Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Kollegiyasının 3 may 2019-cu il tarixli 1917050000006200 nömrəli
qərarı ilə təsdiq edilmişdir.

 

 

Fiziki şəxslərin uçota alınması,

yenidən uçota alınması və uçotdan çıxarılması

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” (bundan sonra - Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 29.12.2012-ci il tarixli 802 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi),  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin və “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun  tələbləri rəhbər tutulmaqla hazırlanmışdır. Bu Qaydaların məqsədi fiziki şəxslərin  uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və bu prosesdə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən etməkdir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.2.1. VÖEN – Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN on rəqəmli olur və birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir. Proqram təminatı VÖEN-in doqquzuncu rəqəmini xüsusi alqoritm vasitəsilə, onuncu rəqəmini isə vergi ödəyicisinin hüquqi statusuna (fiziki və ya hüquqi şəxs olmasına) uyğun olaraq müəyyən edir;

1.2.2. Fiziki şəxsin uçotu haqqında şəhadətnamə - vergi ödəyicisinə elektron formada göndərilən, habelə Vergi Məcəlləsinin 34.2-1-ci maddəsində nəzərdə tutulmuş halda vergi orqanı tərəfindən kağız formada verilən və özündə fiziki şəxsin adını, VÖEN-ini əks etdirən sənəddir;

1.2.3. Vergi orqanı – fiziki şəxslərin uçota alınmasını, yenidən uçota alınmasını, uçotdan çıxarılmasını və uçot məlumatlarında dəyişiklik edilməsini həyata keçirən orqandır;

1.2.4. Proqram təminatı – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra – Vergilər Nazirliyi) istismarında olan “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”nin  “VÖEN” altsistemində vergi ödəyicilərinin uçotunun aparılması üçün tətbiq edilən proqram tərtibatıdır;

1.2.5. Elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən Vergilər Nazirliyinin informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi  ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir;

1.2.6. Şəxsiyyəti təsdiq edən sənəd - Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, habelə qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvafiq olaraq  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsidir;

1.2.7. Ailə kəndli təsərrüfatı- ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsidir;

1.2.8. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər (bundan sonra - torpaq mülkiyyətçiləri) - özü-özlərini və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (ailə kəndli təsərrüfatları və hüquqi şəxs yaradanlardan başqa) sığorta edən fiziki şəxslərdir;

1.2.9. Torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dır ( o cümlədən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri).

1.3. Aşağıda qeyd edilən  şəxslər vergi orqanlarında uçota alınırlar:

1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər;

1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları;

1.3.3. torpaq mülkiyyətçiləri.

1.4. Bu Qaydaların 1.3.2 və 1.3.3-cü yarımbəndlərində qeyd edilən şəxslər yalnız məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınırlar.

 

2. Fiziki şəxslərdən uçota dair ərizələrin qəbulu, onların işlənməsi və müraciət edənlərin məlumatlandırılması işlərinin təşkili

 

2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər:  

2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər  - sahibkarlıq fəaliyyətinə başladığı günədək;

2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq;

2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra  - bir ay müddətində;

2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində.  

2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə”  verilir.

2.4. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir.

2.5. “Fiziki şəxsin  uçotu haqqında ərizə”yə aşağıdakı sənədlər əlavə edilir:

2.5.1. Bu Qaydaların 1.3.1-ci yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.5.2. Bu Qaydaların 1.3.2-ci yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotuna götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti;

2.5.3. Qaydaların 1.3.3-cü yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin,  torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti.

2.6. Kağız daşıyıcısında ərizələrin təqdim edilməsi bilavasitə aidiyyəti orqana gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi vergi orqanı tərəfindən həyata keçirilir.

2.7. Müraciət edən şəxs kağız daşıyıcısında ərizəni bilavasitə aidiyyəti orqana təqdim etdikdə, ərizəni qəbul edən vergi orqanı əməkdaşı tərəfindən ona müraciətin qəbul edilməsi haqqında müvafiq sənəd verilir. Sənəddə müraciətin vergi orqanındakı kargüzarlıq (qeydiyyat) nömrəsi və müraciətə baxılmanın nəticəsi olaraq sənədin hazır olma tarixi göstərilir və  müraciəti qəbul edən vergi orqanı əməkdaşı tərəfindən imzalanır.

2.8. Sənədlərin qəbulu və yoxlanılması ilə məşğul olan vergi orqanı əməkdaşı qəbul etdiyi ərizənin düzgün doldurulmasını müraciət edənin iştirakı ilə yoxlayır. Bu zaman ərizədə tələb olunan yerlərə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növlərinin təsnifatı”nın müvafiq statistik təsnifat kodları daxil edilir.

2.9. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir.

2.10. Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan vergi orqanı əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır.

2.11. Təqdim edilən sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Uçota alınmaq və ya uçot məlumatlarında dəyişiklik aparılması üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə bildiriş” təqdim olunur. Uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, uçota dair sənədlər vergi orqanı tərəfindən yenidən baxılmaq üçün qəbul edilir.

2.12. Vergi orqanı uçota alınmanı “Fiziki şəxsin uçotu haqqında ərizə” və tələb edilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda uçota alınması istisna olmaqla) həyata keçirməli və fiziki şəxsin uçotu haqqında şəhadətnaməni vergi ödəyicisinin elektron kabinetinə göndərməlidir. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcıda da verilməsi ərizədə qeyd olunduğu halda şəhadətnamə fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə müvafiq jurnala imza atılmaqla təqdim edilir. Vergi orqanı tərəfindən fiziki şəxsin uçotu haqqında şəhadətnamə fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir.  Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

2.13. Fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır (vergi orqanından təhvil götürüldüyü halda).

2.14. Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması Vergilər Nazirliyinin  Kollegiyasının 2017-ci il 27 yanvar tarixli  1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq aparılır.

2.15. Fiziki şəxsin uçot sənədlərinin qəbul edilməsi zamanı fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə əsas fəaliyyət növünə uyğun olaraq vergi qanunvericiliyinin zəruri hesab olunan tələbləri və mövcud elektron xidmətlərin üstünlükləri barədə məlumat verilir. 

 

3. Fiziki şəxslərin yenidən uçota alınması və uçot məlumatlarının dəyişdirilməsi

 

3.1. Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 1-ci abzasına əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. 

3.2. Fiziki şəxs uçotda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişməsi barədə ərizə ilə müraciət etdiyi gündən sonrakı 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

3.3. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

3.4. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası  Vergilər Nazirliyi  tərəfindən müəyyən edilir.  

3.5. Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 2-ci abzasına əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

3.6. Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən uçota alınmış fiziki şəxslərin sonradan ailə kəndli təsərrüfatının başçısı və ya torpaq mülkiyyətçisi kimi uçota alınmaq öhdəliyi  yarandıqda bu Qaydaların 2.5.2 və ya 2.5.3-cü yarımbəndlərinə uyğun olaraq vergi orqanına müraciət edilməlidir.

3.7. Ailə kəndli təsərrüfatının başçısı və ya torpaq mülkiyyətçisinin sonradan Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən uçota alınmaq öhdəliyi yarandıqda bu Qaydaların 2.5.1-ci yarımbəndinə uyğun olaraq vergi orqanına müraciət edilməlidir.

3.8. Uçotda olan torpaq mülkiyyətçisi tərəfindən sonradan daha bir kənd təsərrüfatına yararlı torpağa mülkiyyət sənədi əldə edildikdə uçot məlumatlarında dəyişikliklərin aparılması üçün bu Qaydaların 2.5.3-cü  yarımbəndinə uyğun olaraq vergi orqanına müraciət edilməlidir.

3.9. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

 

4.  Fiziki şəxsin uçotdan çıxarılması prosedurları

 

4.1. Fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

4.1.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə;

4.1.2. Ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə;

4.1.3. Torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə;

4.1.4. Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

4.1.5. Fiziki şəxs vəfat etdikdə.

4.2. Fiziki şəxsin uçotdan çıxarılması  ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır:

4.2.1. bu Qaydaların 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda  -  fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında (torpaq mülkiyyətçilərinə münasibətdə torpağa mülkiyyət hüququnun özgəninkiləşdirilməsini təsdiq edən sənəd, ailə kəndli təsərrüfatının başçısına münasibətdə isə bələdiyyə tərəfindən verilmiş müvafiq sənəd əlavə edilir);

4.2.2. fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - məhkəmənin müvafiq qərarı əsasında;

4.2.3. fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında.

4.3. Fiziki şəxs uçotdan çıxarılanadək fiziki şəxsin uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təhvil verilir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itmişdirsə, bu barədə  fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir. Bu Qaydaların 4.2.2-ci və 4.2.3-cü yarımbəndlərində qeyd edilən hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

4.4. Bu Qaydaların 1.3.1-1.3.3-cü yarımbəndlərinə əsasən uçota alınmış fiziki şəxslərin uçotu hər bir yarımbənd üzrə ayrılıqda ləğv edilir.

4.5. Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

4.6. Uçotdan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə  uçot məlumat bazasında uçotdan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır:

4.6.1. uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;

4.6.2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması;

4.6.3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;

4.6.4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olub-olmaması;

4.6.5. fiziki şəxsin aktiv bank hesablarının olub-olmaması;

4.6.6. fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması;

4.6.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.

4.6.8. torpaq mülkiyyətçisi və ailə kəndli təsərrüfatının başçısı kimi vergi orqanında uçotda olub-olmaması.

4.7. Bu Qaydaların  4.6-cı bəndində qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırılmalıdır:

4.7.1. vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi;

4.7.2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi;

4.7.3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi;

4.7.4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması;

4.7.5. fiziki şəxsin aktiv bank hesablarının bağlanılması;

4.7.6. müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcunun ödənilməsi;

4.7.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.

4.8. Bu Qaydaların 4.6.1-4.6.4 və 4.7.1-4.7.4-cü yarımbəndləri torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarının başçılarına münasibətdə tətbiq edilmir.

4.9. Bu Qaydaların  4.6-cı bəndində qeyd edilən hallar mövcud olduqda fiziki şəxs tərəfindən həmin hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs uçotdan çıxarılır.

4.10. Bu Qaydaların 1.3.1-1.3.3-cü yarımbəndlərinə əsasən uçota alınmış fiziki şəxslərin uçotu bütün yarımbəndlər üzrə ləğv edildikdə, ona verilmiş VÖEN  uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

 

                                                                                                                                     

 

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.