Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Kənan İsmayılov Firdovsi is***@gmail.com ID: 8305
Salam. Mən xarici vətəndaşam, müvəqqəti yaşama icazəm var. Bakıda özümə kiçik biznes qurmaq istəyirəm. VÖEN hesabı açmaq olar bizə və necə olur?
11/07/2023 Read: 190 Average count: 4

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

4/5 (4 Average count)
Qiymət ver:
Rövşən Əsədli es***@gmail.com ID: 8381
Salam, xaricdən şəxsi istifadə üçün qızıl məhsulu gətirdikdə nə qədər vergi verirəm ?
10/07/2023 Read: 136 Average count: 0

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Esmira Əhmədova Əlibala qızı es***@List.ru ID: 8379
Vergi Məcəlləsinin 166.1.1-ci maddəsindəki “yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.” ifadəsinin aşağıda qeyd etdiyim misalda düzgün tətbiqinə aydınlıq gətirmənizi xahiş edirəm. Misal: Pos terminal vasitəsi ilə iyun ayında 118000 manatlıq satış olub və Elektron bankçılıqda pos terminal üzrə əməliyyatlarda həmin məbləğin iyun ayında satışını görürəm və hesab edirəm ki, həmin məbləği almaq hüququm elə iyun ayında yaranmışdır. Sadəcə bankdakı cari hesabıma 118000 manat iyul ayında daxil olmuşdur. Və düşünürəm ki, baxmayaraq ki, cari hesabıma iyul ayında mədaxil olunub, həmin məbləğin mənə aid olması Posterminal üzrə çıxarışda iyun ayında öz əksini tapmışdır və elə həmin anda da hüququm yaranir. Sadəcə həmin məbləğin bankdan çıxarılması texniki səbəblərdən növbəti, yəni iyul ayında mümkün olur. VM dəki yuxarıda qeyd olunan ifadəyə görə Pos-terminalla ödənilmiş satış məbləği hansı ayın ƏDV bəyannaməsinə aid edilməlidir, İyun ayının yoxsa iyul ayının?
09/07/2023 Read: 189 Average count: 5

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 8297
Salam, xahiş edirəm köməklik göstərəsiniz. Balans dəyəri 900 manat olan kompüter "114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası aktivlərinə ya da 114.3.7. digər əsas vəsaitlər aktivlərinə aiddir?
07/07/2023 Read: 289 Average count: 3

Bildiririk ki, kompüterlər Vergi Məcəlləsinin 114.3.2-ci maddəsində qeyd edilən maşınlar və avadanlıq kateqoriyasına aid edilir və bu əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə 20 faiz dərəcə ilə amortizasiya hesablanır.

Eyni zamanda, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1,5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi və Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

3/5 (8 Average count)
Qiymət ver:
Mirzəliyev Elçin Tərlan oğlu mi***@gmail.com ID: 8257
Здравствуйте я хочу заниматься производством шелковых Калагаи. Для производства я буду покупать шелковые нитки с Шейки фабрики, далее сам ткать ткань и делать окрашивание для получения готовой продукции. Если я буду 5% налогоплательщиком микро предприниматель, то каким образом я должен платить налог? Исходя от суммы продажи вычисляя расходы или я должен сделать калькуляцию себестоимости готовой продукции и предьявить его в налоговую службу согласовав с вами и далее после продажи платить налог от прибыли в размере 5%? Прошу вас дать разъяснения для налогоплательщика который занимается производством приобретая сырье. Спасибо
07/07/2023 Read: 154 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 97-ci, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

4/5 (7 Average count)
Qiymət ver:
Hüseyn Həsənov Xeybər oğlu hu***@mail.ru ID: 8252
2.5 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə hüquqi şəxslər (MMC-lər) illik nə qədər torpaq vergisi ödəməlidirlər?
07/07/2023 Read: 179 Average count: 3

Bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisi Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarına əsasən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilmiş şərti ballar əsasında hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. 

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələri, Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı.

3/5 (5 Average count)
Qiymət ver:
Əli Cəfərov Alı oğlu ko***@mail.ru ID: 8287
Salam. Sadələşdirilmiş vergi satılan məhsulun məbləğinin 2 faizi ödənilir yoxsa, qazancın 2 faizi?
07/07/2023 Read: 145 Average count: 4

Bildiririk ki, sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi hesab olunur. Sadələşdirilmiş vergi hesablanarkən xərclər nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 219-cu maddəsi.

 

4/5 (3 Average count)
Qiymət ver:
Nicat Qabulov Haqverdi oğlu ni***@mail.ru ID: 8235
Salam. Təsisçisi və direktoru tək olan hüquqi şəxsin (MMC-nin) bağışlanma əsasında digər şəxsin adına keçirilməsi prosesi necə aparılır? Bunun üçün ilkin olaraq, birbaşa Dövlət Vergi Xidmətinə yoxsa Notariusa müraciət etmək lazımdır? Təşəkkürlər!
07/07/2023 Read: 324 Average count: 4

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Eyni zamanda rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir. 

Belə ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

4/5 (5 Average count)
Qiymət ver:
Eminov Fuad Məhəbbət oğlu fu***@mail.ru ID: 8376
Salam hörmətli Dövlət Vergi Xidməti işçiləri. Bilmək istərdim ki, ƏDV bəyannaməsinin 3 saylı əlavəsində "Təqdim edilmiş mal, iş və xidmətlərin (ƏDV nəzərə alınmadan)" sütununda məlumat hansı sənədə əsasən yazılır? İşlərin görülməsini təsdiq edən Təhvil-qəbul aktı əsasında yoxsa, işlər görüldükdən sonra VM-nin 71-1.1.3 maddəsinə əsasən işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində verilmiş E-Qaimə əsasında?
06/07/2023 Read: 138 Average count: 0

Bildiririk ki, “Əlavə dəyər vergisinin bəyannaməsinin” 3 №-li Əlavəsində hesabat ayı üzrə ƏDV-yə cəlb olunan təqdim edilmiş mal, iş və xidmətlərin cəmi dəyəri “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda, “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda isə təqdim edilmiş mal, iş və xidmətlərin daxil olan hissəsi qeyd edilir.

Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş xidmətlərin vaxtı tərəflər arasında imzalanmış təhvil-qəbul aktı və digər ilkin uçot sənədlərin əsasında müəyyən edilə bilər. 

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Фатуллаева Джамиля Вахид ja***@gmail.com ID: 8375
Вопрос относительно отпуска и отпускных. В июне этого года я взяла отпуск ( 7 дней). Я получила отпускные, которые у меня вычитывают при следующем начислении заработной платы. В этот раз из за праздников, с меня задержали больше, чем было выплачено отпускных. Объяснив это наличием праздничных дней в июне месяце. Есть ли такое правило.
06/07/2023 Read: 80 Average count: 0

Bildiririk ki, məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq bu haqda ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Siz, saytımızda “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Hacızadə h4***@yandex.com ID: 8264
Salam, elektron ticarət zamanı hansı kassa aparatından istifadə etməliyik? Ödənişlər həm nağd, həm nağdsız olacaq. Vergi uçotunu mühasibat olmadan necə tutmaq olar? Nağd ödənişlərdə çek necə veriləcək?
06/07/2023 Read: 344 Average count: 4

Bildiririk ki, “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. 

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, o cümlədən Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

Əlavə olaraq bildiririk ki, mühasibat uçotunun aparılması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “Mühasibat uçotu haqqında” Azərbnaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

 

4/5 (3 Average count)
Qiymət ver:
Fidan Ağayeva Eldar qızı fi***@gmail.com ID: 8238
Salam. Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi üçün lazım olan sənədlər hansılardır?
06/07/2023 Read: 158 Average count: 4

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100  nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının  aparılmasına dair Metodiki Göstəriş”

4/5 (4 Average count)
Qiymət ver:
Mehdiyev Elşən Əhməd me***@list.ru ID: 8229
Salam. Fərz edək ki, şirkət xarici şirkətə mal təqdim etmək istəyir və həmin şirkətin nümayəndələri istehsal prosesi ilə tanış olmaq ücün əgər prosesdən razı qalarlarsa, alğı-satqı müqaviləsi imzalanacaq. Bununla bağlı şirkətin nümayəndələri üçün nəqliyyat xidməti onların daşınması (avtomobil), aviabilet xərcləri, həmçinin otel xidmətləri və ictimai iaşə xidməti şirkət tərəfindən qarşılanır. Sualım ondan ibarətdir ki, çəkdiyimiz bu xərclər gəlirdən çıxılırmı? Yəni ki, bu xərclər şirkətə əlavə müştəri qazandıra bilər. Amma, Vergi Məcəlləsində deyilir ki, bu xərclər gəlirdən çıxıla bilməz. Lakin, bunlar hər hansı işçilərin sosial xərci deyil, sadəcə şirkətin əməkdaşlıq etdiyi şirkətlərin sayını artıracaq. Digər bir sual: Fərz edək, xarici sirkətin nümayəndələri üçün ictimai iaşə obyekti elektron-qaimə göndərir. 500 AZN əsas məbləğ və 90 AZN ƏDV. Biz bu zaman ƏDV-ni əvəzləşdirə bilərikmi? Xahiş olunur suallarımı cavablandırasınız.
06/07/2023 Read: 295 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Göründüyü kimi vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan çəkilmiş xərclər (qonaqlama xərcləri) onun gəlirdən çıxılan xərclərinə aid edilmir və cəmiyyətin sərbəst mənfəəti hesabına maliyyələşir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Qafarova Fəxriyyə Hüseynağa qızı fx***@gmail.com ID: 8258
Salam. Sizi Neftçala rayonundan narahat edirəm. 2011-ci ildən Neftçala rayonu Asəf Mütəllimov küçəsi ev 22 ünvanında 55 kvm ölçülü mənzil sahibiyəm. Mənzilin 307 kvm ölçülü həyətyanı sahəsi var. Həm mənzilin, həm də həyətyanı sahənin dövlət reyestrindən çıxarışı var. Üstündən bu qədər müddət keçdikdən sonra dünən yerli bələdiyyə orqanının əməkdaşları mənə müraciət edərək " Sizin bələdiyyə orqanına 172 manat borcunuz var" deyə bildirmişlər. Bu borcun haradan və necə yarandığını soruşduqda uzun illər vergi verilmədiyini və həm borc, həm də üzərinə faiz gəldiyini bildirmişlər. Bu müddətə qədər bir dəfə də olsun bələdiyyə əməkdaşları sizin borcunuz var, ödəyin deyə mənə bildiriş verməmişlər. Uzun illər yerli bələdiyyə orqanının əməkdaşlarının məsuliyyətsizliyi ucbatından yaranan borcu mən niyə ödəməliyəm axı? Bu borcun hansı illər üzrə nə qədər təşkil etdiyini soruşduqda buna belə cavab verə bilmədilər. Sizə yazıb bilmək istəyirəm ki, hər hansı bir işçinin öz vəzifəsini yerinə yetirməməyinin günühını mənmi çəkməliyəm? Üstəlik onu da bildirim ki, bu təkcə mənim deyil bizə yaxın ünvanda yaşayan vətəndaşların da başına gəlib. Bu nə dərəcədə düzgündür? Vətəndaşın xəbəri olmadan ona borc yazıla bilərmi? Bu haqda vətəndaş xəbərdar edilməli deyilmi?
06/07/2023 Read: 220 Average count: 0

Bildiririk ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Bələdiyyələrin qanunazidd hərəkətləri ilə bağlı isə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yusif Həsənov Həmzə yu***@gmail.com ID: 8240
Salam, hər vaxtınız xeyir. Mən aylıq maaşımdan hər ay üçün tutulan verginin məbləğini öyrənmək istəyirəm.
06/07/2023 Read: 125 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məlumatı aidiyyəti üzrə iş yerinin mühasibatlığına müraciət edərək əldə edə bilərsiniz. Siz "əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru" vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə, sual yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nihad Heyderov Elçin ni***@gmail.com ID: 8263
Salam. Mən bir mövzu haqqında məlumat almaq istəyirdim. Qlobal birjalarda yaxud Azərbaycan Respublikasının rəsmi bankları (Paşa Kapital, Leobank) üzərindən keçirilən sərmayələr bölümündəki Səhm, Fon, Kripto Yatırım yaxud alqı satqı zamanı mən qazandığım pulun vergisini verməliyəm? Yoxsa vergidən azaddır?
06/07/2023 Read: 250 Average count: 4

Bildiririk ki, birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu və 101-ci maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Fariz Əhmədov Zəfər hq***@gmail.com ID: 8243
Ofisiantlar vergi odəməlidirmi? Əgər odəməlidirlərsə neçə manat odəməlidir?
06/07/2023 Read: 205 Average count: 0

Bildiririk ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

Vergi Məcəlləsinə əsasən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslər tərəfindən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin  – 2,0 əmsalı (345 x 3% x 2 = 20,7 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödənilməlidir.

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. 

Əsas: Vergi Məcəlləsin 16-cı, 33-cü, 218-ci, 220-ci və 221-ci maddələri və “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” haqqında Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Sevinc Əli qızı ad***@gmail.com ID: 8370
Salam sualım karqo şirkəti ilə bağlıdır. Karqo şirkəti xarici ölkədən müştərilər tərəfindən sifariş edilən məhsulları gətirilməsi üçün daşımaya pul ödəyir və nəqliyyata ödənilən pul mənfəət vergisində əks etdirilir. Bu zaman karqo şirkəti nəqliyyata ödənilən pula görə ÖMV hesabatı göndərir və bu zaman 6% vergi borcu yaranır beynəlxalq daşıma olduğu üçün. Daşıma pulu ödənilən şirkət isə vergini öz ölkəsində ödəyir və bununla bağlı sənədi vergilərdən alıb karqo şirkətinə təqdim edir. Karqo şirkəti ÖMV ödədiyi zaman ikiqat vergi yaranır. Bunu aradan qaldırmaq (ÖMV-ni ödəməmək) üçün karqo şirkəti nə etməlidir? Yəni, bunu hansı hesabatda hansı formada göstərməlidir?
05/07/2023 Read: 345 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan gəlirlərindən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 149-cu maddələri və Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Nurlan Qaraxanov nu***@gmail.com ID: 8368
VÖEN kodumu unutmuşam, zəhmət olmasa deyərdiniz.
04/07/2023 Read: 74 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Average count)
Qiymət ver:
Mirzəyev Qürbət gu***@mail.ru ID: 8365
Salam. Mənə son 6 ayın ödədiyım verginin arayışı lazımdır, səfirliyə təqdim etmək üçün. Onu haradan əldə edə bilərəm? Zəhmət olmasa, məlumat verərdiniz.
04/07/2023 Read: 76 Average count: 0

Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi vergi ödəyicisinin sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 5 iş günü ərzində təqdim olunur.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmzanız) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda ödədiyiniz vergilər barədə arayışın alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz

Muzdlu işçi olaraq ödədiyinz gəlir vergisi haqda məlumatı isə, aidiyyəti üzrə muzdlu işçi kimi çalışdığınız vergi ödəyicisinə (mühasibatlığa) müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Average count)
Qiymət ver: