Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv) mal anlayışı ilə əhatə olunur. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı
tərtib edilir. Eyni zamanda, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, fiziki şəxslərdən alışı həyata keçirilən nəqliyyat vasitələri üzrə mülkiyyət hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin nəqliyyat vasitəsinə görə Vergi Məcəlləsinin 71-2-ci maddəsində qeyd olunmuş elektron alış aktının tərtib edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-2-ci maddələri, Mülki Məcəllə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı alıcı tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi uçün ƏDV-nin nağdsız qaydada satıcının ƏDV depozit hesabına ödənilməsi əsas şərtlərdən biridir. Buna əsasən sorğuda göstərilən halda, təqdim edilən xidmətlərə görə müəssisə tərəfindən qarşı tərəfə ödənilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilməklə əvəzləşdirilə bilər.Əvəzləşdirilməyən ƏDV məbləğləri, habelə xidməti göstərən şəxsə ödənilən xidmət haqları və bankın xidmət haqları Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilməklə gəlirdən çıxıla bilər.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 175-ci maddələri.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Həmçinin vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində əldə edilən gəlirin miqdarından asılı olaraq, şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə və ya Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Əsas: Vergi Məcəlləsi 33.4-cü, 58.2-ci, 67-ci maddələri ,İnzibati Xətalar Məcəlləsi 398-ci maddəsi və Cinayət Məcəlləsi 192-ci madddəsi.
Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.
Əlavə olaraq bildiririk ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Sorğunuza cavab olaraq bildiririk ki ,himayənizdə 2 azyaşlı uşağınız olduqda və valideynlərdən birinin işləmədiyi halda işləyən valideyn qeyd edilən güzəşt hüququndan istifadə edə bilər.
Əsas: Vergi Məcəlləsinin 102.5-ci və 102.6-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Sorğunuza cavab olaraq bildiririk ki, 3000 manat icarə haqqından ödəmə mənbəyində (3000* 14%) 420 manat vergi tutularaq büdcəyə, (3000-420) 2580 manat isə fiziki şəxsə ödənilməlidir.
Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname . Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən bu qanun vergi yoxlamalarına şamil edilmir.
Əlavə olaraq bildiririk ki, Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında (Vergi Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla), vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.
Sorğunuza cavab olaraq bildirik ki , Vergi Məcəlləsinin 38.2 -ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının keçirilmə müddəti 30 iş günündən artıq olmamalıdır, lakin müstəsna hallarda yuxarı vergi orqanı tərəfindən bu müddət 90 iş gününədək uzadıla bilər.
Bildiririk ki, 2026-cı ilin yanvarın 1-dən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az və 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında ödənilir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən gəlir anlayışı dedikdə malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur. Buna əsasən fərdi sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı ay ərzində təqdim edilmiş mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə xərclər çıxılmadan əldə olunan gəlirdən (malların, işlərin və xidmətlərin dəyəri ödənilməsə də) müəyyən olunmuş dərəcə ilə hesablanır və növbəti ayın 15-dək müvafiq büdcədənkənar fonda ödənilir. Sorğunuza cavab olaraq bildiririk ki , 2026-cı ilin yanvar ayı üzrə məcburi dövlət sosial sığorta haqqı həmin ay ərzində təqdim etdiyi mallar üzrə gəlirlərin (5000 manat) 2 faizi miqdarında hesablanır.
Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
* işçinin əmək stajı bir ilədək olduqda - azı iki təqvim həftəsi;
* bir ildən beş ilədək olduqda - azı dörd təqvim həftəsi;
* beş ildən on ilədək olduqda - azı altı təqvim həftəsi;
* on ildən çox olduqda - azı doqquz təqvim həftəsi.
Əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
* Bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında;
* Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında;
* Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;
* On ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Həmçinin ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar məcburi dövlət sosial sığorta,işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunmur.
Vergi Məcəlləsinin 155.1-1 ci maddəsinə əsasən vergi ödəyicisinin ƏDV məqsəqləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyini müəyyənləşdirərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 155.1-1-ci maddəsi yalnız ƏDV qeydiyyatı öhdəliyinin yaranıb-yaranmamasını müəyyən etmək üçün istifadə olunur. İllik gəliriniz 200000 manatı keçdiyi üçün mənfəət vergisi bəyannaməsini təqdim edərkən mənfəətiniz 20 faiz dərəcə ilə vergiyə cəlb olunacaqdır.
Əsas: Vergi Məcəlləsi 105.1, 155.1-1 ci maddələri.
Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Əlavə olaraq bildiririk ki təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Sorğunuza cavab olaraq bildiririk ki, himayədə olan şəxslərin sayı iki nəfər olduqda, bu maddə ilə nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.
Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi
Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir. Birinci halda, yerinə yetirilməli bir neçə prosedurlar var və nəticədə vergi ödəyicisinin VÖEN-i ləğv edilir. İkinci halda isə fəaliyyət müvəqqəti olaraq arayışda göstərilən müddətə dayandırılır. Müddət tamam olduqdan sonra isə avtomatik bərpa olunur. Müraciətinizdə qeyd etdiyiniz ikinci hala uyğundur.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar
Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler
Digər sorğunuza cavab olaraq bildiririk ki, sizdən tələb olunan arayışın adını dəqiqləşdirib, xidmət mərkəzlərinə yaxınlaşaraq və ya İnternet Vergi İdarəsi portalından şəxsi kabinetinizə daxil olub, "Ərizələr" bölməsindən müraciət ünvanlayaraq əldə edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilərsiniz. Digər xidmət mərkəzlərinə isə gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmza) əldə etməklə yaxınlaşmağınız təklif olunur. Həmçinin gücləndirilmiş elektron imzanız olduqda, vergi orqanına gəlmədən də elektron qaydada həyata keçirə bilərsiniz. Xidmət mərkəzlərinin ünvanı, iş saatları, iş günləri ilə bağlı linkə daxil olun: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış və ya müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.1.6-cı və 102.2-ci maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.
Bildiririk ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.
Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri ilə Vergi Məcəlləsinin onuncu fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Sorğunuza cavab olaraq bildiririk ki, hüquqi şəxslər balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.
Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur. VM-nin 155.1 maddəsinə görə yalnız sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ƏDV-nə cəlb oluna bilər.Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) kriptovalyuta alqı satqısı üzrə əməliyyatlarının həcmi 200 000 manatdan artıq olsada, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər.Fiziki şəxsin bu fəaliyyətdən əldə olunan gəlirləri ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaqdır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Sorğunuza cavab olaraq bildiririk ki, işəgötürən tərəfindən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi, Vergi Məcəlləsinin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə dövlət büdcəsinə ödənilir.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 101, 102.1.6-cı maddələri.
Qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi vergi orqanlarında uçota alınmalıdır.
Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Eyni zamanda bildiririk ki, 2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Fəaliyyətiniz Vergi Məcəlləsinin 102.1.30-1 -ci maddəsində qeyd olunmuş reklam xidməti və xidmətlərin ixracına aid edildiyi halda 75 faiz güzəşt hüququnda istifadə oluna bilər.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Əlavə olaraq bildiririk ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
" Sosial sığorta haqqında” Qanun 14.5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün " Vergi bələdçisi ” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri və “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsi.
Vergi Məcəlləsinin 102.5-ci madəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Əlavə olaraq bildiririk ki təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, gəlir vergisindən azadolmalar Vergi Məcəlləsinin 102 ci maddəsində qeyd olunmuşdur. Vergi Məcəlləsinin 102.1.4 -cü maddəsinə əsasən dövlət pensiyaları gəlir vergisindən azaddır. Əlavə olaraq bildirik ki, Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Əsas: Vergi Məcəlləsi 102.1.4 , 199.3-cü maddələri.
Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə bu güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.4.5-ci və 102.5-ci maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.