Axtar
az|рус|eng
Media
25.10.2017

Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək adlı tvinninq layihənin təqdimat mərasimi keçirilib

Oktyabrın 25-də “Excelsior” otelində “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və  vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri, benefisiar ölkə üzrə layihə rəhbəri Elçin Məmmədov bu mühüm layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Avropa İttifaqının yerli nümayəndəliyinə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəmizin vergi sistemində tətbiqinə çalışır. Bildirilib ki, vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının yaradılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi  və elektron xidmətlərin genişləndirilməsi kimi məqsədlərə xidmət edir. Əsas istiqamətlər sırasında vergi xidmətlərinin və könüllü vergi ödəmələrinin səviyyəsinin artırılması mühüm yer tutur. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərinin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır.

Sözügedən layihənin cari ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirildiyini bildirən nazirin müşaviri, İspaniya Krallığı və Fransa Respublikasının vergi administrasiyalarının layihə çərçivəsində partnyor ölkələr qismində çıxış etdiyini söyləyib. Qeyd olunub ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni tvinninq layihəsi Azərbaycan ilə Aİ arasında səmərəli əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən edilən layihə 4 əsas komponentdən ibarətdir. Bu  komponentlərə  vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, mövcüd göstəricilərin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasının daxil olduğunu vurğulayıb.

Bildirilib ki, layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Avropa İttifaqının ekspertləri Vergilər Nazirliyinin əməkdaşları ilə öz ölkələrinin və Aİ-yə daxil olan digər ölkələrin mütərəqqi təcrübələrini bölüşürlər. Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bu təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsinə mühüm təsirini göstərəcək. 

Layihə 5 əsas nəticənin əldə olunmasını qarşıya məqsəd qoyub. Birinci məqsəd vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilinin optimallaşdırılması məqsədi ilə müasir tələblərə cavab verən metodoloji yanaşmanı və idarəetmə mexanizmlərini əhatə edən davamlı inkişaf proqramının hazırlanmasıdır. Qəbul ediləcək davamlı inkişaf proqramına uyğun pilot layihənin həyata keçirilməsi, resursların bölgüsünün optimallaşdırılması, xidmətlərin yüksək səviyyədə göstərilməsi və əməletmə xərclərinin azaldılması məqsədi ilə vergi ödəyicilərinə xidmət sahəsində tələbatın idarə olunması mexanizminin yaradılması, bütün xidmət kanallarının səmərəliliyinə nəzarət etməyə, onları təhlil edərək təkmilləşdirməyə və xidmət kanallarından istifadə səviyyəsini qiymətləndirməyə imkan verən əsas fəaliyyət göstəriciləri və hədəflərdən ibarət metodologiyanın işlənib hazırlanması növbəti məqsədlərə aiddir. Bununla yanaşı, göstərilmiş xidmətlərin vergi ödəyicilərinin könüllü əməletməsi səviyyəsinə təsirini təhlil etməyə və qiymətləndirməyə imkan verən mexanizmlərin və texniki tələblərin hazırlanması da nəzərdə tutulur.

Vurğulanıb ki, qarşıya qoyulmuş hədəf məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən və digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni səviyyədə göstərilməsini təmin etməkdir.

Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas  Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv palnlar barədə çıxış edib.  K.Jankauskas  qeyd edib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və  vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaqdır.

Tədbirdə Avropa İttifaqının və aidiyyəti ölkələrin səfirləri, Azərbaycan Respublikasının İqtisadiyyat və Vergilər nazirliklərinin, İspaniya Vergi Agentliyinin nümayəndələri, layihə rəhbərləri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fotolar

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.