Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Apelyasiya Şurasında

Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs RəhimovRəhman Məmmədrəhim oğlunun əlavə dəyər vergisi qeydiyyatının və hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə təkrar şikayətlərinə baxıb.

Vergi ödəyicisi Rəhman Rəhimov “Konsis” MMC-yə göstərilmiş xidmətin dəyəri ilə bağlı mədaxil qəbzində göstərilən məbləğin səhvən artıq yazıldığını bildirərək, bununla bağlı müvafiq təhvil-təslim aktını, mədaxil qəbzinin surətlərini və “Konsis” MMC-nin arayışını təqdim edib və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” bildirişinin, ƏDV hesabatlarının vaxtında təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyalarının və hesablanmış vergi və faizlərin ləğv olunmasını xahiş edib.

Araşdırma zamanı R.Rəhimov tərəfindən 2015-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi təqdim edildikdən sonra, ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcminin 120000,0 manatdan artıq olduğu və ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi öhdəliyinin yarandığı müəyyən edilib. Vergi ödəyicisi tərəfindən göstərilən müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilmədiyi üçün o, Vergi Məcəlləsinin 157.5-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanının təşəbbüsü ilə ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınıb.

Bundan sonra, kameral vergi yoxlaması ilə 2015-ci ilin 2-ci və 3-cü rübləri üzrə hesablanmış sadələşdirilmiş vergi məbləğləri azaldılaraq əlavə dəyər vergisi hesablanıb və vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” Qərarlar göndərilib.

ƏDV məqsədləri üçün məcburi qeydiyyata alındıqdan sonra  vergi ödəyicisi tərəfindən müvafiq dövrlərə dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannamələri təqdim edilib, eyni zamanda, nağd qaydada aparılan əməliyyatlar barədə təqdim olunmuş kassa sənədlərinin araşdırılması zamanı 30 may 2014-cü il tarixli mədaxil qəbzinə düzəliş edildiyi müəyyən olunub. Bundan əlavə, vergi ödəyicisinə 2015-ci ilin may-oktyabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinin müəyyən edilmiş müddətdə verilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunub.

Vergi ödəyicisinin nümayəndəsi Natiq Nəcəfov araşdırmaya təqdim etdiyi izahatında 2014-cü ilin may ayında “Konsis” MMC-yə təqdim edilmiş kassa mədaxil qəbzində edilmiş səhvin anlaşılmazlıq nəticəsində olduğunu, R.Rəhimovun qeyd olunan ciddi hesabat blankları ilə işləmək praktikasının olmadığını və bununla bağlı müvafiq qanunvericilik aktlarından xəbərsiz olduğunu bildirib.

Vergi Apelyasiya Şurasının iclasında aparılan müzakirələrdə qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməsi, həmçinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməsi ilə bağlı müvafiq müddəalarının nəzərə alınması, eləcə də təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və təqdim edilmiş sübutlar əsas götürülməklə, təkrar şikayətin təmin edilməsi barədə qərar qəbul edilib.