ödəyicisi olmayan fiziki şəxsdən alış etdikdə Ödəmə mənbəyindən vergiyə cəlb oluna bilərmi?
27/09/2019 Oxunub: 259 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxsin sahibkarlıq fəaliyyətində istifadə edilməyən daşınan maddi əmlakının, o cümlədən də avtomobil nəqliyyatının təqdim edilməsindən əldə etdiyi gəlir vergidən azad olunur.

Odur ki fiziki şəxsin satdığı sahibkarlıq fəaliyyətində istifadə edilməyən avtomobil həmin şəxsdə gəlir vergisi üzrə vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Malik Seyidov Hacaga se***@mail.ru ID: 100
İsmayıllı rayon Topçu kənd tam orta məktəbi Təhsildə inkişaf qrant müsabiqəsində qalib gələrək 5000 manat pul qazanmışdır. Layihənin smetasında 400 manat mühasib xidməti nəzərdə tutulub. Mənim daimi iş yerim var. Həmin qrant layihəsində mühasib xidməti göstərmişəm və layihədə nəzərdə tutulmuş 400 manat birdəfəlik mühasib xidməti haqqını almışam. Bilmək istəyirəm aldığım 400 manatdan nə qədər vergi və DSMF ödəməliyəm. (Qeyd edim ki, bu məbləğ əmək haqqı deyil, xidmət haqqıdır.)
27/09/2019 Oxunub: 442 Orta qiymət: 4

Bildiririk ki, mülki-hüquqi müqavilə ilə çalışan şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-3-cü, 150.1.7-ci  maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Allahverdiyev Yusif Asif al***@gmail.com ID: 99
Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs, balansda olan nəqliyyat vasitəsini satanda, əldə olunan məbləğdən hansı vergiləri ödəməlidir?
27/09/2019 Oxunub: 197 Orta qiymət: 5

Bildiririk ki, aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 142-ci maddəsi.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Əsmər Hüseynova e_***@mail.ru ID: 98
Hüquqi və yaxud da fiziki şəxsdən icarəyə götürülmüş obyektə çəkilən təmir xərcləri vergi məqsədləri üçün gəlirdən çıxılan xərc kimi tanına bilərmi? Əlavə olaraq qeyd edim ki, icarə obyektinin təmir xərcləri ilə əlaqədar aldığımız tikinti materiallarının alışını əks etdirən VHF də, ödəniş sənədləri də qaydasındadır.
27/09/2019 Oxunub: 279 Orta qiymət: 4

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Məmmədov İlham Vəli ta***@yahoo.com ID: 97
Salam, Cəmiyyəti quş ətinin sənaye üsulu ilə istehsalı fəaliyyətini və onun topdan və pərakəndə şəkildə satışını həyata keçməklə yanaşı, yetişdirilmiş quşlardan onların diri şəkildə olarkən quşlardan əldə olunan quş zilinin (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) satışını həyata keçirmək istəyirik. Lakin, qanunvericilikdə istehsalçı tərəfindən quş zılının satışının Əlavə Dəyər Vergisinə cəlb olunması barədə dəqiq göstəriş yoxdur. Digər bir məsələdə isə yetişdirilmiş quşlardan əldə olunan quş zılının eyni qaydada (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) sadəcə qablaşdırılaraq satışını həyata keçirmək Əlavə Dəyər Vergisinə cəlb olunması barədə. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, Cəmiyyət tərəfindən quş zılının açıq şəkildə satışının və yaxud qablaşdırılmış şəkildə satışı Əlavə Dəyər Vergisinə cəlb olunub-olunmaması barədə bizə geniş şəkildə məlumat verəsiniz.
27/09/2019 Oxunub: 187 Orta qiymət: 5

Bildiririk ki, quş ətinin satışı 1 yanvar 2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilmişdir. Qeyd olunan maddədə azadolma yalnız quş ətinə şamil edilir.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilmişdir.

Quş zılı (peyini) isə kənd təsərrüfatı məhsullarına aid edilmədiyi üçün  ümumi qaydada ƏDV-yə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 164.1.18-ci, 164.1.37-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ilham Məmmədov Vəli ta***@yahoo.com ID: 96
Salam. Bildiyiniz kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsində malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bir çox növlərindən Əlavə Dəyər Vergisini ödənişindən azad edilmə barədə müddəalar mövcuddur. Xahiş edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində quşçuluq və maldarlıq təsərrüfatları üçün istehsal olunan yem məhsullarının Əlavə Dəyər Vergisinə cəlb olunması və yaxud Əlavə Dəyər Vergisindən azad olması ilə bağlı Vergi Məcəlləsində hər hansı bir maddənin mövcud olması və ya gələcək dövrdə Vergi Məcəlləsinə olunacaq dəyişikliklərdə bu məhsullarla bağlı azadaolma barədə əlavə ediləcəyi barədə bizə məlumat verilməsinə köməklik göstərəsiniz.
27/09/2019 Oxunub: 149 Orta qiymət: 0

Bildiririk ki, kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə  ƏDV-dən azad edilmişdir. Digər yem məhsullarının istehsalı və satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Gələcəkdə qeyd etdiyiniz məhsulların ƏDV-dən azad edilib-edilməyəcəyi barədə bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız  Vergi Məcəlləsi ilə müəyyənləşdirilir və hər hansı dəyişikliklər edildikdə isə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.

Vergi qanunvericiliyinə dəyişiklik edildikdə bu barədə KİV-də, o cümlədən səhifəmizdə məlumatlar yerləşdirilir.

Əsas:  Vergi Məcəlləsinin 2.4-1-ci, 164.1.43-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldəniz Məmmədov Vasif ma***@gmail.com ID: 95
Salam, sualım belədir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır?
27/09/2019 Oxunub: 257 Orta qiymət: 3

Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Qeyd edilən arayışın əldə edilməsi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 154.6-cı, 175-ci, 218.1.3-cü, 218.3-cü, 219.3-cü, 220.8-ci və 221.5-ci maddələri.

3/5 (6 Orta qiymət)
Qiymət ver:
Cəfərov Saleh Mais sa***@gmail.com ID: 94
Təsisçiyə məxsus şəxsi avtomobil nizamnamə kapitalı qoyuluşu şəklində MMC-nin balansına keçirilir. Bu zaman yerinə yetirilməli olan prosedurlar barədə və MMC ləğv olunduqda həmin avtomobil təsisçinin adına keçərkən yaranan vergi öhdəlikləri haqqında məlumat verməyinizi xahiş edirəm.
27/09/2019 Oxunub: 285 Orta qiymət: 3

Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə fonduna qoyulması hər iki tərəf üçün vergitutma obyektini təşkil etmir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Nadir Cabbarov na***@gmail.com ID: 93
VM-nin maddə 102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri və Sosial sığorta haqqında Qanunun 15-ci maddəsində əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr dedikdə hansı ödəmələrdən söhbət gedir, bunların məbləğini kim (hansı dövlət orqanı) müəyyən edir?
27/09/2019 Oxunub: 210 Orta qiymət: 0

Bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əsas: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qasımova Əminə eq***@gmail.com ID: 92
Əcnəbilərin Azərbaycan Respublikasında hüquqi şəxs yaratması üçün tələb olunan sənədlər hansılardır? Və bu zaman əcnəbinin yaşadığı yer olaraq ünvan hansı ünvan verilir?
27/09/2019 Oxunub: 131 Orta qiymət: 0

Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması zamanı tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.
Təsisçi fiziki şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verdiyi daimi və ya müvəqqəti icazə vəsiqəsinin rekvizitləri qeyd edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mübariz İmanov Hafiz mu***@gmalil.com ID: 91
İşə qəbulla bağlı elan nə vaxt veriləcək? Mən vergi könüllüsüyəm, bunun işə qəbula bir təsiri ola bilərmi?
27/09/2019 Oxunub: 154 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar,  eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: