Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalları təsis edilsin.

II. «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 23, maddə 996; 1993-cü il, 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 251; 2003-cü il, 12, I kitab, maddə 677; 2005-ci il, 4, maddə 291; 2006-cı il, 10, maddə 846; 2007-ci il, 3, maddə 213; 2008-ci il, 6, maddələr 452, 472; 2009-cu il, 1, maddə 4, 7, maddə 515) 2-ci maddəsinin on doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirminci-iyirmi ikinci abzaslar əlavə edilsin:

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» yubiley medalı;

«Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» medalı;

«Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» medalı.».

III. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

IV. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

VI. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikası medalının təsviri təsdiq edilsin (əlavə olunur).

VII. «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

VIII. «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikası medalının təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 2009-cu il

937-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 yanvar 2010-cu il, 1).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2009-cu il, 12 (150), maddə 974).


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

1. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər.

2. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalının təsviri

«Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır.

Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağı qövsü boyunca «VERGİLƏR NAZİRLİYİ» sözləri həkk olunmuşdur. Dairənin mərkəzində «10» rəqəmi və «il» sözündən ibarət emblem, habelə emblemdən aşağıda «2000 - 2010» rəqəmləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə «10 İLLİYİ» sözləri, habelə dairənin yuxarı qövsü boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağı qövsü boyunca «VERGİLƏR NAZİRLİYİNİN» sözləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. Medalın lövhəsinin mərkəzindəki tünd göy rəngli zolağın mərkəzində yuxarıdan aşağıya doğru eni 2 mm olan qızılı rəngdə zolaq vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur.

 


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

1. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər:

1.1. Azərbaycan Respublikasının vergi siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.2. vergi orqanlarında xidmətdə xüsusi fərqlənməyə görə;

1.3. vergi sistemində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində iştiraka görə;

1.4. vergi sisteminin inkişafı sahəsində göstərdiyi digər xidmətlərə görə.

2. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır:

2.1. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 20 il xidmət edən şəxslərə;

2.2. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 15 il xidmət edən şəxslərə;

2.3. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir.

3. 1-ci dərəcəli medal ən yüksək dərəcəlidir.

4. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

5. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalının təsviri

«Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir.

Diametri 42 mm olan lövhə dairə şəklində hamar hissə və kənarlardan qabarıq şəkildə səkkizguşəli ulduzdan (ulduzun guşələri arasında isə kiçik ulduz başlıqları) ibarətdir. Medalın üz tərəfi hamar səthlidir, dairəsinin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı təsvir edilmiş və kənarlarda çevrə boyu sünbül yarpağından çələng yerləşdirilmişdir.

Medalın arxa tərəfində dairənin kənarlarında çevrə boyu sünbül və dəfnə yarpaqlarından çələng yerləşdirilmiş və mərkəzində 1-ci dərəcəli medalda «VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri və onun altında «I» rəqəmi, 2-ci dərəcəli medalda «VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri və onun altında «II» rəqəmi, 3-cü dərəcəli medalda «VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri və onun altında «III» rəqəmi həkk olunmuşdur.

1-ci dərəcəli medal qızılı, 2-ci dərəcəli medal gümüşü, 3-cü dərəcəli medal isə bürünc rənglidir.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. 1-ci dərəcəli medalın lövhəsinin üz tərəfində mərkəzdə 25 mm diametr olan dairəvi lent vardır, lentin sağ və sol kənarlarından konusvarı mərkəzə doğru ortada mavi rəng və onun hər iki kənarında qırmızı və yaşıl rənglərdən ibarət zolaqlar, yuxarı və aşağı hissəsində isə tünd göy rəngli zolaq vardır. Lövhənin mərkəzindəki tünd göy rəngli zolağın daxilindən yuxarıdan aşağıya doğru 2-ci dərəcəli medal üçün eni 1 mm olan və bir-biri ilə arası 3 mm olan gümüşü rəngdə iki zolaq, 3-cü dərəcəli medal üçün eni 1 mm olan və bir-biri ilə arası 2 mm olan bürünc rəngdə üç zolaq vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur.

 


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

1. «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif olunurlar:

1.1. vergi sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

1.2. dövlət vergi orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları;

1.3. Azərbaycan Respublikası ilə vergi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları

2. «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli,
937-IIIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalının təsviri

«Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 50 mm olan lövhədən ibarətdir.

Medal səkkizguşəli ulduz formasındadır, ön tərəfində dairənin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı həkk edilmişdir. Dairədə çevrə boyunca «SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ» sözləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir və paltara bərkidilmək üçün xüsusi elementi vardır.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.