Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.
Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.
Vergi Məcəlləsinin 114.2-ci maddəsində vergitutma məqsədləri üçün amortizasiya olunmayan əsas vəsaitlər əks olunmuşdur ki, bu da aktivin amortizasiya olunmadığı halda belə əsas vəsait olmasını aradan qaldırmır.
Eyni zamanda, Vergi Məcəlləsinin 16.4-cü maddəsində hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan və vergi ilində sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıran vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilməsi vergi ödəcilərinin vəzifəsi kimi təsbit olunmuşdur.
Qeyd olunanlara əsasən vergi ödəyicisinin əsas vəsaitlərindən istifadə etməməsi həmin əsas vəsaitlərin köhnəlməyə məruz qalmayan əsas vəsait hesab olunmasına əsas vermir və vergi ödəyicisinin balansında olan, lakin istismara cəlb edildlikdən sonra istifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir.
Vergi ödəyicisi tərəfindən alınmış və istifadə edilmədən anbarda saxlanılmış əsas vəsaitlər istehsalat prosesinə cəlb olunmamış aktivlər hesab edildiyindən, həmin əsas vəsaitlərə görə əmlak vergisi hesablanmır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 114-cü və 197-ci maddələri.
Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Belə ki, sifarişçi bildirişi aldıqdan sonra 10 iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir.
POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir:
1. Vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada)
2. Sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada)
3. Təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada)
4. Əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada)
POS-terminal sifarişçi tərəfindən təmin edildikdə, o, göstərilmiş sənədlərlə yanaşı, quraşdırılacaq POS-terminalı müvafiq proqram təminatının yüklənməsi üçün bank ekvayerə təqdim edilir.
“POS-terminalın onlayn qeydiyyatı” ərizəsinin təqdim olunması məqsədilə İnternet Vergi Portalına daxil olun. “Elektron xidmətlər” bölməsində yerləşdirilmiş istifadəçi təlimatına (həmçinin, videotəlimata) uyğun olaraq ərizənin elektron qaydada təqdim edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilmişdir.
Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Eyni zamanda bildiririk ki, 2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Əlavə olaraq bildiririk ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri
Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə ödədikdən sonra onlara “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” verilir.
Belə ki, Vergi Məcəlləsinin 221.8.3-cü maddəsinə əsasən sabit sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı hesabat təqdim etmək öhdəliyi yoxdur.
“Sosial Sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əməkqabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda - 5 faiz miqdarında;
5 hektardan 10 hektaradək – 7.5 faiz miqdarında;
10 hektardan yuxarı – 12.5 faiz miqdarında.
Bu maddəyə əsasən, fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim olunmalıdır.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.
Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim etməli və VÖEN əldə etməlidir. Fəaliyyətdən əldə olunan gəlirdən vergi dövlət büdcəsinə ödəməlidir. Vergi öhdəlikləri, vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sistemi və yaranan vergitutma obyektlərinə uyğun olaraq müəyyən edilir.
Əgər fiziki şəxs sadələşdirilmiş vergitutma sistemi seçibsə, bu halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Əgər fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirilirsə, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Eyni zamanda bildiririk ki, 2025-ci lin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər həmin maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir (102.1.30-1.6).
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Əlavə olaraq bildiririk ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Bəyannamələrin formaları və doldurulması qaydaları, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdığınız texniki məsələlərlə bağlı “Bəyannamə” və "Elektron xidmətlər" bölməsinə keçid edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30-1, 218.1- ci maddələri.
Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə səhifəmiz vasitəsi ilə müraciət edə bilərsiniz.
Sorğunuzun qəbul olunması və araşdırılması üçün müraciətinizi bu link vasitəsilə təqdim edə bilərsiniz. Müraciət zamanı köməklik üçün videotəlimat mövcuddur.
Vergi ödəyicisi borcunun olub-olmamasını aşağıdakı yollarla öyrənə bilər:
1. Çağrı mərkəzindən (195-1);
2. Ona məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən ;
3. Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.
Həmçinin Vergi borcu haqqında məlumatı VÖEN-i qeyd etməklə bu linkdən öyrənə bilərsiniz: https://new.e-taxes.gov.az/etaxes/tax-debts
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı təqdim etməlidir. Bu Məcəllənin 71-3-cü maddəsinə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib edilir. Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicilərinin vəzifələrinə aiddir. Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-10-cu, 71-1.1-ci, 71-3-cü maddələri
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi. Bu maddənin və bu Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur.
13.2.61-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi sayılır.
Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.
Bildiririk ki, bu Məcəllənin 106.1.14-cü maddəsinə görə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilir. Həmçinin Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azaddır.
Əsas Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 106.1.14-cü, 164.1.18-ci maddələri
Əlilliyi müəyyən edilmiş şəxslərin əlillik dərəcələri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi müəyyən edilir.Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi
1-ci sualınıza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
2-ci sualınıza cavab olaraq bildiririk ki, amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114 -cü maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır. Əlavə olaraq, bu Məcəllənin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı, 13.2.17-ci, 114-cü maddələri
Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması məqsədi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.
Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.
Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmçinin həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb edilmir.
Eyni zamanda Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçiləri (payçıları) və ya səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Əsas : Vergi Məcəlləsinin 122.1-ci, 122.2-ci, 102.1.22-1-ci maddələri
Vergi ödəyicisi borcunun olub-olmamasını Çağrı mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. Həmçinin Vergi borcu haqqında məlumatı VÖEN-i qeyd etməklə bu linkdən öyrənə bilərsiniz: https://new.e-taxes.gov.az/etaxes/tax-debts
Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergiləri necə ödəyək?” bölməsində təlimat yerləşdirilmişdir, orada göstərilmiş videotəlimata əsasən “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz.
"Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması" təlimatına nəzər yetirərək, istifadəçi tərəfindən obyektin fəaliyyətinin dayandırılması üçün ərizənin onlayn tərtib edilməsi və göndərilməsi qaydası ilə tanış ola bilərsiniz.
Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artması ilə bağlı əldə edilən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Belə gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmalı, VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci, 101.2-ci maddələri
Bildiririk ki , Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və ya hüquqi şəxslərdir. Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 18.1-ci, 110.1-ci maddələri
Bildiririk ki, 2025-ci lin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) həcmi 45000 manata qədər olduqda həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Vergi Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən bir il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Sorğunuza cavab olaraq bildirik,ki optimal qərarların seçilməsi məsələləri üzrə məsləhət xidmətləri 102.1.30-1 ci maddədə qeyd edilən fəaliyyət növünə aid edilmədiyindən nəzərdə tutulan güzəşt şamil edilməyəcək.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas : Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi.
Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını o cümlədən taksi xidmətlərini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir . Bu fəaliyyətlə bağlı vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirilir. Fərqlənmə nişanı hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AYNA informasiya sistemi vasitəsilə elektron qaydada alınmalıdır.
Vergi Məcəlləsinin 221.6-ci maddəsinə əsasən 218.4-cü maddədə göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
Əsas:Vergi Məcəlləsinin 218.4-cü ve 221.6-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Sorğunuza cavab olaraq bildiririk ki, orta işçi sayının hesablanması üçün dövr kimi təqvim ili , MDSS üçün dövr kimi illik göstəricilər nəzərə alınır.
Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi