Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ceyhun Məmmədov mj***@hotmail.com ID: 10263
Salam, hər vaxtınız xeyir, Fiziki şəxslərin bank depozitlərinə hesablanan faizlərə tətbiq edilən vergi ilə bağlı sual vermək istərdim. Vergi Məcəlləsinin 102.1.22-4. maddəsinə əsasən, yerli bank tərəfindən fiziki şəxslərin milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azaddır. Bununla bağlı aşağıdakı suala cavab verməyinizi xahiş edirəm. Milli valyutada depozit məbləği yerli bankda 1 il müddətinə yerləşdirilib, və müqavilənin şərtlərinə əsasən 1 il başa çatdıqdan sonra tərəflər müqaviləni dayandırmırsa, depozitin müddəti avtomatik olaraq daha 1 il uzadılıb. Yəni mahiyyət etibarilə depozit 18 aydan artıq müddətə yerləşdirilib və həmin məbləğ 18 aydan tez ödənilməyib. Müqavilənin şərtlərinə görə faiz gəlirləri illik ödənilir. Bu halda: - 1-ci il başa çatdıqda ödənilən faiz məbləğindən vergi tutulurmu? - 2-ci il başa çatdıqdan sonra, yəni ikinci dəfə ödənilən faiz gəlirlərinə vergi tətbiq olunurmu? - 1-ci il başa çatdıqda ödənilən faiz məbləğinə vergi tətbiq olunmuşsa, depozitin müddəti 18 ayı keçdikdən sonra həmin vergi məbləği geri qaytarılırmı? Cavabınıza görə öncədən təşəkkür edirəm.
30/07/2025 Read: 246 Average count: 4

Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Misal üçün vergi ödəyicisi 40.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 4.000 manat təşkil edəcək. Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq. Bu zaman bank vətəndaşa ödənən faizin 1.600 (4.000-2.400=1.600) manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq. (Sadalanan məbləğlər praktiki deyil, nəzəri xarakter daşıyır.)

Misal üçün vətəndaş banka 2 il müddətinə 40.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək. (Sadalanan məbləğlər praktiki deyil, nəzəri xarakter daşıyır.)

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualınızla bağlı ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1),  xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

 

4/5 (5 Average count)
Qiymət ver:
Rəsulova Ülkər Cavid ul***@gmail.com ID: 10259
Salam. Valideynin evin tək, 1-ci qrup əlilliyi uşağı (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına) varsa, bu zaman əməkhaqqından tutulan vergiyə güzəşt tətbiq olunurmu? Əgər olunursa, bunun üçün hansı sənədləri təqdim etməliyəm?
28/07/2025 Read: 232 Average count: 5

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədləri təqdim etdiyi halda tətbiq olunur:

  • Himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yeri üzrə işəgötürənin arayışı;
  • Uşağın doğum haqqında şəhadətnamənin surəti;
  • Birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • Övladlığa götürmə barədə məhkəmə qərarının surəti.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Sənan Məmmədov sa***@outlook.com ID: 10247
Xarici ticarət platformalarından sifariş zamanı 18% komissiya tutulur. Banka müraciətimdə cavab olaraq "VM 168.1.5-ci maddəsinə əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən xidmətlərin təqdim edilməsi zamanı, həmin xidmətlərin göstərildiyi yer, xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayılır. Həmçinin, Məcəllənin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən həmin maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir." yazılıb. Bilmək istəyirdim ki, alınan mallar - istehsal, yaxud kommerasiya məqdəsli üçün nəzərdə tutulmayıbsa, 18% vergi tutulmalıdırmı?
23/07/2025 Read: 295 Average count: 4

Bildiririk ki, xidmət (iş) malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Mal hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

 

 

4/5 (5 Average count)
Qiymət ver:
İbrahim İsmayıllı Səməd ii***@gmail.com ID: 10234
Salam. Hörmətli Dövlət Vergi Xidməti, Xahiş edirəm, mənə dəqiq məlumat verəsiniz: Əgər mən Azərbaycan ərazisində olduğum zaman, xarici (məsələn, Dubayda yerləşən) bir vebsaytdan onlayn şəkildə xidmət (məsələn, muzey bileti) alıram, bu əməliyyat üzrə 18% ƏDV tutulur — bu mənə məlumdur. Əgər eyni əməliyyatı (məsələn, eyni vebsaytdan muzey bileti alışı) mən Dubayda olduğum zaman həyata keçirsəm, həmin əməliyyata görə Azərbaycan tərəfindən 18% ƏDV tutulacaqmı, yoxsa tutulmayacaq?
17/07/2025 Read: 312 Average count: 5

ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur. 

Siz Dubayda olduğunuz zaman həmin ölkədə fəaliyyət göstərən muzey tərəfindən faktiki olaraq orada göstərilən bir xidmətə görə ödəniş etmisinizsə, bu zaman xidmətin göstərildiyi yer Azərbaycan ərazisi sayılmır. 

Fiziki şəxslərin ödəmələrindən ƏDV-nin tutulması Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq elektron ticarət qaydasında alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

5/5 (8 Average count)
Qiymət ver:
Mehman Ağayev me***@gmail.com ID: 10232
Salam. Bizim müəssisə kənd təsərrüfatı məhsullarının (meyvə, tərəvəz) topdan satışı ilə məşğul olur. Bu məhsulları, Vergi Məcəlləsinin tələblərinə əsasən rəsmiləşdirməklə, kənd təsərrüfatı məhsullarının istehsalçılarından alıb, topdan satırıq. VM-nin 155.1 maddəsinə əsasən ƏDV qeydiyyatına dayanma öhdəlimiz nə zaman yaranır - ümumi dövriyyə (təqdim edilmiş malların tam dəyəri) 200000 manatı keçdikdə, yoxsa ticarət əlavəsi 200000 manatı keçdikdə?
17/07/2025 Read: 347 Average count: 4

Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən  Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bu maddənin məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi dedikdə  ümumi dövriyə nəzərdə tutulur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci , 159-cu maddələri

4/5 (3 Average count)
Qiymət ver:
Rövşən Mehdiyev Mehdi oğlu me***@mail.ru ID: 10231
Salam, Hörmətli vergi orqanı, sualım ezamiyyə və digər işgüzar xərclər ilə bağlıdır. Qeyd etmək istərdim ki, A MMC-nin işçisi ölkədaxilində rayona ezamiyyətə göndərilir, bu zaman işçi şəhərlərarası taksidən və ya şəxsi minik avtomabilindən istifadə edir. Bu halda şəhərlərarası taksi xidmətindən istifadə etdikdə təsdiqedici sənəd təqdim edə bilmir. Lakin şəxsi minik avtomabilindən istifadə etdikdə yanacaq ilə bağlı təsdiqedici çeklər təqdim olunur. Bu zaman hər iki halda işçinin ezamiyyə xərcindən artıq olan yanacaq xərci və şəhərlərarası taksi xərcləri ödənilən zaman işçinin muzdlu işdən gəlirinə aid edib etməməyimizi və gəlir vergisinə cəlb edib etməməyimizi və məcburi sosial sığorta haqlarının hesablanıb hesablanmayacağını misal üzərindən izah etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istərdim ki, əgər işçi şəhərlərarası taksi xidmətindən istifadə ilə bağlı çek təqdim olunsada eyni prosesi izah eləməyinizi xahiş edirəm.
16/07/2025 Read: 258 Average count: 0

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci, 109.7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”

 

0/5 (0 Average count)
Qiymət ver:
Nəcmin Cəbiyev ne***@gmail.com ID: 10229
Salam. 2025-ci il 2-ci rübü üzrə vahid hesabatın necə verilməli olduğunu bilmirəm. Necə köməklik göstərə bilərsiniz?
15/07/2025 Read: 173 Average count: 0

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elmağa Orucov Yəhya oğlu el***@gmail.com ID: 10227
Salam. Bakıda yaşayıram və buradan onlayn qaydada xaricə imtahan vermək istəyirəm. İmtahanın qiyməti 330$-dır. Məndən bu imtahan ilə bağlı ƏDV tutulacaq mı?
15/07/2025 Read: 296 Average count: 3

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. 

Elektron ticarət dedikdə isə, informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət növü nəzərdə tutulur. 

Göründüyü kimi vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron ticarət istisna olmaqla digər hallarda ödəmələr həyata keçirilərkən banklar tərəfindən ƏDV-nin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

 Əsas: Vergi Məcəlləsi 169.3, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu 

3/5 (5 Average count)
Qiymət ver:
Elbəyli Vüsal Rasim vu***@gmail.com ID: 10221
Salam. Vergi məcəlləsi 124.3 maddəsində "Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə AR-da ödənilmiş məbləğlər ödəmə mənbəyində icarə haqlarından vergitutma obyekti deyil" yazılmışdır, bu halda icarəyə götürən hüquqi şəxs və fərdi sahibkarların hüquqi şəxslərə (icarəyə verən) ödədiyi məbləğlər, icarə haqqları necə ÖMV-yə cəlb olunur?
11/07/2025 Read: 246 Average count: 1

Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Bildiririk ki, hüquqi şəxlər üçün icarədən gəlir sahibkarlıq gəliri  hesab edilir. Obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 124.3-cü maddəsində əsasən, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Daşınar və daşınmaz əmlakın icarəsinə görə gəliri əldə edən rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi isə öz növbəsində həmin gəlirdən 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

İcarədar hüquqi şəxsdirsə, icarəçi isə fərdi sahibkardırsa, icarədar hüquqi şəxs olduğu üçün ödəmə mənbəyində vergi tutulmur, mənfəət vergisi ödəyir və bunu illik mənfəət vergisi bəyannaməsində bəyan edir. İcarədar hüquqi şəxsdirsə, icarəçi hüquqi şəxsdirsə, icarədar ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs mənfəət vergisi ödəyir və bunu illik mənfəət vergisi bəyannaməsində bəyan edir. 


 

1/5 (1 Average count)
Qiymət ver:
Elnur Atakisiyev at***@gmail.com ID: 10207
Salam, qarşı tərəf ƏDV depozit hesabımıza aprel ayında 18 azn ədv avans məbləği köçürüb, əsas 100 azn avans məbləğ isə bank hesabımıza may ayında köçürülüb. Yazılanları nəzərə alıb yuxarıda qeyd olunan halda avans ödənişi aprel yoxsa may ayında qeyd etməli olduğumuzu deyərdiniz.
30/06/2025 Read: 279 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır

Bu maddənin məqsədləri üçün  ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlananadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır.

Sorğunuza cavab olaraq bildiririk ki, aprel ayı vergi tutulan əməliyyatın vaxtı hesab ediləcək. 

 

Əsas: Vergi Məcəlləsinin 166-ci maddəsi. 

5/5 (4 Average count)
Qiymət ver:
Amil Mammadov am***@gmail.com ID: 10201
Salam. Sahibkar pərakəndə geyim satışı ilə məşğuldur. Lakin bazarla uyğunlaşa bilmədiyinə görə zərərlə işləyir. Buna görə əlində olan malları başqa sahibkara satır. Sualım belədir: Sahibkar anbarında qalan malı maya dəyərinə satır. Satış zamanı maya dəyərinə yoxsa malların bazar dəyərinə görə gəlir vergisinə cəlb olunur?
24/06/2025 Read: 344 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir və Vergi məcəlləsinin  108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

Nəzərinizə çatdırırıq ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti tədbiq olunur. 

Əlavə olaraq bildiririk ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

 göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

 öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

 mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi   olaraq artıb-azalması);

 malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

 malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

 malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

 marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin,   xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması,   istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

 işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat,   icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin   görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən   digər şərtlər nəzərə alınır.

Vergi ödəyicilərinin təqdim olunan mallara ( işlərə, xidmətlərə) tədbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətindən 30 faizdən çox aşağı olduqda vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. 

5/5 (2 Average count)
Qiymət ver:
Anar Bayramov ap***@gmail.com ID: 10196
Salam hörmətli həmkarlar. Sizə iki ədəd sualım olacaqdır. Xahiş edirəm araşdırıb cavab verərdiz. Sual 1. Vergi Məcəlləsinin 98.2.3-cü maddəsində qeyd edilir ki, Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işdən gəlir sayılmır. Məcəllənin 119.2-ci maddəsində isə qeyd edilir ki, mənzil xərclərinin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin qaydalarda isə qeyd edilir ki, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Sualım belədir: Müəssisənin illik gəliri 300 min manatdır və həmin il üzrə işçisinə aylıq 500 manat olmaqla il üzrə 6000 manat kirayə xərcini nağdsız qaydada ödəmişdir. Bu halda işəgötürən xərcinə hansı məbləği salacaq? Hansı məbləğ işçinin gəliri sayılmayacaq? Sual 2. Vergi Məcəlləsinin 98.2.3-cü maddəsində qeyd edilir ki, Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işdən gəlir sayılmır. Məcəllənin 119.2-ci maddəsində isə qeyd edilir ki, nümayəndəlik xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin qaydalarda isə qeyd edilir ki, nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Sualım belədir: Müəssisənin illik gəliri 300 min manatdır və həmin il üzrə işçisinə il üzrə 5000 manat nümayəndəlik xərci nağdsız qaydada ödəmişdir. Bu halda işəgötürən xərcinə hansı məbləği salacaq? Hansı məbləğ işçinin gəliri sayılmayacaq?
21/06/2025 Read: 202 Average count: 0

Bildiririk ki, Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən  bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 109.3-cu maddəsinə əsasən  Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. 

Bildiririk ki, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

Qaydaya əsasən işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin  yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir. 

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı xərclər qaydanın 4.3-cü bəndində qeyd olunub.

Birinci sualaca cavab olaraq bildiririk ki, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil xərclərinin 50 faizi,  illik gəlirin 1 faizinə bərabər olduğundan gəlirdən çıxılan məbləğ 3000 min manat olacaq.

İkinci suala cavab olaraq bildiririk ki, qeyd olunan məbləğlərə əsasən işçilərlə bağlı vergi ili ərzində çəkilmiş nümayəndəlik  xərclərinin 50 faizi 2500 manat illik gəlirin 1 fazidən çox olmadığına görə   həmin məbləğ  gəlirdən çıxılan xərclərə aid ediləcək. 

0/5 (0 Average count)
Qiymət ver:
Elşən Mehdiyev əhməd el***@list.ru ID: 10195
Salam. Sualım əsas vəsaitin vaxtından əvvəl balansdan silinməsi ilə bağlıdır. Tutaqki müəssisə 5000 AZN ilkin dəyəri olan əsas vəsaiti yararsız hala düşdüyündən (qaliq deyeri 1500 AZN ) vaxtından əvvəll balansdan silir. 1500 AZN birbaşa xərc kimi gəlirdən çıxılan xərclərə aid edilirmi? Bu hal qanunvericilikdə nece tənzimlənir?
21/06/2025 Read: 255 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114-cü maddəsinin müddəalarına əsasən əsas vəsaitlərin dəyəri amortizasiya normaları daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. Qeyd olunanlara əsasən tam amortizasiya olunmadan balansdan silinmiş və təqdim
edilməyən əsas vəsaitlərin, habelə dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən çox olan əsas vəsaitlərin qalıq dəyəri gəlirdən çıxılan xərclərə aid edilmir. 

Əlavə olaraq bildiririk ki, tam amortizasiya olunmadan balansdan silinmiş əsas vəsait sonradan təqdim edildiyi halda həmin əsas vəsaitin təqdim edilməsindən əldə olunan gəlirlər vergi ödəyicisinin vergitutulan gəlirlərinə aid edilir.


Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Hacızadə Azər İmran az***@gmail.com ID: 10188
Vergi ödəyicisi 2020-ci il daşınmaz əmlak alışı edib. Daşınmaz əmlak 2 hissədən inzibati bina və torpaq sahəsindən ibarət olsa da balansa tək bir əmlak kompleksi kimi qəbul edilib və son 4 il ərzində əmlak vergisi bəyannaməsi göndərilərkən alınmış əmlakın dəyəri ümumi olaraq əsas vəsaitlərin bina, tikililər kateqoriyası üzrə əmlak vergisinə cəlb olunub həmçinin amortizasiya xərci isə əmlak kompleksinin ümumi dəyərindən hesablanıb. Bilmək istəyərdim qeyd etdiyim məsələ ilə bağlı dəqiqləşmə verilərsə şəxsi hesab vərəqəsində nə kimi dəyişiklik olacaq və əgər dəqiqləşmə verilməsə bununla bağlı vergi məcəlləsində hər hansı penya nəzərdə tutulub mu?
17/06/2025 Read: 258 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin əmlak vergisinin vergitutma obyektini müəssisələrin balansında olan əsas vəsaitlərin, yəni  istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər təşkil edir.

Torpaq amortizasiya olunmadığından əsas vəsaitlərə aid edilmir və əmlak verigisinin vergitutma obyektini təşkil etmir. 

Bildiririk ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən  Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən  Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 72-ci, 114.2-ci və 197.1.3-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rəvan Məmmədov Rizvanoviç rv***@gmail.com ID: 10186
Hüquqi şəxs açmaq üçün hansı sənədlər lazımdır ?
17/06/2025 Read: 150 Average count: 0

Bildiririk ki, Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. https://www.taxes.gov.az/az/page/bir-pencere

Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet portalında yerləşdirilmişdir. 
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Hüquqi şəxslər üçün vergi uçotuna alınma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/huquqi-sexsler-ucun

 

0/5 (0 Average count)
Qiymət ver:
Vuqar Abbasov vu***@gmail.com ID: 10166
Salam. Kirayə mənzil müqaviləsi ilə obyekt kodu əldə edə bilərəm? Əgər mümkündürsə, müqavilədə minumum nə qədər göstərə bilərik? Çünki həyat yoldaşım tərəfindən mənə icarə veriləcək deyə simvolik olmasını istəyirəm.
03/06/2025 Read: 357 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyətlə məşğul olmaq istəyən fizik şəxslər Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq  yaşadıqları yer üzrə vergi orqanına  «Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə» verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) uçota durmalıdırlar.

Bununla belə, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən fiziki şəxsin kimi sahibkarlıq fəaliyyətinizi həyata keçirildiyiniz təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Bunun üçün təqdim edilən “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə“yə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədlərin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir. Təsərrüfat subyekti (obyekti) uçota alınarkən vergi ödəyicisinə 15 rəqəmdən ibarət kodu özündə əks etdirən arayış verilir.

Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 32-ci, 33-cü, 34-cü, 124-cü maddələri

5/5 (2 Average count)
Qiymət ver:
Ümüd Babayev Siyavuş um***@gmail.com ID: 10165
Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisə, ƏDV ödəyicisi olan müəssisədən mal alır, sonra ƏDV ödəyicisi olan digər müəssiyə satır. Tutaq ki Sadələşdirilmiş vergi ödəyicisi olduğuna görə əvəzləşdirə bilmir. Satan zaman malın əsas dəyəri kimi 1180AZN+ticarət əlavəsi kimi qarşı tərəfə satır. Bilmək istəyirəm ki, 4-cü rübün sonunda ƏDV-yə ödədiyi məbləği məktubla vergidən azalda bilər?
03/06/2025 Read: 235 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sorğunuza cavab olaraq bildiririk ki, sadələşdirilmiş vergi ödəyicilərinin  ödədikləri ƏDV-ni əvəzləşdirmək hüquqları yoxdur. 

Vergi ödəyicisi tərəfindən mallar, eləcə də xidmətlər əldə olunarkən ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilə bilmədikdə, ƏDV məbləği həmin malların və ya xidmətlərin dəyərinə əlavə edilir. Qeyd olunan mal və ya xidmətlər üzrə çəkilən xərclər gəlirin əldə olunması ilə bağlı olduqda, həmin xərclər vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilib.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Tural Mamedov tu***@gmail.com ID: 10148
Hörmətli Vergi Xidməti nümayəndələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydaları müəyyən edilmişdir. Qərarda “nümayəndəlik xərcləri” anlayışı qeyd olunsa da, bu anlayışın dəqiq məzmun dairəsi ilə bağlı praktikada qeyri-müəyyənlik yaranır. Sualımız: Qərarda nəzərdə tutulan “nümayəndəlik xərcləri” anlayışına işçilərə verilən yemək pulu və mənzil xərcləri də daxildirmi? Yəni bu cür xərclər də “nümayəndəlik xərcləri” kimi qiymətləndirilib, vergitutma məqsədləri üçün yalnız bu xərclərin 50 faizi və illik gəlirin 1%-i həddində gəlirdən çıxıla bilərmi? Yoxsa bu xərclər nümayəndəlik xərcləri kateqoriyasına daxil edilməyərək ayrıca tam şəkildə gəlirdən çıxılan xərclər kimi qiymətləndirilir?
28/05/2025 Read: 316 Average count: 5

Bildiririk ki, Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən  bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 109.3-cu maddəsinə əsasən  Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. 

Bildiririk ki, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

Qaydaya əsasən işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin  yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir. 

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı xərclər qaydanın 4.3-cü bəndində qeyd olunub.

 

Əsas: Vergi Məcəlləsinin  108-ci, 109-cu, 119-cu maddələri. 

5/5 (6 Average count)
Qiymət ver:
fuad abdullayev fo***@gmail.com ID: 10145
İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının 3 misli məbləğində ödənilən müavinatdan gəlir vergisi tutulur ?
27/05/2025 Read: 251 Average count: 5

Bildiririk ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir. 

Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmak Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (3 Average count)
Qiymət ver:
ayten bagirova ab***@gmail.com ID: 10123
Şirkət balansında olan əsas vəsaiti qalıq dəyərindən aşağı qiymətə satır. ƏDV hansı məbləğə hesalanmalıdır? Qalıq dəyəri və satış qiyməti arasında fərq xərc kimi tanına bilər mi?
16/05/2025 Read: 262 Average count: 4

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Mallar güzəştli qiymətlə təqdim edilərkən, güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Vergi  Məcəlləsinin 142.1-ci maddəsinə əsasən  Aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsinə əsasən  aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 142-ci və 161-ci maddələri. 

4/5 (5 Average count)
Qiymət ver: