Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Orucova Gülarə Eynulla gu***@mail.ru ID: 3859
Yeni ƏDV mükəlləfiyyətli açılmış müəssisənin fəaliyyəti kompüter avadanlıqların satışı olacaq. Bu müəssisənin obyekti yoxdur. Adi vətandaşlara satış olacaq. Bu halda kirayə yaşadığı evin sahibi ilə icarə müqaviləsi bağlayıb, kassa və pos terminal həmin ünvana quraşdırsa, onlayn satışla məşğul olacaq deyə hər hansı bir yerlərdə adi vətandaşa satdığı zaman pos terminal öz üzərində daşıya bilər? Bu halda yaranan suallar: 1- Yaşadığı ünvana kassa və posterminal quraşdırmaq qanuna uyğundur? 2- Pos terminalı öz üzərində daşımaq qanuna uyğundur? Bu məsələnin qanuni yolla məcəllə ilə necə həll etmək olduğunu izah edərdiniz. Təşəkkürlər.
11/01/2021 Read: 146 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan fəaliyyətin həyata keçiridiyi təsərrüfat subyekti vergi orqanında uçota alınmalı və  nəzarət-kassa aparatı quraşdırılmalıdır.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

0/5 (0 Average count)
Qiymət ver:
Gülmalıyev Beyrək Mövsüm be***@gmail.com ID: 3858
Salam. Edvgerial portalı artıq Birbank və yaxud İBA mobil tətbiqi ilə işləyir, edvgerial.az portalındakı köhnə balansı bu tətbiqlərdə göstərmir. Mövcud köhnə balansı bu tətbiqlərə necə qaytarmaq olur?
11/01/2021 Read: 61 Average count: 0

Bildiririk ki, edvgerial.az portalından mobil tətbiqləri yükləmədən də edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz. Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 3857
Salam. Pandemiyyayla əlaqədər sərt karantin rejimi tədbiq olunan şəhərlərdə 23 dekabrda qərar qəbul olundu ki, yenidən maliyə dəstəyi göstərilsin. Məsələn Şəkidə, 4 cü dəfə maliyə dəstəyinin göstərilməsi nəzərdə tutulmu? Əgər veriləcəksə nə vaxt?
11/01/2021 Read: 63 Average count: 0

Bildiririk ki, pandemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq istiqamətində sahibkarlara göstərilən 4-cü maliyyə dəstəyi iki istiqamət üzrə aparılır: 
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.
məkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. 
Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 
İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Maliyyə Nazirliyi və agent banklar tərəfindən maliyyə dəstəyinin bank hesablarına köçürülməsi təmin edilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Kərimov Tehran ni***@gmail.com ID: 3855
Salam, mən ƏDV-ni sistemə yükləmişəm. Lakin 1 aydan çoxdur ki, sistemə oturmur. Xahiş edirəm, məlumat verərdiniz. Əvvəlcədən təşəkkürlər.
10/01/2021 Read: 43 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Günel Elman qızı el***@gmail.com ID: 3854
Salam. Mən edvgerialda 699.99 q çek vurmuşam. Mənə qaytarılmalı ƏDV 10man 68 q gəlib, bu nə qədər düzgündür. Zəhmət olmasa aydınlıq gətirərdiniz.
10/01/2021 Read: 51 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əli Abazəliyev al***@gmail.com ID: 3853
Salam. Bilmək istəyirdim. Otel sahibi olan bir şəxs dövlətə hansı vergiləri ödəməlidir? Və həmin şəxs hüquqi yoxsa fiziki şəxs sayılır?
10/01/2021 Read: 113 Average count: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini səhifəmizin “Bir Pəncərə” bölməsinin “Lazımı sənədlər” alt bölməsindən əldə edə bilərsiniz.

Fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmçinin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Onu da qeyd edək ki, bu fəaliyyəti həyata keçirən şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır və təqdim etdikləri xidmətin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 96-cı, 101-ci, 155-ci, 173-cü, 218-ci və 220-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Əliyev Elnur Ramiz ra***@mail.ru ID: 3852
Salam. İdarə 2019-2020 - ci illərdə fəaliyyətini dayandırmışdır. Həmin idarənin işçisi 2021-ci ilin Yanvarında işdən azad edilir. İşçi 2009-dan 2019-cu ilə dək məzuniyyətdən istifadə etməmişdir. Həmin illərin məzuniyyəti kompensasiya kimi 2021-ci ildə işdən azad olunan isciyə ödənilməlidirmi? Bir aylıq məzuniyyətin kompensasiyası 473 azn olarsa həmin məbləgdən hansı vergilər tutulmalıdır və nə qədər? Xahiş edirəm izah edəsiz.
10/01/2021 Read: 92 Average count: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Əli al***@gmail.com ID: 3851
Salam. Voen: 1003030382 Borcum 622.92 göstərilir. Mən indi ödəniş etmək üçün hansı büdcə kodlarından istifadə edib ödəməliyəm? Zəhmət olmasa, borcların yarandığı qaynaqlara nəzarən hansı kodla ödəniş etməli olduğumu deyərdiniz.
10/01/2021 Read: 54 Average count: 0

Dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri, o cümlədən büdcə təsnifatı kodları  haqqında məlumat səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

Eyni zamanda, vergi və digər ödəmələr üzrə borcların yaranma səbəbini qabaqcadan onlayn növbə tutaraq vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək, məlumat əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Ramil Ramiz ra***@mail.ru ID: 3850
Salam Vergi əməkdaşları. 2017-ci ildən müəssisənin büdcəyə olan vergi borclarının bir hissəsi əmlaka yönəldilmişdir. 08.09.2020-ci ildə V.M - 85.4 maddəsinə əsasən həmin borc şəxsi vərəqədə silinmişdir. Sualım belədir. Silinən məbləğ müəssisənin mənfəətinə aid edilərək mənfəət vergisinə cəlb edilməlidirmi? Öncədən minnətdarlığımı bildirirəm.
10/01/2021 Read: 67 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir mənfəət vergisindən azaddır. Bu növ gəlir Mənfəət vergisi bəyannaməsinin 219.4-cü bəndində qeyd olunmalıdır.

0/5 (0 Average count)
Qiymət ver:
Məhəmməd Knyazov Kamran me***@mail.ru ID: 3849
Vergi Məcəlləsinin maddələri üzrə hər hansı şərhin verilməsi hansı nazirliyin səlahiyyətlərinə aid edilmişdir?
10/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanları vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə borcludur.

Bununla belə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilir.    

Əsas: Vergi Məcəlləsinin 24-cü və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Shamo Nasirov sh***@mail.ru ID: 3848
Salam. Mən "taxmanat" tətbiqini yükləmişəm. Oradan Qr kod skan edərək ƏDV geri alırdım. Son 1 ay olar, orada istifadə elədiyim ƏDV-lər əsas hesabıma əlavə olunmur. Zəhmət olmasa, köməklik göstərərdiniz.
10/01/2021 Read: 41 Average count: 0

Bildiririk ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün yalnız edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidlərindən və mobil tətbiqlərdən istifadə edə bilərlər. 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

0/5 (0 Average count)
Qiymət ver:
Təbriz Haciyev Rəşid te***@gmail.com ID: 3847
Salam. Mənim adıma xəstəlik vərəqəsi açılıb, mən xəstə yatıram, yataq şərayitində müalicə alıram. Mən bilmək istəyirəm ki, mən qaz idarəsində müqavilə əsasında işləyirəm. Mənə xəstəlik vərəqəsi açıldığı üçün mənə maaşdan əlavə müavinat ayrılmalıdır?
10/01/2021 Read: 84 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

5/5 (1 Average count)
Qiymət ver:
Bayramov Elşən Səyyad qa***@mail.ru ID: 3846
Salam, mən Davinci klinikasında ödəniş etdim, çek verildi və onun ƏDV-si geri oturmur. Niyə görəsən, yazılır ancag pərakəndə satış, bəs niyə bunda fiskal iD var axı?
10/01/2021 Read: 51 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məhparə Bayramova Şahniyar qızı Se***@gmail.com ID: 3845
Mənim adıma VÖEN var, bağlatmaq istəyirəm sizdən xahişim budur.
10/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Soltanova Aytəkin Rövşən qızı mo***@gmail.com ID: 3844
Salam. Övladımın olduğu 8 aydır, amma süd pulunu ala bilmirəm. Oğlumun adı kompüterə düşməyib deyirlər. Həm də yoldaşımın adında VÖEN olduğu üçün verilmir. Neçə yerə müraciət edirəm, eyni söz deyilir. Əgər yoldaşımın adında VÖEN varsa, mən işsizlik üzrə arayış alsam ala bilərəm süd pulunu və haradan? Neynirəmsə, ala bilmirəm süd pulunu.
10/01/2021 Read: 58 Average count: 5

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

 

5/5 (1 Average count)
Qiymət ver:
Etibar Hüseynov Bəxtiyar Et***@gmail.com ID: 3843
Mən ƏDVgerial.azda qeydiyyatda olan nömrəni dəyişmək istəyirəm. Qeydiyyatda olan nömrə hazırda işlək vəziyyətdə deyil və mənim adıma deyil. Nömrəni yeniləmək üçün isə köhnə nömrəyə SMS kod göndərir. Köhnə nömrə məndə olmadığından ümumiyyətlə heç bir ödəniş edə bilmirəm sayt vasitəsi ilə. Sualım odur ki, saytda qeydiyyatda olan nömrəni köhnə nömrədən istifadə etmədən necə yeniləyə bilərəm?
10/01/2021 Read: 60 Average count: 5

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Zeynalov Süleyman Gündüz oğlu ze***@gmail.com ID: 3842
Mən VÖEN-lə işləyirəm, lap birinci dəfə yardım edilləndə mənə düşmüşdü 333 AZN. Bəs bu dəfə niyə düşmədi və nəyə əsasən verilirdi, bilmək istəyirdim.
09/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin (eyni zamanda Sizin) yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Xidirov Saleh Ayvaz oglu sa***@gmail.com ID: 3841
Salam. Bilmək istərdim həyətyanı və pay torpaqlarıə üçün verilən vergilər qaldırılıbmı? Qaldırılıbsa nə qədər qaldırılıb? Zəhmət olmasa cavablandırardınız.
09/01/2021 Read: 99 Average count: 0

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vergitutma məqsədləri üçün torpaq sahəsi 3 kateqoriyaya bölünüb:

a) Kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

b) Kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

c) Digər (yaşayış, sənaye, nəqliyyat və s. təyinatlar üzrə) istifadə olunan torpaqlar.

Yuxarıda qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulmuşdur. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş“Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Ağazadə Qalib za***@gmail.com ID: 3839
Salam, suallarima ətraflı cavab verməyiniz xahiş olunur 1) 2020 -1 Yanvardan icbari tibbi sığorta tətbiq olunan rayonlar üzrə sahibkarlar və işçilər ödəmə etməlidirlərmi? Yoxsa bütün respublika üzrə yanvar 2021-dən tutulacaq? 2) İcbari tibbi sığorta ilə bağlı DSMF, vergi hesabatı kimi hesabat verilməlidirmi? Verilməlidirsə doldurulma qaydası, hesabatın formasını necə əldə etmək olar (saytınızda tapmadım). 3) Müəssisə tərəfindən ödənməli olan icbari tibbi sığorta haqqı ümumi işçilərə ödənilmiş əmək ödənişi fondu üzərindən hesablanır, yoxsa ayrı-ayri işçilər üzrə. Bu bəndi misalla izah edirəm. Məsələn:500 işçisi olan bir müəssisəm var. Deyək, hərəsinə də 300 manat maaş verirem, mənim müəssisəm tərəfindən verilməli olan icbari sığorta ödənişi aşağıdakı hesablamalardan hansıdır? a) 150 000 (500×300) 1 ay üzrə əmək haqqı ödənişi olub. Bu ödənişin 8000-nin 1 faizi +8000-dən yuxarı olan məbləğin 0.5 faizi? (özəl sektor üzrə) b) Hər işçiyə ödədiyim 500 AZN üzərindən hesablama, yəni hər 500-ün 1 faizi? (5 azn×300)
09/01/2021 Read: 84 Average count: 5

Cavab 1. İcbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir.Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli 502 nömrəli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilmişdir.

Cavab 2. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 

Cavab 3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.

İcbari tibbi sığorta haqqının hesablanması zamanı nəzərdə tutulan 8000 manat hər bir işçinin aldığı əməkhaqqı üzrə ayrılıqda hesablanır.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Əsədova Edilya Qərib ed***@yahoo.com ID: 3838
Koronovirus Pandemiyasinnan bağli ödənilən müavinət "Mənfəət vergisi" bəyannaməsində necə öz əksini tapmalıdır? Əmək haqqı fondunu azaldır, yaxud kapitallaşdırmanı artırır?
09/01/2021 Read: 96 Average count: 3

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

3/5 (1 Average count)
Qiymət ver: