Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası vergilər nazirinin
06 oktyabr 2017-ci il tarixli 1717040101435800 nömrəli
əmri ilə təsdiq edilmişdir

 

 

Yeni qeydiyyatdan keçən (vergi uçotuna alınan) vergi ödəyiciləri ilə iş üzrə 

Metodiki Vəsait

 

1.      Ümumi müddəalar

 

1.1.    “Yeni qeydiyyatdan keçən (vergi uçotuna alınan) vergi ödəyiciləri ilə iş üzrə Metodiki Vəsait” (bundan sonra - Metodiki Vəsait) Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, Azərbaycan Respublikasının digər qanunlarının, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların və normativ sənədlərin tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2.    Bu Metodiki Vəsait yeni qeydiyyatdan keçən vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi, onların vergi məsələləri ilə əlaqədar zəruri informasiya ilə təmin edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsində onlara metodiki köməkliyin göstərilməsi istiqamətində dövlət vergi orqanlarının fəaliyyətini tənzimləmək məqsədilə hazırlanmışdır.

1.3.    Bu Metodiki Vəsait yeni qeydiyyatdan keçmək istəyən şəxslərə qeydiyyat üzrə, qeydiyyatdan keçdikdən sonra vergi ödəyicilərinə onların vergi öhdəlikləri, hüquqları və vəzifələri barədə məlumatlandırma xidmətlərinin göstərilməsi və təlimlərin keçirilməsi üzrə tələbləri müəyyən edir.

1.4.     Bu Metodiki Vəsaitin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.4.1.  Vergi mükəlləfiyyəti – vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi növləri üzrə yaranan vergi öhdəliyi;

1.4.2.  Xidmət mərkəzi – “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları”nda nəzərdə tutulan vergi ödəyicilərinə xidmət mərkəzləri və “ASAN xidmət” mərkəzləri;

1.4.3.  Təlimçi – vergi sahəsində müəyyən olunmuş mövzuya dair bilik və bacarıqları olan və təlim prosesində iştirak edən yeni qeydiyyatdan keçən vergi ödəyicilərinə təlim keçən şəxs.

 

2. Yeni qeydiyyatdan keçmək istəyən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi

2.1.           Xidmət mərkəzində təmsilçi müraciət etmiş şəxsi “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları”na uyğun olaraq qəbul etdikdən sonra onun müraciətini dəqiqləşdirdikdə şəxsin vergi uçotuna alınmaq istədiyini müəyyənləşdirərsə aşağıdakı tədbirləri görür (müraciət etmiş şəxs qeydiyyata alınmaq üçün hazır - əvvəlcədən doldurulmuş ərizəni təqdim etmək istədiyi halda isə ərizə üzrə məlumatlar bu istiqamətlər üzrə bir daha dəqiqləşdirilir):

2.1.1.   Müraciət etmiş şəxslə hansı fəaliyyət növü ilə məşğul olmaq istədiyi müəyyənləşdirilir. Müraciət etmiş şəxsin seçdiyi fəaliyyət növü onun hüquqi statusuna (müraciət etmiş şəxs fiziki şəxs olduqda və seçdiyi fəaliyyət növü ilə yalnız hüquqi şəxslərin məşğul ola biləcəyi nəzərdə tutulduqda və ya əksinə) uyğun olmadıqda bu barədə ona izahat verilir və istəyinə uyğun fəaliyyət növü seçməkdə köməklik göstərilir.

2.1.2.   Fəaliyyət növü müəyyənləşdirildikdən sonra şəxsə seçdiyi fəaliyyət növünə uyğun olaraq seçə biləcəyi vergitutma sistemləri haqqında məlumat verilir. Bu zaman seçilmiş fəaliyyət növünə uyğun olaraq vergitutma sistemini könüllü seçə biləcəyi (sadələşdirilmiş vergi, gəlir (mənfəət) vergisi və ya gəlir (mənfəət) vergisi ilə yanaşı ƏDV ödəyicisi ola biləcəyi); sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olmadığı (gəlir (mənfəət) vergisi və ya gəlir (mənfəət) vergisi ilə yanaşı ƏDV ödəyicisi ola biləcəyi); ƏDV ödəyicisi sayılması (bu səbəbdən gəlir (mənfəət) vergisi və ƏDV ödəyicisi olması); sadələşdirilmiş verginin ödəyicisi sayılması; “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərməli olması barədə məlumat verilir. Müraciət etmiş şəxsin vergitutma sistemini könüllü seçmək hüququ olduğu hallarda vergitutma sistemləri haqqında müqayisəli məlumat verilir.

2.1.3.   Fəaliyyət növünə uyğun olaraq vergi mükəlləfiyyəti müəyyənləşdirildikdən sonra seçilmiş vergi mükəlləfiyyətləri üzrə hesabat dövrləri, verginin dərəcələri, hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsi müddəti haqqında qısa məlumat verilir və bu barədə buklet təqdim edilir.

2.1.4.   İşçi qüvvəsi, mülkiyyətində və ya istifadəsində olan əmlak və torpaq, eləcə də digər göstəriciləri nəzərə alınmaqla aktivləşdirilməli olan vergi mükəlləfiyyətləri barədə şəxs məlumatlandırılır, qeydiyyatdan keçdikdən sonra bu barədə onun e-qutusuna bildiriş göndərilir və buklet təqdim edilir.

2.1.5.   Fəaliyyət növünə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) və NKA-nın qeydiyyatı, ciddi hesabat blanklarının və POS-terminalların tətbiqi, bank hesabının açılması barədə şəxs məlumatlandırılır və bu barədə buklet təqdim edilir.

 

3. Yeni qeydiyyatdan keçən vergi ödəyiciləri üçün təlimlərin keçirilməsi

 

3.1.     Vergi orqanı tərəfindən yeni qeydiyyatdan keçən vergi ödəyiciləri üçün onların vergi sahəsində nəzəri və praktiki bilik və bacarıqlarının artırılması, hər hansı bir risk meyarı üzrə məlumatlandırılması, riski şərtləndirən halların yaranmaması üçün zəruri metodiki köməkliyin göstərilməsi, risk amili aradan qaldırılmadıqda məruz qalacağı maliyyə itkiləri, tətbiq olunacaq məsuliyyət tədbirləri barədə izahatın verilməsi məqsədilə təlimlər keçirilir.

3.2.     Təlimlər qeydiyyat intensivliyi nəzərə alınmaqla və yeni qeydiyyata alınan vergi ödəyiciləri qruplaşdırılmaqla vergi ödəyiciləri qeydiyyata alındıqdan sonra 3 aydan gec olmayaraq keçirilir. Təlimlər vergi orqanının inzibati binasında, xidmət mərkəzlərində, vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvanda - təsərrüfat subyektində (obyektində) keçirilə bilər.

3.3.     Hər bir vergi orqanı təlimlərin keçirilməsi günlərini müstəqil təyin edir.

3.4.     Təlimin əsas istiqamətlərinə vergi orqanının müəyyən etdiyi digər istiqamətlərlə yanaşı, vergi ödəyicilərinin qrupuna uyğun olaraq aşağıdakı istiqamətlər mütləq daxil edilir:

3.4.1.  Vergitutma obyekti və bazası, vergi dövrü və dərəcəsi, verginin hesablanma qaydası və müddəti barədə;

3.4.2.  Vergi bəyannamələrinin, arayışların təqdim edilməsi barədə;

3.4.3.  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri barədə;

3.4.4.  Əmək müqavilələrinin tətbiqi barədə;

3.4.5.  Təqdim edilən mallara (işlərə, xidmətlərə) görə malların alıcılarına qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim ediləsi barədə;

3.4.6.  “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”;

3.4.7.  Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə.

3.5.     Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə məlumat verilərkən bütün vergi ödəyiciləri üçün nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumatlar ümumi qruplar halında keçirilən tədbirlərdə də verilir. Belə məsuliyyət tədbirlərinə aşağıdakılar aiddir:

3.5.1.  Vergi hesabatının və ya arayışın vaxtında təqdim edilməməsinə görə;

3.5.2.  Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə;  

3.5.3.  Büdcəyə çatası vergi məbləğlərinin yayındırılmasına görə;

3.5.4.  Məlumat dəyişikliyi barədə məlumatların vaxtında təqdim edilməməsinə görə;

3.5.5. Bank hesablarında alınmalı sərəncam olduğu vaxt kassadan nağd qaydada pul çıxarılmasına görə;

3.5.6. ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə;

3.5.7. ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsinə görə;

3.5.8. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə;

3.5.9.  Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə;

3.5.10.   Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba görə;

3.5.11.  Pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında nəzərdə tutulan sənədlərdən ən azı birinin olmamasına görə;

3.5.12.  Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilməməsinə görə.

3.6.    Yuxarıda qeyd edilənlərlə yanaşı fəaliyyət növünə və ya vergi mükəlləfiyyətinə uyğun olaraq tətbiq edilən digər məsuliyyət tədbirləri barədə də məlumatlar təqdim edilməlidir:

3.6.1. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə;

3.6.2. “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə;

3.6.3.  Kredit təşkilatlarına və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyaları barədə;

3.6.4.  İstehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə görə;

3.6.5.  Vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə.

3.7.     Məsuliyyət tədbirləri barədə məlumat verilərkən pozuntunun dərəcəsinə görə inzibati məsuliyyətə və cinayət məsuliyyətinə də səbəb ola biləcəyi bildirilməlidir. Eyni zamanda bir pozuntuya yol verməklə birdən artıq məsuliyyətin yarana biləcəyi xüsusi vurğulanmalıdır. O cümlədən, saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etmədikdə vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq edilməklə yanaşı, həmçinin cinayət məsuliyyətinə cəlb olunur.

3.8. Təlimin sonunda təlimçi tərəfindən təlimin keçirilməsi barədə “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları”na uyğun olaraq protokol tərtib olunur, xidməti göstərən təmsilçi (təmsilçilər) və vergi ödəyicisi (və ya onun nümayəndəsi) tərəfindən imzalanır, keçirildiyi gündən sonrakı 3 iş günü ərzində AVİS-in müvafiq altmoduluna daxil edilir.

3.9. Qaydalarda nəzərdə tutulmuş vergi ödəyiciləri barədə məlumatların (siyahının) daxil olması və həmin məlumatlar üzrə görülən işlərin uçotu AVİS-də bu məqsədlə yaradılmış xüsusi bölmədə aparılır.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.