Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ağayev ilqar ibrahim oğlu ag***@gmai.com ID: 9404
Salam. Bir avtobusum var və sərnişin daşıma xidməti göstərmək üçün vöen açdırmaq istəyirəm. Mən fiziki şəxs yoxsa hüquqi şəxs kimi fəaliyyət göstərməliyəm?
10/06/2024 Read: 363 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan  fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyəti başlayana qədər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalısınız.  

Vergi məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin  daşımalarını  (o cümlədən taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və bu fəaliyyətlə bağlı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Sərnişin daşıma fəaliyyəti, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyekti mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Daşımaları həyata keçirən şəxslər mütləq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" əldə etməlidirlər. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə taksi xidməti göstərilməsinə görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat, taksi istisna olmaqla sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir oturacaq yeri üçün 1,80 manatdır. 

Nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz sadələşdirilmiş vergi məbləğlərinə daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq əmsallar tətbiq edilir: fəaliyyət Bakı şəhərində, o cümlədən kənd və qəsəbələrində həyata keçirilirsə, qeyd edilən vergi məbləğlərinə 2.0 əmsalı, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilirsə 1.5 əmsalı, digər şəhər və rayonlarda həyata keçirilirsə isə 1.0 əmsalı tətbiq edilir.  Xidmət iki şəhər arasında həyata keçirildikdə daha yuxarı əmsal  tətbiq edilir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. əlavə olaraq Sosial sığorta haqqında qanunda qeyd olunan zona əmsalları tədbiq edilir.   

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Siz  öz seçimizdən asılı olaraq həm hüquqi şəxs, həm də hüquqi şəxs yaratmadan  fiziki şəxs kimi fəaliyyət göstərə bilərsiniz. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Qalib Həsənov Zəfər ga***@gmail.com ID: 9403
Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlir hansı gəlir növünə aiddir ?
09/06/2024 Read: 407 Average count: 4

Bildiririk ki,  Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Buna əsasən gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.

4/5 (6 Average count)
Qiymət ver:
Seymur Xankişiyev Xəlil oğlu sa***@mail.ru ID: 9400
Salam. Məhdud Məsuliyyətli Cəmiyyətdə təsisçi şəxsi və rəhbər şəxsi necə dəyişmək olar? Hara və necə müraciət etmək olar? Hansı sənədlər təqdim edilməlidir və hansı prosedurlardan keçilməlidir? Nə qədər müddət ərzində həyata keçirilir? Bundan başqa rüsum və vergisi öhdəliyi nə qədərdir? Xahiş edirəm ətraflı məlumat təqdim edərdiniz. Digər bir sualım odur ki, MMC-nin adını necə dəyişmək olar? Zəhmət olmasa təfərrüatlı məlumat verəsiniz.
06/06/2024 Read: 325 Average count: 5

Bildiririk ki, Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı sənədlər təqdim olunur. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz .

Eyni zamanda rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir. 

Belə ki, Vergi Məcəlləsinin 96.5-ci və 104.6  maddəsinə əsasən  şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Təsisçi fiziki olduqda Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz, təsisçi hüquqi şəxs olduqda isə vergi məcəlləsinin 105.1 maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsində qeyd olunan vergi güzəştlərinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir və mənfəət vergisindən azaddır

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102.1.27-ci, 104.6-cı, 106.1.19-cu  maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Arif Bilalov ar***@mail.ru ID: 9394
Salam. VM-nin 2 ci maddəsində, məsələn: 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Burada qanunvericilik aktları deyəndə nə nəzərdə tutulur? Misal çəkmək olarmı?
04/06/2024 Read: 171 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları ilə buradan tanış ola bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Mamed Rehimov ma***@mail.ru ID: 9393
Salam, may ayının 22-si yeni şirkətin yaradılmasının onlayn qeydiyatında təsisçi kimi özümü, qanuni təmsilçi və direktor kimi başqa şəxsi qeyd etdim. Təsisçi olaraq təsdiqlənib amma qanuni təmsilçi hələ də təsdiqlənməyib. Bilmək istəyirdim ki, qanuni təmsilçinin təsdiqlənməsi üçün əlavə nə etmək lazımdır?
04/06/2024 Read: 139 Average count: 5

 

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici və yerli hüquqi şəxslərin birgə təsisçiliyi ilə məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması üçün  sənədlər qeydiyyat orqanına (Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) təqdim olunmalıdır. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.

 

5/5 (1 Average count)
Qiymət ver:
Fatimə Həşimzadə Yusif fa***@gmail.com ID: 9392
"ƏDV-DƏN SIFIR FAİZ (0%) DƏRƏCƏ İLƏ AZAD OLUNMA HAQQINDA E-SERTİFİKAT" ilə bağlı məlumat verərdiniz.
03/06/2024 Read: 349 Average count: 5

Bildiririk ki, Hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir. Bu haqda ətraflı məlumatla saytımızın Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA)  bölməsində tanış ola bilərsinz.

5/5 (3 Average count)
Qiymət ver:
Rəfail Mustafayev Fəzail oglu re***@azersu.az ID: 9391
Salam.Şirvan Sukanal idarəsinin İşçisi Cəfərov Şahmirzə Astan oglunun atası 1941-1945 ci il ildə müharibə iştirakçısə olmuşdur. Vergi məcəlləsinə uygun olaraq Gəlir vergisindən azad olmalar maddəsinə uygun olaraq ona 27 ay ödənilmişdir. Vətəndaş qalan 9 ayı tələb edir. Baş idarə ödəməkdən imtina edir. Xahiş edirəm mənə cavab verəsiniz.
03/06/2024 Read: 268 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (4 Average count)
Qiymət ver:
Farhad Ganbarov qe***@gmail.com ID: 9390
Salam. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Muzeyşunaslıq arxiv işi abidələrin qorunması ixtisasında məzun olmuşam. Müharibə dövründə hərbi xidmətə yararlı sülh dövründə yararsız hesab edilmişəm. Vergi orqanların işə qəbul olmaq üçün sənəd verə bilərəm?
02/06/2024 Read: 181 Average count: 5

İşə qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Paşayeva Nigar Fərhad ze***@list.ru ID: 9389
Salam.Mən mövsümi turizim fəaliyyəti ilə məşğulam.(3ay yay aylarında) Mən 5nəfər işçi ilə əmək müqaviləsi bağlayıb fəaliyyətə başladıqda neçə faiz gəlir vergisi ödəməliyəm?
02/06/2024 Read: 330 Average count: 4

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir  vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
İlyas Qasımov Ələkbər il***@mail.ru ID: 9388
Satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhvil-təslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir. Qeyd edim ki, e-qaimə müvafiq təhvil-təslim aktının əsasında vurulur. Alıcı bu e-qaiməni ya təstiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. Səbəb yoxsa ya təstiq edir, ya da 5 (beş) iş günü ərzində sistem tərəfindən təstiq olunur (5 gün səhv olarsa düzəldin). Təhvil-təslim aktı olmasa (yəni itərsə və s.) alıcı bu məbləği ödəməkdən imtina edə bilərmi? Əgər qanunla imtina edə bilməzsə. alıcı hansı hüquqi müstəvidə bu vəsaiti ala bilər.
01/06/2024 Read: 326 Average count: 5

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib olunan elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətinizdə qeyd olunan halda, alıcı tərəf məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Taleh Abdullayev Valeh mi***@gmail.com ID: 9385
"Youtube"dan gəlir əldə edirəm, bilmək istəyirəmki vergi ilə bağlı hansı öhdəliklərim var?
30/05/2024 Read: 462 Average count: 0

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

0/5 (0 Average count)
Qiymət ver:
Fidan Khalilova fi***@gmail.com ID: 9384
Sorğumun məzmunu bundan ibarətdir ki, hal-hazırda bizim MMC ilə digər MMC-lər arasında bağlanmış müqavilələr mövcuddur. Həmin müqavilələr üzrə biz yanacaq doldurma məntəqələrinə kart vasitəsi ilə yanacaq doldurmaq ücün xarici və yerli müştəri cəlb edirik, həmin müştərilərin yüklədikləri yanacağa görə komissiya haqqı alırıq. Həmin komissiya haqqına görə qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Həmin elektron qaimə-fakturada hansı mal və xidmət kodunu qeyd etmeli olduğumuzu təyin etmək ücün bizə köməklik göstərməyinizi xahiş edirik.
30/05/2024 Read: 250 Average count: 3

Bildiririk ki, elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan mal (iş və xidmət) kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş  “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Elektron qaimə-fakturaları tərtib etmək üçün nəzərdə tutulan mal (iş və xidmət) kodları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “İstifadəçi təlimatları” hissəsində yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, mal kodunin səhv göstərilməsi maliyyə sanksiyasının təbiqinə səbəb olmasa da, yanlış məlumatların təqdim edilməsi kimi dəyərlədirilərək nöqsana yol vermiş şəxsə qarşı nəzarətin gücləndirilməsinə əsas verə bilər.

3/5 (2 Average count)
Qiymət ver:
Əkbərova Gülnur Şakir ek***@gmail.com ID: 9382
Salam, Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı vakansiya elan olunub və ya elan olunacaqsa, hansı tarixdə gözlənilir. Zəhmət olmasa məlumat verərdiniz.
29/05/2024 Read: 184 Average count: 5

Salam. Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.

5/5 (3 Average count)
Qiymət ver:
Ceyhun Kərimov Yaşar ke***@yahoo.com ID: 9381
Salam. İşğaldan azad olunmuş ərazilərdə qeydiyyatdan keçmiş A şirkəti B (harda qeydiyyatdan keçdiyinin bir fərqi varmı?) şirkətinə müqavilə üzrə xidmət göstərir. B şirkətinin maliyyəsi dövlət büdcəsindəndirsə, A şirkəti həmən B şirkəti ilə işləyərkən həmin ərazilər üçün nəzərdə tutulmuş vergi güzəştlərindən yararlana bilər ? B şirkəti də mütləq həmən ərazidə qeydiyyatdan keçmiş şirkət olmalıdırmı?
29/05/2024 Read: 168 Average count: 5

Bildiririk ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi məcəlləsinin muddəalarına əsasən  vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi məcəlləsinin müddəalarına əsasən  işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir . Bu halda vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

 

Əsas: Vergi Məcəlləsinin 226-cı, 227-ci maddəsi.

 

5/5 (1 Average count)
Qiymət ver:
Toğrul Lətifov el***@gmail.com ID: 9380
Salam, müəssisə hesablama metodu ilə uçot aparır. V.M 135.2. maddəsində deyilir ki, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Burada xidmətin başa çatdığı vaxt hansı sənədlə müəyyən olunur? Misal üçün, rezident müəssisə olaraq qeyri rezidentdən xidmət alırıq, həmçinin də digər qeyri-rezidentlərə xidmət təqdim edirik, xidmətin əhatə olunduğu ay may ayı, lakin xidmətin xüsusiyyətindən asılı olaraq qarşı tərəflə həmin xidmətlərlə bağlı təhvil-təslim aktının imzalandığı tarix iyun ayının sonunu əhatə edirsə, xidməti gəlir və ya xərc kimi rezident müəssisə olaraq hansı ayda tanımalıyıq? May yoxsa İyun ayı?
28/05/2024 Read: 273 Average count: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

İşlərin təhvil-təslim aktı sifariş edilən işlərin icraçı tərəfindən görülməsini təsdiqləyən sənəddir.

Sorgunuzda qeyd olunanlara əsasən təhvil-təslim aktının imzalandığı tarix əsas götürələcək.

 Əsas: 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

 

5/5 (3 Average count)
Qiymət ver:
Şərifova Tünzalə Nəbi qızı tu***@gmail.com ID: 9378
Müəssisəmiz 2023-cü ildə 157 874.48 manat mənfəətlə işləmişdir. Mənffət vergisi -31574.90 ödənildikdən sonra xalis mənfəət - 126 299.50 manat təşkil edir. Nizamnamə kapitalı - 400 manatdır. 2 təsisçimiz var. Payları 50% -dir. 126 299.50 manat mənfəət təsisçilər arasında bölüşdürülərək hər biri 5% dividend ödəməklə təsisçilərin hesabına ödənilə bilər? Bu zaman hansı sənədlər tələb olunur və ödəniş necə həyata keçirilməlidir? Burda qanuna zidd hallar varsa o barədə ətraflı məlumat verməyinizi və nümunə üzərində izah etməyinizi xahiş edirəm.
27/05/2024 Read: 370 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən 2024 ci ilin yanvarın 1-dən etibarən  ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Bildiririk ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki məcəllənin 90-1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Sənan Abbaszadə Akif mu***@sirab.az ID: 9371
Salam Elektron alış aktı ilə qeydiyyatda olmayan vətəndaşdan alınan avtomobil zamanı verg dərəcisi üzrə vergidən azad seçimi edirik və bu zaman hər hansı başqa vergi öhdəliyi bizdə yaradımı?
24/05/2024 Read: 352 Average count: 0

Nəzərinizə catdırırıq ki, Vergi məcəlləsinin 102.1.7 maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azad edilib.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsinin 109.8  maddəsinə əsasən Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 102.1.7-ci, 101.6-cı və 109.8-ci maddəsi.

 

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Mirzəyev Güləhməd oğlu sh***@eco-logistics.az ID: 9369
Ölkə xaricində qeyri-rezident tərəfindən göstərilən anbar, saxlanc və terminal xidmətləri ÖMV və ƏDV-yə cəlb olunur?
23/05/2024 Read: 338 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Vergi məcəlləsinin 13.2.16-ci maddəsinə əsasən  Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.

Həmçinin  icarə haqqlarına münasibətdə vergi məcəlləsinin  13.2.16.12 maddəsinə əsasən  Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir azərbaycan mənbəyindən gəlir  hesab edilir.  

Sorğunuzda qeyd edilən xidmət qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri sayılmır.

Əlavə olaraq bildiririk ki, ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir

168.1.1 daşınmaz əmlakın olduğu yer - işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir.

168.1.2. işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer - bunlar daşınan əmlakla bağlıdırsa

168.1.3. xidmətlərin faktiki göstərildiyi yer - xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə;

168.1.4. nəqletmənin faktiki həyata keçirildiyi yer - işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;

Nəzərinizə çatdıdırıq ki, Vergi Məcəlləsinin  168.1.5-ci maddəsində göstərilən xidmətlərə, görülən işlərə  münasibətdə , işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer nəzərdə tutulur.

Sorgunuzda qeyd olunan xidmətin göstərildiyi yer Azərbaycan Respublikasının hududlarında kənarda olduğundan  xidmətin dəyəri ədv məqsədləri üçün vergitutma obyekti deyil.  

Əlavə olaraq bildiririk ki, sorğu edilən məsələlər üzrə vergi qanunvericiliyinin düzgün tətbiq edilməsi baxımından işin faktiki hallarını özündə əks etdirən məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Seymur Abdullayev s.***@hotmail.com ID: 9368
Salam. Qızıl məmulatlarının Azərbaycandan ixracı zamanı hər-hansı bir vergi ödənişi nəzərdə tutulurmu? Əgər tutulursa, o zaman bu vergi məbləği necə hesablanır?
22/05/2024 Read: 259 Average count: 5

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (6 Average count)
Qiymət ver:
Samir Qedirov Adil Oglu qe***@gmail.com ID: 9363
Salam VÖEN-nimi necə bağlaya bilərəm? Zəhmət olmasa məlumat verərdiniz.
18/05/2024 Read: 299 Average count: 4

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan proseduralarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz https://www.youtube.com/watch?v=HCXDfORFvnk

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

4/5 (6 Average count)
Qiymət ver: