Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Samir Ədilli 03***@mail.ru ID: 11346
Salam. Xaricdə yaşayan və vergi ödəyicisi olmayan şəxslərə onlayn formada təlimlər keçirəm və ödənişlər kartdan-karta (cart-to-cart) üsulu ilə həyata keçirilir. Həmin daxilolmaları sadələşdirilmiş vergi rejiminə cəlb etmək mümkündürmü?
23/10/2026 Read: 26 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz.

Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Bununla belə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən bu maddədə qeyd olunan  fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Bu fəaliyyət növlərinə  elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər aid edilir. Sorğunuza əsasən bildiririk ki, təlim fəaliyyətiniz bu sahələrə aiddirsə qeyd olunan  güzəştdən istifadə edə bilərsiniz .

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən həyata keçirilən nağdsız ödəniş əməliyyatları Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq açılmış hesablar üzərindən aparılmalıdır.

Əsas: Vergi Məcəlləsi 35,102,220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Vuqar Xelilov vu***@gmail.com ID: 11325
Mənə məxsus VÖEN-in yenidən aktivləşdirilməsi üçün nə etməliyəm?
21/10/2026 Read: 59 Average count: 0

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı və ya  “Fiziki şəxsin fəaliyyətinin bərpası” arayışı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası”  videotəlimatı vasitəsilə tanış ola bilərsiniz.
Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası: https://youtu.be/gVRCapC6UFM?si=GH9JLwyThpAbaVFu

0/5 (0 Average count)
Qiymət ver:
Afet Letifova Ramazan le***@gmail.com ID: 11311
Salam. Rüsumun geri qaytarılması ilə bağlı müraciət edirəm. ASAN xidmət tərəfindən tutulmuş 70,40 AZN məbləğin nə vaxt geri qaytarılacağı barədə məlumat verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.
18/10/2026 Read: 28 Average count: 0

Bildiririk ki, Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən də düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir.

Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.

Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 4 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir.

Göründüyü kimi, artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi tərəfindən dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət edməlidir. Bundan sonra vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir. Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir.

Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 3 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. Maliyyə orqanı isə vergi orqanı tərəfindən verilmiş rəyləri qəbul edir, zərurət yarandıqda maliyyə orqanı əlavə məlumatlar tələb edə bilər.

Maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir. Maliyyə orqanı vergi orqanına düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarıldığı barədə 5 gün müddətində məlumat verir.

0/5 (0 Average count)
Qiymət ver:
Bayramov Ramil Loğman ra***@gmail.com ID: 11306
Salam. Mən 2022-ci ilin noyabr ayından hərbi rəhbər vəzifəsində çalışıram. 2026-cı ilin iyul ayında veteran adı almışam. Veteranlığım 01.01.2022-ci il tarixindən hesablanıb. Məndən indiyə qədər tutulmuş gəlir vergisinin geri qaytarılması prosesi necə həyata keçiriləcək? Çünki sentyabr ayının əvvəlində bununla bağlı müraciət etmişəm. Bir də, hansı sənədləri təqdim etməliyəm?
16/10/2026 Read: 81 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Buna əsasən, müharibə veteranı adı aldığınızı təsdiq edən müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim olunmaqla muzdlu işdən əldə olunan gəlirlərinizə 400 manat vergi güzəşti tətbiq edilə bilər. Həmçinin, güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, həmin əsas iş yerində vergi güzəşti 2022-ci il yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Müharibə veteranı adı almış şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqından azadolmaların verilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb.

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə mühasibatlıq şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl İbrahimov Sabir oğlu is***@mail.ru ID: 11301
Salam. Övladım hazırda 3-cü qrup əlildir. Həyat yoldaşım Texnologiya müəllimi vəzifəsində çalışır. Övladımın əlillik dərəcəsinə əsasən yoldaşımın işlədiyi müəssisəyə övladımızın əlillik dərəcəsini təsdiq edən rəsmi sənədi təqdim edib müəyyən qədər vergi güzəştlərindən yararlanmaq istəyirik. Bilmək istəyirik ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsində nəzərdə tutulan şərtlər daxilində biz bu güzəştdən istifadə edə bilərik? Maddədə əllillik dərəcəsi olan uşaqlar və ya orqanizmin 81-100%-ni itirmiş şəxslər nəzərdə tutulur. Bu maddənin birinci hissəsində verilən şərt (əlillik dərəcəsi olan uşaqlar) bizim bu güzəştlərdən istifadə etməyimiz üçün keçərlidir? Zəhmət olmasa məlumat verərsiniz. Öncədən təşəkkür edirəm.
15/10/2026 Read: 23 Average count: 0

Bildiririk ki,Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədləri təqdim etdiyi halda tətbiq olunur:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yeri üzrə işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığagötürmə barədə məhkəmə qərarının surəti;

Bu güzəşt hüququ qeyd olunan sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin vergi güzəştini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Rövşən ro***@gmail.com ID: 11299
Salam. Xarici ölkədə izlədiyim və bəyəndiyim bir anime filmini Azərbaycanda tərcümə etdirərək kinoteatrlarda nümayiş etdirmək istəyirəm. Filmin istehsalçısı deyiləm, lakin əlaqələrim vasitəsilə nümayiş hüququna ödənişsiz icazə almışam. Bu, sınaq məqsədi daşıyır və uğurlu olacağı təqdirdə növbəti seriyaların nümayişi ilə bağlı danışıqlar aparılacaq. Kinoteatrla müqavilə bağlanacaq və bilet satışından əldə olunan gəlir tərəflər arasında 50/50 nisbətində bölüşdürüləcək. Fərdi sahibkar kimi VÖEN-imi aktivləşdirmək üçün hansı fəaliyyət kodunu seçməliyəm? Hansı vergi rejimi üzrə vergi ödəməliyəm? Həmçinin, bu fəaliyyətlə bağlı hər hansı vergi güzəşti nəzərdə tutulubmu?
14/10/2026 Read: 76 Average count: 0

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Bununla belə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Həmçinin Vergi Məcəlləsinin 102.1.43-cü maddəsinə əsasən filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

İqtisadi fəaliyyət növlərinin 7 rəqəmli kodları üçün bura daxil ola bilərsiniz:
https://xidmet.info/vahid-standartlar/ifnvs/

Əlavə olaraq bildiririk ki, hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33.4,102, 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Məhəmmədov sh***@gmail.com ID: 11295
Adıma qeydiyyatda olan VÖEN-i necə ləğv edə bilərəm?
13/10/2026 Read: 104 Average count: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə istifadəçi təlimatı, videotəlimat ilə buradan tanış olun:
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

5/5 (1 Average count)
Qiymət ver:
Yasin Eyubov ya***@gmail.com ID: 11294
Mənə məxsus VÖEN nömrəsi barədə məlumat əldə etmək istəyirəm.
13/10/2026 Read: 62 Average count: 0

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən  istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.  https://new.e-taxes.gov.az/etaxes/services/taxpayer-info
Nəzərinizə çatdırırıq ki, "Ada" görə axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır.
Məsələn; " ƏLİ - ƏLİYEV - ƏKBƏR "

0/5 (0 Average count)
Qiymət ver:
Rufet Adilzade ru***@gmail.com ID: 11287
Vergi ödəyicisi olub-olmamağım barədə məlumatı necə əldə edə bilərəm?
10/10/2026 Read: 90 Average count: 0

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən  istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.  https://new.e-taxes.gov.az/etaxes/services/taxpayer-info
Nəzərinizə çatdırırıq ki, "Ada" görə axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır.
Məsələn; " ƏLİ - ƏLİYEV - ƏKBƏR "

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Mirzəyev ab***@gmail.com ID: 11284
Hazırkı vergi borcumun məbləğini öyrənmək istəyirəm. Bunu necə öyrənə bilərəm?
08/10/2026 Read: 94 Average count: 0

Vergi ödəyicisi borcu barədə məlumatı Çağrı mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.

Həmçinin Vergi borcu olub-olmamasını VÖEN-i qeyd etməklə bu linkdən öyrənə bilərsiniz: https://new.e-taxes.gov.az/etaxes/services/tax-debts

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə İbrahimova Mürsəl vu***@nza-audit.az ID: 11282
Əmək müqaviləsi ilə çalışan işçiyə hamiləliyə və doğuma görə ödənilən dövlət müavinətinin gəlir vergisinə cəlb olunub-olunmaması ilə bağlı məlumat verməyinizi xahiş edirəm.
07/10/2026 Read: 106 Average count: 0

Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinətlərinə aid edilərək Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Əsas: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Şahbala Hacıverdiyev (Piri oğlu) td***@gmail.com ID: 11281
Salam. Mən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsəm. YouTube kanalım vasitəsilə Google AdSense-dən gəlir əldə edirəm və vergi öhdəliyimi tam və qanuni şəkildə yerinə yetirmək istəyirəm. Xahiş edirəm izah edəsiniz: Bu gəlir üzrə mənə hansı vergi rejimi və dərəcəsi tətbiq olunur? Vergi yükünü qanuni yolla azaltmaq üçün hansı güzəştlər mövcuddur? Xüsusilə Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi (illik 45 000 manatadək gəlirin 75%-nin azad edilməsi) mənim gəlirimə tətbiq olunurmu? Hüquqi şəxs (MMC) yaratmaq bu halda vergi baxımından məqsədəuyğundurmu? Hansı xərcləri vergi bazasından çıxa bilərəm?
06/10/2026 Read: 138 Average count: 0

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Həmçinin Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən  bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45 000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Həmçinin, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Sorğunuza əsasən, gəlirlərinizin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Əlavə olaraq bildiririk ki, sorğu edilən məsələlər üzrə vergi qanunvericiliyinin düzgün tətbiq edilməsi baxımından işin faktiki hallarını özündə əks etdirən məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 102.1.30-1-ci, 218.5.10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Lyudmila Məmmədova Rahil mi***@gmail.com ID: 11280
Salam. Bizim mənzilə əmlak vergisi yazılıb və artıq bir ildir ki, mülkiyyətimdədir. Lakin əvvəlki sahibin ödənməmiş əmlak vergisini və hesablanmış faizini də mənə yazıblar. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
06/10/2026 Read: 67 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab edilir. Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab edilir.

Həmin Məcəllənin 200.4-cü və 200.5-ci maddələrinə əsasən  bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir.

Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Qeyd olunanlara əsasən əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən vaxtında ödənilmədiyi halda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində əmlak vergisini və faizləri hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin və faizlərin hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin əmlakın yeni sahibindən tutmaq hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 85-ci, 197.1.1-ci, 200.4-cü və 200.5-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Sadiq Naghiyev na***@gmail.com ID: 11277
Salam.Mənzilimi kirayə vermək istəyirəm, vergi ödəyicisi olmaq üçün nə etməliyəm?
06/10/2026 Read: 115 Average count: 5

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla)  fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti  vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir. 

Həmçinin "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda, əlavə olaraq kağız daşıyıcıda verilir).

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. Videotəlimat üçün daxil ola bilərsiniz:  https://www.youtube.com/watch?v=vf9kcwylzJ8

Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Nicat Abbasov Gündüz ab***@gmail.com ID: 11271
Çap məhsullarının pərakəndə satış üzrə əhaliyə təqdim edilməsindən gəlirin həcmi ardıcıl 12 ay ərzində 200 000 manatdan çox olduğu halda sadələşdirilmiş vergi ödəyicisi olaraq qala bilərik? Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə və XI fəslinə əsasən, vergi tutulan əməliyyatlar dedikdə 18% və ya 0% dərəcəli ƏDV əməliyyatları nəzərdə tutulur, ƏDV-dən azad olunan əməliyyatlar isə bura daxil deyil. Nəticə etibarilə, şəxsin yalnız ƏDV-dən azad əməliyyat üzrə dövriyyəsi 200 000 manatdan çox olması halında, 218.1.1-ci maddəyə əsasən,sadələdirilmiş vergi ödəyicisi olmaq hüququna malik ola bilər. Qeyd olunanlara əsasən sadələşdirilmiş vergi ödəyicisi olub olmamağı barədə məlumat verməyinizi xahiş edirəm.
05/10/2026 Read: 83 Average count: 0

Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər və gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmır.
Bununla yanaşı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların  həcmi 200.000 manatdan artıq olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxslər gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 164-cü və 218-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Imran Aliyev im***@gmail.com ID: 11241
Vətandaşın çoxmərtəbəli binada mənzili var. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin hesablanmasında,evin(mənzilin) yaşayış sahəsinin 30 kv.m-dən artıq olan hissəsi nəzərə alınır. Qeyd etdiyim halda,qanuna görə, vergitutma bazası- yaşayış sahəsi götürülməlidir, yoxsa ümumi sahə?
30/09/2026 Read: 83 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bina), habelə yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus olan su və hava nəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyekti hesab olunur. 
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kv m artıq olan hissəsinin (balkon və ya eyvanlar istisna olmaqla) hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən dərəcələr tətbiq edilməklə (bina Bakı şəhərində yerləşərkən həmin dərəcələrə əlavə olaraq Nazirlər Kabinetinin 06.04.2015-ci il tarixli, 101 nömrəli Qərarı ilə təsdiq edilmiş 0,7-1,5 aralığında müəyyən olunan əmsallar da tətbiq olunmaqla) hesabanır.
Yaşayış sahəsi - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər.
Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir.  
Əlavə olaraq bildiririk ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin Məcəllənin 102.1-1-ci və 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 4.4-cü, 198-ci, 199-cu, 200-cü və Mənzil Məcəlləsinin 12-ci maddələri, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı.

5/5 (2 Average count)
Qiymət ver:
Leyla Piriyeva pi***@gmail.com ID: 11207
Salam, müəssisə tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə qeyri-yaşayış obyekti (bina) icarəyə götürülmüşdür. Müqavilə şərtlərinə əsasən, obyektdə aparılan təmir işlərinin xərcləri icarəyə verən tərəfindən əvəzləşdirilmir və ödənilmir. Həmin təmir xərcləri Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinin tələblərinə uyğun olaraq, hər il üzrə ayrıca kapitallaşdırılır, mütənasib qaydada amortizasiya olunaraq gəlirdən çıxılan xərclərə aid edilir və Müəssisələrin Mənfəət Vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.1.8-ci sətrində ("İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən kapitallaşdırılmış xərclər") əks etdirilir. İcarəyə götürülmüş həmin daşınmaz əmlak müəssisəmizin balansında (01 nömrəli hesabda) əsas vəsait kimi uçota alınmamışdır. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr üçün əmlak vergisinin vergitutma obyekti yalnız onların balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəridir. Qeyd olunanları nəzərə alaraq, bildirməyinizi xahiş edirəm: Mənfəət vergisi bəyannaməsinin 1.1.8-ci sətrində qeyd olunan və yalnız mənfəət vergisi məqsədləri üçün kapitallaşdırılaraq amortizasiya edilən bu təmir xərcləri, müəssisəmiz üçün əmlak vergisinin vergitutma obyekti hesab olunurmu? İcarəçi tərəfindən bu xərclərə görə Əmlak Vergisi bəyannaməsi təqdim edilməli və vergi ödənilməlidirmi?
23/09/2026 Read: 107 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 115.3-ci maddəsinə əsasən  icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin  115.4 – 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas  vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergi tutma obyektidir. 
Qeyd edilənlərə əsasən vergitutma obyekti müəssisələrin balansında olan əsas vəsaitlərdir və əmlak vergisi həmin əsas vəsaitlərin orta illik qalıq dəyəri əsasında hesablanır.
Sorğunuza cavab olaraq bildiririk ki, icarəyə götürülmüş əmlak müəssisənin balansında  alınmadığı halda, əmlak vergisinin vergitutma obyektinə daxil edilmir.

Əsas: Vergi Məcəlləsi 115,197,201-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Seymur Kamranov se***@gmail.com ID: 11204
Salam. Şirkətin regionlarda təmsilçiləri fəaliyyət göstərirlər. Ayın sonu qaldıqları mehmanxanalardan ay ərzində nağd şəkildə ödədikləri mehmanxana qəbzlərini gətirirlər. Ezamiyədə olan işçinin gətirdiyi mehmanxana qəbzlərini kassadan nağd şəkildə qarşılaya bilərikmi?
22/09/2026 Read: 223 Average count: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.4-cü maddəsinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Belə ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər (işəgötürən) tərəfindən ödənilən ezamiyyə haqları yalnız nağdsız qaydada həyata keçirilir. Buna əsasən yuxarıda qeyd olunan istisna hal nəzərə alınmaqla vergi ödəyicisi tərəfindən işçilərə ezamiyyə haqları nağdsız qaydada ödənilir .

Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləğləri vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. Azərbaycan Respublikası ərazisində ezamiyyələr üzrə gündəlik xərclərin gəlirdən çıxılması zamanı həmin xərclərə dair təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı.

5/5 (2 Average count)
Qiymət ver:
Elvin Quliyev Azər oğlu el***@credence.az ID: 11199
2 xarici vətəndaş Azərbaycanda MMC açmaq istəyir.Hazırda onların miqrasiya sənədi və ya yaşayış icazəsi yoxdur. Azərbaycana məhz şirkətin təsis edilməsi və qeydiyyatdan keçirilməsi məqsədilə gələcəklər. Şirkət qeydiyyatdan keçirildikdən sonra isə onu xaricdən idarə etmək istəyirlər. Bu halda şirkətin Azərbaycanda qeydiyyata alınması proseduru necə həyata keçirilir? Xarici vətəndaşların MMC təsis etməsi üçün hansı sənədlər tələb olunur. Zəhmət olmasa, qeydiyyat prosedurunu və tələb olunan sənədləri izah edə bilərsiniz?
21/09/2026 Read: 144 Average count: 0

Bildiririk ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 gündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal,  xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 gündən gec olmayaraq həyata keçirilir. 

Bildiririk ki, Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən  vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.

Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Turan Xelefov İsmayıl kh***@gmail.com ID: 11190
Vergi orqanı vergi ödəyicisinin bank hesabına 5 000 manatın dondurulması üçün sərəncam təqdim edib, vergi ödəyicisinin hesabında həmin məbləğdə vəsait var. Vergi ödəyicisi öz işçisinə əməkhaqqı ödəmək istəyir. Hesabda dondurulmalı sərəncam olduqda, vergi ödəyicisi əməkhaqqı ödənişini icra edə bilərmi?
16/09/2026 Read: 223 Average count: 2

Bildiririk ki, vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi Mülki Məcəllənin 965.2-ci maddəsində göstərilmiş ardıcıllığa uyğun olaraq icra edilir.

Vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üçün hesabdan pul vəsaitinin məxaricini nəzərdə tutan sənədlər icra edildikdən sonra dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə əməliyyatları həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 65.6-cı maddəsi, Mülki Məcəllənin 965.2.2-ci və 965.2.3-cü maddələri.

2/5 (3 Average count)
Qiymət ver: